Məhkəmə qərarları › İş №2(103)-541/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-541/2022

03.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-541/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və iddiaçı X4 və onların nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx"MMC-nin və X7 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin etibarsız hesab olunması, cavabdeh "xxxx"MMC ilə bağlanmış 17.05.2016-ci iltarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər (iddia tələbləri dəqiqləşdirilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar həmin qətnamədən birgə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçılar həmin qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mərhum X2 mexanik işlədiyi “Xəzərneftsosialtikinti” Tresti tərəfindən 11.06.1990-cı il tarixli order əsasında Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmiş, C.İbrahimov 09 iyun 1993-cü ildə vəfat etmiş, onun vəfatından sonra mənzildə ailə üzvləri yaşamışdır. Cavabdeh şirkət Nizami rayon İcra hakimiyyətinin 26.04.2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülmə ilə bağlı 17.05.2016-cı ildə onlarla “Razılaşma" müqaviləsi bağlamış, 17.05.2016-cı ildə bağlanmış “Razılaşma ” müqaviləsinin 1-ci bəndinə əsasən Cavabdeh1 MMC ona məxsus 2 otaqlı mənzilin əvəzinə tikiləcək yeni binada 2 otaqlı tam təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir, həmin müqavilənin 6-cı bəndinə əsasən tikinti işləri “30" may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır. Mənzilin tikintisi başa çatmış, ona yeni tikilmiş hündür mərtəbəli binanın 16cı mərtəbəsində yerləşən 294 saylı mənzili göstərərək onun sökülmüş mənzilin əvəzində verilməli olduğunu bildirmişlər. Lakin oğlu ilə müqavilə bağlamış Ceyhun Əliyev adlı şəxs bunun əvəzində ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Onun bu hərəkətlərindən Cavabdeh1 MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etməyinə baxmayaraq, onun(ceyhunun) bu tələbinə haqq qazandırmışlar.Ceyhun Əliyevə ilə sonuncu dəfə görüşüb, çox yalvararaq 5.000 manata gücü çatmasını deməyinə baxmayaraq, cavabında 19.999 manat belə götürməyəcəyini, pulu verməsən oraya məcburi köçkünləri köçürəcəyini bildirmiş və mənzili verməkdən imtina etmişdir. Rayon məhkəməsində işə baxılarkən cavabdehdən zəruri sənədlər alınıb işə əlavə edildikdən sonra onlara məlum olmuşdur ki, cavabdeh aralarında müqavilə olmasına baxmayaraq, X5 məcburi köçkün kimi tanımaqla onların mənzilinə dair onunla müqavilə bağlamışdır. Həmin müqavilə isə cavabdeh tərəfindən ona çatası mənzili verməmək üçün bağlanmışdır. X.İbrahimova onların uzaq qohumudur, qohum kimi Bakıya gələndə onlarda bir müddət qalmışdır. O, mənzildə heç vaxt qeydiyyatda olmamışdır. Rayon məhkəməsində mənzilin X.İbrahimovaya təhvil verilib-verilməməsinin müyyən edilməsi üçün sorğu verilməsini tələb etsə də, məhkəmə onun bu vəsatətini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçı, eləcə də digər iddiaçının nümayəndəsi T.İbrahova (bundan sonra iddiaçı) apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, mərhum həyat yoldaşı X2 11.06.1990-cı il tarixli order əsasında Bakı şəhəri, ünvan 3 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmiş, həyat yoldaşı vəfat etdikdən sonra ailə üzvləri ilə həmin mənzildə yaşamışdır. 26 aprel 2016-cı il tarixli Nizami rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən bina sökülməli və yerində yeni bina tikilməli idi. Hazırkı mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bina söküldükdə onu çağırıb sənədləri istəmiş, o, bir müddət zəruri sənədləri yığaraq (toparlayaraq) cavabdehin nümayəndəsinə təqdim olunmuş, 17.05.2016-cı il tarixdə cavabdeh şirkətin nümayəndəsi onunla sökülən binadan mənzili ilə bağlı “Razılaşma” müqaviləsi imzalanmış, müqavilənin hazırda iş materiallarında olan kserosurəti ona təqdim olunmuşdur. Həmin vaxt ona təqdim olunan sənədin müqavilənin əsli və ya kserosurət olmasına bilməmiş və buna əhəmiyyət belə verməmişdir, şirkətin nümayəndəsi müqaviləyə onun yanında imzalanmaqla ona təqdim etmişdir, həmin vaxt razılaşmışlar ki, mənzilin sökülməsi ilə əlaqədar olaraq müqaviləyə görə hər ay üçün ödənilməli olan 300 manat mənzildə müvəqqəti məskunlaşan qohumu Xalidəyə verilsin, bu razılaşmaya uyğun olaraq da mənzilə görə aylıq 300 manat ödənişlər Xalidəyə verilmiş, yeni bina tikilən müddətdə dəfələrlə tikintidə olmuş və işlərin nə zaman başa çatması ilə maraqlanmış, həmin vaxt ona 294 saylı mənzili göstərərək ona həmin mənzilin veriləcəyini bildirmişlər, hətta bir dəfə bina hazır olmadığı vəziyyətdə onun xahişi ilə onu mənzilə qaldıraraq mənzilini ona göstərmişlər, sonradan isə ona mənzilinin açarlarını da vermişlər, bundan sonra o, dəfələrlə gedib mənzilinə baxmış, sonuncu dəfə mənzilinə baxmağa gedərkən mənzilinə daxil ola bilməmiş, mənzilin açarların dəyişdiyinin şahidi olmuş, bunub səbəblərini öyrənmək üçün şirkətin məsul şəxsi kimi Ceyhun adlı şəxsə yaxınlaşmış, Ceyhun mənzilin ona verilməsi üçün ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Onun bu hərəkətlərindən Cavabdeh1 MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etmiş, buna baxmayaraq, Əhəd də Ceyhunun bu tələbinə haqq qazandırmışdır. Məcbur qalıb yenidən Ceyhunla yenidən görüşüb, çox yalvararaq yalnız 5.000 manata gücü çatacağını bildirmiş, Ceyhun isə ona cavabında 19.999 manat belə götürməyəcəyini, pulu verməcəyi halda onun mənzilinə məcburi köçkünləri köçürəcəyini bildirmiş və mənzili verməkdən imtina etmişdir. Rayon məhkəməsində işə baxılarkən cavabdehdən zəruri sənədlər alınıb işə əlavə edildikdən sonra onlara məlum olmuşdur ki, cavabdeh aralarında müqavilə olmasına baxmayaraq, X5 məcburi köçkün kimi tanımaqla onların mənzilinə dair onunla müqavilə bağlamışdır. Həmin müqavilə isə cavabdeh tərəfindən ona çatası mənzili verməmək üçün yalandan, uydurma olaraq bağlanmışdır. Aralarında olan müqaviləyə əsasən cavabdeh tikiləcək yeni binada onu iki otaqlı tam təmirli mənzillə təmin etməli olduğu halda, bu günədək o, mənzillə təmin olunmamış, cavabdeh şirkət müqavilə öhdəliklərini yerinə yetirməkdən əsassız olaraq boyun qaçırır, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili N.Abasov apellyasiya şikayətini müdafiə edərək və eyni məzmunlu izahat verərək göstərdi ki, iddiaçılara məxsus mənzilin sökülərək yerində yeni yüksəkmərtəbəli bina inşa edən cavabdeh şirkət söküntüdən öncə iddiaçı tərəfdən zəruri sənədlərin təqdim olnmasını tələb etmiş, zəruri sənədlər təqdim olunduqdan sonra tərəflər arasında 17.05.2016-cı il tarixində iddiaçılara məxsus mənzilin əvəzində yeni tikiləcək binada iki otaqlı tam təmirli mənzilin verilməsinə dair müqavilə bağlanmış, eyni zamanda da tərəflər razılığa gəlmişlər ki, mənzilin sökülməsi müqabilində hər ay üçün ödənilməli olan 300 manat kirayə haqqı iddiaçıların qohumu kimi onların razılığı ilə mənzildə müvəqqəti məskunlaşmış X.İbrahimovaya veriləcəkdir, iddiaçı dəfələrlə binanın tikintisi ilə maraqlanmış, ona müqaviləyə əsasən veriləcək mənzil göstərilmiş, sonradan həmin mənzilin açarları ona verilmiş, sonuncu dəfə iddiaçı mənzilinə getdikdə, mənzilinin açarının dəyişdirildiyinin görmüş, bunu aydınlaşdırmaq istədikdə şirkətin məsul şəxsi mənzilin ona təhvil verilməsi üçün 20.000 manat pul verməli olduğunu bildirmiş, iddiaçı cox get-gəldən sonra cəmi 5000 manat düzəldib verə biləcəyini bildirmiş, şirkətin səlahiyyətlisi isə bununla razılaşmayaraq, istədikləri pulu verməsə, həmin mənzili məcburi köçkünə verəcəklərini bildirmiş, məhz bu məqsədlə də şirkət (çox güman ki, sonradan) X.İbrahimova ilə uydurma müqavilə bağlamış, iddiaçı tərəf bu barədə yalnız məhkəmədə şirkətə qarşı iddia qaldırdıqdan sonra məlumat tutmuş, mübahisə yaranarkən onlara məlum olmuşdur ki, şirkət Tamilla xanımın yaşlı və savadsız olmasından istifadə edərək həmin vaxt ona müqavilənin əslini deyil, kserosurətini vermişlər, indi də bunu bəhanə edib müqavilə öhdəliklərini icra etmirlər, həmin mənzilin X.İbrahimovaya verilməməsi də şirkətin iddiaçının əmlakını ələ keçirmək kimi pis niyyətinin olmasəndan xəbər verir. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi T.Qəmbərov apellyasiya şikayəti ilə razılaşmayaraq, 17.05.2016-cı il tarixli “Razılaşma” müqaviləsinin kserosurət olduğu, həmçinin şirkətin möhrü və rəhbərinin imzasının olmadığını, ümumiyyətlə müqavilənin rekvizitlərinin cavabdeh şirkətlə sakinlər arasında bağlanan müqavilələrin rekvizitləri ilə uyğunluq təşkil etmədiyini, ümumən isə iddiaçı ilə hər hansı müqavilə bağlanmadığını, həmin mənzilə dair məcburi köçkün olan və həmin mənzildə məskunlaşmış X.İbrahimova ilə yeni tikilən binada mənzilin ona veriləcəyi barədə müqavilə bağladıqlarını, həmçinin də iddiaçılar tərəfindən iddia müdətinin ötürüldüyünü, bu səbəbdən apellyasiya şikayətinin təmin olunmadan və rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bununla yanaşı, nümayəndə, nəyə görə iddiaçılara məxsus mənzillə bağlı iddiaçılarla deyil, müvəqqəti sakin X.İbrahimova ilə müqavilə bağlamalarının səbəblərini ağlabatan və inandırıcı şəkildə izah edə, eləcə də X.İbrahimovaya mənzilin verilməsinə dair də hər hansı sübut təqdim edə bilmədi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq digər cavabdeh X.İbrahimova məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasından yayınmışdır. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə edilmiş 17 may 2016-cı il tarixli razılaşmanın kserosurətindən görünür ki, Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün Sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. Nizami Rayon VVADQ şöbəsi tərəfindən 09 iyul 1993-cü il tarixdə verilmiş İV-JQ seriyalı 379068 nömrəli, 30 iyun 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 may 1993-cü il tarixdə Fizuli şəhərində vəfat etmişdir. X2 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş 11.06.1990-cı il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri,ünvan 5 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən ƏMDX yanında DƏDRX-in 1 saylı Ərazi idarəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 450 saylı məktubundan görünür ki, 18.05.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri,Nizami rayonu, Ş. Mirzəyev küçəsi,ev 95, m5-6a dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X13 bildirdi ki, o əvvəllər cavabdeh şirkətdə tikinti işləri üzrə nəzarətçi vəzifəsində işləmiş, mübahisəli ünvanda yerləşən binanın sökülməsi barədə sərəncam aldıqdan sonra icra hakimiyyətindən göndərilmiş siyahı üzrə 2016-cı ilin may ayının 5-də mənzilləri axşam saatlarında direktorla birlikdə bir-bir gəzmişlər. Həmin vaxt mübahisəli mənzildə İbrahimova Xalidə ailə üzvləri ilə birlikdə yaşadığını, icra hakimiyyətinin təqdim etdiyi siyahıda İbrahimova Xalidə və ailə üzvlərinin göstərildiyini, onların da X.İbrahimova ilə müqaviləni bağladıqlarını, daha sonra İddiaçı2 onlara yaxınlaşıb evin onun olduğunu bildirmiş və buna dair sənədləri onlara təqdim etmişdir. Onlar araşdırma aparmış və həqiqətən evin İddiaçı2 məxsus olduğunu müəyyən etmişlər, lakin X.İbrahimova və ailə üzvləri qaçqın olduğundan onları mənzildən çıxara bilməmişlər. İcradan gələn sənəddən İddiaçı1 həmin ünvanda qeydiyyatda olduğu, həmin ünvanda yaşayan digər şəxslərin isə qeydiyyatsız mənzildə yaşadıqları müəyyən olunmuşdur. Həmin vaxt müqaviləni kiminlə bağlayacağımız barədə bizdə fikir ayrılığı yarandı. Bina tez bir zamanda boşaldılmalı olduğundan X.İbrahimova ilə müqavilə bağladıq, Xalidə qaçqın olduğundan ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırdı. İddiaçı2 bina tikildiyi müddətdə kirayə haqqının Xalidəyə ödənilməsinə, bina hazır olduqdan sonra isə mənzilin ona verilməsinə razılaşdığını, İddiaçı2 bina tikilən bütün müddət ərzində ora gəlib getdiyini, binanın tikintisi başa çatdıqdan sonra müdriyyət açarları İddiaçı2 təqdim edildiyini və onun bir neçə dəfə gəlib mənzilə baxdığını bildirdi. Həmçinin Məhkəmə kollegiyasına İddiaçı2 tərəfindən təqdim olunmuş açarların həqiqətən onların şirkət tərəfindən İddiaçı2 təqdim olunmuş açarlar olduğunu, iddiaçı tərəfindən təqdim olunmuş “Razılaşma” müqaviləsidəki imza və yazıların həqiqətən ona məxsus olduğunu, lakin həmin müqavilənin kserosurət olduğunu və həmin müqavilənin həqiqətən bağlanıb bağlanmadığını xatırlamıdığını, İddiaçı2 20.000 manat istədiyinin doğru olduğunu, həmin pulu Xalidə İbrahimovanın ev alıb hazırki mübahisəli mənzildən çıxması və evin İddiaçı2 verilməsi üçün istədiyini, eləcə də mənzilin həqiqətən iddiaçılara məxsus olduğunu və onların hənim mənzildə haqlarının olduğunu bildirdi. Cavabdeh1 MMC ilə X7 arasında bağlanmış “məcburi köçkünlərin mənzildən köçürülməsi” barədə notarial qaydada təsdiq edilmiş 30.06.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən məcburi köçkünün müvəqqəti yerləşdirilməsi üçün məcburi köçkünə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün məcburi köçkünə 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10036/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 ilə Cavabdeh1 MMC arasında 17 may 2016-cı il tarixli razılaşma üzrə (müqavilənin) yazılı sənədlər, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzillərə dair bağlanmış müqavilələrin qovluqları, müqavilələrin qeydiyyat kitabının (eləcə də, onun elekton formada baza məlumatları) götürülməsi, qərardadın icrasının müvafiq İcra şöbəsinə və Cavabdeh1 MMC -yə həvalə edilməsi qərara alınmışdır. Məhkəməyə iddiaçılar tərəfindən təqdim edilmiş Füzuli Rayon İcra Hakimiyyəti başçısının Horadiz şəhəri İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş 14.06.2017-ci il tarixli arayışdan görünür ki, X7 həqiqətən də daimi qeydiyyatda olduğu Horadiz şəhəri, Azadlıq küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü il tarixdə dövlət tərəfindən tam bərpa olunmuşdur. Həmin evdə onunla birlikdə oğlanları X9 və X12 qeydiyyatdadırlar. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların birgə verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda olduöu kimi, hazırkı işdə də mübahisənin düzgün həll edilməsi üçün ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçılar 17.05.2016-ci il tarixli müqaviləyə istinadən cavabdehdən müqavilə öhdəliklərinin icrasını tələb edirlər. Bununla belə iddiaçı tərəf Məhkəməyə 17 may 2016-cı il tarixli razılaşmanın əslini deyil, kserosurətini təqdim etmişlər. Cavabdeh iddiaya etiraz etmiş və göstərmişdir ki, iddiaçı ilə aralarında mənzilin verilməsi ilə bağlı müqavilə bağlanmamışdır.Bununla belə, cavabdeh iddiaçıya məxsus mənzilin onlar tərəfindən söküldüyüynü, həmin yerdə yeni coxmənzilli binanın işa edildiyini, həmin mənzillə bağlı orada müvəqqəti məskunlaşan şəxslə (X.İbrahimova ilə) mənzilin verilməsinə dair müqavilə bağladıqlarını bildirmişdir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mddəsi). MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur(maddə76.1.).Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2.).Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir(maddə 76.3.). Qanunun tələbinə əsasən yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır (maddə 89.3.). Məhkəmə kollegiyası tərəfindən iddiaçının vəsatəti əsasında sübutun təmin edilməsi üçün müvafiq hərəkətlər edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan 15.11.2021-ci il tarixli məhkəmə sorğusuna əsasən Cavabdeh1 MMC-yə MPM-in 106.2-cı maddəsi xatırladılmaqla sorğuda qeyd olunan sənədlərin mülki işin obyektiv və hərtərfli araşdırılması üçün zəruri olduğundan Məhkəməyə təqdim edilməsinin vacibliyi xatırladılmasına baxmayaraq, cavabdeh 14.12.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı1 adına Cavabdeh1 MMC-də hər hansı mənzilə dair müqavilə yoxdur, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında 17 may 2016-cı il tarixli razılaşma (müqavilə) olmayıb, hər hansı kitabçada (jurnalda) buna dair qeydiyyat aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10036/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 ilə Cavabdeh1 MMC arasında 17 may 2016-cı il tarixli razılaşma üzrə (müqavilənin) yazılı sənədlər, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzillərə dair bağlanmış müqavilələrin qovluqları, müqavilələrin qeydiyyat kitabının (eləcə də, onun elekton formada baza məlumatları) götürülməsi, qərardadın icrasının müvafiq İcra şöbəsinə və Cavabdeh1 MMC -yə həvalə edilməsi qərara alınmışdır. Buna baxmayaraq, cavabdeh MMC tərəfindən həmin qərardad icra edilməmişdir. Başqa sözlə, iddiaçı tərəfin istinad etdiyi müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətini əldə etmək mümkün olmamışdır. Beləliklə də müəyyən olunur ki, hazırkı halda iddia tələbi müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı olduğundan, iddiaçı tərəf isə cavabdehlə etibarlı sayıla biləcək müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, aydın olur ki, iddaia tələbinin 17.05.2016-ci il tarixli müqavilə öhdəliklərinin icrası ilə bağlı rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Digər cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı da rayon məhkəməsi nəticə etibarı ilə düzgün qənatə gəlmiş və qeyd etmişdir ki, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hal müəyyən olunmamış, eləcə də müqavilə azadlığı prinsipinə istinad etmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq da qeyd edir ki, həqiqətən də cavabdeh MMC inşa etdiyi binada, nəinki sökülmüş mənzildə müvəqqəti məskunlaşmış şəxsə, hətta həmin mənzillərdə heç yaşamayan, hər hansı əlaqəsi olmayan istənilən şəxsə öz iradəsinə uyğun mənziln verilməsinə dair müqavilə bağlaya bilər, o əsasla ki, mülki qanunvericilikdə onun bu hüququnu məhdudlaşdıran hər hansı norma yoxdur. Demək ki, cavabdeh MMC tərəfindən X.İbrahimovaya yeni tikilən binada mənzilin verilməsi MMC-nin müstəsna səlahiyyəti olmaqla, qətiyyən iddiaçıların öz pozulmuş əmlak (mülkiyyət) hüquqlarının bərpasını tələb etmələrinə hər hansı formada əngəl yarada bilməz. Bunula belə, aparılmış məhkəmə araşdırmaları zamanı aşağıdakılar hazırkı işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: - Bakı şəhəri, ünvan 1 ünvanda 5/6 saylı 34.6 kvm. mənzilin İddiaçı1 məxsus olması; - Cavabdeh1 MMC tərəfindən həmin ünvanda yerləşən binanın sökülərək yerində yeni çoxmənzilli binanın inşa edilməsi; - həmin evdə müvəqqəti olaraq məcburi köçkün kimi X.İbrahimovanın yaşaması; - yeni mənzilin verilməsi ilə bağlı iddiaçı tərəf ilə cavabdeh MMC arasında danışıqların aparılması; -iddiaçı ilə MMC arasında idiaçıya məxsus mənzilin sökülməsi ilə əlaqədar aylıq 300 manat məbləğində kirayə haqqının X.İbrahimovaya verilməsi barədə razılığın əldə olunması; - ilkin mərhələdə mənzilin və açarlarının iddiaçı tərəfə təhvil verilməsi; - iddiaçı tərəfin dəfələrlə ona ayrılmış binanın 16-cı mərtəbəsindəki 294 saylı mənzilə baxması; - sonuncu dəfə mənzilə baxarkən açarların dəyişdirilməsinin müəyyən edilməsi; - bununla bağlı cavabdehlə danışıqlar aparılakən mənzilin ona verilməsi üçün ondan 20.000 manatın tələb edilməsi; - Cavabdeh1MMC ilə X.İbrahimovanın arasında 30.06.2016-cı tarixli müqavilənin bağlanması; - X.İbrahimova ilə müqavilə bağlanmasına baxmayaraq, ona da mənzilin verilməməsi. Belə olan halda Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, müqavilə öhdəliklərinə istinadən verilmiş hazırkı iddia tələblərinin təmin ediməməsi, iddiaçıların onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi- törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Beləliklə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, eyni zamanda hazırkı mülki işin mübahisəsiz olan halları baxımından, iddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi- törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya hazırkı iddia tələbini təmin etməməkdə haqlı olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iddiaçı tərəfə də hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar İddiaçı1, X4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsitörədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar