Məhkəmə qərarları › İş №2(103)-541/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-541/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-541/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxs qismində X3 işə cəlb olunmaqla) Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 6075 manat məbləğində kompensasiyanın, cəmi 18225 manat məbləğində pulun Cavabdeh ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2015ci il tarixli qərarı qismən – iddianın “Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində pulun çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın - 6075 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 aprel 2016-cı il tarixli qərarına əsasən üçünçü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2015ci il tarixli qərarı qismən – Bakı şəhəri, Səbail rayonu, F.Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində ləğv olunmuş və iddia həmin hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Cavabdeh 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (3-cü şəxs qismində X3 işə cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2664 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2664 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7.50 %) əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı İddiaçı tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən dərhal ödənilir. Bununla yanaşı, Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqlarının ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 8880 avro məbləğində pul vəsaitinin 30 % (otuz faiz) - 2664 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2664 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı onun tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbəmaməyə imza edilərək alınmışdır. Bununla yanaşı, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 2664 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1398/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 16, 385, 386, 389, 390, 406, 425, 777, 779-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi maddələrini tətbiq etməli olmadığı halda tətbiq etmiş, bəzi maddələrini isə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuş, faktlara və sübutlara, iddiaçı tərəfindən təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmişdir. Tərəflər arasında hər hansı razılığın əldə olunmasına dair mötəbər sübütun olmaması – işin görülməsi üçün xidmət haqqının ödənilib-ödənilməməsi, əgər ödənilməlidirsə bu məbləğin nə qədər təşkil etdiyi aydınlaşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarının cavabdeh tərəfindən bəyənilməsi, yəni cavabdeh tərəfindən qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi (etibarnamələrin verilməsi, müqavilənin və qəbzin imzalanması v s.) və 8880 avro məbləğində kompensasiyanın alınması - göstərilən hüquqi xidmətin yerinə yetirilməsinə razılığın verilməsini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinə müvafiq olaraq milli məhkəmələrdə hüquqi müdafiə vasitələrinə dair iddiaçının hüquqi xidmətləri olmasaydı cavabdehin insan hüquqları və azadlıqlarınin müdafiəsi üçün beynəlxalq məhkəmələrə müraciət etmək hüququ yaranmazdı və sözügedən kompensasiyanı ala bilməzdi. İddia ərizəsinə əlavə edilən qəbzdə göstərilənlərə dair birinci instansiya məhkəməsi ümumiyyətlə münasibət bildirməmişdir. Qəbzdə qeyd edilən xidmət haqqının ödənilməsi öhdəliyi - hüquqi xidmət xərcinin kompensasiyanın 30%-i həddində müəyyən edilməsi barədə tərəflər arasında razılığın (birtərəfli əqdin olması) əldə olunmasına dair sübütdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 10.Cavabdeh və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

11. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs S.Bağırov iddianı müdafiə edərək bildirdi ki, o, Vəkillər Kollegiyasının üzvü olmaqla vəkillik fəaliyyəti ilə məşğul olur, cavabdeh Svetlana Fyodorovanı şəxsən tanımır, onunla müqaviləni İddiaçı bağlamış, məhz İddiaçı xahişinə əsasən şikayəti Avropa Məhkəməsi üçün hazırlamış, tərcümə etmiş və göndərmişdir. Şikayətin ilkin formasını İddiaçı özü hazırlamışdır. 12.3-cü şəxs daha sonra göstərdi ki, o, gördüyü xidmət müqabilində cavabdehdən hər hansı məbləğdə xidmət haqqı almamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 13.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 14.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 16.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 17.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 18.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 19.Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 20.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 21.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri 25.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 26.Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. 28.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin həqiqi halları düzgün müəyyən olunmamış, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Qeyd olunan hallar isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin olunması barədə yeni qətnamənin çıxarılması üçün kifayət qədər əsas verir. 29.Tərəflər arasında bağlanmış 23 fevral 2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 1.1-cı maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Hüquqi xidmət haqqında müqavilənin 2.1.1-ci maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyəsində və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarına əsasən, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmuş və beləliklə, Cavabdeh pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş bütün məhkəmə instansiyalarından keçmiş və nəticədə, tələbləri təmin olunmamışdır. 30.Ölkədaxili məhkəmələrdə hüquqi müdafiə imkanları tükəndikdən sonra iddiaçı cavabdehin adından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamış, bununla bağlı vəkil Sadiq Bağırovla (3-cü şəxs) müqavilə bağlamış və şikayət vəkil tərəfindən tərcümə olunaraq Avropa Məhkəməsinə göndərilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Cavabdeh 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. 31.Cavabdehin nümayəndəsi və vəkili bildirmişlər ki, iddiaçı müqavilə üzrə xidmətlərin göstərilməsi üçün üçüncü tərəf olan vəkili Cavabdeh buna razılığı olmadan işə cəlb etmişdir. Ümumiyyətlə, işə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığı zaman iddiaçı və onun işə cəlb edildiyi vəkil səlahiyyətli olmamışlar. Belə ki, iş materiallarına əlavə edilmiş iki etibarnamə mövcuddur. Birinci etibarnamə 23 fevral 2015-ci il tarixdə 3 il müddətinə, yəni 23 fevral 2018-ci il tarixədək qüvvədə olmuşdur. İkinci etibarnamə isə yalnız 18 noyabr 2021-ci il tarixdə 2 il müddətinə verilmişdir. 2021-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsində işə baxılanda iddiaçının və onun tərəfindən işə cəlb edilən vəkilin qüvvədə olan etibarnaməsi olmamışdır. Qərarın 27 sentyabr 2021-ci il tarixdə verilməsinə baxmayaraq, ikinci etibarnamə yalnız iki ay sonra noyabr ayında verilmişdir. 32.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 33.Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 34.Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunun olması vacib şərtdir. 35.Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, o, iddiaçıya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş qətnamədən sonra şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi üçün hazırlanması barədə hər hansı bir tapşırıq verməmiş, şifahi qaydada belə bununla bağlı hər hansı müqavilə bağlanmamış və Avropa İnsan Hüquqları Məhkəməsində onun xeyrinə tutulacaq kompensasiyanın 30%i həddində hüquqi xidmət xərci kimi iddiaçıya pul verəcəyinə dair üzərinə öhdəlik götürməmişdir. 36.Halbuki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci ilədək qüvvədə olan etibarnamə verilmiş, Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2016-cı ildə qəbul edilmiş, etibarnamənin qüvvədə olduğu müddətdə cavabdehin adından iddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, bundan sonra cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığı, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürdüyünə dair qəbz imzalanmışdır. Cavabdeh eyni zamanda xx.xx.2021-ci ildə iddiaçıya 2 il müddətinə yenidən etibarnamə də vermişdir. 37.Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında cavabdehə Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Yəni, iddiaçının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti cavabdehin tapşırığına əsasən olmuşdur. İddiaçı məhz tapşırıq əsasında hərəkət edərək şikayət hazırlamış, vəkillə müqavilə bağlamış və şikayəti baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə göndərmişdir. 38.Məhkəmə kollegiyasının qənaətinə görə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarının cavabdeh tərəfindən bəyənilməsi, yəni cavabdeh tərəfindən qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi (etibarnamələrin verilməsi, müqavilənin və qəbzin imzalanması və s.) və 8880 avro məbləğində kompensasiyanın alınması - göstərilən hüquqi xidmətin yerinə yetirilməsinə razılığın verilməsini ehtiva edir. 39.Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30 % miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30 % miqdarında “İcraçı”ya ödənilir (Bənd 3.2). 40.İşdən görünür ki, cavabdehi Avropa İnsan Hüquqları Məhkəməsində iddiaçı deyil, 3cü şəxs Sadiq Bağırov təmsil etmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehə ödənilmiş 8880 avro məbləğində pulun 30 faizi deyil, 15 faizi olan 1332 avronun manata olan rəsmi məzənnəsi hüquqi xidmət xərci kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 41.Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 200 avronun manat olan rəsmi məzənnəsinin cavabdehdən tutulması” hissəsində əsassız olduğundan təmin edilməməlidir. 42.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. 44.Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 2022-ci ilin bank uçot dərəcəsi əsas götürülməklə 200 avronun manata olan rəsmi məzənnəsini tələb etməkdə haqlı olmamışdır. 45.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, 1332 (min üç yüz otuz iki) avronun manata olan rəsmi məzənnəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 46.Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 47.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1332 (min üç yüz otuz iki) avro məbləğində pul məzənnə üzrə manatla tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar