Məhkəmə qərarları › İş №2(103)-5410/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5410/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5410/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-556/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20 ton 492 kiloqram arpanın və ya hazırkı bazar satış qiyməti ilə dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində İddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 20 ton 492 kiloqram arpanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu ərazisində yerləşən fərdi təsərrüfatında dənli bitkilərin əkini ilə məşğul olur. 2015-ci ilin iyun ayında həmkəndlisi Cavabdeh2 vasitəsilə tanış olduğu Cavabdeh1 ondan 27 ton 640 kiloqram arpanı hər kiloqramı 14 qəpikdən olmaqla 3869 manata nisyə alıb aparmış, bir müddət sonra 7 ton 148 kiloqram arpanın pulunu, yəni 1000 manat pulu Rüstəm adlı şəxsin vasitəsilə ona qaytarmış, 20 ton 492 kiloqram arpanın pulunu, yəni 2869 manat pulu ona qaytarmamışdır. O, Ziyadla dəfələrlə əlaqə saxlasa da, nəticəsi olmamışdır. Bu barədə Füzuli Rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılaraq tərəflər arasında mübahisənin mülki xarakteri olması qənaətinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-556/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 20 ton 492 kiloqram arpanın alınaraq İddiaçı qaytarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan 27 ton 640 kiloqram arpa alaraq Abşeron rayonu Xırdalan şəhərində yaşayan Məhiyyədin adlı şəxsə hər kiloqramı 15 qəpikdən satmış, arpanın satış pulu 4146 manat etmişdir. Əldə olunmuş pulun 550 manatı daşıma xərclərinə, 146 manatı isə əlavə xərclərə sərf olunmuş, qalan 3450 manat pulu Elnurun göstərişi ilə X2 vasitəsi ilə ona çatdırılması üçün Rüstəm adlı şəxsə göndərmiş, Rüstəm 1000 manat pulu Elnura vermiş, qalan 2450 manat pulu isə özünə götürmüşdür. Buna görə də hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, cavabdehin əsas məqsədi işin həllini uzatmaqdır. Cavabdeh lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, birinci instansiya məhkəməsində də iştirak etməmişdir. Buna görə də məhkəmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-556/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 apelyasiya şikayətinin məzmunundan görünür ki, o, İddiaçı 27 ton 640 kiloqram çəkidə arpa almasını etiraf edir. İddiaçının izahatından görünür ki, 7 ton 148 kiloqram arpanın pulunu, yəni 1000 manat pulu cavabdeh iddiaçıya göndərmişdir. Cavabdeh 20 ton 492 kiloqram çəkidə arpanın pulunu Rüstəm adlı şəxsin vasitəsilə iddiaçıya göndərdiyini bildirsə də, bu barədə məhkəməyə tutarlı sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh1 barəsində İddiaçı şikayət ərizəsi ilə bağlı Füzuli RPŞ-nin İstintaq bölməsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2015-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, Cavabdeh1 uzun müddətdir ki, tanıyır, onunla hərbi xidmətdə tanış olmuşdur. 2015-ci ildə Cavabdeh1 onun yaşadığı evə gələrək ona arpa tapmasını, ancaq əlində nağd pulunun olmadığını, arpanı zavoda verib arpa aldığı şəxsin pulunu verəcəyini bildirmişdir. O, həmkəndlisi İddiaçı arpa olmasını əvvəlcədən bildiyindən Elnura zəng vurub onunla görüşmüş, Elnur Ziyadla arpanın bir kiloqramını 14 qəpiyə razılaşmış, Ziyad Elnura arpanı zavoda satıb onun pulunu göndərəcəyini bildirmiş, onlar birlikdə sahəyə gedib arpanı biçib iri tutumlu avtomobilə yükləyib Beyləqan rayonu Daşburun qəsəbəsində tərəzidə çəkmiş, arpanın ümumi çəkisi 27 ton 640 kiloqram olmuş, bundan sonra Cavabdeh1 arpanı Bakı şəhərinə aparmış, bundan bir neçə gün keçməsinə baxmayaraq Cavabdeh1 pulu İddiaçı göndərmədiyi üçün o, Cavabdeh1 istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə zəng vurub onu Elnurla telefonda görüşdürmüş, Ziyad Elnura hər həftə 500 manat pul göndərəcəyini bildirmiş, sonradan isə Cavabdeh1 Rüstəm Aslanov vasitəsi ilə Elnura ayrıayrı vaxtlarda 500 manat, ümumilikdə 1000 manat pul göndərdiyini öyrənmişdir. Araşdırma zamanı X3 izahatında göstərmişdir ki, Cavabdeh1 bir neçə ildir ki, tanıyır, onunla normal münasibətdə olmuş, Cavabdeh1 Füzuli rayonu Kürdmahmudlu kənd sakini İddiaçı arpa alması barədə məlumatı vardır. Belə ki, iki dəfə ayrı-ayrı vaxtlarda Cavabdeh1 ona 500, ümumilikdə 1000 manat pul verərək həmin pulu İddiaçı çatdırmasını xahiş etmiş, o da öz növbəsində həmin pulları İddiaçı vermişdir. İş materiallarında olan “whats up” sosial şəbəkədən çıxarılmış yazışmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ilə yazışma zamanı hər dəfə borcunu ödəməyə söz vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh arasında hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının tələbi də məhz bu hüquq çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə aralarında olan şifahi razılaşmaya əsasən 27 ton 640 kiloqram arpanı hər kiloqramı 14 qəpik olmaqla 3869 manata nisyə satmış, Cavabdeh1 isə həmin puldan qismən ödəniş etsə də, 20 ton 492 kiloqram arpanın pulunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-556/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar