Məhkəmə qərarları › İş №2(103)-5411/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5411/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5411/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması” tələbinə dair və Cavabdeh1 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-462/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən cavabdehlərin öz əşyaları (bütün əmlaklar) ilə birgə çıxarılmaları (mənzilin boşaldılması), həmin mənzilə iddiaçının köçürülməyi və mənzilin öz qanuni sahibliyinə qaytarılması (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzilinə dair alıcı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-462/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X9 "xxxx" MMCnin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən bütün əmlakları ilə birlikdə çıxarılmaları, həmin mənzilin boşaldılaraq İddiaçı qanuni sahibliyinə verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh1 və X6 iddianın verilməsinə görə 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 və X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərildiyi kimi Cavabdeh1 ilə Xudafərin MMC arasında bağlanmış 26 dekabr 2011-ci il tarixli, 472 saylı müqaviləyə əsasən mənzilin qiyməti olan 53.535 manat cavabdehlərə qaytarılmamışdır və belə bir geri dönüş olmamışdır. Digər tərəfdən 26 dekabr 2011-ci il tarixli maliyyə arayışına əsasən mübahisəli mənzilə dair Cavabdeh1 borcu yoxdur. Bu səbəbdən də Xudafərin MMC-nin niyyəti cavabdehlə həmin mənzilə dair alqı-satqı aparmaq olmayıb girov qoymaq olsa belə, MMC tərəfindən cavabdehə maliyyə arayışının verilməsi girovun hüquqi qüvvəsini itirməsinə səbəb olur və Xudafərin MMC ilə alıcı arasında alqı-satqı hərəkəti həyata keçirilmişdir. Beləliklə də birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi Xudafərin MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı halı öz hüquqi qüvvəsini itirmişdir. Digər tərəfdən qarşılıqlı iddia ərizəsi də məhz qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ olan şəxs Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən göndərildiyindən birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi bu hal əsassızdır. Bundan başqa mənzilin real dəyərini qətnamədə qiymətləndirildiyi həcmdə hesablansa aydın olur ki, mənzilin hər kv.m-nin dəyəri 1300 manat qiymətləndirilərsə heç də qətnamədə göstərildiyi kimi 27838 manat yox, 278382 manat təşkil edir. Digər tərəfdən iş materiallarında iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı mövcud deyildir, hətta belə hesab edilsə ki, belə bir maliyyə arayışı mövcuddur, 278382 manat dəyərində mənzilə görə 23662,3 manat ödənilməsi absurddur və mənzilin real dəyərini əks etdirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 21 fevral 2008-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 353 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsidir. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət ümumi sahəsi 214,14 m2 yaşayış sahəsi 117,66 m2 təşkil edən mənzili aşağıdakı şərtlərlə alıcıya təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ikinci bəndində göstərilən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər m2-nin dəyəri 1.300 ABŞ dolları həcmində qiymətləndirilməklə 27.838 ABŞ dolları təşkil edir. İş materiallarında olan 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 21 fevral 2008-ci il tarixli, 353 nömrəli müqaviləyə əsasən 23.662,3 manat məbləğində vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 01 avqust 2013-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78 ünvanında yerləşən çoxmərtəbəli binada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan “E” korpusu, 10-cu mərtəbə 213,51 m2, ümumi sahəsi 117,37 m2 saylı mənzil İddiaçı təhvil verilmişdir, eyni zamanda “E” bloku, 10-cu mərtəbə 214,14 ümumi sahəsi 117,66 m2 İddiaçı təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Verilən bu sənədlər İddiaçı 21 fevral 2008-ci ildə verilmişdir. Müqavilədə göstərilən bütün şərtlər yerinə yetirilmiş adı çəkilən şəxs ilə Müəssisənin heç bir çatışmamazlığı olmamışdır. Bu evlər vətəndaşların şəxsi mülkləridir. İş materiallarında olan 26 dekabr 2011-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanmış 472 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsidir. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət ümumi sahəsi 214,14 m2 yaşayış sahəsi 117,66 m2 təşkil edən mənzili aşağıdakı şərtlərlə alıcıya təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ikinci bəndində göstərilən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər m2-nin dəyəri 1.250 manat həcmində qiymətləndirilməklə 53.535 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilə alıcıya girov müqaviləsi kimi verilir. Razılaşdırılmış məbləğ alıcıya qaytarılır və müqaviləyə xitam verilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 26 dekabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsində yerləşən yeni yaşayış binasında “E” korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət sahəsi 214,14 m2 olan 19 saylı mənzilin müqaviləyə əsasən borcu yoxdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72/2019 nömrəli hökmünün surətindən görünür ki, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu, qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 01 noyabr 2011-ci ildən 09 aprel 2012-ci il tarixədək direktoru işlədiyi "xxxx" MMC-nin Bakı şəhəri, Bİnəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzili İddiaçı adına 21 fevral 2008-ci il tarixli, 354 nömrəli müqavilə ilə sənədləşdirilməsinə baxmayaraq, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili X1 Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53.500 manat pulu alaraq, həmin mənzilə dair ona tanışı X4 adına "xxxx" MMCnin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında X7 85.600 manata satdığından sonuncuya mənzilin onun arvadı Cavabdeh1 adına sənədləşdirilməsi barədə "xxxx" MMCnin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 53.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir (hökmün 11-ci səhifəsi). Cinayət işinin materiallarından görünür ki, binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m olan mənzil 21 fevral 2008-ci il tarixli 354 saylı müqavilə ilə İddiaçı, 30 aprel 2011 tarixli 387 nömrəli müqavilə ilə X13, 26 dekabr 2011-ci il tarixli 472 nömrəli müqavilə ilə əvvəl X4, sonra isə Cavabdeh1 və 19 yanvar 2012-ci il tarixli 488 nömrəli müqavilə ilə X5 adına sənədləşdirilmişdir (99- 100-cü səhifələri). Məhkəmə X7 izah etmişdir ki, o, dəymiş maddi zərəri X2 tələb etmək hüququna malikdir (113-cü səhifə). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 1(103)-25/2020 hökmünün surətindən görünür ki, yuxarıda göstərilən hökmdən zərərçəkmiş şəxs X9 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət sahəsin 214,14 kv.m olan 19 saylı mənzilinin ona təhvil verilməsinə dair ərizəsinin nəzərə alınması və ona dəymiş maddi zərərin mülki məhkəmə qaydasında tələb etmək hüquqlarının izah edilməsinə dair hissəsinin ləğv edilməsi, həmçinin təqsirləndirilən şəxslərin hər biri barəsində ayrı-ayrılıqda azadlıqdan məhrumetmə növündə cəzanın ən yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmənin qərarına əsasən onun apelyasiya şikayəti təmin edilməmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələblərini təmin etməklə və qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları il müəyyən edilir ki, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzil 21 fevral 2008-ci il tarixli müqavilə ilə ilkin olaraq İddiaçı adına sənədləşdirilmişdir. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili X1 Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53.500 manat pulu alaraq, həmin mənzilə dair ona tanışı X4 adına "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında X7 85.600 manata satdığından sonuncuya mənzilin onun arvadı Cavabdeh1 adına sənədləşdirilməsi barədə "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 53.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Göründüyü kimi "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzil 21 fevral 2008-ci il tarixli müqavilə ilə ilkin olaraq İddiaçı adına sənədləşdirildiyindən həmin andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. Həmin mənzilin sonradan digər şəxslərin, o cümlədən Cavabdeh1 sənədləşdirilməsi isə cinayət əməli nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı 21 fevral 2008-ci il tarixli müqaviləyə əsasən əmlakın qanuni sahibi olduğundan mülkiyyətçi hüquqları ona da mənsubdur və o, dövlət tərəfindən tanınan və qorunan hüququndan istifadə etməklə ona mənsub əmlaka öz istədiyi kimi sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə, o cümlədən özgəsinin qanunsuz sahibliyindən həmin əmlakını geri tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməklə haqlı olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, mülki işin materiallarında iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 21 fevral 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas müəyyən olunmur. Bundan əlavə, həmin müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini təmin etməyərək mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-462/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev ,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar