Məhkəmə qərarları › İş №2(103)-5413/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5413/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5413/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanınkatibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-839/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136 saylı yaşayış evinin “J” girişinin sahəsi 48,4 kv.m olan 6-cı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136 saylı yaşayış evinin 6-cı mənzili iddiaçının nənəsi X13 və onun oğlu, yəni iddiaçının atası X1 adına rəsmiləşdirilmişdir. Belə ki, həmin yaşayış binası “xxxxxx” MTK tərəfindən inşa edilmişdir. Həmin MTK ilə X13 arasında bağlanmış müvafiq müqavilə əsasında həmin yaşayış binasında “J” girişin 3-cü mərtəbəsində ümumi sahəsi 48,35 kv.m olan 3 otaqlı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X8 adına müvafiq order verilmişdir. Həmin orderdə həmin mənzilə birgə sahiblik və istifadə hüququ əsasında iddiaçının atası X1 adı qeyd edilmişdir. Həmin yaşayış binasının “J” bloku müvafiq Dövlət Komissiyası tərəfindən istismara xx xxxxxxxx 2001-ci il tarixdə qəbul edilmişdir. Həmin ildən başlayaraq binaya pasport rejimi tətbiq edilməklə yaşayış yeri üzrə qeydiyyat işləri aparılmışdır. İddiaçının nənəsi və atası həmin mənzilə 2008-ci ildə, özü isə xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Pasport qeydiyyatına alınana qədər də vahid ailə qismində həmin mənzildə 2001-ci il tarixdən etibarən birgə yaşamışlar. 2001-ci il tarixə qədər isə Nizami rayonun ərazisində vahid ailə olaraq birgə yaşamışlar. İddiaçının anası X5 2001-ci il tarixdə vəfat etmişdir. Bundan sonra da birgə ailə olaraq nənəsi və atasının himayəsində yaşamağa davam etmişdir. 2002-ci il tarixdə iddiaçının atası Cavabdeh1 ilə yenidən rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2002-ci ildə X3 və xx xxxx 2004-cü ildə X4 anadan olmuşdur və həmin adları qeyd edilən şəxslər ailə üzvü qismində həmin mənzilə yaşamağı davam etdirmişlər. xx xxxxxx 2015-ci il tarixdə iddiaçının atası vəfat etdikdən sonra həmin mənzildə nənəsinin himayəsində yaşamağa davam etmişdir. xx xxxxxx 2018-ci il tarixdə isə ata nənəsi Dilarə Quliyeva vəfat edəndən sonra iddiaçı həmin mənzildə yaşamağın mümkün olmaması səbəbindən Bakı şəhərindəmüxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə yaşamağa məcbur olmuşdur. İstifadə hüququnun olduğu mübahisəli mənzilə köçməyi ilə əlaqədar cavabdehlərə etdiyi cəhdlər uğursuz olmuşdur. İddiaçı hazırda faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi 1, mənzil 95-də yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-839/2020 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136, 6 saylı mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalanİddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-839/2020 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətionunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki iş üzrə müəyyən edildiyi kimi mübahisəli mənzilin sahibi nənəsi X13 və onun ailə üzvü yəni oğlu yəni atası X7 olmuşdur. İddia tələbinin sübutetmə predmetinə daxil olan məsələrdən biri də iddiaçının onların ailə üzvü olub olmamağına bağlı məsələdir ki, buna yalnız onlar aydınlıq gətirə bilər, onlar isə artıq həyatda yoxdur. İddia tələbinin mənzilin birgə sahibləri olan Dilarə və Mirzəhəsən Quliyevlərin ailə üzvü olub olmamağına bağlı hissəsində cavabdeh ola bilməzlər, belə ki, 1997-ci il tarixdə mənzil sahiblərinin ailəsində anadan olmağına Ailə Məcəlləsinin normalarına uyğun olaraq ailə üzvü kimi hüquqi statusu əldə etmişdir. Bu zaman isə mənzil sahibləri Dilarə və Mirzəhəsən Quliyevlər Cavabdeh1 ilə hər hansı bir hüquq münasibətində deyildi. Mübahisə üzrə mövcud bu faktiki hal baxımdan iddia tələbinin mübahisəli mənzilin birgə sahibləri olan Dilarə və Mirzəhəsən ana oğul Quliyevlərin ailə üzvü olub-olmamağı ilə hissədə cavabdeh ola bilməzlər, çünki ata övlad və nənə nəvə arasında olan ailə münasibətlər cavabdehlərin hüquq və maraqlarına toxunmurdu. Buna görə də cavabdehin bu hissə ilə bağlı, məhkəmə iclasında verdikləri məlumatlar sübut kimi qəbul edilə bilməz. Mövcud olmuş həmin faktiki hal üzrə yaranmış münasibətlər mülki məcəllənin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1.maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır Eyni məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İşin faktiki halından göründüyü kimi, vəfat etmiş atası X16 Quliyevin ailəsində anadan olmuş, atasının daimi yaşayış yeri anası ilə birgə sahibi olduğu Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 136 saylı yaşayış evin 6-cı hazırda mübahisəli mənzil olmuşdur. 2001-ci ildə anasının vəfatı ilə əlaqədar azyaşlı uşaq olaraq 2015-ci il tarixdə atası vəfat edənə qədər onun himayəsində qalmış, anasız müvəqəti olaraq başqa qohumları olan xala, bibi və digərləri yetim azyaşlı uşaq olaraq qayğısına qalmaq məqsədi ilə müvəqqəti olaraq öz evlərinə aparmaları və müvvəqəti başqa ünvanda olmağı o anlama gətirmir ki, azyaşlı olarkən atası və nənəsinin sağlığında onlarla olan ailə üzvü qismində münasibətlərə xitam verilmişdir. Mənzilin keçmiş birgə sahibləri nənəsi Dilarə və atası Mirzəhəsən Mansurovların ailəsində anadan olma fakı onların ailə üzvü kimi Ailə Məcəlləsinin 13 və 15-ci maddələrində müəyyən edilmiş hüquq münasibətlərin əmələ gəlməsinə əsas olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olan) 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 54-cü maddənin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə elmək hüquqnu əldə edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Qətnamədə müəyyən edildiyi kimi Dilarə Quliyeva ilə atasından ibarət ailədə anadan olmuş və ailə qanunvericiliyinin tələblərinə görə onların ailə üzvü hesab edilmiş,bu hal məhkəmə tərəfindən də tanınıb. Lakin məhkəmə eyni zamanda mülki mübahisə üzrə müəyyən edilmiş bu hala düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi bu hissədə istinad etdiyi Ailə Məcəlləsinin 13, 15-ci fəsillərdə nəzərdə tutduğu normalarını, mənzil məcəlləsinin 30 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında müəyyən edilmiş halları səhv təfsir etmişdir. Belə ki, məhkəmə qeyd etdiyi bu maddi hüquq normaların tələblərini miilki mübahisənin həllinə tətbiqi nəticəsində belə nəticəyə gəlmişdir ki, mübahisəli Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 136 saylı yaşayış evin 5-ci mənzilinə mülkiyyətçi tərəfindən köçürülməmiş, orada davamlı olaraq heç vaxt yaşamamış və hazırda da orada yaşamır. Hesab edir ki, məhkəmə bu hissədə gəldiyi nəticə düzgün deyildir. Belə ki, uşağın ailədə anadan olma faktı özü ilə bir sıra hüquqlar doğurur bu hüquqlar digər hüquqlarla yanaşı uşağın yaşayış yerini, ailədə yaşamaq hüququnu, yaşayış yerinin valideynin yaşayış yerinə görə müəyyən edilməsi, valideyni olan atası ilə bir ailədə yaşamaq hüququnu, baba və nənələrin nəvəni saxlamaq, nəvələrin baba və nənəni saxlamaq kimi öhdəlilərin mövcudluğu bağlı hüquqların əldə etməsini ehtiva edir. Sözügedən Plenumun qərarında müəyyən edildiyi kimi “qeyd edilən edilən hallar Mənzil Məcəlləsinin 30.1. maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Qeyd etdiyi bütün bu hüquqi məqmların məhkəmə tərəfindən nəzərə alınmadığını, və hüquqi qiymət verilmədiyini bildirmişdir. Məhkəmənin istinad etdiyi digər faktiki məqama yəni “mülkiyyətçi tərəfindən köçürülməmişdir” yə heç vaxt həmin mənzildə yaşamamışdır müəyyənliyinə belə münasibət bildirir. 1997-ci il tarixdə mülkiyyətçinin ailəsində anadan olmuduğunu, mülkiyyətçinin ailə üzvü olan atasının yaşayış yeri mübahisəli mənzilin olduğunu qeyd etmişdir. Köçürülmə müəyyən fiziki və hüquqi hərəkətlər etməklə bu və ya digər hüququn əldə edilməsini ehtiva edir, həmin dövrdə körpə azyaşlı uşaq olduğu üçün fiziki olaraq hüquq əldə etməyi mümkünsüzdür. Digər tərəfdən heç vaxt həmin mübahisəli mənzildə yaşamamışr kimi müəyyən etdiyi hala belə münasibət bildirir ki, körpə uşaq olduğu halda daimi yaşayış yeri olan valideynindən ayrı harada yaşaya bilərdi. Beləliklə birinci instansiya məhkəməsinin “iddiaçı mənzilin mülkiyyətçisi olan və hazırda vəfat etmiş nənəsinin ailə üzvü olsa da, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 136 saylı evin 6 saylı mənzilinə mülkiyyətçi tərəfindən köçürülməmiş və orada yaşamamışdır, hal hazırda o mübahisəli mənzildə yaşamır. İddiaçının qeyd edilən mənzildə qeydiyyatda olması onun həmin mənzilə dair hər hansı hüququnun olmasına dəlalət etmir,yalnız formal xarakter daşıyır ” kimi gəldiyi nəticə ziddiyyətlidir. Bu hüquqi ziddiyyət ondan ibarətdir ki, məhkəmə özünün qətnaməsini birinci halda iddiaçını mənzilin mülkiyyətçisi yəni nənəsi Dilarə Orucovanın ailə üzvü hesab etdiyi halda, digər tərəfdən mənzilin mülkiyyətçisi nənəsi tərəfindən həmin mənzilə köçürülməməyini və həmin mənzildə hazırda yaşamamağını əsas götürərək onu mülkiyyətçinin ailə üzvü hesab elməmişdir. Belə ziddiyyətli nəticə məhkəmə qəətnaməsinin qanunsuzluğuna və əssasızlığına dəlalət etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar müəyyən edilmişdir. Həmin məcəllənin 385.1.1. maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və eyni məcəllənin 385.1.2. maddəsinə əsasən məhkəmənin gətdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi eyni zamanda Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində müəyyən edilən hallarını səhv təvsir etmişdir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir elsin. Həmin məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan biitün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. İstinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərinə istinad edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, digər prosessual hüquq normaların tətbiqi ilə bağlı “heçvaxt mənzildə yaşamamışdır və hazırdada da yaşamır” hissəsində düzgün tətbiq etməmiş buda öz növbəsində düzgün olmayan qətnamə çıxarılması ilə nəticələndiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.Apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, anasının ölümündən sonra xalası ilə, daha sonra isə ana nənəsi ilə birgə yaşamışdır.Hərbi uçota alınması üçün mübahisəli mənzilə pasport qeydiyyatına alınmışdır.18 yaşı tamam olandan, yəni 2015-ci ildən sonra 2019-cu ilin dekabr ayına kimi, yəni iddia verdiyi tarixə kimi ona görə hazırkı tələbi irəli sürməmişdir ki, ana nənəsi ilə birgə yaşamış və buna maddi imkan olmuşdur.Sonra isə maddi çətinliyi olduğundan mənzil kirayə haqqını ödəməyə çətinlik çəkir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X6pelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayətiqismən təmin olunmalı,maddi hüquq normaları düzgün tətbiq olunmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136 saylı evin 6 saylı mənzilinə dair iddiaçının nənəsi X13 ilə “xxxxxx” MTK arasında bağlanmış müqavilə əsasında ona order verilmişdir. Həmin orderdə həmin mənzilə birgə sahiblik və istifadə hüququ əsasında iddiaçının atası X1 adı qeyd edilmişdir. xx xxxxxx 2012- ci il tarixdən İddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. Sözügedən mənzildə İddiaçı pasport qeydiyyatındadır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamentinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 3 ünvanı “xxxxxx” Mənzil-Tikinti Kooperativinə məxsus olduğundan tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 3 dövlət reyesterində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli mənzilin onun nənəsi tərəfindən alındığını və nənəsinə order verildiyini, iddiaçı ailə üzvü qismində həmin mənzilə köçürüldüyünü əsas gətirərək, buna görə də qeyd edilən mənzildən onun istifadə hüququnun yarandığına istinad edərək mübahisəli ünvan 3 ünvana köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən mübahisəli mənzildə yaşamasını qeyd etsə də bu hal məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən normaya istinad edərək tərəflər arasında yaranan münasibətlərə 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsini əsaslı sayır. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıların mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli xx xxxx 1982-ci il tarixdən xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa-çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı xx xxxx 1999-cu il tarixli Qərarındakı mövqeyə görə Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ata-anası ilə 2001-ci il tarixə qədər Nizami rayonun ərazisində vahid ailə olaraq birgə yaşamışlar. İddiaçının anası X5 2001-ci il tarixdə vəfat etmişdir. Bundan sonra da birgə ailə olaraq nənəsi və atasının himayəsində yaşamağa davam etmişdir. 2002-ci il tarixdə iddiaçının atası Cavabdeh1 ilə yenidən rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2002-ci ildə X3 və xx xxxx 2004-cü ildə X4 anadan olmuşdur və həmin adları qeyd edilən şəxslər ailə üzvü qismində həmin mənzilə yaşamağı davam etdirmişlər. xx xxxxxx 2015-ci il tarixdə iddiaçının atası vəfat etdikdən sonra həmin mənzildə nənəsinin himayəsində yaşamağa davam etmişdir. xx xxxxxx 2018-ci il tarixdə isə ata nənəsi Dilarə Quliyeva vəfat edəndən sonra iddiaçı həmin mənzildə yaşamağın mümkün olmaması səbəbindən Bakı şəhərindəmüxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə yaşamağa məcbur olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı “Çıxışı”ndan(2-ci səhifəsi) isə iddia ərizəsində qeyd edilənlərə ziid olaraq müəyyən olunur ki, iddiaçının anası X5 2001-ci il tarixdə vəfat etmişdir. 2001-ci ildə anasının vəfatından sonra atası 2-ci dəfə Cavabdeh1 ilə nikaha daxil olmuşdur.Cavabdeh1 isə ərinin 1-ci nikahdan olan uşağını, yəni iddiaçını ailəyə qəbul etməmiş, mənzilə buraxmamışdır. Daha sonra apelyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, 2001-ci ildə anasının ölümündən sonra xalası ilə, daha sonra isə ana nənəsi ilə birgə yaşamışdır.Hərbi uçota alınması üçün mübahisəli mənzilə pasport qeydiyyatına alınmışdır.18 yaşı tamam olandan, yəni 2015-ci ildən sonra 2019-cu ilin dekabr ayına kimi, yəni iddia verdiyi tarixə kimi ona görə hazırkı tələbi irəli sürməmişdir ki, ana nənəsi ilə birgə yaşamış və buna maddi imkan olmuşdur.Sonra isə maddi çətinliyi olduğundan mənzil kirayə haqqını ödəməyə çətinlik çəkir. Beləliklə, iddiaçının iddia ərizəsindən, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı “Çıxışı”ndan(2-ci səhifəsi), apellyasiya baxışı zamanı iddiaçının verilən suallara cavabından, 1-ci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsindən, tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı mübahisəli mənzildə yaşamamışdır. İddiaçı mübahisəli mənzildə yaşamasını qeyd etsə də bu hal məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-839/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar