Məhkəmə qərarları › İş №2(103)-5413/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5413/2024

06.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5413/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X4” X8rşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (əri) X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2010-cu il tarixdə X1 "Endoskopik cərrahiyyə və diaqnostika" şöbəsinə tibb bacısı vəzifəsində işə başlamışdır. xx.xx.2011-ci il tarixdə Cərrahiyyə mərkəzinin 1-ci hissəsinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Cərrahiyyə və orqan transplantasiyası Mərkəzinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. “X4” X10 xx.xx.2023-cü il tarixli 18-1- 9/3-1-1393/2023 saylı əmrinə əsasən X1 “Ümumi cərrahiyyə və orqan transplantasiyası” şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “X4” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4” X10 iddiaçının işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli 18-1-9/3-1- 1393/2023 saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 14 ilə yaxındır tibb bacısı işləyir və indiyə qədər vəzifəsini layiqincə yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozularaq barəsində peşəkarlıq səviyyəsinin yoxlanmasına dair heç bir attestasiya keçirilmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3246/2024 saylı, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, İddiaçı orta ixtisas təhsili haqqında müvafiq sənədinin olmaması və təqdim etdiyi sənədin aidiyyəti orqan tərəfindən hüquqi sənəd sayılmaması onun tibbi fəaliyyətlə məşğul olmasını istisna edir. Qeyd edilən hal onun ixtisasının tutduğu vəzifəyə uyğun olmaması kimi qiymətləndirilməlidir. Belə olan halda, “X4” X13 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) xitam verilməsi qanuni və əsaslı olmuşdur.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71ci maddələri, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkası Qanununun 46, 49-1-ci maddələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X3”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının sənədinin (diplomun) aidiyyəti orqan tərəfindən hüquqi sənəd sayılmaması, onun ixtisasının tutduğu vəzifəyə uyğun olmaması kimi qiymətləndirilməsi işin hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1.1 və 67-1.5-ci maddələri, həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 49-1-ci bəndindən görünür ki, təkrarən sertifikasiyadan keçməyən tibb işçisi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı isə ümumiyyətlə sertifikasiyaya buraxılmamışdır. Məhkəmə tərəfindən cavabdehin qanunsuz əmrini qanuniləşdirmək üçün sertifikasiyaya buraxılmamış şəxsi təkrarən sertifikasiyadan keçə bilməyən şəxslə eyniləşdirməsi qanunsuz və əsassızdır, həmçinin iddiaçının hüquqlarının pozulmasıdır.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

13. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanunu Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X3”na əsasən: “Tibb bacısı (qardaşı)” peşəsi üzrə səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısına aid ixtisas tələbi kimi işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsili müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası” :

2.10. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir: 2.10.1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə; 2.10.2. şəxsiyyət vəsiqəsi və onun surəti; 2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti; 2.10.4. əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; 2.10.5. kadrlar uçotunun şəxsi vərəqəsi; 2.10.6. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti; 2.10.7. sağlamlıq haqqında arayış; 2.10.8. 3x4 ölçüdə 2 ədəd fotoşəkil. 22.11. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır. 2.12. Bu Qaydanın tələblərinə uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar (bu Qaydanın 2.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) barədə rəsmi qaydada cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim edilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

19. İddiaçı “X4” X7 “Tibb bacısı” peşəsi üzrə fəaliyyət göstərmişdir. Onun peşəsi üzrə fəaliyyət göstərmək üçün qüvvədə olan qanunvericilikdə orta ixtisas təhsilinin olması tələb edilir. Bu baxımdan tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə təqdim edilməli sənədlərdən biri də ali və orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti olduğu halda, onun tibb təhsili ilə bağlı təqdim etdiyi sənədlərin 1 nömrəli Tibb Kolleci tərəfindən verilmədiyi, eyni zamanda ümumiyyətlə onun təqdim etdiyi AB-İ seriyalı 008900 nömrəli diplomun mövcud olmadığı aşkar edilmişdir.

20. Yuxarıda istinad edilən qanunvericiliyin müddəalarına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna yalnız Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış və müvafiq diploma malik olan şəxslər malikdirlər. Belə olan halda, iddiaçının orta ixtisas təhsili haqqında müvafiq sənədinin olmaması və təqdim etdiyi sənədin aidiyyəti orqan tərəfindən hüquqi sənəd sayılmaması onun tibbi fəaliyyətlə məşğul olmasını istisna edir.

21. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar