Məhkəmə qərarları › İş №2(103)-5414/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5414/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5414/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı üçün artıq ödənilmiş 3.128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2.922,48 manat, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat, ümumilikdə 7.150,48 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,5 manat dövlət rüsumunun cavabdeh "ASP” MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və "göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-47/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)- 2868/23 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək qərardadını tamamilə ləğv edərək, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli 2(102)-2048/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2868/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(004)-47/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-47/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-47/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-47/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadını ləğv edilməsini və prosessual hərəkətlərin edilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 31 iyul 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023-050 saylı xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir Həmin Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından və ərizənin dəlillərindən göründüyü kimi, İddiaçı ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-47/2023 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddətin ötürülməsi üçün üzrlü səbəbi göstərməmiş, yalnız mülki işin xronoloji ardıcıllığını sadalamaqla kifayətlənmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, İddiaçı müddətin üzrlü səbəbdən ötürülməsi barədə təqdim etdiyi dəlillər əsaslı olmadığından, ərizə təmin olunmamalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar