Məhkəmə qərarları › İş №2(103)-5416/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5416/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5416/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi ilə, İddiaçınıün nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X4, Üçüncü şəxs İçərişəhər Dövlət Tarix və X5 nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X7 və Müslüm-zadə Cahangir Mövsüm oğlu olmaqla) “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh (3-cü şəxslər X7 və Müslüm-zadə Cahangir Mövsüm oğlu) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 228.500 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsinə dair X7 ilə Müslüm-zadə Cahangir Mövsüm oğlu (Cavabdeh əvəzinə) arasında xx.xx.2016-cı il tarixli ilkin razılaşma və Əhmədbəyli Əlövsət Əhməd oğlu ilə Müslüm-zadə Cahangir Mövsüm oğlu (Cavabdeh əvəzinə) xx.xx.2016-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Razılaşmanın 6-cı və 7-ci bəndlərinə görə icarəçi icarə predmeti olan binanın damında və həyətində "cam balkon" konstruksiyası qurulması hüququna malikdir. Razılaşmanın 10-cu bəndinə görə icarə predmeti satıldığı halda, icarəyə verən həmin konstruksiyaların qurulması ilə əlaqədar icarəçi tərəfindən çəkilmiş xərcləri, yəni 180000 (ayrılıqda 90000) manat məbləğindən artıq olmamaq şərtilə icarəçiyə ödənilməsi barədə öhdəlik götürmüşdür. Həmin razılaşma əsasında iddiaçı Əhmədbəyli Əlövsət Əhməd oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin 22-ci bəndinə əsasən icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödəniləcəkdir. Yuxarıda qeyd edilən konstruksiyaların quraşıdırılması üçün iddiaçı tərəfindən 200000 manatdan artıq məbləğdə xərclər çəkilmişdir (fotoşəkillər əlavə edilir). Buna görə də əmlakın hazırkı dəyəri onun icarəyə veriləndən öncəki dəyərindən artıq olmuşdur. Nəticədə cavabdeh həmin əmlakı özgəninkiləşdirərkən onu daha yüksək qiymətə sataraq əlavə gəlir əldə etmişdir. Sözügedən proses gözlənilən olduğu üçün tərəflər bunu icarə müqaviləsinin şərti olaraq öncədən müəyyənləşdirmişlər. Hazırda müqavilənin həmin bəndinə uyğun olaraq icarə obyektinə çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi zərurəti yaranmışdır. Eyni zamanda Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, oktyabr 2019 oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqı 80000 manat müəyyən edilmiş və həmin məbləğin 25000 manat məbləğində olan hissəsi icarəyə verənə ödənilmişdir. Daha sonra Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə daha bir bildiriş təsdiq edilmiş və ona 10000 manat məbləğində pul vəsaiti ödənilmişdir. O cümlədən 2019-cu ilin avqust-oktyabr ayları üçün əvvəlcədən ödənilmiş 13500 manat və oktyabr 2019-oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün artıq ödənilmiş 35000 manat, cəmi 228500 manat məbləğində pul vəsaiti icarəçiyə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 228500 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq Əhmədbəyli Əlövsət Əhməd oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 190695 (bir yüz doxsan min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, 5 (beş) manat hissəsinin İddiaçı aid edilməsi, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 50 (əlli) manat hissəsinin İddiaçı, 450 (dörd yüz əlli) manat hissəsinin Cavabdeh tutularaq “xxxx” MMCnin hesabına (VÖEN: **********, “xxxx” ASC əməliyyat filialı VÖEN: **********, M/h: AZ89NABZ**********0000028944, Kodu 503314, S.W.İ.F.T BİC: AMRAAZ22, H/h:AZ40AMRA********************) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)161/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin bütünlüklə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının və məhkəmənin istinad etdiyi icarə müqaviləsinin 22-ci bəndi üzrə cavabdehin öhdəliyi yalnız o halda yarana bilərdi ki, iddiaçı bu müqavilənin 23-cü bəndinə riayət edib hər-hansı bir xərci əvvəlcədən cavabdehlə razılaşdırmış olardı. Tərəflər arasında buna dair heç bir yazılı razılaşma olmadığına görə, iddiaçının iddia etdiyi xərclərin də heç bir qanuni əsası olmamışdır. İcarə müqaviləsinin 22-ci bəndində qeyd olunan öhdəliklərin əmələ gəlməsinin yeganə şərti, icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasına, dəyişikliklərin edilməsinə mülkiyyətçinin icarə müqaviləsinin 14-cü və 23-cü bəndlərində nəzərdə tutulan qabaqcadan yazılı razılığının olmasıdır. Məlum olduğu kimi, mülkiyyətçi tərəfindən icarəyə götürülən sahədə təmir-tikinti işlərinin, dəyişikliklərin edilməsinə dair bu cür yazılı razılıq ümumiyyətlə mövcud deyildir. İşə baxan məhkəmə iş üzrə digər vacib bir məsələni də araşdırmaqdan imtina etmişdir. Belə ki, qətnamədə həyət adlandırılan ərazi əslində cavabdehin mülkiyyətinə aid olmayan “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”na məxsus sahədir. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən bu ərazidə hər hansı işlərin aparılmasına icazəni cavabdeh deyil, ərazinin qanuni sahibi - “İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu” verə bilərdi. Lakin, bəlli olduğu kimi həmin ərazidə hər hansı təmirtikinti işlərinin aparılması qadağandır. Bundan başqa, onlarda olan məlumata görə, iddiaçı həmin ərazinin istifadəsi üçün “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”na icarə haqqı da ödəyirdi. Lakin bu mühüm halın mövcudluğuna baxmayaraq, işə baxmış məhkəmə maraqlarına toxunulan “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”nu bu məhkəmə araşdırması üzrə 3-cü şəxs qismində cəlb etməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı “İçərişəhər Dövlət Qoruğu”ndan heç bir məlumat tələb etməmişdir. Bundan başqa, icarə obyektinin damında icarəçi tərəfindən hansısa tikililərin quraşdırılmasına cavabdeh yazılı icazə verməmişdir. Ona görə ki, cavabdeh bu icazəni vermək səlahiyyətinə malik deyildir. İcarə obyekti “İçərişəhər Dövlət Qoruğu”nun ərazisində yerləşdiyinə görə, Dövlət Qoruğunun ərazisində yerləşən binanın damında hər hansı təmir-tikinti işlərinin aparılması yolverilməzdir. İcarəçi binanın damında sonradan qurulmuş tikilinin ona məxsus olduğunu bəyan edərək, onun istifadəsinə görə İcarəyə verənə icarə haqqı ödəməkdən imtina etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan həmin tikililər İcarə obyektində cavabdehin razılığı olmadan icarəçi tərəfindən özbaşına quraşdırılmışdır. Bu isə o deməkdir ki, iddiaçının bu ərazidə qurulmasını iddia etdiyi tikililərin də heç bir hüquqi və qanuni əsasları olmamışdır. Qətnamədə qeyd olunan sənədlərdən (alqı-satqı müqaviləsi və Dövlət reyestrindən çıxarış) görünür ki, alqı-satqı predmeti olan Bakı şəhəri Səbail rayonu Böyük Qala-4 döngəsi 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552,80 kv. metr təşkil etmişdir. Göründüyü kimi, icarə oyektinin ümumi sahəsi cavabdehin istifadəsində olduğu zaman da, iddiaçıya icarəyə verildiyi zaman da dəyişilməz olaraq qalmışdır. Qətnamədə həyət adlandırılan, əslində isə İçərişəhərin bir sahəsi olan ərazidə qurulmuş tikililər və binanın damında mülkiyyətçinin razılığı olmadan qurulmuş tikililər bina satılarkən alqı-satqı predmeti olmayıb və heç bir alqı-satqı və ya digər sənədlərdə öz əksini tapmayıb. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İçərişəhər Dövlət Tarix-X5 səlahiyyətli nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək göstərdi ki, qeyd olunan qeyri-yaşayış sahəsi çay evi kimi fəaliyyət göstərir. Həmin binaya bitişik olan həyətyanı sahədə yüngül konstruksiyadan əlavə ticarət sahələri inşa edilmişdir. Qeyd edilən işlər onlarla razılaşdırılmış və bununla bağlı tərəflər arasında «Birgə fəaliyyət haqqında» müqavilə bağlanmışdır. Ona görə də, qeyd edilən sahənin istifadəsi qanuni surətdə həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğu üçün qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsini yalnız təmin edilmiş hissədə mübahisələndirdiyindən, məhkəmə kollegiyası iddianı həmin hissədə yoxlayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 552,8 kv/metr olan, 3 mərtəbədən ibarət Bakı şəhəri, Səbail Rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanda yerləşən qeyri yaşayış binası xx.xx.2011-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - xx.xx.2016-cı il tarixli razılaşmadan görünür ki, icraçı X7 ilə icarədar Müslüm-zadə Cahangir Mövsüm oğlu arasında Bakı şəhəri, Səbail Rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanda yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsi razılaşdırılmışdır. - xx.xx.2016-cı il tarixli Razılaşmanın 6-cı və 7-ci bəndlərinə görə icarəçi icarə predmeti olan binanın damında və həyətində "cam balkon" konstruksiyası qurulması hüququna malikdir. - xx.xx.2016-cı il tarixli Razılaşmanın 10-cu bəndinə görə icarə predmeti satıldığı halda, icarəyə verən həmin konstruksiyaların qurulması ilə əlaqədar icarəçi tərəfindən çəkilmiş xərcləri, yəni 180000 manat məbləğində pul vəsaitinin icarəçiyə ödənilməsi barədə öhdəlik götürmüşdür. - Müslüm-zadə Leyla Möhsün qızı (onun adından müqaviləni etibarnamə əsasında nümayəndəsi Müslüm-zadə Cahangir Möhsüm oğlu imzalamışdır) ilə Əhmədbəyli Əlövsət Əhməd oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsindən görünür ki, icarəyə verən Müslüm-zadə Leyla Möhsün qızı çay evi və restoranı (tam hissə, 552.8 kv.m, 3 mərtəbəli, zirzəmi, o cümlədən 305.3 kv.m əsas sahə və 247.5 kv.m köməkçi sahə, mətbəx avadanlığı ilə birlikdə) icarəçi Əhmədbəyli Əlövsət Əhməd oğluna icarəyə vermişdir. - xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsinin 13-cü bəndinə əsasən zərurət olarsa, «İcarəçi» icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər. «İcarəçi» bu xərclərin məbləğini «İcarəyə verən»lə əvvəlcədən razılaşdırmalıdır. - xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsinin 14-cü bəndinə əsasən «İcarəçi» «İcarəyə verən»in yazılı razılığı olmadan icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. - xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsinin 22-ci bəndinə əsasən icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödəniləcəkdir. - xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsinin 23-cü bəndinə əsasən «İcarəyə verən»lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər «İcarəyə verən» tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti «İcarəçi»nin üzərinə düşəcəkdir. - Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Müslüm-zadə Cahangir Mövsüm oğlu X2 İçəri Şəhərdə yerləşən «Çay Bağı» adlanan obyektin okytyabr 2019 - oktyabr 2020- ci il üçün nəzərdə tutulmalı icarə haqqını 80.000 manat müəyyən etmişlər. Həmin icarə haqqının 25.000 manatını xx xxxx 2019-cu il tarixdə almış, qalan 55.000 manatının 2019-cu ilin oktyabr ayında ödənilməsinə razılaşmışlar. - Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Müslüm-zadə Cahangir Mövsüm oğlu İbadət Əliyevdən 10.000 manat almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusuna əsasən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binası 53 saylı NK-nun xx.xx.2019-cu il tarixli 4Ə-818 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 (1/4 hissə, 138,2 kv/metr) və X1 (3/4 hissə, 414.6 kv/metr) adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Haquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552.80 kv/metr, hüquq sahibləri (1/4 hissə, 138,2 kv/metr) X10, (3/4 hissə, 414.6 kv/metr) X1 adlarına qeydiyyatdan keçmişdir. - X3 və X16 ilə X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsindən görünür ki, Bakı şəhəri Səbail rayonu Böyük Qala-4 döngəsi 3 saylı ünvanda yerləşən ümumi sahəsi 552.8 kv/metr olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən X3 (3/4 hissə, 414.6 kv/metr), X16 (1/4 hissə, 138,2 kv/metr) hissəsini icarəçi X8 icarəyə vermişlər. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən icarə müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflərin həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədiyi halda icarə müddətinin daha bir il müddətinə uzadılması razılaşdırılmışdır. - xxxx MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3 saylı ünvanda yerləşən qeyriyaşayış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərcin məbləği 190.695 manat təşkil edir. İşin materiallarından görünür ki, icarəçinin nümayəndəsi Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bildirişə əsasən oktyabr 2019 - oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqı 80000 manat müəyyən edilmiş və həmin məbləğin 25000 manat məbləğində olan hissəsi xx.xx.2019-cu ildə Elçin Əliyev tərəfindən icarəyə verənə ödənilmiş, bildirişdə həmçinin yerdə qalan 55 min manatın oktyabr 2019-cu ilə qədər ödənilməsi qeyd edilmişdir. Daha sonra işin materiallarından görünür ki, Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən xx.xx.2019cu il tarixdə daha bir bildiriş təsdiq edilmiş və bu bildirişə əsasən o İbadət Əliyev adlı şəxsdən 10000 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsi ilə bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etmiş, həmin sahənin damında və həyətyanı sahəsində yüngül konstruksiyadan örtülü sahələr (terras) inşa etmişdir. Sonradan cavabdeh L.Müslüm-zadə həmin qeyri-yaşayış sahəsini üçüncü şəxslərə satmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında bağlanmış müqavilənin 22-ci bəndinə istinad etmişdir. Həmin bəndin tələbinə görə, icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödəniləcəkdir. Lakin qeyd edilən müqavilənin 13-cü bəndində müəyyən edilir ki, zərurət olarsa, «İcarəçi» icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər. «İcarəçi» bu xərclərin məbləğini «İcarəyə verən»lə əvvəlcədən razılaşdırmalıdır. Göründüyü kimi, müqaviləyə görə icarəçinin binanın damında və ətrafında bu cür işləri görməsi imkanı nəzərdə tutulsa da, bu işləri görməmişdən əvvəl çəkiləcək xərcləri icarəyə verənlə razılaşdırmaq vəzifəsi də müəyən edilmişdir. Lakin iş materiallarından görünür ki, tərəflər arasında bu işlərin görülməsi ilə bağlı xərclər tərəfylər arasında razılaşdırılmamışdır. Belə olan halda, kollegiyanın qənaətinə görə iddiaçı (icarəçi) mübahisəli qeyriyaşayış binasının damında və həyətyanı sahəsindəki örtülü sahələri (terrası) cavabdehlə (icarəyə verənlə) bağlanmış müqavilənin şərtlərini pozmaqla inşa etdiyindən həmin inşaata çəkilən xərcləri bu müqaviləyə istinad edərək tələb etməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış həmin müqavilənin 23-cü bəndinə əsasən«İcarəyə verən»lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər «İcarəyə verən» tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti «İcarəçi»nin üzərinə düşəcəkdir. Göstərilənlərlə yanaşı, kollegiya hesab edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin damında və həyətyanı sahəsində yüngül konstruksiyadan örtülü sahələri inşa edərkən müqavilənin şərtlərinə tam riayət etməsə də, qeyd edilən müqavilənin 13-cü bəndində nəzərdə tutulmuş müddəaya əsasən («İcarəçi» icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər) hərəkət etmiş, onun tərəfindən inşa edilmiş həmin sahələr binanın dəyərinin artmasına səbəb olmuşdur. Bu zaman məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin 23-cü bəndində nəzərdə tutulmuş şərtə («İcarəyə verən»lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər «İcarəyə verən» tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti «İcarəçi»nin üzərinə düşəcəkdir) qiymət verərək hesab edir ki, hazırkı müqavilənin 13-cü bəndində belə tikinti işinin aparılması imkanı tərəflər arasında yazılı şəkildə və xüsusi olaraq müəyyən edildiyindən, hazırkı halda 23-cü bəndin tələbləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış müqavilənin şərtləri əsasında deyil, AR Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin müəyyən edilən hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin damında və həyətyanı sahəsində yüngül konstruksiyadan inşa edilmiş əlavə tikililərə çəkilmiş xərc məbləğində Cavabdeh əsassız varlanmışdır, ona görə də həmin məbləğin iddiaçı tərəfindən geri tələb edilməsi qanuni və əsaslı olmuşdur. Qeyd edilən xərcin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş qyimətləndirmə rəyində bu məbləğin 190,685 manat olması müəyyən edilmişdir. Bu zaman məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli qeyri-yaşayış sahəsində inşa edilmiş tikililərin qanunsuz və özbaşına quraşdırılması, mülkiyyətçinin buna razılığının olmaması ilə həmin ərazidə bu cür tikilinin inşa edilməsinin yolverilməz olması ilə bağlı dəlillərini də müzakirə edərək, onları əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş «İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu» İdarəsinin nümayəndəsinin verdiyi izahatla, həmçinin məhkəməyə təqdim edilən «birgə fəaliyyət haqqında» müqavilə ilə qeyd edilən tikililərin qanuni əsaslarla inşa və istismar edildiyi müəyyən edilmişdir. Mülkiyyətçinin bu cür tikilinin inşa edilməsinə razılığının olmamasına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin tikili tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə tam riayət edilməməklə inşa edilsə də, mülkiyyətçi olan cavabdeh həmin tikililər barədə xəbər tutduqdan sonra onların sökülməsini tələb etməmiş, əksinə, özünün apellyasiya şikayətində qeyd etdiyi kimi, həmin tikililərə görə də icarə haqqı tələb etmiş, lakin icarəçi həmin tikililərin ona məxsus olmasını bildirərək onlara görə icarə haqqı ödəməkdən imtina etmişdir. Bundan sonra cavabdeh mübahisəli əmlakı üçüncü şəxslərə həmin vəziyyətdə satmışdır. Bu səbəbdən, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları tam müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə mübahisənin həlli ilə bağlı düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi hazırkı iş üzrə çəkilmiş məhkəmə xərclərini iddianın təmin edilmiş hissəsinə uyğun olaraq tərəflərə aid etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-161/2020 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Müslüm-zadə Leyla Möhsün qızından 190.695 (yüz doxsan min altı yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar