Məhkəmə qərarları › İş №2(103)-5416/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5416/2024

30.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5416/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(009)-1330/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 292 ş/h №-İi, xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq 01 dekabr 2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsinə dair əmri qanunsuz və əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh SHXÇDX-nin rəisi general polkovnik Arzu Rəhimovun xx.xx.2022-ci il tarixli, 292 ş/h №-li əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin çağırış bölməsinin müfəttişi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, onu SHXÇDX-nin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinə müfəttiş vəzifəsinə təyin edərkən xx.xx.2013-cü il tarixli 230 ş/h №-li əmri ilə SHXÇDX-nin rəisi Arzu Rəhimov onunla müddətsiz əmək müqaviləsi bağlamışdır. Lerik rayon Hərbi Komissarın xx.xx.2009-cu il 7§1 əmri ilə Lerik rayon hərbi komissarın Hüquqi işlər üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012 ci il tarixli 593 №-li fərmanıınn 1-ci bəndinin (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Hərbi X5 Respublikasının Hərbi Komissarları ləğv edilsin və onların əsasında Azərbaycan Respublikası SHXÇDX-NİN yaradılsın) və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 601 №-li fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası SHXÇDX-nin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibində dəyişikliyin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası "SHXÇDX-nin rəisinin 2 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş SHXÇDX-nin strukturlarına daxil olan yerli Lerik rayon Şöbəsinin ştat cədvəllərini nəzərə alaraq" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onun peşəkarlıq səviyyəsi, ixtisasını (hüquqşünas), Qarabağ müharibəsinin əlilliyini, iki azyaşlı uşağını nəzərə almadan xx.xx.2012-ci il 197 N№-li əmri ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası SHXÇDX yarananda həmin xidmətin rəisi Arzu Rəhimov qanunsuz olaraq 400-dən çox hərbi qulluqçu və mülki işçiləri işdən uzaqlaşdırdı. Qanunsuz işdən çıxarılan hərbiçilərin hamısı Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişdilər, işdən çıxarılan mülki işçilərin isə (ixtisar adı altında) hər birinin ən azı 5-10 il iş təcrübələri var idi. İşdən çıxarılan hərbi qulluqçuların yerinə, ordudan maddələrlə qovulan hərbi qulluqçuları, mülki işçilərin yerinə isə 90 faizinin nə iş təcrübəsi, nə də ixtisası belə olmayanları işə götürdü. xx.xx.2012-ci ildən xx.xx.2013 cü ilə qədər Azərbaycan Respublikası SHXÇDX-nin rəisi general polkovnik Arzu Rəhimovla sivil mübarizə aparandan sonra o məcbur qalıb xx.xx.2013-cü il 230 ş/h №-li əmri onu SHXÇDX-nin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinə müfəttiş vəzifəsinə təyin etdi. Bir ildən sonra onun işə götürülməyini həzm edə bilməyən Arzu Rahimov, bu 9 il 6 ay ərzində dəfələrlə onu işdən çıxaradacağına dair təzyiq və təhdidlərinə məruz qalmışdır. X23 tərəfindən işlədiyi illər ərzində bir dəfə də olsa belə funksional vəzifəni pozmamışdır. Bir dəfə olsun belə işlə bağlı nə bir xəbərdarlıq, nə də bir töhmət, nə də şiddətli töhmət almamışdır. 2021-ci il fevral ayında Qarabağ əlillərinə və Şəhid ailələrinə X17 Lerik rayon filialının sədri vəzifəsinə seçilmişdir. Dövlət işi ilə bağlı bir az da Şəhid ailələrinə və qazilərə Azərbaycan Respublikası qanunlarına əsasən qulluq etmək üçün Bayram günləri Şəhid ailələrinin evlərini də ziyarət edirdi. Onların problemlərini rayon rəhbərliyi qarşısında qaldırırdı. 2021-ci il 8 X14 Bayramı münasibətilə Vətən müharibəsində yeganə övladı şəhid olan bir şəhid ananın evinə getmiş, onu ziyarət etdi, bayramını təbrik etdi və bayram hədiyyəsini apardı. Məhz buna görə az qaldı onu vətən xahini çıxarsınlar. Bu hadisədən sonra SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimov onu xidmətin aparatına çağırdı və onu xəbərdarlıq etdi ki, əgər o, Qarabağ əlillərinə və Şəhid ailələrinə X17in Lerik filialından çıxmasa, onu işdən çıxardacaq. O da, məcbur qalıb Əlillər birliyinin Lerik rayon filialından istefa verdi. Vətən müharibəsi başlayanda o, 4500 manat bankdan kredit götürdü. Səfərbərliyə cəlb olunan gəncləri cəbhə bölgəsinə apararkən onları yolda yeməklə, siqaretlə və s. təmin edirdi. Bunları etməkdə məqsədi o idi ki, gənclərimiz yüksək ruhla, vətən sevgisi ilə düşmənə qarşı döyüşsünlər. O özü də Qarabağ müharibəsi əlilidir. Başında və bədəninin müxtəlif yerlərində bu gün də düşmən qəlpələrini gəzdirir. Həm də vətən müharibəsinin iştirakçısıdır. xx.xx.2022-ci il tarixində Lerikdə "Zəfər Günü" Vətən müharibəsinin Qaziləri ilə rayon ərazisində yerləşən restoranların birində qələbənin 2-ci il dönümünü qeyd edirdilər. Daha doğrusu, qəhrəman qazilərin bir qisminə qonaqlıq verdi. Orada spirtli içkilərdən istifadə etdilər. Bundan sonra evə gəldi. Yaşadığı binanın həyətində çınqıl tökmüşdülər və çınqılları yayan işçilərə etirazını bildirdi ki, “bu çınqılın çoxu palçıqdır. Siz bu palçığı həyətlərə niyə yayırsınız?” Bunları yaşadığı binanın həyətindən çıxardandan sonra, o, telefonu çıxardıb onların keyfiyyətsiz işlərini çəkdi. Çəkiliş edən zaman içkili olduğu üçün 3-4 tənqidi və təhqirli sözlər bilməyərəkdən rayon rəhbərinin ünvanına işlətmişdir. Sonra həmin çəkdiyi videonu qonşunun xahişi ilə ona göndərmişdir. X1 həmin videonu onun xəbəri olmadan Lerik rayon İcra hakimiyyətinin başçısına göndərib. Lerik rayon icra hakimiyyətinin başçısı hamin videonu SHXÇDX-nin rəisinə göndərib və tapşırıb ki, nəyin bahasına olursa olsun, onu təhqir edən işçi işdən qovulsun. SHXÇDX-nin rəisi X24 rayon İcra hakimiyyətinin xahişini icra etmək üçün xx.xx.2022-ci il tarixdə tabeçiliyində olan SHXÇDX-nin Lerik rayon şöbəsinə telefonoqram göndərərək, onun xx.xx.2022-ci il tarixdə, saat 09.30-da SHXÇDX nin Kadrlar Baş idarəsində olmağını tələb etdi. Göstərilən tarixdə və vaxtda tələb olunan yerdə oldu. Orada SHXÇDX-nin Daxili Təhqiqat Baş idarəsinin rəisi onu tutduracağına, onu orada döymək istəməsi ilə hədə qorxular gəldi. İki gün orada Xidmət rəisinin göstərişi ilə ona mənəvi və psixoloji təzyiqlər göstərdilər. O da öz növbəsində hadisənin qeyri iş günündə baş verdiyini izahatında qeyd etdi, ikinci günün tamamında onu SHXÇDX-nin Kadrlar Baş idarəsinin rəisi general mayor Azad Əliyev qəbul etdi. Azad Əliyev da SHXÇDX-nin rəisinin sözləri ilə ona dedi ki, o Xidmətin adına xələl yetiririr. Onlar onunla artıq işləmək istəmirlər. Başa düşə bilmir, o öz sağlamlığını, gəncliyini Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda qurban verəndə yuxanda adlarını qeyd etdiyi "generallar" harada gizlənmişdilər. xx.xx.2022-ci il tarixdə, səhər saat 9:00-da öz iş yerinə qayıtdı. Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov SHXÇDX-nin Kadrlar Baş idarəsinin rəisi Azad Əliyevə məruzə etdi ki, müfəttiş İddiaçı iş yerinə çatıb. xx.xx.2022-ci il, axşam saat 18.00-da, tabel jurnalına qol çəkdi və evə getməyə hazırlaşırdı ki, SHXÇDX-nin Lerik rayon şöbəsinin zabiti mayor Əzimov Emil onu öz xidməti kabinetinə çağırdı və dedi ki, İddiaçı öz xoşu ilə işdən çıxması ilə əlaqədar ərizə yazmasa, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç və 72 e bəndləri ilə işdən çıxardarlar. O öz növbəsində onların təhdidlərinə etiraz etdi. Çünki o, işlədiyi illər ərzində iş yerində heç bir qanun pozuntularına yol verməmişdir, işlədiyi müəssisənin kollektivində kifayət qədər hörməti var. SHXÇDX-nin rəisi general polkovnik Arzu Rəhimov, SHXÇDX-nin Kadrlar Baş İdarəsinin rəisi general mayor Azad Əliyev və SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov hiylələrinin baş tutmamalarını görəndən sonra "b" variantına əl atdılar. Belə ki, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin rəisi Arzu Rəhimovun telefonoqramına əsasən onu SHXÇDX-nə çağırtdırdı. Orada Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddələri qanunsuz olaraq işə salındı. Orada onu mühakimə etmək üçün SHXÇDX nin yerli idarəçilərindən 6 nəfər, Baş İdarədən isə 4 nəfər mülki işçilər iştirak edirdilər. Onu da bildirir ki, o, həmin adamlarla heç yerdə rastlaşmamışdır. Dediklərinə görə həmin adamlar müəssisənin həmkarlar ittifaqı təşkilatının üzvləridirlər. Neçə illər idi ki, onun əmək haqqından 3 faiz müəssisənin həmkarlar ittifaqı təşkilatına pul tutulurdu. Amma bir dəfə olsun belə ona nə putyovka, nə də yardım etməyib. Bu tanımadığı insanlar 1 saat 30 dəqiqə onu tənqid atəşinə tutdular. Amma onu müdafiə etmək əvəzinə SHXÇDX-nin rəisi Arzu Rəhimovun və Lerik rayon şöbəsinin rəisi Arif Həsənovu müdafiə etdilər. Aydın məsələ idi ki, onlar xidmət rəisi Arzu Rəhimovun sifarişini yerinə yetirirdilər. Hətta orada da onu təhdid etdilər ki, o öz xoşu ilə işdən çıxmaq üçün ərizə yazsın. O onların təhdidlərindən imtina etdi. Son da onlardan xahiş etdi ki, iclasın protokolu tərtib edilsin və bütün çıxışlar qeyd edilsin və bir nüsxəsini ona versinlər. Çünki 2 saatlıq "iclas" şifahi keçdi. xx.xx.2022-ci il tarixdə, saat 13.00-da, işə qayıtdı və onu işə buraxmadılar. Ona şifahi dedilər ki, SHXÇDX-nin rəisinin naməlum əmri ilə xx.xx.2022-ci il tarixdən işdən azad olunmuşdur. O öz növbəsində işdən azad olunmasına dair əmrini tələb etdi. Ona dedilər ki, yazılı əmr gəlməyib. Bundan sonra onu idarənin ərazisindən qovdular. Xidmət rəisi Arzu Rəhimov qəsdən onun qanunsuz işdən çıxarıldığını bilərək, işdən çıxarılmağı ilə bağlı əmri yalnız xx.xx.2023-cü il tarixdə ona məxsus olan əmək kitabçasını yazıb verdilər. Dəfələrlə onlara müraciət etməsinə baxmayaraq, bu günə qədər də işdən nəyə görə azad olunmağı haqqında əmri ala bilməmişdir. İşdən azad olunmağı ilə onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən xahiş edir ki, SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun xx.xx.2022-ci il tarixli, 292 ş/h № İi əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(009)- 1330/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarını tədqiq edərək, məhkəmə hesab etmişdir ki, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətləri elə hərəkətlər hesab olunur ki, onlar hüquqi şəxsin işgüzar nüfuzuna mənfi rəy verilməsinə gətirib çıxarır. Bu hal mötəbərliyinə şübhə edilməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi general-mayor A.Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatla, Həmkarlar İttifaqı Komitəsinin iclasının 09 nömrəli, xx.xx.2022-ci il tarixli protokolu və qərarı ilə, İddiaçı xx.xx.2023-cü il tarixli izahatından, iddiaçı X8 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətə, işgüzar nüfuzu ləkələyən məlumatlar yaymasına görə mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik rayon Məhkəməsinin 2(048)-7474/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətmiş, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X21 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video payiaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli 200 nömrəli göstərişin tələblərini pozmuş, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa yol vermişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, İddiaçı yol verdiyi hərəkətləri ilə Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışa yol verməsi, həmçinin sərxoşluğa meyilli olması ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən İddiaçılə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Beləliklə, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışı ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işlədiyi illər ərzində bir dəfə də olsa belə funksional vəzifəsini pozmaması və bir dəfə olsun belə işlə bağlı nə bir xəbərdarlıq, nə də bir töhmət, nə də şiddətli töhmət almaması, yeganə qazanc yerinin olmasını nəzərə almamış, bundan başqa Qarabağ müharibəsi əlili olması, başında və bədəninin müxtəlif yerlərində bu gün də düşmən qəlpələrini gəzdirirməsini nəzərə almadan iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış və onun hüqüqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73-cü maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, tərəflər arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 292 ş/h №-İi, xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq 01 dekabr 2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Xidmətin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 38 №li qərarı göstərilmişdir. İddiaçı barəsində verilən əmrin qanunsuz və əsassız olmasını iddia edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi generalmayor A.Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik X15 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə raportla məruzə edərək Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətməsi, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X21 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video paylaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi barədə məruzə elmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli 200 nömrəli göstərişin tələblərini pozması, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa, həmçinin sərxoşluğa meyilli olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq təqdimatın təsviri hissəsində göstərilən pozuntulara yol vermiş Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsinə Xidmətin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasında baxılması xahiş olunmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 09 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Xidməti Lerik rayon şöbəsi Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəcötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Lerik rayon Məhkəməsinin 2(048)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətə, işgüzar nüfuzu ləkələyən məlumatlar yaymasına görə 20 min manat mənəvi ziyan ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən iddiaçı X10 barəsində “Facebook”, “İnstaqram” və “WhatsApp” sosial şəbəkələrində, onlayn mesajlaşma-məlumatlandırma sistemində paylaşılmış məlumatların X4 işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib edilməsi, İddiaçı X3 “Facebook”, “İnstaqram” sosial şəbəkələrində, “WhatsApp” onlayn mesajlaşma məlumatlandırma sistemində üzr istəməsi bir vəzifə olaraq onun üzərinə qoyulması, İddiaçı X6 vurulmuş mənəvi ziyana görə 300 manat məbləğində pul tutulub iddiaçının xeyrinə verilməsi, əlavə olaraq İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun tutulub X4 xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətmiş, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X21 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video paylaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli, 200 nömrəli göstərişin tələblərini pozmuş, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa yol vermişdir. Həmçinin İddiaçı yol verdiyi hərəkətləri ilə Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışa yol verməsi, həmçinin sərxoşluğa meyilli olması ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar ittifaqı Komitəsinin iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, iclasın yekdil səsi ilə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Həmçinin, Əliyev X11 İttifaqı Komitəsinin iclası zamanı spirtli içkilərdən istifadə etdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışı ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi işdəki sənədlərlə təsdiq olunduğundan birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətindən birinci instansiya məhkəməsinin işlədiyi illər ərzində bir dəfə də olsa belə funksional vəzifəsini pozmaması və bir dəfə olsun belə işlə bağlı nə bir xəbərdarlıq, nə də bir töhmət, nə də şiddətli töhmət almaması, yeganə qazanc yerinin olmasını nəzərə almamasını bildirsə də işin sadalanan halları ilə müəyyən edilmişdir ki, iddiaçı əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) sadalanan hallara yol verdiyindən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Göründüyü kimi iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində eləcə də apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Həmçinin iddia üzrə "işə bərpa" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə "işə bərpa" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsində də təmin edilə bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(009)- 1330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar