Məhkəmə qərarları › İş №2(103)-5418/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5418/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5418/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(003)-1199/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh doğulduğu xx.xx.1994-cü il tarixdən etibarən rəsmi nikah bağladığı xx.xx.2021-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Rəsmi nikah bağlayıb könüllü olaraq qeyd edilən mənzildən ərinin yaşadığı ünvana köçmüşdür. Cavabdeh mübahisə predmeti olan evdə 2 ilə yaxındır ki, yaşamır. Cavabdeh həmin mənzilə daimi qeydiyyata alınsa da, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və halhazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. 2.Buna görəd iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X10 ilə birlikdə ona məxsus olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi 8 saylı evdən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* saylı çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 149,5 kv.m yaşayış sahəsi 40,7 kv.m, yardımçı sahəsi 108,8 kv.m, 2 yaşayış otağı olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ünvanda iddiaçı ilə yanaşı iddiaçının oğlu, xx.xx.1991-ci il təvəllüdlü X4 və iddiaçının qızı, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatındadır. İddiaçının qızı Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi qaydada ərə gedərək ərinin evinə köçmüş, orada xx.xx.2022-ci il təvəllüdlü Amil adlı oğlan uşağı olmuş və köçdüyü tarixdən faktiki olaraq iddiaçının evində yaşamır. Cavabdeh yaşayış sahəsindən 2 ilə yaxındır ki, istifadə etmir, onunla iddiaçı arasında ailə münasibətləri kəsilmişdir. Həmin evdə cavabdeh heç bir təsərrüfat işləri aparmır. Hazırda, cavabdeh daimi surətdə başqa yerdə yaşayır. Onun buyaşayış sahəsinə ehtiyacı yoxdur. Cavabdehlə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş hər hansı saziş mövcud deyil. Hesab edir ki, cavabdehin iddiaçının evindən istifadə etmək hüququ artıq sona çatmışdır. 5.Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək iddia tələbinin rədd edilməsi xahiş edərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ər evinə köçsə də, hazırda həyat yoldaşı ilə yaşadığı evə dair mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. İddiaçı eyni zamanda onun anasını da 2022-ci ilin dekabr ayından evdən çıxarmışdır. Hazırda anası onunla birlikdə yaşayır. Halbuki, atasına məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınan zaman atası və anası rəsmi nikahda olmuşlar və bu da onu göstərir ki, həmin fərdi yaşayış evinə dair anasının 1/2 hissədə mülkiyyət hüquqları vardır. Mübahisə predmeti olan fərdi yaşayış evində doğulduğu xx.xx.1994-cü il tarixdən evdən getdiyi xx.xx.2021-ci il tarixə qədər yaşamışdır. Bu baxımdan hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 may 2023-cü il tarixli, 2(003)-1199/2023 saylı qətnaməsi ilə (hakim-Emin Rüstəmov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh və azyaşlı uşağı X5 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 8 saylı evdən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. 7.İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında sahəsi 0,01768 ha dövlət mülkiyyəti növündə torpağın üzərində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 149,5 kv.m, yaşayış sahəsi 40,7 kv.m, yardımçı sahəsi 108,8 kv.m və yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi tam paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 25584 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8.İş materiallarında olan 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1991-ci il təvəllüdlü X2r. 9.İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 560 saylı arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvan 4 ünvanda yaşayan digər şəxslər onun əri X6, oğlu X7r. 10.İş materiallarında olan 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZİİ seriyalı, 434348 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin aprel ayının 01-də 893 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşıyev, arvada Baxşıyeva soyadları verilmişdir. 11.“E-məhkəmə" informasiya sistemindən görünür ki ki, xx.xx.2022-ci il təvəllüdlü X11 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi ünvanında qeydiyyatdadır. 12.Məhkəmə işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh doğulduğu xx.xx.1994-cü il tarixdən etibarən rəsmi nikah bağladığı xx.xx.2021-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Rəsmi nikah bağlayıb könüllü olaraq qeyd edilən mənzildən ərinin yaşadığı ünvana köçmüşdür. Cavabdeh mübahisə predmeti olan evdə 2 ilə yaxındır ki, yaşamır. Cavabdeh həmin mənzilə daimi qeydiyyata alınsa da, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. 13.Məhkəmə qeyd etmişdir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir ondan asılı olmayan səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. 14.Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ anadan olduğu tarixdən- yəni 1994-cü idən yarandığına görə hazırkı mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60 və 87-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Bununla da müəyyən edilir ki, cavabdeh mübahisə predmeti olan mənzildən daimi olaraq başqa yerə köçmüş və o, altı aydan çox keçən müddət ərzində həmin mənzilə qayıtmamışdır. Həmçinin, sözügedən evə dair cavabdehin rəsmi nikah bağlayaraq oradan köçməsi və 06 aydan artıq müddətdə (təxminən iki il ərzində) həmin ünvana yaşamaması ilə mübahisəli ev üzərində cavabdehin hüquqları itirilmişdir. Buna görə də, cavabdehin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. 15.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. 16.Eyni zamanda məhkəmə hesab etmişdir ki, on dörd yaşına çatmamış yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideynlərinin yaşayış yeri hesab edildiyindən, Cavabdeh hazırkı iddia predmeti olan evə istifadə hüquqları itirildiyindən, onun azyaşıl uşağı X5 da həmin ünvandan istifadə hüquqları itirilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin 1-cü hissəsi, 29-cu maddəsinin 2-ci bəndi; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1,152.5, 157.2, 157.4, 178.1; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2,9-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına; 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, 53, 87-ci maddəsinin 2-ci hissəsinə, 123cü;Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətini onunla əsaslandırmışdir ki, birinci instansiyası məhkəməsi mübahisəni müvafiq sənədlər, habelə cavabdehin özünün izahatı əsasında deyil, yalnız iddiaçının izahatı və təqdim etdiyi sübutlara istinadən həll etmişdir. Bununla məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermişdir. Beləliklə, birinci instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının da pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 22.13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 23.29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

26. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.

27. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu:

29. 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır.

30. 2-ci maddənin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

31. 2-ci maddənin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetikinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyasa apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(003)-1199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 39.İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh doğulduğu xx.xx.1994-cü il tarixdən etibarən rəsmi nikah bağladığı xx.xx.2021-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Rəsmi nikah bağlayıb könüllü olaraq qeyd edilən mənzildən ərinin yaşadığı ünvana köçmüşdür. Cavabdeh mübahisə predmeti olan evdə 2 ilə yaxındır ki, yaşamır. Cavabdeh həmin mənzilə daimi qeydiyyata alınsa da, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. 40.Kollegiya hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ anadan olduğu tarixdən-yəni 1994-cü idən yarandığından tərəflər arasındakı mübahisə düzgün olaraq 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60 və 87-ci maddələrinin qaydalarına uyğun həll edilmişdir. 41.Beləliklə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin qeyd olunan normalarına əsasən Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh rəsmi nikah bağlayaraq xx.xx.2021-ci il tarixdə mübahisəli evdən köçdüyündən və 6 aydan artıq müddətdə (təxminən iki il ərzində) həmin ünvanda yaşamaması səbəbindən məhkəmə tərəfindən düzgün olaraq mübahisəli ev üzərində cavabdehin hüquqları itirilmiş hesab edilmişdir. 42.Kollegiya cavabdehin məhkəmə tərəfindən yalnız iddiaçının izahatı və təqdim etdiyi sübutlara istinad edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə tərəfindən qeyd edilmiş işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərlə öz əksini tapmaqla, cavabdeh tərəfindən iddia tələbinin qanuniliyini və məhkəmənin gəldiyi nəticəni şübhə altına alacaq heç bir mötəbər sübut təqdim edilməmişdir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 45.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(003)-1199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar