Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5419/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi, “Bank VTB (Azərbaycan)” ASC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: bağışlama müqaviləsinin, çıxarışın ləğvi, əmlakın geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X10 nümayəndəsi iştirakı ilə, iddiaçı X2 Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi, “Bank VTB (Azərbaycan)” ASC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e- 2(003)-698/2023 nömrəli qətnaməsindən iddiaçı X2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Daşınmaz əmlakın bağışlanması” haqqında 08 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 311,9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91,6 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04 mart 2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi ev 20F Cavabdeh mülkiyyətindədir.
3. X6 ilə X8 12 iyun 1981-ci il tarixdə Ağdam VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşlar.
4. xx xxxx 1994-cü il təvəllüdlü Cavabdeh atası X6, anası isə X5r.
5. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkülərin işləri üzə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 19 dekabr 2022-ci il tarixli, 232/14 nömrəli arayışından görünür ki, X1 rayonunda məcburi köçkün düşərək ünvan 2-də məskunlaşmışdır.
6. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, e-2-2(115)-396/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qısmən təmin edilərək cavabdehlər Cavabdeh və X3 əsas borc üzrə 43407,27 manat, faiz borcu üzrə 6373,34 manat, ümumilikdə 49780,61 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq iddiaçı, “Bank VTB (Azərbaycan)“ ASC-nin xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh məxsus olan likvid dəyəri 120000 manat olan Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Y.Əsədullayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311,90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-2(104)-43/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2 2(115)-396/2021 nömrəli qətnaməsindən həmçinin iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2-2(115)-396/2021 nömrəli qətnaməsi fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Y.Əsədullayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X9 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahətindən çıxmadıqda həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evi boşaldılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 08 dekabr 2019-cu il tarixli 4 nömrəli Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notarisu X11 tərəfindən təsdiq edilmiş 4Ə1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakm Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 311,9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91,6 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğludur. Aralarında bağlanmış müqavilə üzrə cavabdeh qanunda nəzərdə tutulan qaydada ona qulluq edib qayğı göstərmək kimi öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan sonra fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəliyi yerinə yetirməkdən imtina etməyə başlamışdır. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir ki, bu cür öhdəliklər açıqaşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz araları razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakı heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı fərdi yaşayış evini və torpaq sahəsini oğluna bağışlamışdır, bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. O sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsi istəyir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçını zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyi. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, o bağışlama müqaviləsinin oğlunun vədlərini yerinə yetirəcəyini zənn etmişdir. Hazırda ona bəlli olmuşdur ki, oğlu bankdan kredit götürüb evi ipoteka ilə yüklü etmiş, və vaxtında borcunu ödəyə bilmədiyinə görə pul məbləğin fərdi yaşayış evinə və torpağa yönəlməsi, açıq hərracdan satılması barədə qərar qəbul edir, cavabdehi baxıb böyütdüyündən, oğlunun onun qarşısında olan mənəvi vəzifələrini icra edəcəyinə uzun müddət ümid etmişdir. Cavabdehin onu küçədə qoyacağına inanmamış, son ümüdləri tükənəndən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e2(003)- 698/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı öz sərbəst iradəsini ifadə etməklə bağışlama müqaviləsi bağlayaraq, özünə məxsus fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamış və o da həmin əmlakı "xxxx" ASC-yə olan kredit borcunun təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı ipoteka müqaviləsindən xəbərsiz olduğunu bildirsə də, onun bu ifadələri ağlabatan olmamaqla yanaşı, hazırkı iş üzrə əhəmiyyətli dəlil kimi qəbul edilə bilməz, işin tədqiq olunan hallarına əsasən də iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd olunan normalardan göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğv edilməsi əsası kimi qanunvericilikdə təsbit olunsa da mülkün ipoteka ilə yüklü edilməsi halı iddia təmin ediləcək halda üçüncü şəxsin maraqlarına toxunur, cavabdehin bank qarşısında olan öhdəliyindən yayınmasına səbəb olur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 421-424, 673, “İpoteka haqqında” Qanunun 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh atasına münasibətdə ailə üzvü kimi öz üzərinə düşən mənəvi borcu yerinə yetirməmiş, etinasız davranmış, bir sözlə aralarında bağlanan bağışlama müqaviləsinin şərtlərini pozduğu təsdiq edilmişdir.
15. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh və digər üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər; Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə; Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. İşdən görünür ki, iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə hazırkı tələbini onunla əsaslandırmışdır ki, əmlakı bağışladığı oğlu Cavabdeh onun qarşısında mənəzi vəzifələrini yerinə yetirməmiş, əmlakı ipoteka ilə yüklü etməklə bankdan kredit götürmüşdür. İddiaçı apellyasiya şikayətini də oxşar dəlillər ilə əsaslandırmışdır.
26. Kollegiya iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilikdə bağışlamaqdan imtina əsaslarından biri kimi iddiaçının qeyd etdiyi əsas göstərilmişdir. Lakin, bu əsas formal mülahizərə əsaslanmamaqla, işin həqiqi halları ilə öz təsdiqini tapmalıdır. Hazırkı halda isə bu əsasların mövcudluğu işin halları ilə öz təsdiqini tapmır.
27. Bundan əlavə, Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən isə, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hazırkı halda iddiaçı bu əsasın ona dəqiq nə vaxt məlum olduğunu və bu barədə bildirişi cavabdehə təqdim etməklə müddəti ötürmədiyini də sübut edə bilməmişdir.
28. Həmçinin iş materiallarından görünür ki, bank qarşısında öhdəlik icra edilmədiyinə görə fərdi yaşayış evi keçirilmiş hərracda üçüncü şəxs bank tərəfindən əldə edilmiş, bankın mülkiyyətinə keçmişdir. Göründüyü kimi, ev artıq ipoteka saxlayanın mülkiyyətinə keçmişdir və hazırkı iddianın təmin olunması ipoteka saxlayanın hüquqlarının kəskin pozulması ilə nəticələnəcəkdir.
29. Kollegiya iddiaçının şikayətinin cavabdeh məhkəmə iclasında iddianı qəbul etməsi və iddianın təmin olunmasını məhkəmədən xahiş etməsi barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, hazırkı halda cavabdehin etirafı iddianın təmin olunmasına səbəb ola bilməz. MPM-in 52.5-ci maddəsinə əsasən, cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddianı etiraf etməsi üçüncü şəxsin – ipoteka saxlayanın hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan birinci instansiya məhkəməsi iddianı etiraf etməsini qəbul etməməklə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(003)- 698/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(003)- 698/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev