Məhkəmə qərarları › İş №2(103)-5419/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5419/2024

09.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5419/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evdən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzildən çıxarılma, özbaşına tikili) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(005)-492/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gəlmiş və Bakı şəhəri, Nərimanov rayonu, PY-UA-38/10,ev 103 ünvanında yerləşən torpaq sahəsi onların istifadəsinə verilmişdir. 2 İddiaçılar həmin ünvanda özlərinə fərdi yaşayış evi tikərək yaşamışlar. Daha sonra İddiaçı2 tanışı Cavabdeh2 ilə razılaşaraq, müəyyən haqq müqabilində torpaq sahəsinin bir hissəsini onun istifadə və sahibliyinə verməyi razılaşdırmışlar. 3.Cavabdeh Cəbiyevə Nərgiz mübahisəli torpaq sahəsində ev inşa etdirməyə başlamış, tikinti işlərində İddiaçı1 iştirak etmişdir. 4.Tikintinin davam etdiyi dövrdə tərəflərin arasında münasibətlər pisləşmiş, iddiaçı ilə cavabdeh arasında ödənilməli pul məbləğləri ilə bağlı mübahisələr yaranmışdır.

5. 55 saylı MKİS-in 040198 saylı arayışı ilə müəyən edilir ki, İddiaçı1 PYUA 38/10 küçəsi 1037 nömrəli evdə ailə üzvü olan İddiaçı2 ilə birlikdə yaşayır.Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış İddiaçı2 ərizəsindən görünür ki, o İddiaçı2 və qonşuları həyətində olan tikilidə məskunlaşan Cavabdeh2 və qızı Cavabdeh1 haqqlarında tədbir görülməsini xahiş edir. Onlar hər ikisi mütəmadi olaraq içtimaiyyət arasında onu, azyaşlı ilə üzvlərini, qohumlarını qonşularını təhqir edərək, küçə söyüşləri ilə şərəf və ləyaqətlərini alçaldır. Baxmayaraq ki, dəfələrlə müraciət etmir və heç bir tədbir görülmədiyi üçün hegemanluğunu çoxaldır. 6.Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən İddiaçı1 “Azəriqaz” İB-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir. AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış ondan ötrü verilir ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızı həqiqətən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həminünvana "xxxx" ASC tərəfindən yeni işıq sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir. 7.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 Sərdar qızının istifadəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilə bağlanması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir. 8.Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı on beş gün müddətində icra olunması üçün göndərilmişdir. 9.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh2 Sərdar qızına ünvan 3 saylı evin inşa edildiyi torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, ünvan 3 saylı evə kommunal xətlərin-qaz və su xəttlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.

10. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair ərizə (vəsatət) rədd edilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

11.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTBnin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sərdar qızını, Cavabdeh1 Mənzil komunal təsərrüfat birliyi tərəfindən onlara verilmiş ünvan 4 ünvanda yerləşən yaşayış evindən, yaşayış evinin yerləşdiyi torpaq sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 12.İddia onunla əsaslandırılmışdır ki, 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşdürlər. Mənzil komunal təsərrüfat birliyi onlara ünvan 4 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsini vermişlər və onlar ailə olaraq həmin torpaq sahəsində ev tikərək yaşamağa başlamışdırlar. Onlara ayrılmış torpaq sahəsindən üç ev tikmiş və biri özlərinin yaşamağı üçün kifayət etdiyindən həmin həyətdə tikdirdikləri üçüncü tikilini maddi rifahlarının yaxşılaşdırılmasıməqsədi ilə satmaq məcburiyyətində qalmışdırlar. Bu məqsədlə iş üzrə cavabdehin müraciətini nəzərdən keçirib ona hissəli ödənişlə satılmasına razılaşmışdırlar. 30000 (otuz min) manata razılaşdılar və cavabdeh onlara həmin puldan 10000 (on min beş yüz) manat verərək qalan hissəsini ödəyəcəyinə dair öhdəlik götürdü. Yaşayış evini cavabdehə təhvil verdi və cavabdeh ailə üzvləri ilə yaşamağa başladı. Qısa müddət keçsədə cavabdeh üzərinə düşən öhdəliyi icra etmədi. Onlar yaşayış evinin pulunu tələb etdikdə onlara qarşı mübahisələr etdi, polisə şikayət etdi, hədələdi və gizlin işlər həll etməyə nail oldu. Bu azmış kimi cababdeh və onun ailə üzvləri həmin evə dair heç bir sənədi olmasada həmin yaşayış evinə onların razılıqları olmadan öz adına su, qaz, işiq xətti çəkdirmişdır. Tərəflərindən bu barədə məlumat əldə edildikdən sonra onun bu qanunsuzluqlarına son verərək bütün xətləri ləğv etdilər. Artıq cavabdeh və onun ailə üzvü olan digər cavabdeh nalayiq davranışlarla onları hədələyir, barələrində cinayət dolu hərəkətlər edir. Onun bu davranışları ilə birlikdə yaşamaqları qeyri-mümkündür. Dəfələrlə işin sülh yolu ilə həlledilməsini tələb etsələr də heç bir müsbət nəticə hasil edə bilməmişdirlər. Əksinə cavabadehlərin təhdidlərinə məruz qalmışdırlar. Məhkəmə olmadan mübahisənin həll edilməsi mümkün deyildir. 13.Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, mənzilin şifahi razılaşma əsasında cavabdehlərə satıldığını, lakin onlar tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilmədiyini bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14.Məhkəmə iclasında İddiaçı1 izahat verərək, bildirmişdir ki, 1993-cü ildən həyat yoldaşı, özü və qızı ilə birlikdə o ünvana köçüb, özlərinə şərait quraraq yaşamışlar. Qızı hal-hazırda ailəlidir, həmin torpaq sahəsində başqa tikilidə yaşayır. Cavabdeh C.Nərgiz torpaq sahəsinə görə 25000 manata ödəməyi öhdəsinə götürmüşdür. Lakin o tikinti aparılması üçün 13500 manat pul, onlara isə hissəhissə cəmi 10000 manat pul vermişdir. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, torpaq sahəsi onların istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin sahəsi təxminən 2,5-3 sot olar. Yaşadıqları müddətdə 2 ev inşa etmişlər. Bu evlərdən birində özləri, digərində qızı yaşyır. Həmin evlər bitişikdir. Mübahisəli tikilinin isə ayrıca qapıdı var, iddiaçının evinə bitişik deyil. Cavabdeh razılaşdırılan məbləği–30000 manat məbləğində pulu ödəməmiş və onları aldatmışdır. Tikintidə işləyən ustalar hələ də pulu iddiaçılardan tələb edirlər. Qonşuların yanında biabır olublar, hər gün həyətdə davadalaş, söz-söhbət olur. Cavabdeh üçün evi İddiaçı1 tikmişdir. Kommunal xəttlərinin çəkilməsinə razılıq da verilirb, lakin sonra cavabdeh öz öhdəliklərini icra etməyib və pulun qalan hissəsini ödəməmişdir. Cavabdeh tərəfindən 9720 manat pul ödənilmişdir. Onların evin tikilməsi ilə bağlı ustalara hələ də 7-8 min manat borcları qalmışdır. Cavabdehin onlara verdiyi pul xərclədiyini, onun vicdanlı olduğunu cavabdehə puılunu qaytaracağını, sadəcə olaraq cavabdehin mənzildən çıxmasını istədiyini bildirmişdir. 16.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirdi. İzahatında qeyd etmişdir ki, cavabdeh İddiaçı2 ilə Facebookda tanış olmuş, bir müddət münasibətləri yaxşı olmuş, sonra iddiaçı cavabdehdən mənasız bir məsələyə görə küsmüşdür. Dörd ildən sonra Səkinə özü onu axtarıb tapdı dedi onun borcları var çox pis vəziyyətdədir ona 5000 manat pul lazımdı. Cavabdeh də cəmi 500 manat verə biləcəyini bildirdi. Sonra bir ay ərzində yanına gəlib getdi. Daha sonra ona iş qurmağı təklif etdi. Cavabdeh sonradan başa düşdü, ki bütün bunlar cavabdehin maddi vəziyyətini öyrənmək üçün atılan addımlar olub. Bir müddət sonra cavabdeh iddiaçıya dedi ki sizin yaşadığınız səmtdə 23000 manata bir ev tapıb. İddiaçı da onu xəbərdar edib ki, onu aldadarlar, ehtiyatlı olsun. Daha sonra İddiaçı2 öz torpaq sahəsinin bir hissəsini almağı cavabdehə təklif edərək bildirib ki, onsuz da, o hissəni satacaqlar. Qiymət olaraq 30000 manat razılaşıb, lakin şərtləşiblər ki, pul ev tikilib qurtarandan, cavabdeh köçəndən sonra ödəniləcək, qiymətdə güzəşt də olunacaq. Amma belə razılaşıblar ki, usta qismində də İddiaçı1 və onun yaxınları işləyəcək. Cavabdeh bankdan kredit götürüb. Notariusa getməyi təklif etsə də iddiaçılar razı olmadılar. 20000 manat hissə hissə verib. 5000 manat məbləğində pulu may ayında verib, həmin pulu verəndə Səkinəyə dedi ki, pul barədə Çingizə deməsin, borclarının bir qismini ödəyib qızıllarını lombarddan çıxarsın, haqq-hesab tamamlananda bu pulu da yoldaşına deyər. Sonra yenə 5000 manat verib.Evin tikintisi üçün təxmini 13 mindən çox manat pul verilib. İddiaçılar deyirlər ki 13500 manat pul xərclənib. Hesab edir ki cəmi 5.000 pul xərclənib. 17.Əvvəlki məhkəmə iclasında iştirak edən Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 izahatında arayışın faktiki görünən qeydlər üzrə verildiyini, kitablarda ərazidə yaşayan şəxslərin adlarının yazıldığını və qaçqınlar şöbəsindən siyahı alındığını, həqiqətən qeyd olunan şəxslərin qeydiyyatda olduğunu, onların həmin fərdi yaşayış evinin kimlərə məxsus olduğunu qeyd etmək üçün səlahiyyətlərinin olmadığını bildirmişdir. 18.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 iyun 2024-cü il tarixli, 2(005)-492/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid ediləsi qət edilmişdir. İş materiallarında olan: 19.55 saylı MKİS-in 040198 saylı arayışından görünür ki, İddiaçı1 PYUA 38/10 küçəsi 1037 nömrəli evdə ailə üzvü olan İddiaçı2 ilə birlikdə yaşayır. 20.Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən İddiaçı1 “Azəriqaz” İB-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir. 21.Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən İddiaçı1 "xxxx" ASC-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə yeni işıq sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir. 22.AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış ondan ötrü verilir ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızı həqiqətən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həmin ünvana "xxxx" ASC tərəfindən yeni işıq sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir. 23.Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə ünvanlana 24 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 Sərdar qızı ünvan 3 ünvanına elektrik sayğacının qoyulmasında köməklik göstərilməsini xahiş etmişdir. 24.AR X4 Məsələlərini tənzimləmə agentliyi Bakı filialının 19 may 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin cavab məktubunun təhlili zamanı müraciətin mahiyyəti üzrə araşdırılmadığı və evin ETŞ-yə qoşulması məsələsinə Qayadalara uyğun baxılmadığı məlum olmuşdur. Belə ki, fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Məlumat üçün bildirilir ki, göstərilən məsələ ilə bağlı enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. 25.AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov bələdiyyəsinin məktubundan görünür ki, 25 may 2023-cü il tarixli, C-238 nömrəli ünvan 6 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızına "xxxx" ASC tərəfindən yeni su xəttinin çəkilməsi və sayğacın qoyulması üçün Asan Kommunal Xidmətinə təqdim edilmiş arayışda ünvan səhvliyi olduğu üçün etibarsız sayılmasını Asan Kommunal Xidmətindən xahiş edirlər. 26.Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən X7, X2 və X5 tərəfindən 55 saylı MKİS-ə ünvanlanan 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı1 ailəsi ilə birlikdə 1993-cü ildən ünvan 7 ünvanda yaşayır. Məlumatın doğruluğunu imzaları ilə təsdiq edirlər. 27.Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 Sərdar qızının istifadəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilə bağlanması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir. 28.AR Milli Məclis Rəhbərliyinin Katibliyinin 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3-də yaşayan Cavabdeh2 Sərdar qızına işıq xəttinin çəkilməsi barədə müraciəti AR Milli Məclsinə daxil olmuşdur. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, o yuxarıda qeyd olunan mənzildə yaşamasına baxmayaraq, hələ də evinə işıq xətti çəkilməmişdir. 29."xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı1 ona məxsus olan həyətyanı sahədə tikilən evə yalandan şəhid adından istifadə etməklə qeyri-qanuni olaraq Cavabdeh2 Sərdar qızı tərəfindən ora sayğac qoyulmağına etiraz edir, bildirir ki, oradan yüksək gərginlik keçir. 30.Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı Cavabdeh2 Sərdarqızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı on beş gün müddətində icra olunması üçün göndərilmişdir. 31.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh2 Sərdar qızına ünvan 3 saylı evin inşa edildiyi torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, ünvan 3 saylı evə kommunal xətlərin-qaz və su xəttlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. 32.Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair ərizə (vəsatət) rədd edilmişdir. 33.09 yanvar 2024-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Sərdar qızının həyətində olan əşyaları sındıran Səkinə adlı şəxsin barəsində İXM-nin 232-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti PŞ-nin sahə inspektoruna göndərilmişdir. 34.AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 envanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 35.Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1807/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayət təmin edilməmiş, Bakı İnzibatı Məhkəməsinin 2- 1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 36.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı2 AR XM-in 232-1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində vurulmuş ziyanın bir misli, yəni 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 37.23 may 2024-cü il tarixində keçirilmiş yerli müayinənin protokolundan görünür ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. 38.Cavabdeh1 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixində 160 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 300 manat, 02 aprel 1500(faiz)-100 manat, xx.xx.2022-ci il tarixdə 2000(faiz)- 200 manat, 08.22- 5000 (faiz)-500 manat cəmi 9720 manat verilməlidir. 39.Məhkəm iddianın rədd edilməsi üzrə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbində iddia tələbinin əsası kimi 55 saylı MKİS-in 040198 saylı arayışına, torpaq sahəsi xüsusi mülkiyyətdə olmasa da, 1993-cü ildən məhz onların istifadə və sahibliyində olmasına, cavabdehin torpaq sahəsi və yaşayış evinin əvəzinə borclu qaldığına istinad edir. 40.Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. Yerli baxış zamanı Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, onlarda olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və eyni zamanda onların həmin fərdi yaşayış evinin kimə məxsus olmasını qeyd etmək üçün səlahiyyətləri yoxdur. 41.Mülki işin materiallarında olan Nərimanov Rayon Bələdiyyəsinin arayışı ilə də müəyyən edilir ki, ünvan 6 ünvana yerləşən yaşayış sahəsi Cavabdeh2 məxsusdur. Eyni zamanda mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı bakı ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 9 ünvan rekviziti müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı daşınmaz əmlakın fiziki şəxsin xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi bələdiyyə orqanlarının və ya mənzil-kommunal istismar səlahiyyətlərinin kənardır. Bu halı həmin orqanlarının nümayəndələri də məhkəmə baxışında təsdiq etmişlər. 42.Beləliklə, mülki işin materialları, yerli müayinənin nəticəsi, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadə və sahibliyindədir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehə həmin evə kommunal xətlərin – qaz və su xətlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına İddiaçı1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, Cavabdeh2 adına abunə kodunun açılması, sayğacın quraşdırılması onunla müqavilənin bağlanılması "xxxx" ASC-yə həvalə edilmişdir. 43.Məhkəmə daha sonra qeyd etmişdir ki, həmin fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin iddiaçıların razılığı ilə əvəzli şəkildə, müəyyən haqq qarşılığında cavabdehin istifadə və sahibliyində verilməsi də işin mübahisəsiz halıdır. İddiaçılar bunu özləri izahatları və iddia ərizəsində qeyd etməklə təsdiq etmişdirlər. Eyni zamanda mülki işin materiallarında olan ərizələrdə də görünür ki, İddiaçı1 cavabdehin adına kommunal xidmətlərlə bağlı sayğacların qoyulmasına da yazılı razılığını vermişdir. 44.Məhkəmə İddiaçı2 Cavabdeh2 tərəfindən yalnız 9720 manat pul verdiyini, bununla bağlı qəbz təqdim etməsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin Cavabdeh1 tərəfindən tərtib olunduğu tərəflərin izahatları ilə müəyyənləşdirilən qəbzdə tikinti üçün pulun verilməsi deyil, müxtəlif tarixlərdə borc məbləğlərinin verilməsi qeyd edilmişdir. Digər cavabdeh İddiaçı1 məhkəmə hazırlıq iclasında cavabdeh C.Nərgiz tərəfindən tikinti aparılması üçün 13500 manat pul, bundan başqa onlara isə hissə-hissə cəmi 10000 manat pul verdiyi bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehin əvəzli şəkildə mübahisəli torpaqdan istifadə etməsi, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etməsi işin materialları ilə təsdiq edilir. 45.Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş qonşuların ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar hər ikisi məhkəmə iclaslarında mübahisəli fərdi yaşayış evinin cavabdehin maddi vəsaiti hesabına tikildiyini etiraf etmiş, lakin razılaşdırılmış məbləği tam ödəmədiyini bildirmişlər. Buna görə də həmin ərizələrdə qeyd edilən hallar öz təsdiqini tapmır. 46.Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. 47.Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflərin bir-birinə qarşı pul tələbi ilə bağlı iddiaları varsa, bununla bağlı ayrıca icraatada iddia qaldırmaq hüquqları vardır. İddiaçının iddia tələbinin digər əsası – cavabdehin əxlaqsız ifadələrdən istifadə etməsi, dava salması, mübahisə etməsi də iddianın təmin edilməsi üçün əsas ola bilməz. 48.Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. 49.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 50.Qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdehlər mübahisəli evdə iddiaçıların iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamış və tikili inşa etmişdirlər. Məhkəmə hesab etmişdir ki, onların orada yaşamaq hüququ vardır. 51.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.8, 165.1, 180.1, 180.2, 180.3-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci;İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işi üzrə Qərarına;“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

52.İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. 53.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları təqdim edilən sənədlər araşdırılmadan səhv nəticəyə gəlinmişdir. Tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlər ( rəy, alğı-satqı, kadastr planı və s.) təqdim edilsədə, məhkəmə tərəfindən müvafiq dövlət reyestrində çıxarışın olmaması əsas götürülərək ərizələri təmin edilməmişdir. Lakin qeyd edir ki, iddia predmeti olan yaşayış evi və torpaq sahəsi iddiaçılara ayrılmış torpaq sahəsi üzərində olan və onlara məxsus olmuşdur. Digər bir tərəfdən iddiaçıya məxsus hər hansı bir sənəd ümumiyyətlə yoxdur. Bu tamamilə əsassızdır və işin natamam, bitərəfli, qərəzli mövqedən araşdırılmasını göstərir. Bunun da nəticəsində məhkəmə tərəfindən tətbiq edilməli maddi hüquq norması deyil, iddianın təmin edilməməsinə yönəldilmiş maddi hüquq norması tətbiq edərək qətnamə çıxarılmışdır.Torpaq sahəsinin ayrılması barədə ərazi nümayəndəliyinin, mənzil komunal təşərrüfat birliyinin arayışları təqdim edilmiş və həmin torpaq sahəsinin məcburi köçkün kimi iddiaçılara verilməsi təsdiq edilmişdir. Eyni ilə şahid ifadələri, işin faktiki hallarından göründüyü kimi, eləcədə məhkəmənin yerli baxış zamanı qonşuların (AKT belə var), şahidlərin həmin torpaq sahəsinin və orada olan evlərin iddiaçılara məxsus olması öz təsdiqi tapdığı kimi, həmin ərazidə cavabdehlərə aid hərhansı bir torpağın və ya tikilinin olmaması da öz təsdiqini tapsada məhkəmə tərəfindən iddianın təmin edilməsi yönündə qanunveriçilik nörmaları deyil cavabdehlərin mövqeindən yanaşmaqla iddianın rədd edilməsi yönündə maddi hüquq normaları tətbiq etməklə qətnamə çıxarmışdır. Yəni ki, cavabdehlərin evə dair heç bir hüququ olmaması, zorla evi mənimsəmələri təsdqi olunsada məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Torpaq sahəsi ayrılmış və tərəflərindən tikinti işləri aparılmışdır. Bu fakt heç bir şüphəsiz arayışlarda da, şahid ifadələrində də, cavabdehlərin (hər bir halda məhkəmə tərəfindən Cavabdeh1 məhkəmə iclaslarında iştirakı təmin edilməmiş) özünün ifadələri ilə təsdiq olunsada məhkəmə tərəfindən cavabdehin heç bir əsası olmayan dəlillərinə əsaslanaraq qərar (qətnamə) çıxarılmışdır. Cavabdehin əsassız dəlilləri iddiaçılar tərəfindən təqdim edilən sənədlərdən üstün tutulmaqla iddianın təmin edilməsi deyil rədd edilməsi yönündə maddi hüquq norması tətbiq edilmişdir. Doğma dədə-baba torpaqlarından didərgin düşən ailə olaraq öz əməkləri ilə min-bir əziyyətlə tikdikləri evin üzərində haqqının olmadığını iddia edilməsi həm ədalətsiz həm də qanunsuz qərardır.Qeyd edir ki, tərəflərindən verilmiş vəsatətlər təmin edilməyərək Mənzil komunal təsərrüfat birliyi tərəfindən verilmiş arayışla, ərazi üzrə bələdiyyənin verdiyi arayış arasında ziddiayətin aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilməmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin ziddiyətli arayışlara əsaslanılaraq nəticə verilmişdir. Belə olan halda prosesual hüquqları pozulmuşdur. Qeyd etdiyi kimi məhkəmə tərəfindən ədalətli araşdırmanı təmin etmək məqsədi ilə ərazi nümayəndəliyi, bələdiyyə,digər cavabdeh dəvət edilməmiş və araşdırma prossesual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Məhkəmənin gəldiyi nəticə işin bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasın gətirib çıxartmışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi tərəfindən torpaq sahəsinin alınmasına, evin tikilməsinə dair ilkin sənədlər təqdim edilmişdir. Cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bütün bunlar ədalətli, hərtərəfli şəkildə, təqdim edilən sədələrə qiymət verilməklə, vəsatətlər təmin edilərək ziddiyətli sənədlər araşdırılmaqla aparılsaidi həqiqət ortaya çıxardı. Lakin hakimin laqeyd və qərəzli, işdə maraqlı mövqeyi bütün bunların ədalətsiz nəticəyə gəlib çıxmasına səbəb olmuşdur. Ümumiyyətlə torpaq sahəsi üçün sonrakı sənədlərin alınması iddiaçının vəzifəsi deyil, onun hüququdur. Bu halların aydınlaşdırılmaması məhkəmənin gəldiyi nəticənin düzgün olmamasını bir daha təsdiq edir. Sözügedən torpağı cavabdehlə 30.000 manata danışmışalr. Həmin torpaq sahəsini 31.000 manata saytların birində satışa qoymuşdular və torpaq yaşadıqları evin həyətində yerləşirdi. Hətta içində bir otaq hazır vəziyyətdə idi. Cavabdeh Nərgiz o torpağa baxmağa gələndə bilirdi ki, 20000 manat pulu var və ilkin olaraq tikintinin başlanması üçün 5000 manat ödədi. 2022-ci ilin may ayında iş başladı. Ümumi şəlkildə tikintiyə 13450 manat pul ödəyib. Həmin tikinti materiallarının (özü tikintidə işlədiyi üçün tanıdığı yerlərdən münasib qiymətə tikinti materialları almışdır) alınması üçün verilən pul tikinti üçün sərf edilən materilların bir hissəsinə ancaq yetirdi. Öz işlədiyi zəhmət haqqını hesablamamaqla digər ustalara 8330 manat pul borcu qalmışdır. Bildirmək istəyir ki, ev tikilən əsnada cavabdeh tərəfindən onlara hissə-hissə olmaqla ümumilikdə torpaq üçün 9720 manat pul ödənilmişdir. Ümumilikdə torpaq üçün nəzərdə tutulmuş 30000 manatdan 9720 manat ödənilmiş və qalıq borc 20280 manat olmuşdur. Ustalara olan borc 8330 manat, ümumilikdə 28610 manat borc qalmışdır. Buna baxmayaraq cavabdehlərdən borclarını tələb edərkən təhqirlərə məruz qalmışlar. Belə olan halda cavabdehdən borcunu vermədiyi təqdirdə evdən çıxrılacağı barədə xəbərdarlıq olmuşdur. Bundan istifadə edən cavabdeh Nərgiz saxta sənədlər əsasında, bələdiyyədən əldə etdiyi saxta arayışlar əsasında hüquqəldə etmək istəmiş və tərəflərindən məlumat edildikdən sonra bir hissəsinin ləğv edilməsinə nail olmuşlar. Buna baxmayaraq cavabdeh Nərgiz həmin saxta arayışların ksero-sürətlərindən məharətlə istifadə edərək sənədlər əldə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 54.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

55.Məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 56.İş üzrə İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

57. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 58.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digərqanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 59.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 60.Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 61.Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 62.Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 63.Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 64.Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 65.Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 66.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 67.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 68.Maddə 180.3.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 69.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

70. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 71.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan RespublikasınınTorpaq Məcəlləsi: 72.Maddə 48 (4-cü hissə).Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 73.Maddə 50 (1-ci hissə).Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. 74.Maddə 67 (1-ci hissə).Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 75.Maddə 67 (3-cü hissə).Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 76.Maddə 67 (4-cü hissə).Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

79.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 80.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

81.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(005)-492/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 82.Kollegiya ilk olaraq apellyatorun işin məhkəmə tərəfindən tam olaraq araşdırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. Yerli baxış zamanı Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, onlarda olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və eyni zamanda onların həmin fərdi yaşayış evinin kimə məxsus olmasını qeyd etmək üçün səlahiyyətləri yoxdur. 83.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadə və sahibliyindədir. 84.Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin qətnaməsi ilə cavabdehə həmin evə kommunal xətlərin – qaz və su xətlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına İddiaçı1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, Cavabdeh2 adına abunə kodunun açılması, sayğacın quraşdırılması onunla müqavilənin bağlanılması "xxxx" ASC-yə həvalə edilmişdir. 85.Nərimanov Rayon Bələdiyyəsinin arayışına əsasən ünvan 6 ünvana yerləşən yaşayış sahəsi Cavabdeh2 məxsusdur. 86.Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı bakı ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 9 ünvan rekviziti müəyyən edilmişdir. 87.Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, hər hansı daşınmaz əmlakın fiziki şəxsin xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi bələdiyyə orqanlarının və ya mənzil-kommunal istismar səlahiyyətlərinin kənardır. Bu halı həmin orqanlarının nümayəndələri də məhkəmə baxışında təsdiq etmişlər. 88.Kollegiya apellyatorun cavabdehlərin evə dair heç bir hüququ olmaması, zorla evi mənimsəmələri ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddia tələbi və apellyasiya şikayətindən də müəyyən olunur ki, iddiaçılar tərəfindən mübahisələndirilən həmin fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi iddiaçıların razılığı ilə əvəzli şəkildə, müəyyən haqq qarşılığında cavabdehlərin istifadə və sahibliyinə verilmişdir. İddiaçılar bunu özləri izahatları və iddia ərizəsində, həmçinin apellyasiya şikayətində qeyd etməklə təsdiq etmişdirlər. Digər tərəfdən mülki işin materiallarında olan ərizələrdən də görünür ki, İddiaçı1 cavabdehin adına kommunal xidmətlərlə bağlı sayğacların qoyulmasına da yazılı razılığını vermişdir. 89.Bundan başqa İddiaçı1 məhkəmə hazırlıq iclasında Cavabdeh2 tərəfindən tikinti aparılması üçün 13500 manat pul, bundan başqa onlara isə hissə-hissə cəmi 10000 manat pul verdiyi bildirmişdir. 90.Göründüyü kimi, cavabdehin əvəzli şəkildə mübahisəli torpaqdan istifadə etməsi, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etməsi işin materialları ilə təsdiq edilir. 91.Kollegiya qeyd edir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. 92.Beləliklə mübahisələndirilən mənzilin əvəzli şəkildə cavabdehlərin sahiblik və istifadəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından cavabdehlərin həmin mənzildən çıxarılması üçün hər hansı bir qanuni əsas müəyyən edilmədiyindən kollegiya hesab edir ki, iddia tələbi düzgün olaraq təmin edilməmişdir. 93.İddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri cavabdehlər tərəfindən razılaşdırılmış pul məbləğinin tam verilməməsi ilə bağlı dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal cavabdehlərin mübahisələndirilən mənzildən çıxarılması üçün əsas təşkil etməməklə tərəflərin bir-birinə qarşı pul tələbi ilə bağlı iddiaları varsa, bununla bağlı ayrıca icraatada iddia qaldırmaq hüquqları vardır. 94.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 95.Digər tərəfindən işin faktiki hallarından göründüyü kimi, iddiaçıların cavabdehlərin evdən çıxarılma tələbi ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. 96.Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdehlər mübahisəli evdə iddiaçıların iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamış və tikili inşa etmişdirlər. Məhkəmə hesab edir ki, onların orada yaşamaq hüququ vardır. 97.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 98.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 99.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 100.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 101.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 102.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(005)-492/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar