Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-542/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(005)-1349/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli B-106 10 saylı müqavilənin 1.1-ci bəndinə əsasən MTK ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin Payçıya verilməsini, Payçı isə müqavilə ilə mənzilin dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşlər. 10 dekabr 2018-ci tarixdə mənzilin tam dəyərini - 167.673 manat pul vəsaitini Cavabdeh1 MTK-ya ödəmiş, borcun olmamasına dair 10 dekabr 2018-ci il tarixli 082 saylı Maliyyə Arayışı verilmişdir. Lakin bu günə qədər “Konstra" MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək mənzili təhvil verməmişdir. Sonradan isə məlum olmuşdur ki, guya Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC birlikdə fəaliyyət göstərərək həmin yaşayış evini inşa etmişlər və inşa edilmiş mənzillərin satışı MTK-ya həvalə edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(005)- 1349/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi və hakim barəsində xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının MTK ilə bağladığı müqavilədə nəzərdə tutulan mənzil barəsində sərəncam vermək hüququ MMC tərəfindən MTK-ya verilməmişdir, MTK isə iddiaçı ilə müqaviləni qeydiyyat üçün MMC-yə təqdim etməmişdir. MTK ona aid olmayan mənzilin alqı-satqısı barədə müqavilə bağladığından, iddiaçının həmin mənzilə heç bir hüququ yaranmamışdır. Qətnamə ilə iddiaçının mənzilə mülkiyyət hüququ tanınıb, amma mülkiyyət hüququna daxil olan elementlər tanınmamışdır. Qətnamədə MMC-nin üzərinə müqavilə öhdəliklərinin pozulması adı ilə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması üçün hansı hüquqi əsasın olması aydın deyildir. Məhkəmənin qənaətinə görə MMC MTKnın cinayət tərkibli əməllər törətməklə üzərinə götürdüyü öhdəliklərinə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, görülmüş işlərin dəyəri kimi yekun olaraq Cavabdeh1 MTK-ya təhvil verilmiş mənzillərin siyahısı 02.07.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, həmin siyahıda da hazırki iş üzrə iddiaçıya satılmış mənzil yer almamışdır. Aktda Cavabdeh1 MTK cədvəldə göstərilən mənzillər istisna olmaqla, həmin yaşayış evinin başqa mənzilləri, yaxud qeyri-yaşayış sahələri barəsində özünün heç vaxt heç bir hüquq və səlahiyyətə malik olmadığını, başqa yaşayış, qeyri-yaşayış və qaraj sahələri barəsində bağlamış olduğu alqı-satqı müqavilələri üzrə ancaq özünün məsuliyyət daşıdığını, həmin müqavilələrin Sifarişçiyə heç bir aidiyyəti olmadığını, bundan sonra Sifarişçiyə qarşı heç bir tələb və iddiası olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı mənzil alarkən Cavabdeh1 MTK-nın mənzil satmaq səlahiyyətinə malik olub-olmamasını yoxlamaq imkanında olmamışdır, verilmiş elana əsaslanaraq binanın Cavabdeh1 MTK-ya məxsus olması qənaətinə gələrək müqavilə bağlamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir, çünki tələb bölünməzdir və işdə iştirak edən tərəflərdən hansının mübahisələndirməsindən asılı olmayaraq tam, yəni hər bir tərəfə münasibətdə yoxlanılır və bu hissədə yekun məhkəmə aktı həmin mübahisənin bütün tərəfləri üçün məcburi qüvvəyə malik olur. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 10.12.2018-ci il tarixli B-106/19 saylı müqavilədən görünür ki, satıcı Cavabdeh1 MTK dəyəri 167673,00 manat həcmində müəyyən edilmiş ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ Payçının əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK-nın 10.12.2018-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı Bakı şəhərində Nərimanov rayonu, ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan ibarət B02 saylı mənzilin dəyərini tam ödəmiş, kooperativə B- 106/19 nömrəli müqavilə üzrə borcu yoxdur. Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı “Podrat” müqaviləsinə əsasən, “Podratçı” “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Görüləcək işlərin ümumi dəyəri 5,000.000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Ödəniş kimi yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlərin həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvilqəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış məktubda göstərilmişdir ki, 15.02.2019-cu ilədək ******* AZN dəyərində vətəndaşlarla alqı-satqı və barter əməliyyatları həyata keçirmişdir. Cavabdeh1 MTK şirkəti olaraq öz üzərlərinə öhdəlik kimi götürürlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatları sifarişçinin razılığı olmadan keçirilməyəcəkdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 MTK-nın sədri X2 ünvanlanmış 18.04.2019-cu il tarixli bildiriş-xəbərdarlıqda göstərilmişdir ki, MTK apardığı işlər barədə mütəmadi olaraq MMC-yə hesabat verməli və görülən işlər 2 nömrəli forma ilə təsdiqlənməlidir. Dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq MTK hesabat verməkdən yayınır. Onlarda olan məlumatlara görə, MTK satış səlahiyyətləri olmadığı halda vətəndaşlara çox sayda mənzillər satmışdır. Belə ki, MTK-nın icraçı direktoru Dilafir Rəsulovun "xxxx" MMC-yə ünvanladığı məktubda 15.02.2019-cu ilədək 4.989.672 AZN dəyərində vətəndaşlarla alqı-satqı və barter əməliyyatları həyata keçirdiyini, bundan sonra alqı-satqı və barter əməliyyatlarının MMC-nin razılığı olmadan həyata keçirilməyəcəyi barədə zəmanət versə də, bu əməllər hazıradək davam etməkdədir. 20.04.2019-cu ilə qədər ətraflı hesabat verməyə dəvət etmişlər. 24.06.2019-cu il tarixli ikinci bildiriş-xəbərdarlıqda qeyri-qanuni olaraq alqı-satqı və barter əməliyyatlarının davam etdirilərək, məbləğin 7 milyon manatı keçdiyi, sifarişçinin tələblərinə uyğun olaraq təchizatla əlaqədar bağlanmış müqavilələr, aparılmış ödəmələr, həmçinin yerinə yetirilmiş işlər üzrə ödəmələr haqqında indiyədək onlara tələb olunmasına baxmayaraq heç bir məlumat verilmədiyi göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, əlavə tikinti işlərinin razılaşdırılmış qrafikdən geri qalması və C blokunda işlərin başlamaması razılaşdırılmış müddətdə işlərin başa çatdırılmasına ciddi şübhə yaradır. 10.07.2019-cu il tarixli üçüncü bildiriş-xəbərdarlıqda göstərilmişdir ki, müqavilənin bağlandığı vaxtdan indiyədək tikinti-quraşdırma işlərinin 30%-dək həcmi yerinə yetirilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq indiyədək MTK görülən işlər barədə MMC-yə heç bir rəsmi hesabat verməmişdir. MMC şirkətə dəyən zərəri azaltmaq üçün və C blokundakı tikinti işlərini MTK başlaya bilmədiyi üçün C blokundakı tikintiquraşdırma işlərini başa çatdırmaq üçün müqavilə əsasında başqa bir şirkətə verməyi qərara almışlar. 30 oktyabr 2019-cu il tarixli Cavabdeh1 MTK-nın direktoru Abbaslı B. tərəfindən imzalanmış məktubdan görünür ki, Cavabdeh1 MTK-nın qərarı ilə 5 oktyabr 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsi, 5 iyun 2018-ci il tarixli podrat müqaviləsi və ondan irəli gələn 1, 2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Cavabdeh1 MTK-nın sədri tərəfindən verilmiş Podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərin ləğv edilməsi haqqında 02.12.2019-cu il tarixli 01 nömrəli əmrlə Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə zidd olaraq həmin müqavilədə mənzillərin satışı barədə heç bir müddəa nəzərdə tutulmadığı halda sifarişçilərinin və podratçının razılığı olmadan qeyriqanuni 147 mənzil, qeyri-yaşayış və avtomobil dayanacağının satışı həyata keçirilmiş və dəyəri heç bir tərəfə ödənilmədiyinə görə Cavabdeh1 MTK-nın icraçı direktoru X3 tərəfindən imzalanmış 169 ədəd müqavilə və maliyyə arayışlarının ləğv edilməsi. ... əmr edilmişdir. Cavabdeh1 MTK-nın sədri tərəfindən verilmiş 09.12.2019-cu il tarixli 02 nömrəli əmrlə isə 02.12.2019-cu il tarixli 01 nömrəli əmrin qüvvədən düşmüş hesab edilməsi ... əmr edilmişdir. Cavabdeh1 MTK-nın Cavabdeh2 MMC-yə ünvanladığı məktubda qeyd edilmişdir ki, inşa edilmiş binalardan MTK-nın icraçı direktoru X4 tərəfindən 152 nəfər vətəndaşlara satılmış mənzillərə dair bağlanmış müqavilələri qeyri-qanuni hesab etdikləri üçün Kooperativ tərəfindən 02.12.2019-cu il tarixdə həmin müqavilələrin ləğvi barədə əmr verilmişdir. Sonra müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin müqavilələr Kooperativ tərəfindən birtərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Ona görə də 09.12.2019-cu il tarixdə 02 saylı əmrlə 02.12.2019-cu il tarixli 01 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir. Həmin qeyri-qanuni hesab olunan müqavilələrin ləğv edilməsi barədə Kooperativ tərəfindən mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət ediləcəkdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14.10.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X1 qanunsuz hərəkətləri barədə, həmçinin həmin binadan yaşayış və qeyri-yaşayış sahəsi almış çoxsaylı vətəndaşların müraciətləri əsasında aparılmış araşdırma üzrə toplanmış ilkin yoxlama materialında vəzifə səlahiyyətlətin suiistifadə, vəzifə saxtakarlığı və külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayətlərinin tərkib əlamətləri olduğundan fakta görə 03.06.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və hazırda cinayət işi üzrə istintaq davam etdirilir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A” və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12.758.23 kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490.000.00 (ƏDV daxil) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12.758.23 kv.m olan tikinti quraşdırma işlərinin müqabilində Podratçıya 6700,00 kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sifarişçi tərəfindən Podratçıya təqdim olunmuş 6700,00 kv.m yaşayış sahəsinə müqabil müvafiq mənzillərin siyahısı Sifarişçi tərəfindən təsdiq olunması üçün 15 iş günü müddətində Sifarişçiyə təqdim olunacaqdır. 21 yanvar 2020-ci il tarixdə Məzillərin bölgü aktına əsasən tərəflər A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 ədəd mənzilin verilməsi barədə, 6700,00 kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Razılaşdırılmış bölgüyə əsasən MMC tərəfindən A bloku üzrə ümumi sahəsi 1672,92 kv.m olan 24 ədəd mənzilin, B bloku üzrə ümumi sahəsi 3574,97 kv.m olan 27 ədəd mənzilin, C bloku üzrə ümumi sahəsi 1417,93 kv.m olan 11 ədəd mənzilin Podratçı MTK-ya verilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, bloklar üzrə mənzillərin mərtəbələri və ona müvafiq mənzil nömrələri AKT-a əlavə edilmişdir. MMC tərəfindən MTK-ya verilmiş mənzillər üzrə sakinlərin siyahısı Podratçı MTK tərəfindən təsdiq olunması üçün Sifarişçi MMC-yə təqdim olunmalıdır. 25 fevral 2020-ci il tarixdə Məzillərin bölgü aktı ilə 21.01.2020-ci il tarixdə imzalanmış Məzillərin bölgü aktına edilmiş dəyişikliyə əsasən MMC tərəfindən A bloku üzrə ümumi sahəsi 1681,86 kv.m olan 24 ədəd mənzilin verilməsi barədə razılığa gəlmişlər. Akta əlavə edilmiş Cədvəl 2-də mənzillərin nömrələri göstərilmişdir. Nəhayət, 02.07.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən, tərəflər razılığa gəlirlər ki, Sifarişçi ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli 21 mərtəbəli yaşayış evinin cədvəldə göstərilmiş ümumi sahəsi 7588,67 kv.m 74 yaşayış mənzillərini Podratçının sərəncamına verir, Podratçının həmin mənzillər barəsində bağladığı alqı-satqı müqavilələri üzrə alıcılara müvafiq mənzillərin təhvil verilməsini təmin edir. Cədvəldə göstərilməyən mənzillər istisna olmaqla, həmin yaşayış evinin başqa mənzilləri, yaxud qeyri-yaşayış sahələri barəsində Podratçı özünün heç vaxt heç bir hüquq və səlahiyyətə malik olmadığını, başqa yaşayış, qeyri-yaşayış və qaraj sahələri barəsində bağlamış olduğu alqı-satqı müqavilələri üzrə ancaq özünün məsuliyyət daşıdığını, həmin müqavilələrin Sifarişçiyə heç bir aidiyyəti olmadığını, bundan sonra Sifarişçiyə qarşı heç bir tələb və iddiası olmadığını bildirmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatından belə aydın olur ki, sonuncu akt sifarişçi ilə podratçı arasında haqq-hesablaşmaya dair yekun razılaşmadır. Mənzillərin bölgüsü barədə qeyd olunan aktlarda, həmçinin təhvil-təslim aktında iddiaçının təhvil verilməsini tələb etdiyi mənzil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. «B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Göründüyü kimi, hər hansı əqdə əsaslanaraq verilmiş tələb üzrə ilk növbədə həmin əqdin etibarlılıq şərtləri yoxlanılmalıdır, çünki iddiaçının həmin tələb üzrə subyektiv hüquqa malik olub-olmaması birbaşa istinad etdiyi əqdin etibarlığından asılıdır. Baxılan iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli 0507/01-18 saylı “Podrat” müqaviləsinə əsasən Podratçı olmuş, onun mənzil satmaq səlahiyyəti olmamışdır, buna görə də MTK tərəfindən iddiaçı ilə bağlanılmış müqavilə etibarsız olmaqla, heç bir hüquqi qüvvəsi olmamışdır. Əqdin etibarlılığının subyket tərkibinə dair şərtin tələbləri pozulmuş, MTK əqd bağlamaq üçün səlahiyyətli subyekt olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün başlıca şərt olan subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə Kollegiya hesab edir ki, ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilinin satılmasına diar Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 10.12.2018-ci il tarixli B-106/19 saylı müqavilə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, 167.673,00 manat Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1349/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 10.12.2018-ci il tarixli B-106/19 saylı müqavilə etibarsız olduğundan, həmin müqavilə üzrə mənzilin dəyəri olaraq ödənilmiş 167673,00 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-542/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-542/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver