Məhkəmə qərarları › İş №2(103)-5420/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5420/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5420/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cəlal qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkil X10 iştirakı ilə, İddiaçı Cəlal qızının Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(008)-5419/20215 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən xx.xx.1991-ci il təvəllüdlü X17 Bakı şəhəri, Bakıxanov qəs., S.Mehmandarov küç., ev 30, mənzil 17-də qeydiyyatdadır.

2. İş materiallarında olan 4 saylı Bakı şəhəri “ASAN xidməti mərkəzi” Qeydiyyat şöbəsi təfindən verilmiş AZ-İİİ 374113 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X18, ana qrafasında isə İddiaçı göstərilmişdir.

3. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 889830 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X14 arasında nikah 1274 nömrəli qeyd ilə 27 avqust 2013-cü il tarixdə bağlanmışdır. Arvada Məmmədova soyadı verilmişdir.

4. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzili Maraqlı şəxs tam mülkiyyətindədir və xx.xx.2011-ci il tarixdə 264 nömrəli reyestr kitabının 25626 nömrəli vərəqində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülməklə, mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2014-cü il tarixdə anadan olmuş X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və onların həmin mənzildən maneəsiz istifadə etməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı X20 ilə 27 avqust 2013-cü il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İddiaçı rəsmi nikaha daxil olduğu gündən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayır və hal-hazıradək həmin ünvanda qeydiyyatdadır. İddiaçının X20 ilə birgə nikahlarından 20 iyul 2014-cü il tarixdə X13 adlı oğlu anadan olmuşdur. İddiaçı ilə həyat yoldaşı X20 arasında münaqişə yarandığından təxminən 2014-cü ilin dekabr ayında yuxarıda qeyd olunan evi müvəqqəti tərk edərək öz valideynlərinin evinə sığınmışdır. Təxminən 2 ay qaldıqdan sonra yenidən iddiaçının özü qeydiyyatda olduğu, öz həyat yoldaşı ilə birlikdə yaşadığı ünvana gəldikdə həmin mənzilin açarlarının dəyişildiyini görmüşdür. İddiaçı dəfələrlə cavabdeh, evin mülkiyyətçisi olan qaynatası Cavabdeh ilə əlaqə saxlayaraq mənzilin açarının birini iddiaçıya təqdim etməsini xahiş etsədə hər dəfə bir bəhanə ilə qaynatası onun həmin evdən istifadə hüququnu məhdudlaşdıraraq, həmin mənzildən istifadə etməsinə maneəçilik törətmişdir. Ona görə də məhkəmədən azyaşlı övladı xx.xx.2014-cü il tarixdə təvəllüdlü X13 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsini və onların həmin mənzildən maneəsiz istifadə etməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X13 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(008)- 5419/20215 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cəlal qızının azyaşlı övladı 20 iyul 2014-cü il tavəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına köçürülmələri qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, İddiaçı Cəlal qızının uşağı ilə mübahisəli mənzilə istifadə hüquqları əldə etmələri öz təsdiqini tapmış, buna görə iddia tələbi əsaslı sayılaraq təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(008)-5419/20215 saylı qərardadı ilə Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2015ci il tarixli, 2(008)-5419/20215 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilərək onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzili Maraqlı şəxs məxsusdur, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbi əslində cavabdeh və onun ailə üzvlərinin mübahisəli mənzilə yiyələnmək və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olmaq məqsədi daşımışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2010-cu il tarixli, 2(103)2418/2010 saylı qətnaməsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarış ləğv edilmiş, Maraqlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli 2(103)-5335/2013 saylı qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər Cavabdeh, X1, X11 və X15 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir. İddiaçı və cavabdeh Maraqlı şəxs xaricdə olmasından istifadə edərək yenidən həmin mənzilə köçmək üçün hazırki əsassız iddianı qaldırmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh, həmçinin maraqlarına toxunan şəxs iclasda iştirak etməmiş, cavabdeh bunun səbəblərini bildirməmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə cavabdehin və maraqlarına toxunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

29. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli, 2(103)-5335/2013 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Maraqlı şəxs ilkin iddia tələbi təmin edilmiş cavabdehlər Cavabdeh, X1, X11 və X15 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzilindən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. Həmçinin, Cavabdeh, X1, X11, X15 cavabdehlər Maraqlı şəxs, X12, X5, X6 və X8 qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, 30 nömrəli evin 17 mənzilinə pasport qeydiyyatına alınmasına və şəxsi hesab vərəqənin açılmasına dair Bakı şəhəri Lenin Rayon Xalq X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 34/20 saylı sərəncamının ləğv edilməsi, həmin mənzilə istifadə hüquqlarının tanınması, Maraqlı şəxs adına bağlanmış icarə müqaviləsinə xitam verilməsi və xx.xx.1997-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində aparılan özəlləşdirmə və ona dair verilmiş qeydiyyat vərəqəsinin ləğv edilməsi, X9, X3, X4 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, 30 nömrəli evin 17 mənzilinə icarə müqaviləsi üzrə hüquqlarına xitam verilməsi barədə” qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2014-cü il tarixli, 2(102)- 1269/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli, 2(103)-5335/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzil Maraqlı şəxs tam mülkiyyətindədir və xx.xx.2011-ci il tarixdə 264 nömrəli reyestr kitabının 25626 nömrəli vərəqində qeydiyyata alınmışdır.

32. Göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi Maraqlı şəxs olduğu halda birinci instansiya məhkəməsi maraqlarına toxunan həmin şəxsi işə cəlb etmədən İddiaçı Cəlal qızının Cavabdeh qarşı hazırkı iddia tələbini təmin edərək, onun mübahisəli mənzilə köçürülməsini qət etmişdir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

34. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü olmadığı və iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı halda birinci instansiya məhkəməsi düzgün olmayaraq gəldiyi nəticəni Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)».

37. Həmin qərarda daha sonra qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur».

38. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

40. Göründüyü kimi, İddiaçı Cəlal qızı mübahisəli mənzilin mülkiyyətçisi Maraqlı şəxs ailə üzvü sayılmadığından, onun həmin mənzilə köçürülməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbi düzgün olmayan cavabdehə qarşı qaldırıldığından təmin edilə bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(008)- 5719/20215 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cəlal qızının Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar