Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5421/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs kimi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, 1985-ci ildən işlədiyi Bakı Baş Tikinti İdarəsinin tabeliyində olan 3 nömrəli Tikinti İdarəsindən işdən azad edilməsi onun iradəsindən kənar baş verdiyi üçün işdən azad edilmə tarixinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq idarənin ləğv edildiyi ildən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardad, MPM-in 308-ci və 310-cu maddələrinin tələblərinə əməl edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və ərizəyə məhkəmə qaydasında baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə çıxış üçün ərizəçiyə söz vermədən birbaşa işə aidiyyəti olmayan bir neçə sual verməyə başlayaraq, qarşı tərəfin iştirak etməməsinə baxmayaraq dərhal müşavirə otağına gedərək, hansısa sənədlərin çatmadığını əsas gətirərək, ərizənin geri qaytarıldığını elan etdi. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən ona vaxt verə bilərdi. Bundan başqa, ərizəçi lazımi sənədləri əldə etmək üçün Milli Arxiv İdarəsinə müraciət etmiş və ona bildirmişdir ki, 3 nömrəli Tikinti İdraəsinin arxiv sənədləri 1981-ci ilədək mövcuddur, həmin ildən sonra idarəyə heç bir sənəd təhvil verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Kollegiya, tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı hissəsinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Kollegiya vurğulayır ki, şəxsin tutduğu vəzifədən azad edilməsi tarixinin müəyyən edilməsi ilə bağlı lazımi sənəd işəgötürənin bu barədə əmridir, hansı ki, bir nüsxəsi işçidə, bir nüsxəsi isə işəgötürəndə qalır. Bununla belə, baxılan işdən ərizəçinin işçisi olduğu Bakı Baş Tikinti İdarəsinin ləğvedicisinə müraciət etməsi və lazımi sənədləri ala bilməməsi görünmür. Eyni zamanda, ərizəçi 3 nömrəli Tikinti İdarəsindən işdən azad edilməsi tarixinin həmin idarənin ləğv edildiyi ildən müəyyən edilməsini məhkəmədən xahiş edərkən, işdən azad edilməsi barədə əmək kitabçasında qeydiyyat aparılmadığına və Milli Arxiv İdarəsindən müraciətinə cavab olaraq 1981-ci ildən 3 nömrəli Tikinti İdraəsinin sənədlərinin arxivə təhvil verilmədiyinin bildirildiyinə istinad etsə də, bu hallara dair sübutları da əlavə etməmiş, ərizəsinə qoşduğu sənədlər isə kserosurət olmaqla, oxunması və başa düşülməsi qeyri-mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, iddianın və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3308/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5421/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5421/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver