Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5423/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə mənzilə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: təmirə çəkilən xərcin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə mənzilə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(004)-1742/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. N saylı Hərbi hissənin mənzil komissiyasının iclasının qərarının 02 fevral 2006-cı il tarixli, 1 nömrəli protokoluna əsasən sahəsi 59,94 kv.m olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış mənzili xidməti order verməklə N saylı hərbi hissənin hərbi qulluqçusu X1na bölüşdürülməsi qərara alınmışdır. Ailə tərkibi: özü (X7), arvadı (İddiaçı) və oğlu (X8).
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 25 avqust 2023-cü il tarixli, **********823 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən Baş X1, həqiqətən 06 may 1999 - 12 aprel 2000, 12 aprel 2000 – 04 fevral 2020-ci il tarixlərində həqiqi xidmət keçmişdir.
3. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Xətai Rayon İcra Hakimiyyətinin Başçısının müavini Ə.Baloğlanzadəyə ünvanladığı xx.xx.2009-cu il tarixli, İ4-261 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri MTT-nin rəisi S.Hüseynovun Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı məktub baxılması üçün Birliyə göndərilmişdir. Məlum olmuşdur ki, Hərbi Dəniz Qüvvələrinin Hərbi qulluqçularının sosial məişət problemlərinin həll edilməsi məqsədi ilə «Neva» birmərtəbəli ailəvi yataqxana binasında yenidənqurma işlərinin aparılması planlaşdırılır. Təmir-Tikinti işlərinin hərbi şəhərciyin mövcud sərhədləri daxilində aparılmasına müdaxilə edilməməsi haqqında dərkənara müvafiq olaraq, aidiyyatı MKİS-ə göstəriş verilmişdir.
4. Hərbi Dəniz Qüvvələrinin MTT rəisi S.Hüseynov tərəfindən Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısı İ.Mehdiyevə ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikası Hərbi X2 nəzərinizə çatdırır ki, Naxımov küçəsi 21 ünvanında yerləşən Hərbi Dəniz Qüvvələrinin 9 «A» saylı hərbi şəhərciyinə məxsus, baş plan üzrə 33 saylı bina torpaq sahəsi ilə birlikdə 1939-cu ildən etibarən X12 Dəniz Donanmasına ayrılmış Donanma Komandanının qərarı ilə «Neva» bir mərtəbəli binası ailəvi yataqxana kimi istifadəyə verilmişdir. Hazırda qeyd olunan ərazi bina ilə birlikdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri tərəfindən istismar olunmaqdadır. Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının sosial-məişət problemlərinin həll edilməsi məqsədi ilə həmin ərazidə təmirtikinti işləri aparılacaq. Təmir-tikinti işləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin müvafiq orqanları ilə razılaşdırılmış, idarə rəisi tərəfindən təsdiq olunmuşdur. «Neva» bir mərtəbəli ailəvi yataqxana binasının yenidənqurma planının kserosurəti təqdim edilmişdir. Göstərilənlərə əsasən, hərbi şəhərciyin mövcud sərhədləri daxilində aparılan təmir-tikinti işlərinə müdaxilə edilməməsi barədə aidiyyatı olan şəxslərə müvafiq göstəriş verilməsini xahiş etmişdir
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-448/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq İddiaçı ünvan 5 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı yaşayış sahəsinin 01778 nömrəli kirayə müqaviləsinin 4.3-cü bəndinə əsasən kirayəçi kirayəyə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı olan hər hansı işləri apara bilməz.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan ünvan 6 ünvanda yerləşən xidməti yaşayış sahəsinə tərəflərindən çəkilmiş xərclərin birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddia onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə X7 (keçmiş hərbçi) ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahlarından 2003-cü il təvəllüdlü Fərhad və 2011-ci il təvəllüdlü Qəmzə adlı iki uşaqları anadan olmuşdur. X7 hərbiçi olduğu üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92-ci maddəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Xüsusi təyinatlı yaşayış sahələri ilə təmin olunma qaydaları haqqında Əsasnaməyə əsasən onlara, yəni keçmiş həyat yoldaşı X4 xx.xx.2003-cı il tarixində ünvan 6 ünvanda yerləşən xidməti yaşayış sahəsi verilmişdir. Həmin vaxtdan həmin mənzildə yaşamışlar. Həmin mənzil onlara verilərkən ailə üzvləri kimi onlar nəzərə alınmış və qarşılıqlı razılıqla həmin evdə təmin tikinti işləri aparmış, razılığa əsasən artırmalar, əlavələr etmişlər. Uşaqları həmin evdə anadan olmuş, təhsil almış və hazırda da həmin evdə yaşayırlar. Həyat yoldaşı X7 onunla nikahda ola-ola başqa bir qadınla ailə qurmuşdur. Hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra onunla olan nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən keçmiş həyat yoldaşı X7 ilə aralarında olan nikah pozulmuşdur. Keçmiş həyat yoldaşı X7 nikahları pozulduqdan sonra yeni ailə qurmuş və əlbirliyi ilə onları xx.xx.2003-cü il tarixindən yaşadıqları ünvan 6 ünvanda yerləşən xidməti yaşayış sahəsindən çıxarmaq tələbi qoymuşlar. Həmin vaxtdan həmin mənzildə evdən çıxarmaqla öz yeni münasibətdə olduğu xanımı ilə həmin evə köçmək niyyətindədir. 2023-cü ildə keçmiş həyat yoldaşı X7 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, əlbirliyi ilə onu və biri azyaşlı olmaqla iki uşağı ilə birlikdə həmin evdən çıxarmaq niyyətinə düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət edərək onu və biri azyaşlı olmaqla iki uşağı ilə birlikdə həmin evdən çıxarmaq barədə iddia vermiş və məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Ailə qurmuş, iki uşaq anası olmuşdur. İllər ərzində bütün zəhmətini ünvan 6 ünvanda yerləşən xidməti yaşayış sahəsinə sərf etmişdir. Verilmiş bir otaqdan ibarət olan, heç bir şəraiti olmayan mənzili minbir əziyyətlə uşaqlarından artıra bildiyi qəpik-quruşla yaşamaq şəraitinə gətirmək istəmişdir. Mənzilin bugünkü vəziyyəti ilə bağlı şəkilləri müraciətinə əlavə edərək vəziyyətlərinin necə vəziyyətdə olmasını təqdim etmişdir. Qızı 2011-ci il təvəllüdlü olmaqla orta məktəb şagirdidir. Oğlu 2003-cü il olmaqla Azərbaycan əsgəridir. Qeyd etdiyi kimi mənzilin otaqlarını artırmaqla (təbii ki, razılıqla) həmin mənzili təmir işləri görərək bütün gəlirlərini həmin evə sərf etmişlər. Bunun üçün illər ərzində tərəflərindən 30000 manatdan artıq pul xərclənmişdir və davamlı olaraq xərclənməkdədir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(004)- 1742/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edlmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı X10 ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsinin təmirinə çəkdiyi xərclərin ödənilməsini tələb etsə də, mənzildə aparılmış hər hansı təmir işlərinə dair Müdafiə Nazirliyinin razılıq və ya icazə sənədini məhkəməyə təqdim edə bilməmiş və beləliklə, kirayə verənin razılığı olmadan mənzildə təmir işləri aparılmışdır. Qanunvericiliyə əsasən, kirayə və ya müvəqqəti istifadədə olan dövlət mənzil fonduna aid yaşayış sahələrində əsaslı təmir və ya yenidənqurma işləri yalnız balanssaxlayıcı qurumun yazılı razılığı ilə həyata keçirilə bilər. Bu cür razılıq və ya sənəd olmadan aparılan xərclərin sonradan tələb olunması hüquqi əsas deyildir. Nəticə etibarı ilə, iddiaçının həmin mənzilə dair hüququnun olmaması, təmir işlərinin aparılması üçün razılıq və ya icazə sənədinin təqdim edilməməsi səbəbindən iddia əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4,5, 51, 93, 100,101, 103-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, cavabdeh təşkilat olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi məhkəməyə mülkiyyətini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Hakim tərəfindən maddi hüquq norması pozularaq, yəni iddia tələbi hissəsində təmin edilməsi, sübut ların düzgün qiymətləndirilməsi yönündə olan qanunveriçilik deyil, işə qərəzli, qeyri obyektiv, birtərəfli, yəni cavabdehin mövqeindən iddianın rədd edilməsi yönündə qanunveriçiliyi tətbiq etmişdir. Halbuki, işin düzgün araşdırılması nəticəsində maddi hüququ normalarının düzgün tətbiq edilməsinə gətirib çıxara və iddianın təmin edilməsinə səbəb olacaqdı. Hakim tərəfindən iş qərəzli araşdırılaraq lazım olan hallar, tərəflərin maddi imkanları, hazırki ailə durumları araşdırılmamışdır. Müəyyən edilmişdir ki, həmin mənzil bizə ailə olaraq bizə verilmiş və 17 ildir ki, həmin mənzildən istifadə edirik, təmir tikinti işləri cavabdehin razılığı ilə həyata keçirilmişdir. Göründüyü kimi işin bütün halları ziddiyətlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
16. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4. Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Maddə 5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə 93. Həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar —SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 101. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə hansı təmir – tikinti, artırma və digər işlərin aparılması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
23. Bundan başqa müqavilə tərəfləri arasında müəyyən edilmiş şərtə (kirayə müqaviləsinin 4.3-cü bəndi) əsasən kirayəçi kirayəyə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı olan hər hansı işləri apara bilməz. Göründüyü kimi bu şərtdə nəinki tikinti işləri aparılaraq artırmaların, əlavələrin olunması, hətta əsaslı təmir aparılması üçün kirayəyə verənin razılığı tələb olunur. Belə razılıq isə mövcud olmadığından hazırkı iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(004)- 1742/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(004)- 1742/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.