Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5424/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “torpaq sahəsinin boşaldılması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, həmin həyətyanı torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertin sxemdə göstərdiyi 75 kv. m hissəsinin cavabdehin hesabına sökülərək, torpaq sahəsi ekspertin sxemdə göstərdiyi 75 kv. m. hissədə boşaldılaraq Cavabdeh alınması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətində olub və o, cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-1128 sahə ünvanında yerləşən 0,0622 ha olan torpaq sahəsini xx.xx.2018-ci il tarixdə satmışdır. Cavabdeh sözügedən ünvanda yaşayış evi tikmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini zəbt etməsini və həmin sahədə ev tikməsini əsas gətirərək, cavabdehin torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, həmin həyətyanı torpaq sahəsinin istifadəsinə qaytarılmasını xahiş etmişdir. Bu necə ola bilər ki, bir tərəfdən məhkəmə iş üzrə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə 0,0622 ha torpaq sahəsinin cavabdehə satılması nəticəsinə gəlir, digər tərəfdən 75 kv/m torpaq sahəsinin cavabdeh tərəfindən tutularaq qanunsuz sahibliyində olması qənatətinə gəlir. Əgər iddiaçı özünə məxsus torpaq sahəsini bütövlükdə cavabdehə satıbsa onda 75 kv.m torpaq sahəsi necə mübahisə predimenti ola bilər. Əslində isə iddiaçı mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehə torpaq sahəsinə çıxarış almamışdan əvvəl 5000 manata satmışdır. Həmin sahədə ev inşa edildikdən sonra iddiaçı mülkiyyət hüququnu təsdiq edən çəxarış almışdır. Göründüyü kimi torpaq sahəsinə çıxarış verilərkən artıq həmin sahə yüklü olmuşdur. Məhkəmənin gəldiyi nəticəyə görə Mülki Məcəllənin 157-ci maddəsi tətbiq edilməməli idi. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Əhmədov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir, ekspert rəyi ilə cavabdeh məxsus tikilinin 75 kv.m hissədə iddiaçının torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir, bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 010 saylı, xx.xx.2017-ci il tarixli arayışının sürətindən görünür ki, İddiaçı həqiqətən X4 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha hesabı ilə 1-1128 kodlu torpaq sahəsi ayrılmışdır.
10. 26.09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış HK-1-883 sayla qeydə alınmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
11. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-1128 sahə ünvanında yerləşən 0,0622 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən X1.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “X6 Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsi, reyestr nömrəsi **********44 olub, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir və həmin hissə sxemdə göstərilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7335 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsi, reyestr nömrəsi **********44 olub, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir və həmin hissə sxemdə göstərilmişdir.
14. Xəzər Rayon Məhkəməsinin 2(003)-64/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair 2(003)-64/2022 saylı mülki iş üzrə icraat, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair 2(003)-1912/2022 saylı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
15. İddiaçı Cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair Xəzər Rayon Məhkəməsinin 2(003)-1912/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
16. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-1912/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. .Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
21. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
23. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi evin 75 kv.m hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsində yerləşdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
26. Belə olan halda, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri olduğundan cabadehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
27. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov