Məhkəmə qərarları › İş №2(103)-5428/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5428/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5428/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1434/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53,83 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "YapıKredi Bank Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı, debet kartı və zaminlik” haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2020-ci il tarixli 2(004)-2152/2020 saylı qətnamə qəbul edilmişdir. Nəticədə "YapıKredi Bank Azərbaycan” QSC ilə "İnternational Legal Services” MMC arasında bağlanmış xx.xx.2016cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti üzrə orqanlara müraciət edərək, borcun tam həcmdə ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 186 manat və xx.xx.2020-ci il tarixdə ödənilən 172,88 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 53,83 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş məbləğin 15% həcmində, yəni ümumilikdə 53,83 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilənin yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil və hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1434/2022 saylı, 10 may 2022ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 300 manat məbləğində kredit limiti ayrılmış, cavabdeh isə kreditin əsas məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.20-ci bəndinə əsasən müqavilədən yaranan borcların “Kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “Kart/əlavə kart sahibi” “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2152/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 243,80 manat əsas, 25,46 manat hesablanmış və ödənilməmiş faiz borcu, 60,52 manat cərimə borcu, 8 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə, 1,10 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 338,88 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 358,88 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, müqavilənin predmetini istehlak kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcək hüquqi xidmətlərin və bankların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə bağlı məsələlər təşkil edir. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən Bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosye (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər vəs) yığılmasından (geri ödənişlərndən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir. Xidmət haqqına ƏDV/S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyildir. Həmin müqavilənin 5.1.2-ci maddəsinə əsasən Büro qarşı tərəfdən (kredit/borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/icra işləri üzrə hüquqi xidmət haqqı və digər bank borclarına əlavə olaraq bankın bütün xərclərini almalı və alınan məbləğlər banka ödənilməlidir. xx.xx.2020-ci il tarixli 20 nömrəli aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən 2020-ci il oktyabr ayı üzrə "xxxx" MMC tərəfindən “World kart” krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 9669,79 AZN 15% haqqının -1450,46 AZN icra edilərək "xxxx" QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 20 nömrəli təhvil aktının cədvəlindən isə görünür ki, digər müştərilərlə yanaşı Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 186 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində (27,9 manat) xidmət haqqı hesablanmışdır. xx.xx.2020-ci il tarixli 22 nömrəli aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən 2020-ci il noyabr ayı üzrə "xxxx" MMC tərəfindən “World kart” krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 6819,53 AZN 15% haqqının -1022,93 AZN icra edilərək "xxxx" QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 22 nömrəli təhvil aktının cədvəlindən isə görünür ki, digər müştərilərlə yanaşı Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 172,88 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində (25,932 manat) xidmət haqqı hesablanmışdır. Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilən 186 manat və 07.11.202-ci il tarixdə ödənilən 172,88 manat, ümumilikdə 358,88 manat "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ödənilməsi təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 53,83 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən "xxxx" MMCyə köçürülmüş 53,83 manat məbləğin 5 iş günü müddətində "xxxx" QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən cavabdehə 300 manat məbləğində kredit limiti ayrılmış, cavabdeh isə kreditin əsas məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.20-ci bəndinə əsasən müqavilədən yaranan borcların cavabdeh tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə “Bank” ona qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “Bank”ın gələcəkdə çəkəcək hər cür xərclərin cavabdeh tərəfindən ödənilməsinə dair öhdəlik götürülmüşdür. Daha sonra, Cavabdeh onunla "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə əsas öhdəliyinin şərtlərini pozduğuna görə ona qarşı Yasamal Rayon Məhkəməsində iddia ərizəsi verilmiş və xx.xx.2020-ci il tarixli 2(004)-2152/2020 saylı qətnaməyə əsasən Cavabdeh 243,80 manat əsas, 25,46 manat hesablanmış və ödənilməmiş faiz borcu, 60,52 manat cərimə borcu, 8 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə, 1,10 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 338,88 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 358,88 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Cavabdeh tərəfindən icra sənədi üzrə 358,88 manat borc "xxxx" QSC-yə tam şəkildə ödənilmişdir. Hazırda isə iddiaçı "xxxx" QSC icra mərhələsində ona hüquqi xidmət göstərilməsinə görə "xxxx" MMC-yə ödənilmiş 53,83 manat məbləğin və hazırki mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. İcra məmurunun öz vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlı əmələ gələn zərər risklərinin müqavilənin standart şərtləri sayəsində borcluya həvalə edilməsi qanuna və hüquqa zidd olduğundan etibarsızdır. Həmçinin qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasını 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi, məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətlərdə və qaydada icra olunması üçün qanunvericilik tərəfindən dövlət orqanlarına zəruri olan bütün imkanlar yaradılmışdır. Belə olan halda dövlət orqanına aid vəzifənin, dolayısı ilə isteklakçının kredit müqaviləsi üzrə bank qarşısında yaranan borcların geri qaytarılması üçün göstəriləcək hüquqi xidmətlərin istehlakçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla istehlakçıların hüquqlarının qorunması prinsipinə uyğun deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 420.3.5-ci maddəyə görə isə zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb) təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərti etibarsız sayılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.20-ci bəndinin icra orqanın vəzifəsi olaraq icra sənədinin icra edilməsi ilə bağlı zərərin ödənilməsinin Cavabdeh üzərinə qoyulması istehlakçı hüquqlarını məhdudlaşdırılması baxımından qanunvericiliyin tələbinə ziddir, buna görə də həmin müqavilənin şərti etibarsız hesab olunmalıdır. Göstərilənlərlə yanaşı, iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə maliyyə arayışı, "xxxx" MMC tərəfindən verilmiş akt təqdim edilməsinə baxmayaraq, hüquqi xidmətlə bağlı göstərilən məbləğlərin həmin MMCnin hesabına köçürülməsini təsdiq edən mötəbər sübutları (qəbz, kassa mədaxil orderi və s) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1434/2022 saylı, 10 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar