Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5431/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: əmrin etibarsızlığı və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, X4 Əziz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsindən i cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 385 saylı məktubundan görünür ki, həkim epidemioloq İddiaçı verilən intizam tənbehi psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli Fərmanı, həmin Qanunun 29-cu və 53-cü maddələrinə görə, şəxsin tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar şəxsiyyəti barədə informasiya həkim sirrini təşkil edir. - “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəlinə” əsasən PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma intizam xətası hesab olunur və işdən azad etmə intizam tənbehinə səbəb olur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Tibbi Şuranın 2 saylı xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyasını tam yerinə yetirmədiyi, nizam-intizam qaydalarını pozduğu, olacaq nəticə barədə düşünməyərək öz vəzifəsinə səhlənkar yanaşdığı üçün komissiya üzvləri tərəfindən səhlənkarlığa yol verən işçiyə intizam tənbehi verilməsi qərarı müdiriyyətə təklif edilməsi ilə əlaqədar olaraq sadalanan müraciətləri, sübut və dəlilləri nəzərə alaraq gələcəkdə xəstəxananın fəaliyyətində bu xarakterli əməllərin baş verməsinin qarşısını almaq məqsədilə həkim epidemioloq İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin yoluxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı izahat verməkdən imtina olunmasına dair akt tərtib edilməsi barədə xx.xx.2024-cü il tarixli 1 saylı aktdan qeyd olunmuşdur ki, “Biz aşağıda imza edənlər: baş direktor Orxan Cəfərov, baş direktorun müavini Mayıl İsmayılov, baş direktorun müavini vmə Rəna İsmayılova, baş tibb bacısı Ramila Muradova, 13-cü p\kişi şöbəsinin müdiri Nihad Məmmədov, yoluxucu xəstəliklər şöbəsinin müdiri Dilarə Cabbarova, kadrlar şöbəsinin müdiri Gülşən İsmiyeva bu aktı tərtib etdik ondan ötəri ki, həkim epidemioloq Məmmədova X1 Yardımı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 7.2 və 7.3 bəndlərini kobud şəkildə pozaraq xəstəxananın 1-ci herontoloji şöbəsində müalicə alan pasiyent haqqında məlumatları “WhatsApp” şəbəkəsinin status bölməsində paylaşması ilə bağlı xx.xx.2024cü il tarixdə izahat yazmaqdan imtina etmişdir.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2971-K nömrəli İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında əmrindən görünür ki, əmək funksiyalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə, xəstəxanadaxıli intizam qaydalarını pozduğuna görə, "Respublika Psixiatrıya Xəstəxanası" publik hüquqi şəxsinin Psixiatrik yoluxucu xəstəliklər şöbəsinin Həkim-epidemioloqu İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin etibarsızlığı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində verilmiş 2971-K nömrəli əmrin etibarsızlığı, iş yerində qısnamalar və qanunsuz əmr nəticəsində ona dəymiş 5000 manat dəyərində mənəvi zərərin, hüquqlarının bərpa edilməsi üçün çəkilmiş hüquqi və digər xərclər üçün 500 manat və məhkəmə və mediasiya dövlət rüsumları üçün ödənilmiş 160 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X3 şəxsin adından, Baş direktor Orxan Cəfərovun imzası ilə PHŞ-in Psixiatrik Yolxucu xəstəliklər şöbəsinin həkimepidemioloqu İddiaçı barəsində məsuliyyət tədbirinin tətbiqinə dair xx.xx.2024-cü il tarixində 2971-K №-li əmr verilmişdir. Əmrə əsasən, PŞ-in Psixiatrik Yolxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı əmək funksiyalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə, xəstəxanadaxili intizam qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Verilən əmr qanunsuz və əsassızdır. Belə ki, töhmətin əsası olaraq, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X3 şəxsi Tibb Şurasının 2 saylı iclas protokolu göstərilmişdir. Protokola əsasən “Əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyasını tam yerinə yetirmədiyi, nizam-intizam qaydalarını pozduğu, olacaq nəticə barədə düşünməyərək öz vəzifəsinə səhlənkar yanaşdığı üçün komissiya üzvləri tərəfindən səhlənkarlığa yol verən işçiyə intizam tənbeh verilməsi qərarının müdriyyətə təklif edilməsi ilə əlaqədar olaraq fəaliyyətində bu xarakterli əməllərin baş verməsinin qarşısını almaq məqsədi ilə həkim epidemioloq İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır. Həkim epidemioloq İddiaçı intizam tənbehi məhz psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır. Sorğusuna cavab olaraq verilmiş cavab məktubunda qoşma olaraq hansısa (bilinməyən) votsap səhifəsində gözlə görünməsi mümkün olmayan, kompüterdə “word office” proqramında yazılmış, hansı nömrədə paylaşılması məlum olmayan bir səhifənin A4 formatında əks olan nüsxəsi əlavə olunmuşdur. Göstərilən səhifənin məhz İddiaçı məxsus olmasını, hansı digər nömrənin votsap səhifəsindən bu məlumatın görünməsi və digər nömrənin kimə məxsus olması halları gizli olaraq qalır. Şiddətli töhmətin məhz anonim məlumatlar əsasında tərtib edilməsi təəssüratı yaradır. Həmin əmr qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı rəsmi qaydada təqdim edilməmiş, yalnız onun sorğusu əsasında təqdim edilmişdir. Eyni zamanda, İddiaçı iş yeri üzrə daxili təlimatlara və vəzifə səlahiyyətləri çərçivəsində apardığı araşdırma nəticəsində, çoxlu sayda qanun pozuntuları, uyğunsuzluqlar və s. müəyyən etdiyi və rəhbərliyə və lazımi qurumlara verdiyi məlumatlara görə, əlavə olaraq qısnamaya məruz qalır, iyerarxik tabe olduğu şəxslər, hətta qeyriləri tərəfindən şiddətə, təzyiqə bəzən də təhqirə məruz qalır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4356/25 saylı iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 2971-K nömrəli əmrin etibarsız hesab edilməsi, qanunsuz əmr nəticəsində iddiaçıya dəymiş 300 (üç yüz) manat dəyərində mənəvi zərərin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən tutularaq, İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı pasiyent haqqında məlumatları votsap tətbiqində status vasitəsi ilə paylaşdığını təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş votsap statusundan paylaşımın əks olunduğu iddia olunan A4 formatında vərəqdir. Həmin paylaşımın hansı şəxs(lər)in statusunda görünməsi və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyinə kim tərəfindən təqdim edilməsi, yəni mənbəyi barədə məlumatlar iş materiallarında mövcud deyil, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənbəyi aşkar olmayan məlumata görə, şəxs barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehinin tətbiqi yolverilməzdir. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 8-ci bəndinə əsasən, PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma nizam-intizam xətası hesab olunur və işdən azad etmə intizam tənbehinə səbəb olur. Göründüyü kimi, işəgötürən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən həmin xəstəxananın həkim epidemioloqu İddiaçı onun psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumat səbəbindən, yəni onun kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkməsi və votsap tətbiqində status vasitəsi ilə paylaşmasına görə, barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehi tətbiq edilmişdir. Qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. Qeyd olunan halları və iddiaçının keçirdiyi mənəvi sarsıntını nərəzə alaraq, məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərə görə, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən 300 manat məbləğində pul kompensasiyasının tutulmasını ədalətli, tərəfin maddi vəziyyətinə uyğun və ağlabatan hesab edir.
6. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 186.1, 186.2, 189.3, 190.1, 190.2, 190.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenum qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut qismində təqdim olunmuş sənəd (İddiaçı kompüterde yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkdiyi və WhatsApp tətbiqində status vasitəsi ilə paylaşdığını təsdiq edən sənəd) məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmamış, bu barədə sorğu göndərilməmişdir. Məhkəmənin mövqeyinin qərəzli olduğu aşkardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında cavabdeh orqanın apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - 186.2-ci maddəsinin b yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək işəgötürən verə biləcəyi intizam tənbehlərindən biridir. - 189.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - 190.1-ci maddəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190.2-ci maddəsinə əsasən, işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. - 190.3-cü maddəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həkim epidemioloqu İddiaçı verilən intizam tənbehi onun psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır, yəni o, guya kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkmiş və votsap tətbiqində status vasitəsi ilə paylaşmışdır.
17. Birinci instansiya məhkəməsi iddiaçının pasiyent haqqında məlumatları whatsapp tətbiqində status vasitəsilə paylaşdığını təsdiq edən mötəbər sübutların təqdim olunmadığını əsas gətirərək iddia tələbini əsassız saymış və rədd etmişdir.
18. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, həqiqətən də işin müəyyən edilmiş hallarına əsasən iş üzrə İddiaçı pasiyent haqqında məlumatları whatsapp tətbiqində status vasitəsi ilə paylaşdığını təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp statusundan paylaşımın əks olunduğu iddia olunan A4 formatında vərəqdir. Həmin paylaşımın hansı şəxs(lər)in statusunda görünməsi və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyinə kim tərəfindən təqdim edilməsi, yəni mənbəyi barədə məlumatlar iş materiallarında mövcud deyil, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mənbəyi aşkar olmayan məlumata görə, şəxs barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehinin tətbiqi yolverilməzdir.
19. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 8-ci bəndinə əsasən, PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma nizam-intizam xətası hesab olunur və işdən azad etmə intizam tənbehinə səbəb olur.
20. Göründüyü kimi, işəgötürən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən həmin xəstəxananın həkim epidemioloqu İddiaçı onun psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumat səbəbindən, yəni onun kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkməsi və whatsapp tətbiqində status vasitəsi ilə paylaşmasına görə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehi tətbiq edilmişdir.
21. Halbuki, həmin xəstəxananın “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 8-ci bəndinə əsasən həmin hallar şəxsə işdən azad etmə növündə intizam tənbeh verilməsi üçün birbaşa əsas olmuşdur. Yəni, xəstəxananın həkim epidemioloqu İddiaçı doğrudan da, həmin qanun pozuntusuna yol vermişdirsə, bu hal onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehinin tətbiqi üçün deyil, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək üçün hüquqi əsas olmuşdur.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər müəyyən olunmuşdur. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
23. Hazırkı işin halları intizam tənbehinin tətbiqinə dair işəgötürənin əmrinin etibarsızlığı barədə olsa da, birinci instansiya məhkəməsi hesab etmişdir ki, intizam tənbehinin tətbiqindən daha ağır nəticələrə səbəb olan əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin etibarsızlığına aid müddəalar mübahisəyə anoloji olaraq tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli, 2971-K nömrəli əmrin etibarsız sayılması hissəsində əsaslıdır və təmin edilməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı və qanunidir.
25. Apellyasiya şikayətinin əsas dəlili İddiaçı kompüterde yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkdiyi və WhatsApp tetbiqində status vasitəsi ilə paylaşdığını təsdiq edən sənədin mötəbər olub-olmamasının sübuta yetirilməsi ilə bağlıdır.
26. Bu dəlilə münasibətdə Kollegiya qeyd edir ki, bu sənədin mötəbərliyini sübuta yetirmək cavabdehin üzərinə düşür, cavabdeh isə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
27. Apellyasiya baxışı iclasında cavabdehin nümayəndəsinə verilmiş məlumatları yayılmış xəstənin kimliyi, məlumatın kimlər arasında yayılması ilə bağlı suallar isə cavabsız qalmışdır.
28. Bundan başqa, Kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya vurulmuş mənəvi zərərə görə, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən 300 manat məbləğində pul kompensasiyasının tutulmasını ədalətli, tərəfin maddi vəziyyətinə uyğun və ağlabatan hesab edir.
29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı mövqeyi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.