Məhkəmə qərarları › İş №2(103)-5435/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5435/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5435/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdeh “xxxx” MTK-nın qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin dəyərinin real bazar qiymətinə uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin dəyərinin real bazar qiymətinə uyğun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus ümumi sahəsi 54,2 kv.m olan mənzil üçün 153000 (yüz əlli üç min) manat “xxxx” MTK tərəfindən ödənildikdən sonra həmin mənzilin sökülməsi və mənzilin yerləşdiyi ərazinin “xxxx” MTK-ya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və “xxxx” MMC-nin tarif cədvəlinə müvafiq olaraq iş və xidmətlərin dəyəri olan 150 manat xidmət haqqının “xxxx” MTK-ya aid edilməsi, 30 manat dövlət rüsumunun tutularaq İddiaçı və iş və xidmətlərin dəyəri olan 150 manat xidmət haqqının tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməli, qətnamə ləğv edilməlidir. Məhkəməyə təqdim olunmuş barışıq sazişində qeyd olunur ki, iş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1) İddiaçı “xxxx” MTK-ya qarşı “mənzilin dəyərinin real bazar qiymətlərinə uyğun ödənilməsi barədə” iddia tələbindən imtina edir. 2) “xxxx” MTK ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın “C” blokunun 5-ci və 10-cu mərtəbələrindən daşınmaz əmlakın mülkiyyətçisinə, ümumilikdə hər birinin sahəsi 67,0 kv.metrdən ibarət 2 (iki) ədəd 2 (iki) otaqlı, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. 3) Tərəflər razılaşırlar ki, “Barışıq sazişinin” 2-ci bəndi yerinə yetirildiyi təqdirdə həmin sahələrlə bağlı heç bir tələbləri və iddiaları mövcud deyildir. 4) Barışıq sazişi icra edilməzsə, məcburi qaydada icra edilir. 5) Barşıq sazişi tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 6) Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 52.3, 191, 261 və 262-ci maddələrinin tələbləri aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı ilə cavabdeh “xxxx” MTK arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər:

1. İddiaçı “xxxx” MTK-ya qarşı “mənzilin dəyərinin real bazar qiymətlərinə uyğun ödənilməsi barədə” iddia tələbindən imtina edir.

2. “xxxx” MTK ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın “C” blokunun 5-ci və 10-cu mərtəbələrindən daşınmaz əmlakın mülkiyyətçisinə, ümumilikdə hər birinin sahəsi 67,0 kv.metrdən ibarət 2 (iki) ədəd 2 (iki) otaqlı, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, “Barışıq sazişinin” 2-ci bəndi yerinə yetirildiyi təqdirdə həmin sahələrlə bağlı heç bir tələbləri və iddiaları mövcud deyildir.

4. Barışıq sazişi icra edilməzsə, məcburi qaydada icra edilir.

5. Barşıq sazişi tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

6. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 52.3, 191, 261 və 262-ci maddələrinin tələbləri aydındır. İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin dəyərinin real bazar qiymətinə uyğun ödənilməsi” tələbinə dair hazırkı mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar