Məhkəmə qərarları › İş №2(103)-5436/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5436/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5436/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma) İlk iddia üzrə Cavabdeh1 qızının və Cavabdeh2 ilk iddia üzrə İddiaçı, Zamanov Zaur Şafiq oğluna, X12, Zamanova Dilarə Xaliq qızına və X6 qarşı iş üzrə (Açar sözlər: maneələrin qadağan edilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Vəkil1 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlunun cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” ilk iddiasına dair üzrə, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğluna, cavabdehlər X13, X12, X5 və X6 qarşı “maneələrin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlu və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh1 09 aprel 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşlar və birgə nikahlarından onların xx xxxx 2003-cü ildə İlkin adlı uşaqları anadan olmuşdur. Onlar rəsmi nikaha daxil olduqdan sonra 06 iyun 2002-ci il tarixdə mübahisəli olan ünvan 1 köçmüşlər.

2. Sonradan tərəflər arasında münasibətlər pisləşdiyindən, onlar 2003-cü ilin fevral ayından ayrılmış, mənzildən birgə istifadə edilməsi məsələsində fikir ayrılıqları yaranması səbəbindən Cavabdeh1 sözügedən mənzilə istifadə hüququnun tanınması barədə məhkəməyə müraciət etmiş, Xocalı Rayon Məhkəməsinin 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Mirzəliyeva (Zamanova) Qaratel Bağman qızının ünvan 1 ünvanında yaşayış sahəsindən istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması qət edilmişdir.

3. Hazırda İddiaçı Şafiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlu cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Mirzəliyeva (Zamanova) Qaratel Bağman qızı ilə 09 aprel 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuş və birgə nikahdan xx xxxx 2003-cü il tarixdə İlkin adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə rəsmi nikaha daxil olduqdan sonra 06 iyun 2002-ci ildə mübahisəli olan ünvan 1 köçmüşlər. Sonralar ailə münasibətləri kəskinləşdiyindən 2003-cü ilin fevral ayından ayrılmışlar və cavabdeh atası evinə getmiş və bu günə kimi orada yaşayır. 01 mart 2021-ci ildə Nərimanov Rayon Məhkəməsində nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli mənzil valideynlərinin vəfatından sonra onun və digər ailə üzvlərinin istifadəsində qalmışdır. 21 yanvar 2002-ci il tarixli 1 MK- 143/02 saylı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən, ümumi səhəsi 76,19 kv.m olan 5 otaqlı, 73 saylı mübahisəli mənzilin hər biri 16,6 kv.m olan iç-içə 2 otağı X7 və X3 4 nəfərdən ibarət ailəsinin istifadəsinə verilmişdir. Qalan mənzilin 3 otağı digərlərinin istifadəsinə verilmişdir. Cavabdeh1 məhkəmə qaydasında (Xocalı Rayon Məhkəməsinin 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi) sözügedən mənzilə, yəni ünvan 1-ə yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Cavabdeh1 istifadə hüququna xitam verilməsi ilə bağlı dəfələrlə bazar qiymətinə uyğun kompensasiya təklif etsə də, o, bundan imtina etmişdir.

6. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğluna, cavabdehlər X13, X12, X5 və X6 qarşı “maneələrin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzildən istifadələrinə maneələrin cavabdehlərə və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbini onunla əsaslandırılmışlar ki, cavabdeh İddiaçı ilə xx.xx.2002-ci il tarixində rəsmi nikaha daxil olmuş və iddiaçı el adəti ilə toy edərək cavabdehin yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə öz cehiz əmlakı ilə birlikdə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2003-cü il tarixində İlkin adlı övladları doğulmuşdur. Daha sonra 2003-cü ildə cavabdehin başqa qadınla yaşaması ilə əlaqədar qeyd edilən mənzildən çıxıb getməsi nəticəsində cavabdehin qardaş və bacıları iddiaçının öz azyaşlı övladı ilə orada yaşamasına mane olmağa başlamışlar. İddiaçı məcburiyyətdən sözügedən mənzilə istifadə hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə onun azyaşlı oğlunun sözügedən mənzildə - yaşayış sahəsindən istifadə hüququ Xocalı Rayon Məhkəməsinin 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli məhkəmə qətnaməsi ilə tanınmışdır. Tərəflərin faktiki münasibətləri 2003-cü ildə bitsədə, rəsmi olaraq xx.xx.2021ci il tarixdə nikahları pozulmuşdur. Lakin, bütün qeyd edilənlərlə yanaşı cavabdeh İddiaçı hazırda qeyd edilən mənzildə yaşayaraq birgə iddiaçılarla bərabər hüquqludur. Belə ki, iddiaçının gəlin köçdüyü, sonradan isə məhkəmə qətnaməsi ilə istifadə hüququ əldə edərək pasport qeydiyyatına alındığı ünvan 5 ünvanında yerləşən mənzil Dövlət Mənzil Fonduna aid mənzil olmaqla cavabdehlə bərabər həm də iddiaçıların istifadəsinə verilib. Cavabdeh hər vasitə ilə həm özü həm də bacı və qardaşı qardaşı arvadları vasitəsilə bütün ömrü boyu iddiaçının və onun övladının həmin mənzildə sakit yaşamasına icazə vermirdilər. Dəfərlərlə belə hallar olur ki, iddiaçı mənzilə daxil olmaq üçün polis sahə müvəkkili ilə birlikdə gələrək qapının açılmasına təmin edirdi. Dəfələrlə ailə üzvləri tərəfindən su və işığın verilməsini manual müdaxilələrlə dayandırırdılar, yəni bir sözlə, iddiaçının öz uşağı ilə sözügedən mənzilə buraxılmaması üçün üxtəlif tədbirlər görülürdü. Cavabdehlərlə iddiaçı və onun övladının birgə istifadəsində olan sözügedən mənzil Dövlət Mənzil Fonduna aid olmaqla həm iddiaçıların həm də cavabdehlərin istifadəsinə verilmiş mənzildir. Həmin mənzilin üzərində olan hüquq bərabər istifadə hüququ müəyyən edir. Ona görə də cavabdehlərin həmin mənzilə münasibətdə iddiaçı ilə onun yetkinlik yaşına çatmayan oğluna qarşı olan və müxtəlif qəbildən olan maneələri özündə ehtiva edən hərəkətlər qanuni sayıla bilməz və heç bir hüquqi əsasa söykənmir. Ona görə iddiaçı və onun yektinlik yaşına çatmayan övladının sözügedən mənzilə köçürülməsinə tam hüquqi əsas mövcuddur. İddiaçının cehiz əşyaları - yataq mebeli, xalçaları və digər cehiz əşyaları bu günədək ona ayrılmış mənzildə qalmaqdadır. Sırf cavabdehlər iddiaçıya mənzildə yaşamağa imkan vermədikləri üçün necə illərdir ki, köçəri həyat tərzi sürərək qohumlarının və tanışlarının evində qalmaq məcburiyyətində qalmışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova), İddiaçı Şafiq oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmasına dair ilk iddia ərizəsinin təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı Şafiq oğluna, X13, X12, X5 və X6 qarşı maneələrin qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən Bakı şəhəri Dəmirçizadə küçəsi ev 2, 73 saylı mənzildə ilkin iddia üzrə cavabdehlər də daxil olmaqla 6 nəfər qeydiyyatdadır. Burdan müəyyən edilir ki, İddiaçı tərəfindən bu ünvanda qeydiyyatda olan hər iki cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları müqabilində təklif edilən 8000 manat kompensasiya məbləği yetərli deyil.

10. Nəzərə alınmalıdır ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu səbəbdən qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir.

11. Hazırki iş üzrə ilkin iddiaçının irəli sürdüyü kompensasiya məbləğinin yetərli olmaması, qanunvericiliyin tələbləri baxımından yetərli məbləğin verilməsinin təklif edilməməsi səbəbindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir.

12. Mülki işin materiallarından göründüyü kimi, qeyd edilən mənzilə ilkin iddia üzrə cavabdehlərin hüquqları vardır. Onların həmin mənzildən istifadə hüququnun olması Xocalı Rayon Məhkəməsi 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə təsbit edilmişdir. Lakin, bu hüququn realizə edilməsi məqsədi ilə ilkin iddia üzrə cavabdehlərin sözügedən mənzilə köçürülməsi həmin mənzilin sahəsi, mənzildə olan otaqların və orda qeydiyyatda olub yaşayan şəxslərin sayı nəzərə alınmaqla real olaraq ağlabatan deyil. Qarşılıqlı iddia ərizəsinin təmin ediləcəyi halda, qətnamənin icrası mümkünsüz olacaqdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 15.3, 77.1, 78.1, 80, 81, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlu və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişlər.

15. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı onun tərəfindən cavabdehə təklif onunan kompensasiya məbləğinin müəyyən edilməsinin bir necə səbəbləri mövcuddur. Belə ki, 21 yanvar 2002-ci il tarixli 1 MK-143/02 saylı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən, ümumi səhəsi 76,19 kv.m olan 5 otaqlı, 73 saylı mübahisəli mənzilin ümumi sahəsi 32,12 kv.m. təşkil edən 2 otağı X7 və X3 4 nəfərdən ibarət ailəsinin istifadəsinə verilmiş və Faiq Zamanov həmin mənzil sahəsinə olan mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Qalan mənzilin 3 otağı (44,7 kv.m.) digərlərinin, yəni onun, X8, X4, X2 və onun azyaşlı uşağının istifadəsinə verilmişdir. Beləliklə, həmin qətnaməyə əsasən, ümumi sahəsi 44,7 kv.m. olan 3 otaqlı mənzildən hər bir istifadəçiyə (44,7 kv.m. : 5 nəfər) 8,94 kv.m. yaşayış sahəsi düşmüşdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən, mübahisə predmetini təşkil edən mənzilin qiymətləndirilmə tarixinə olan likvid dəyəri 64.000 manat, bazar dəyəri isə 73.600 manat təşkil etmişdir. xx.xx.2002-ci il tarixli 1 MK-143/02 saylı qətnamə ilə müəyyən edilmiş qaydada, ümumi sahəsi 44,7 kv.m. olan 3 otaqlı mənzildən onun payına mütanasib olaraq (73.600 manat : 5 nəfər) 14.720 manat məbləğində vəsait düşmüşdür. Belə olan halda, onun payına düşən cəmi 14.720 manat vəsaitdən 8000 manat məbləğində kompensasiyanın cavabdehə təklif olunması ədalətli və bazar qiymətinə uyğundur. Cavabdehlərin, mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyətə keçməsinə razılıq verməmələri, digər mənzil kirayə müqaviləsi bağlamış 4 nəfər vətəndaşın mülkiyyət hüququnun pozulmasına səbəb olur.

17. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, mənzil 5 otaqdan ibarətdir, mənzilin 2 otağına Zamanov Faiq, Quliyeva Dilarə, Zamanlı Nigar və Zamanova Elmiranın hüquqları, digər 3 otağa isə onun və onun oğlu Cavabdeh2, İddiaçı və Zamanov Zaurun hüquqları vardır. Mənzil mənzil fonduna aid olmaqla mənzildə istifadə hüququ olan hər kəsə bərabər hüquqlar əsasında məxsusdur. Mənzildə digər şəxslərin hüquqularının təmin edilməsi həmin mənzilə eyni hüquqları olan onun və Cavabdeh2 hüquqlarının pozulması ilə baş verməməlidir. Hazırki halda Məhkəmə onun və Cavabdeh2 sözügedən mənzilə istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qərarını heçə saymışdır ki, bu da yolverilməzdir. Qarşılıqlı iddia tələbi mənzilə köçürülmə deyil, mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsidir. Lakin buna baxmayaraq məhkəmə verilmiş iddia tələbindən hər hansı bir müstəsna hal olmadan kənara çıxmış, qətnamənin əsaslandırma hissəsində qarşılıqlı iddiaçının iddia tələbləri mənzildən istifadə hüququna məneələrin aradan qaldırılması olduğu halda mənzilə köçürülmə kimi qiymət vermişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və Vəkil1 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlu, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdehlər X17, X18, X9 və X14 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

26. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını (Mənzil Məcəlləsinin 2-ci maddəsi) öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

27. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla nəzərdə tutulmuş əsaslar olmadan, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən, cavabdehin apelyasiya şikayəti tam təmin olunmaqla, qətnamə ləğv edilməli, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.

41. İşin mübahisələndirilməyən hallarına görə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) keçmiş ər arvaddır.

42. İşin mübahisələndirilməyən digər halına görə mübahisələndirilən mənzilin üç otağına qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının və digər şəxslərin istifadə hüququ tanınmış və həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin də həmin üç otaqlı mənzilə istifadə hüququ tanınmışdır.

43. İşin müəyyən olunmuş hallarına görə iddiaçı digər ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır və öz əmlakları kimi istifadə edir, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə istifadə hüququ tanınan cavabdeh həmin mənzildən istifadə edə bilmir.

44. İlkin iddia üzrə iddiaçı mübahisəli mənzilin onun və digər ailə üzvlərinin istifadəsində olduğuna əsaslanaraq ilk iddia üzrə cavabdehlərə və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış və tələbinin hüquqi əsası kimi Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinin yetərli olmaması ilə əsaslandırmışdır.

45. Məhkəmə kollegiyası ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir.

46. Belə ki, ilk iddia tələbi üzrə mübahisəni həll edərək qiymətləndirilməli olan birinci məsələ kimi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır.

47. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud deyil, mənzil dövlət mülkiyyətindədir, iddiaçı və digər şəxslərin həmin mənzildən istifadə hüququ vardır. Mülki qanunvericiliyin yaşayış binasının tərkib hissəsindən (Mülki Məcəllənin 228.2-ci maddəsi) istifadə hüququna kompensasiya verilməklə xitamını tənzimləyir və bu zaman həmin hüququ mülkiyyətçiyə aid edir. Lakin iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir və bu səbəbdən də onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ.

49. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

50. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun olmamasına diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası ilk iddia tələbinə münasibətdə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır, ilk iddia tələbi rədd edilməlidir.

52. Məhkəmə kollegiyası qarşılıq iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Qarşılıqlı iddia tələbində qanuni qüvvədə olan məhkəmə qətnaməsilə istifadə hüququ tanınaraq mübahisəli mənzilə istifadə hüquqlarına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsindən ibarətdir.

53. Mülki prosessual qanunvericiliklə (MPM 218.3) müəyyən edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

54. İşə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirməmiş, tələb olmadığı halda qarşılıqlı iddiaçının tələbini mübahisəli mənzilə köçürülmə tələbi kimi qiymətləndirmiş və bunun səbəblərini qətnamədə əsaslandırmamış, bununla da iddia tələbindən kənara çıxaraq, olmayan tələbi qiymətləndirərək, qarşılıqlı iddianı rədd etməklə prosessual pozuntuya yol verdiyindən, qətnamə həmin hissədə də qanunsuz olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halına görə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Hazırda qarşılıqlı iddiaçı mübahisəli mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını (Mənzil Məcəlləsinin 2-ci maddəsi) öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Hər kəsin (Mənzil Məcəlləsinin 5-ci maddəsi) mənzil toxunulmazlığı hüququ vardır. Qanunla nəzərdə tutulmuş əsaslar olmadan, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

57. İş materialları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə hüququ vardır. Lakin o, istifadə hüququ olan mənzildən qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən yaradılan maneələr səbəbindən mənzildən istifadə edə bilmir.

58. Mübahisəli mənzil mənzil fonduna aid olmaqla, mənzildən istifadə hüququ olan hər kəsə bərabər əsaslarla məxsusdur. Mənzildə digər şəxslərin hüquqlarının təmin edilməsi, həmin mənzilə eyni hüquqları olan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hüquqlarının pozulması ilə baş verməməlidir.

59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və yetkinlik yaşına çatmayan Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadələrinə maneə cavabdehlərə və digər şəxslərə qadağan edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğlunun cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” ilk iddiası rədd edilsin. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şafiq oğluna, cavabdehlər X13, X12, X5 və X6 qarşı “maneələrin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilsin. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Dəmirçizadə küçəsində yerləşən 2 saylı evin 73 saylı mənzilindən istifadələrinə maneələr cavabdehlərə və qeyrilərinə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar