Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5436/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh “X14 Kompleksi” MTK-nın nümayəndəsi X2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh1nə və “X14 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi, mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənzillə təmin olunanadək kirayə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X14 Kompleksi” MTK tərəfindən İddiaçı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 N-li Qərarı əsasında sökülmüş binanın yerində inşa olunacaq yaşayış binasında, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 2.500 manat kirayə haqqının, 2.000 manat oğurlanmış kondisionerlərin qiymətini, 500 manat daşınma xərcləri və 145 manat ödənilmiş məhkəmə rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Səbail Rayon Məhkəməsinin 2(009)-1302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia tələbi təmin edilməmişdir.
3. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əvəz edilməsi haqqında məsələ qaldırmayıb, etibarnaməni görübdür və iddiaçının əvəz edilməsinə məhkəmə zamanı əsas görməyibdir. Qətnamə maddi və prosessual hüquq normlarının pozulması ilə qəbul edilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin iddiaçının əsil olan iddiaçı ilə əvəz edilməsi məsələsinə etiraz edərək, onun iddiaçı olduğunu, etibarnaməyə əsasən hüququ olduğunu bildirdi, mənzil üçün hər kvadrat metrinə görə 3500 manat kompensasiya tələb etdiyini, cavabdeh şirkətlə razılaşmadıqlarını, evsiz qaldığını bildirdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.Nərimanlı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, orada 52 mənzil olduğunu, 47 mənzil sahibi ilə razılıq olsa da, qalan beş mənzil sahibi ilə razılaşmadıqlarını, onlardan birinin də hazırkı iddiaçı olduğunu bildirdi ki, iddiaçıya mənzilin hər kvadrat metri üçün 2500 manat kompensasiya və yaxud da mənzil təklif etdiklərini, lakin iddiaçının fantastik rəqəmlər səsləndirdiyini bildirdi, bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamın surətindən görünür ki, “X14 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X14 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsisində yerləşən 2 saylı evin, 75,20 kv.m. olan ümumi sahədən ibarət 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir.
11. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh1 başçısına, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi xx.xx.2022-ci il tarixli, xx/xx-06768 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 2 ünvanda yerşləşən 5 mərtəbəli yaşayış binasına keçirilmiş vizual texniki baxış zamanı texniki cəhətdən qəzalı vəziyyətə düşmüş həmin binanın istismar üçün təhlükəli vəziyyətdə olduğunu bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən 5 mərtəbə yaşayış binasının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamı ilə rayonun Xanlar və Qurban Abbasov küçələrinin arasındakı 58-59 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “X14 Kompleksi” MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinə düşdüyünü nəzərə alaraq gələcəkdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə sözügedən ünvanla bağlı müvafiq qabaqlayıcı tədbirlərin görülməsini xahiş etmişdir.
12. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 4 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 2 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müşahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat materialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
13. Mülki iş materiallarında olan iddia ərizəsindən məlum olur ki, İddiaçı göstərilmiş, ərizənin “xahiş etdi” hissəsində isə tələb olunanların (mənzilin, pul vəsaitinin) məhz iddiaçının özü üçün verilməsi xahiş edilmişdir (i/v 4).
14. Mülki iş materiallarında olan 902013 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, etibar edən X4 etibar edilən İddiaçı verdiyi etibarnamədə iddia ərizələrini imzalamaq, məhkəmədə təmsil olunmaq və sair səlahiyyətləri vermişdir (i/v 11). Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
16. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
20. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
21. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»
22. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsisində yerləşən 2 saylı evin, 75,20 kv.m. olan ümumi sahədən ibarət 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir.
23. Birinci instansiya məhkəməsinin möbqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.
24. Kollegiya onu da qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi müzakirə edilmiş, iddiaçı buna qəti olaraq etiraz etmiş, bu məsələ araşdırılarkən cavabdehin nümayəndəsi bildirdi ki, rayon məhkəməsində iddiaçıya onun əvəz olunmasını təklif etmiş, lakin iddiaçı buna qəti etiraz etmişdir, rayon məhkəməsinində bu məsələnin müzakirə olunması məhkəmə iclas protokolundan görünmür, bunula belə, məhkəmə kollegiyasında bu məsələ iddiaçıya ətraflı şəkildə, hətta oğlunun əsl tərəf -iddiaçı olaraq əvəz olunacağı halda, oğlu olmadan da işdə olan etibarnamə əsasında onun oğlunu təmsil etmək imkanına malik olması izah olunsa da, iddiaçı mənzilin özünə aid olduğunu, oğlunun ölkədə olmadığını bildirirək, yenə də israrla özünün əsl olan iddiaçı ilə əvəz edilməsinə etiraz etmiş, işdə olan etibarnamə ilə öz adından hazırkı iddianı verməkdə və mənzili də özü üçün tələb etməkdə səlahiyyətli olduğunu bildirmişdir.
25. MPM-in tələbinə görə (maddə, 54.1.) iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.(maddə, 54.2.)
26. Hazırkı işdə məhkəmənin təşəbbüsünə (ciddi-cəhdlərinə) baxmayaraq iddiaçını əsl iddiaçı ilə əvəz edilməsi mümkün olmamışdır.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Nəticə:
28. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov