Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5437/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili X2, nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə küçəsi 82 saylı mənzilə istifadə hüquqlarının itirlməsi və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 1981-ci ilin iyul ayından etibarən texpasporta əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 82 saylı evə o, 1984-cü ildə, cavabdehlərdən qızı Cavabdeh1 1984-ildə, digər cavabdehlər isə ayrı-ayrı vaxtlarda pasport qeydiyyatına alınmış, hazırda da orada qeydiyyatdadırlar. Mənzilə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, texniki pasport vardır, Cavabdeh1 1994-cü ildə Suraxanı rayonu, Hövsan kəndi, Məktəb küçəsi ev 61, mənzil 18ə ailə üzvləri ilə birlikdə köçmüşdür, hazırda da həmin ünvanda yaşayır, ona məxsus bütün əşyalarını həmin il qeyd edilən ünvana aparmışdır. Evdən köçərkən o, xahiş etmişdir ki, onu və ailə üzvlərini qeydiyyatdan çıxartmasın, təzə aldığı mənzilə qeydiyyata düşəcəyi barədə ona məlumat verəcəkdir, lakin sonradan bu vədini yerinə yetirməmişdir. Cavabdeh1 əvvəl həmin mənzildə yaşasa da, sonra ailə həyatı quraraq oradan köçmüş, nikahı pozulduqdan sonra mənzilə qayıtmış, onun yerləşdiyi ərazidə bir otaqlı balaca ev tikilərək onun orada yaşamasına şərait yaradılmışdır. Həmin ev də onun vəsaiti hesabına tikilmişdir, Cavabdeh1 onun üzərində təkbaşına haqq irəli sürə bilməz. Bundan sonra Təzəgül yenidən ailə həyatı quraraq həmin yerdən də köçüb getmişdir, o vaxtdan cavabdehlərin Xətai rayonu, 2944 məhəllə küçəsi 82 saylı mənzilə qeydiyyatları formal olaraq qalmışdır, onların qeydiyyatda qalmaları isə onun mülkiyyət hüququnu sərbəst həyata keçirməkdə maneçilik yaradır, kommunal xərclərdə əlavə iştirakına səbəb olur və buna görə də cavabdehlərin istifadə hüququna xitam verilməli və onlar evdən qeydiyyatdan çıxarılmalıdırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin “cavabdehlərin Xətai rayonu, 2944 məhəllə küçəsi, 82 saylı mənzildən qeydiyyatdan çıxarılmaları” hissəsində işin icraatına xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə iddia tələbinin “istifadə hüququnun itirilməsi” hissəsində rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şikayətin əsassız olduğunu bildirmiş digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə ünvanında yerləşən 82 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və həm iddiaçı, həm də cavabdehlər həmin evdə pasport qeydiyyatındadırlar. İddiaçı məhz sözügedən ev üzərində hüquqlarının olduğunu iddia etmiş və hazırkı apellyasiya baxışının predmeti olan tələbi irəli sürmüşdür. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia ərizəsində açıq şəkildə göstərməsə də iddiaçı, cavabdehlərin uzun müddətdir mübahisəsi gedən evdə yaşamadıqlarını vurğulamaqla iddiasını əsaslandırmış, beləliklə də faktiki olaraq qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Həmin maddi hüquq normasına görə, “...şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir” - hazırkı iş üzrə isə iddiaçının, ona məxsus olduğunu iddia etdiyi ev üzərində kirayədar və ya mülkiyyətçi kimi hüquq sahibi olduğu müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evə münasibətdə cavabdehlərlə eyni statusa malik şəxs olmuşdur; bu isə o deməkdir ki, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verən iddiaçının müvafiq subyektiv hüququ mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məcəllənin 180.2-ci maddəsinə görə isə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu mənada kollegiya qeyd edir ki, nə iddiaçının, nə də cavabdehlərin sözügedən evdən istifadə hüququ yaranmamışdır; olmayan bir hüququn itirilməsi isə mümkün deyildir. Tərəflərin mübahisəli evə qeydiyyata alınmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8534/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5437/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5437/2020
06.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver