Məhkəmə qərarları › İş №2(103)-5438/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5438/2022

22.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5438/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(005)-1877/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC -nin xx.xx.2021-ci il, 303/A nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 1877/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdeh apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bu halda mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Çünki əmək mübahisələri üzrə dövlət rüsumunu ödəməkdən iddiaçılar azaddırlar, cavabdehlərin həmin mübahisələr üzrə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdikləri halda dövlət rüsumunu ödəmək vəzifələri vardır. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(004)- 1877/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar