Məhkəmə qərarları › İş №2(103)-544/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-544/2021

03.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» X22 cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ASC «xxxx» Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC "xxxx" Bankının xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinin ləğv edilməsi, ASC "xxxx" Bankının "20 yanvar" filalının Müştəri xidməti şöbəsinin Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 2007-ci ildə “Finca Azərbaijan” BOKT-da Maliyyə operatoru vəzifəsində başlamışdır. 2008-ci ildə «Unibank» KB-da işə qəbul olunmuş və 2012-ci ildə həmin bankdan “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” olaraq öz istəyi ilə işdən ayrılmışdır. xx xxxxxx 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC “xxxx" Bankının” “20 Yanvar” filalının Müştəri xidməti şöbəsinin “Fiziki şəxslərə xidmət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 2017-ci ildə ştatdan kəxxxx daxili əmrə əsasən həmçinin “Hüquqi şəxslərə xidmət üzrə mütəxəsisi” vəzifəsi ona həvalə edilmiş, 2017-ci ilin avqustunda bankın daxili vəzifə dəyişikliyi üçün keçirdiyi imtahandan 89% nəticə göstərərək “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 2019- cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 12 ilə yaxın bank sektorunda, o cümlədən, ASC «Cavabdehı»nda çalışdığı 7 ildən artıq müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi vəzifələri də lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra intizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Bun baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman bankın kadrlar şöbəsindən ona zəng vuraraq bildirmişlər ki, onun elektron poçt ünvanına göndərdikləri “öz istəyimlə işdən çıxmağımla” bağlı ərizəni imzalasın. Bununla bağlı olaraq işlədiyi filalın direktoruna müraciət etmişdir. Filial direktoru ona bildirmişdir ki, o, təsis etdiyi hüquqi şəxsin bank hesabı onların filialında açılmışdır. O, bunun əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını və bank hesabı açılarkən filial direktoruna məlumat verdiyini və onun icazəsi ilə bank hesabı açıldğını, hazırda bank hesabını bağlaya, başqa bankda aça və ya hüquqi şəxsin rəhbərliyini başqa şəxslərə həvalə edə biləcəyini bildirmişdir. Lakin kadrlar şöbəsinin rəisi ərizəni imzalamayacağı təqdirdə maddə ilə işdən çıxaracaqlarını və bundan sonra başqa işə düzələ bilməyəciyi ilə təhdid etmişdir. O, yenə onlara ərizəni imza etməyəcəyini və bankın rəhbrəliyi ilə görüşmək istədiyini bildirsə də, heç bir nəticə verməmişdir. Bundan sonra, bankın baş ofisindən gələn əməkdaşlar ona işdən azad edildiyini bildirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmri ona təqdim etmişdirlər. Hesab edir ki, xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmr əsasız və qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç"bəndinə istinad edilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə müəyyən edilmişdir ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işdən azad olunması üçün işəgötürən işçi tərəfindən hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasını, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilən kobud pozuntuya yol verməsini müəyyən etməli və əmrdə həmin halları qeyd etməklə Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə tərəfindən əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud vəzifələrinin kobud şəkildə pozulmasına istinad olunmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası ümumiyyətlə qeyd olunmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas kimi heç bir rəsmi sənəd göstərilməmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Bankın xx.xx.2020-ci il tarixli, XB-K1/018 saylı əmrinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxx” Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsində işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh ASC «xxxx» Bankı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün qanunvericiliklə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş hallar mövcud olmuşdur. Belə ki, ASC "xxxx" Bankının "20 Yanvar" filialının bəzi əməkdaşları imzaları və izahatları ilə təsdiq edirlər ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etmiş və mobil telefon danışıqlarına həddən artıq çox yol vermişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar olmuş, bu əsasların mövcudluğu Bankın işçilərinin, o cümlədən, iddiaçı ilə bilavasitə bir ofisdə işləyən işçilərin yazılı formada tərtib etdikləri aktla, verdikləri izahatlarla və həmin məlumatların əsasında tərtib edilmiş xidməti məktublarla tam sübuta yetirilmişdir. Məhkəmənin digər “əsaslandırması” ondan ibarət olmuşdur ki, guya, intizam tənbehinin verilməsi ardıcıllığına riayət edilməmişdir. Qanunverici heç də ƏM-in 186.2-ci maddəsində sadalanan tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq edilməsini deyil, işçi tərəfindən yol verilmiş pozuntunun xarakterinə uyğun tətbiq edilməsini nəzərdə tutur. Hazırkı halda, işçinin yol verdiyi pozuntular ƏM-nin 70-ci maddəsinin ç) bəndinin təsiri altına düşdüyü üçün həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə nəzərdə tutulmuş tənbeh tətbiq edilmişdir. Məhkəmənin digər əsaslandırması ondan ibarət olmuşdur ki, guya, iddiaçının yol verdiyi pozuntuya dərhal münasibət bildirilməli və bunun qarşısının alınması üçün müvafiq təsir (intizam) tədbiri görülməli idi. Lakin bu məsələyə münasibətdə də məhkəmə, bir tərəfdən işin faktiki hallarına düzgün qiymət verməmiş, digər tərəfdən isə Əmək Məcəlləsinin belə münasibətləri tənzimləyən normalarının tələblərini nəzərə almamışdır. Qanunverici Əmək Məcəlləsinin “İntizam tənbehinin verilməsi qaydaları” adlanan 187-ci maddəsində də pozuntuya dərhal münasibət bildirilməsi barədə heç bir müddəa nəzərdə tutmamış, yalnız intizam tənbehinin verilməsi müddətini onun aşkar edildiyi tarixdən 1 ay müddəti ilə məhdudlaşdırmışdır. Bundan əlavə, izahatları alınmış işçilər tərəfindən də həmin xidməti məktublarda qeyd edilənlər təsdiqləndiyindən, ümumiyyətlə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas verən halların mövcudluğu tam sübuta yetirildiyindən məhkəmənin bu sübutlara tənqidi yanaşması anlaşılan deyil.Guya, yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab etmək olmaz. Belə ki, iş vaxtı ərzində müştərilərə işəgötürənin fəaliyyəti ilə bağlı xidmətlər göstərmək əvəzinə, onlara öz şəxsi şirkəti olan “xxxx” MMC-nin məhsullarını təklif etməsi, bununla da bir tərəfdən iş vaxtının itirilməsinə, digər tərəfdən müştərilərin Banka olan etimadının azalmasına səbəb olan hərəkətlərə yol verməsinə, yəni iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə məhkəmə, nədənsə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin dispozisiyası ilə müəyyən olunmuş halın yaranmaması kimi qiymət vermişdir. "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən dayandırılması və bu səbəbdən də guya, iddiaçının öz şirkətinin xidmətlərini bankın müştərilərinə təklif edə bilməməsi barədə məhkəmənin gəldiyi nəticə də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı özünün təsisçi və direktoru olduğu "xxxx" MMC- nin fəaliyyətinin xx.xx.2024-cü il tarixinədək dayandırılması barədə xx.xx.2019-cu il tarixdə vergi orqanına ərizə ilə müraciət etsə də, bundan qısa müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə ərizə ilə vergi orqanına müraciət edərək elə həmin tarixdən MMC-nin fəaliyyətini bərpa etmişdir.Göründüyü kimi, cəmiyyətin fəaliyyətinin çox qısa müddətə dayandırılması həmin cəmiyyətin xidmətlərinin təklif olunmasını istisna edən hal kimi qəbul edə bilməz. Belə ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin qısa müddət ərzində bərpa olunacağını bilərək, öz şirkətinin potensial müştərilərinə xidmətlər təklif etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, iş materillalrında kifayət qədər sübutlar var. Məhkəmə qətnaməni əsaslandırmalıdır. İmzalanmış aktlar sübut kimi qəbul edilməyibsə, məhkəmə bunu təkzib etməlidir. Məhkəmə intizam tənbeh tədbirlərinin ardıcıllığına əməl olunmadığına istinad edib. Qanunvericilik intizam tənbeh tədbirlərinin ardıcıllığını deyil, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalı olmasını tələb edir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayətiində hər şeyi qeyd etmişlər. Həmçinin əvvəlki məhkəmə iclasında çıxış edən vəkil də iş barədə ətraflı danışıb. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, deyilənlərin hamısı sonradan qondarma söhbətlərdir. O, əvvəldən filial rəhbəri Ayaz müəllimdən Cəmiyyət yaratması barədə icazə də almışdı. Sonra ona dedilər ki, xxxxazılıq var. Ona görə də o gedib Vergilər Nazitliyində fəaliyyətini dondurdu. Başqa heç bir söhbət olmadı. Hətta izahat filan da alınmadı. O, işdən çıxdığı gün əmək haqqı kartı da blok olundu, ona dedilər ki, əmək haqqı onun kreditinə yönəldiləcək. Sonradan telefon söhbəti, mesaj filan ortaya çıxdı, işlədiyi müddətdə heç bir inzibati təhbeh tədbiri olmayıb. O, hətta başqa işə getmək istəyəndə də onu buraxmadılar. Müdir ona dedi ki, başqa yerə getməsin, burada onun üçün daha yaxşı olacaq. Onu iş yoldaşları ilə də üz-üzə qoydular, iş yoldaşları ondan üzrxahlıq edirlər. Onun işi ilə bağlı heç bir qüsuru olmayıb. Onun təzminatı ödənilsin, təmiz əmək kitabçası versinlər. Hazırki məsələyə görə işsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçıya imzasız, möhürsüz 5 əmr gəlib, lakin sonuncu əmrdə imza və möhür olduğu üçün əmri götürüb. İddiaçı adına olan heç bir telefon nömrəsini istifadə etməyib. Özünün istifadə etdiyi yalnız bir nömrə olub. Hətta telefon nömrələrindən olan çıxarışları özləri təqdim etdilər, məhkəmə də sorğu verdi. İşçi vəzifə funksiyalarını əhəmiyyətli dərəcədə pozduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunur. Qarşı tərəfin iddia etdiyi vəzifə funksiyalarını yerinə yetirməməsi heç bir halla sübut olunmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya verilən xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrin surətində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsinin isə məhkəmə baxışında təqdim etdiyi xx.xx.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrin məzmun cəhətdən fərqli olan digər surətindən görünür ki, bu əmrdə əmrin verilməsinə əsas kimi İddiaçı fəaliyyətindəki nöqsanlar haqqında xx.xx.2020-ci il tarixli akt göstərilmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair iki fərqli məzmunlu əmr vardır. Cavabdehin nümayəndəsi eyni şəxs haqqında iki fərqli məzmunlu əmrin deyil, bir əmr olmasına dair fikrinə məhkəmə tənqidi yanaşır və qeyd edir ki, Əmək Məcəlləsinin 83-cü və 189-cu maddələrinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti sonuncu iş günü işçiyə verilərkən verilən əmrin surəti həmin əmrin mövcud əslinin surətini əks etdirməli idi. İddiaçıya verilən əmrin surəti ilə cavabdehin təqdim etdiyi əmrin əsli məzmun baxımından eynilik təşkil etmir. İddiaçı da cavabdeh tərəfindən onun əmək hüquqlarının pozulmasını məhz ona təqdim edilən əmrin surətində aşkar etdiyi nöqsanlarla əsaslandırmışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən əmrin surətində əmrin verilməsinə əsasın göstərilməsini sonradan əmrə edilən əlavə kimi qiymətləndirir, eləcə də, iddiaçı barədə eyni tarixli iki fərqli məzmunlu əmr verilməsi faktının mövcud olmasını və bu halın da qanunvericiliyə uyğun olmamasını qeyd etməklə iddiaçıya verilən əmrin surətində onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, eləcə də, müəssisənin hüquqi ünvanı, işəgötürənin adı, atasının adı tam göstərilmədiyi üçün bunların Əmək Məcəlləsinin 84.2-ci maddəsinin tələbləri baxımından sözügedən əmrin etibarsız sayılması üçün əsaslar olması qənaətinə gəlir. Cavabdehin təqdim etdiyi əmrin surətinə sonradan əlavə edilmiş əmrin verilməsinin əsası kimi göstərilən xx.xx.2020-ci il tarixli aktın məzmununa da məhkəmə hüquqi qiymət verərək tənqidi yanaşır və bu aktın da iddiaçı ilə olan əmək müqaviləsinə AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas olmaması qənaətinə gəlir. Belə ki, aktı imzalayan ASC “xxxx” Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X2, Filialın Müştəri Xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X5, Filialın Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X1 Ramlə Arif qızının Bankın müştərilərinə şəxsi şirkəti olan “xxxx” MMC-nin məhsullarını təklif etməsi və bununla bağlı mobil telefon danışıqlarına həddən artıq çox yol verməsinə dair həm aktda, həm də aktı imzaladıqları tarixdə də verdikləri izahatlarında da, bu halın nə vaxtdan baş verməsini, dəfələrlə təkrarlanmasını və ya mütəmadi olmasını göstərə bilməmişlər. ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X15 izahatının məzmunu əsasən filialının təhlükəsizlik işlərinə məsul olan əməkdaşlarının bildirməsinə əsaslanır. Filialın təhlükəsizlik inspektoru X3 izahatında İddiaçı korporativ e- mail ilə xx xxxxxx 2020-ci il tarixində müxtəlif saatlarda şirkətin işləri ilə əlaqədar yazışmalar aparması və sənədlər göndərməsi, 24 yanvar və xx xxxxxx 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışmağını əks etdirən videogörüntüləri yazdıqlarına əlavə etsə də, cavabdehin nümayəndəsi bu videogörüntüləri məhkəməyə təqdim etməmiş və bu görüntülərlə bağlı təmsil etdiyi təşkilatda hər hansı müvafiq araşdırma aparılmamasını göstərmişdir. Əgər belə bir halın mövcud olduğu təqdirdə iddiaçının bu əməllərində özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallarına dərhal, yəni bu hal müəyyən edilən kimi, münasibət bildirilməli və bunun qarşısının alınması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müvafiq təsir (intizam) tədbirləri görülməli idi. Lakin cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə (İ.M.Bəkirovun məktubu, Q.Ə.Məmmədovun izahatı) iddiaçının belə bir hala xx.xx.2020-ci il tarixdən əvvəlki hansı tarixlərdə yol verməsi görünsə də, cavabdeh tərəf bunun bağlı faktın müəyyən edildiyi tarixlərdə iddiaçıya münsibətdə tədbir görülməməsinin səbəblərini izah edə bilməmişdir ASC "xxxx" Bankının Təhlükəsizlik İdarəsinin rəisi X4 da xidməti məlumatının məzmunu ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X10 xidməti məktubunda göstərilən məlumatlar əsasında qurulsa da, sonuncunun məktubunun məzmunundan fərqli olaraq İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər daha qabarıq və ətraflı qeyd edilmişdir. Məsələn, Z.Ə.Tumasov məktubunda İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışmasını göstərsə də, İ.M.Bəkirov məktubunda iddiaçının mobil telefon danışıqlarına həddən artıq çox yol verməsini göstərmişdir. Z.Ə.Tumasov məktubunda iddiaçını şəxsi şirkəti olan “xxxx” MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olmasını göstərsə də, İ.M.Bəkirov onun iş vaxtı ərzində Bankın müştərilərinə təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin xidmətlərini (ölkədaxili və ölkəxarici otellərin rezervasiyası, biletlərin satışı, tur paketlərin təşkili və s.) təklif etməsini qeyd edir. Beləliklə də, İ.M.Bəkirovun Z.Ə.Tumasovun xidməti məktubunda göstərilənlərdən əlavə qeyd etdiyi məlumatların hansı mənbədən götürülməsinə dair cavabdehin nümayəndəsi heç bir sübut təqdim etməmiş və iddiaçı barəsində verilən əmrin əsası kimi həmin xidməti məktubların göstərilməməsinin səbəblərini də izah edə bilməmişdir. Halbuki, filial işçilərinin tərtib etdikləri aktın məzmununda göstərilənlər iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tətbiqi üçün yetərli əsas olmamaqla, onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair filialın tabe olduğu cavabdeh ASC «xxxx» X11 mövqeyi deyildir. Cavabdeh tərəfindən eyni tarixli xidməti məktublar və tərtib edilmiş akt əsasında hər hansı daxili araşdırma aparılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, telefon danışıqlarını əldə etmək mümkün olmadığı üçün öncədən iddiaçının şəxsi telefonu ilə kiminlə danışdığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də bu barədə ön araşdırılmadan işçinin əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə cavabdehin nümayəndəsinin qanunda işçi barəsində öncə hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi ardıcıllığı barədə göstərişi olmaması səbəbdən də işəgötürən birbaşa 70-ci maddəsinin «ç» bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı izahatında göstərilənlərə də tənqidi yanaşaraq eyni zamanda qeyd edir ki, cavabdehin təqdim etdiyi əmrin surətində əmrin verilməsinə əsas kimi qeyd edilən akt yalnız filial əməkdaşlarının imzaladıqları aktdır və işəgötürən tərəfindən xidməti məktublar əsasında hər hansı daxili araşdırma aparılmadan iddiaçı barəsində eyni tarixdə (xx.xx.2020)-ci il tarixdə həm akt, həm də xidməti məktublar tərtib edilməklə ona ən ağır intizam tənbehi verməklə cavabdeh tərəfindən 186-cı maddəsinin 3-cü hissəsinin və 311-ci maddəsinin tələbləri də pozulmuşdur Belə ki, həmin normalara əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Eləcə də, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X16 tərəfindən Bankın Təhlükəsizlik İdarəsinin rəisi İ.M.Bəkirova ünvanladığı, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış xidməti məktubunda göstərilənlər, eləcə də, ASC "xxxx" Bankının «20 Yanvar» filialının təhlükəsizlik inspektoru X3 xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatı ilə iddiaçının təqdim etdiyi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin “xxxx” MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (yəni MMC-nin həmin dövrdə ümumiyyətlə fəaliyyət gösdərməməsi) barədə məktubunda göstərilənlərin tam ziddiyyət təşkil etməsinə əsaslanır. Belə ki, Z.Ə.Tumasovun xidməti məktubunda İddiaçı cari ilin yanvar ayının əvvəlindən etibarən iş vaxtı ərzində şəxsi şirkəti olan “xxxx” MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olması, Q.Ə.Məmmədovun isə izahatında xx xxxxxx 2020-ci il tarixində müxtəlif saatlarda özünən şirkətinin işləri ilə əlaqədar yazışmalar aparmaqla sənədlər göndərməsi, 24 yanvar və xx xxxxxx 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışması göstərilsə də, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin “xxxx” MMC-yə ünvanladığı məktubunda xx.xx.2019-cu il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixinədək dayandırılması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 2020-ci ilin yanvar ayında fəaliyyəti dayandırılmış MMC-nin məhsullarının marketinqini və ya reklamının aparılması, bununla bağlı yazışmalar aparmaqla telefon danışıqlarının aparılması ağlabatan olmamaqla həm də inandıcırı deyildir. “xxxx” MMC-nin fəaliyyətinin dayandırılması və işdən azad edildikdən sonra, yəni, xx.xx.2020-ci ildən bərpa edilməsi həmçinin məhkəməyə təqdim edilmiş həmin MMC ilə bağlı onlayn kargüzarlıq sənədlərinin surətləri ilə də təsdiq edilir. Məhkəmə daha sonra hesab edir ki, göstərilən faktın mövcudluğu iddiaçının təsisçisi və direktoru oldğu “xxxx” MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olmasına, Bankın müştərisinə Bank xidmətlərini deyil, şəxsi biznesinin məhsulunu satmağına dair eyni tarixdə, yəni, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş həm aktın, həm izahatların, həm də xidməti məktubların məzmunlarının həqiqətə uyğun olmamasını bir daha təsdiq edir. Məhkəmə həmçinin bu faktla da bağlı cavabdeh tərəfin istinad etdiyi sənədlərdə İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışması (telefon danışıqlarına həddən artıq çox yol verməsi) ilə bağlı göstərilənlərin də həqiqətə uyğun olmamasını qeyd edir və hesab edir ki, iddiaçının rəhbəri olduğu MMC-ilə bağlı filialda işlədiyi iş vaxtı ərzində, marketinq xidmətləri ilə məşğul olması, özü də bu xidmətlərini Bankın müştərilərinə təqdim etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından bununla bağlı cavabdeh tərəfin bu halların həqiqətən də mövcud olmasına dair təqdim edilən sənədlər (akt, izahatlar və xidməti məktublar) tutarlı və mötəbər sübutlar kimi və iddianın əsassız olmasını təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə İddiaçı təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin hesabının işlədiyi Bankın filialında açılması ilə bağlı qeyd edir ki, ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X15 xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatında iddiaçının özünə məxsus olan (təsisçisi və direktoru özü olan) “xxxx” MMC-nin yaratması barədə ona məlumat verməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus olan MMC-nin işlədiyi filialda hesab açdırması faktında hər hansı ciddi qanun pozuntusu olmamaqla, işin materiallarından göründüyü kimi filial rəhbərliyinin də, buna etirazı olmamışdır. Həmçinin də, məhkəmə qeyd edirki, bu hal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamının əsası kimi göstərilməmişdir. Məhkəmə həmçinin iddiaçının Bankın müştərilərinə şəxsi şirkəti olan “xxxx” MMC-nin məhsullarını təklif etməsi və mobil telefon danışıqlarına həddən artıq çox yol verməsi ilə bağlı izahat verməkdən imtina etməsiiləəlaqədartərtibedilmiş xx.xx.2020-ci il tarixli akta da, hüquqi qiymət verərək hesab edir ki, bu halın möcudluğu belə onun barəsində «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünün verilməsi üçün tam kifayət olmamamaqla yanaşı, buna əsasda ola bilməzdi. Belə ki, iddiaçının cavabdehə münasibətdə Əmək Məcəlləsi ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından suiistifadə etməsi, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, işlədiyi dövr ərzində barəsində hər hansı intizam tənbehinin olması, əmək fəaliyyəti zamanı isə yol verdiyi kobud səhvlərinin olması, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi hallarının olması öz təsdiqini tapmamışdır Məhkəmə daha sonra qeyd edir ki, bunun əksi olan halda belə cavabdeh iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini,qüvvədəolan intizam tənbehinin olmamasını nəzərə alaraq ona digər intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, daxil olan məlumatlar əsasında araşdırma aparmadan, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimiintizam tənbeh növünü verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amillərdən biridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə iclasında cavabdeh Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankın nümayəndəsi və vəkili vəsatət verərək, iddiaçının işdən azad edilməsinin səbəbi iş vaxtı ərzində xidməti vəzifəsi və əmək funksiyaları ilə əlaqədar olmayan tez-tez mobil telefonla danışması olduğundan mobil operatorlardan mobil operatorlardan İddiaçı istifadəsində olan mobil teleforn nömrələri və həmin nömrələrdən 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar ayları üzrə edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar tələb edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(103)-6785/20 saylı qərardadı ilə İddiaçı adına mobil telefon nömrələrinin olub-olmaması, əgər vardırsa həmin nömrələrdən 2019-cu ilin dekabr ayının 1dən, 2020-ci ilin yanvar ayının 31-dək olan dövr ərzində edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar “xxxx” MMC-dən, “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” MMC-dən götürülmüş, lakin vəsatətdə göstərilənlər öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçı həqiqətən də iş vaxtı ərzində, fəaliyyəti dayandırılmış "xxxx" MMCnin məhsullarını bankın müştərilərinə təklif etmiş yaxud satmışdırsa, cavabdeh bu barədə məhkəməyə daha mötəbər sübüt təqdim edə bilərdi. (Məsələn, cavabdehin iddia etdiyi halları təsdiq edən bankın təhlükəsizlik kameralarına düşmüş audio və videoyazılar, konkret olaraq MMCnin məhsulları təklif edilmiş yaxud bunu almış hansısa bankın əməkdaşı olmayan şəxsin məlumatları, izahatı və bunu təsdiq edən sənəd(bilet, otellərin rezervasiyası, tur paketlərə dair sənədlər və.s.) Təbii ki, bankın sıravi əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar bankın mənafeyinə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh «xxxx» X22 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar