Məhkəmə qərarları › İş №2(103)-5440/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5440/2022

02.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5440/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 5845/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)- 5845/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərardadı ilə qaytarılmışdır (qanunla müəyyən olunmuş formaya və qaydaya qiayət olunmaması əsası üzrə). Bundan sonra, iddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, buraxılmış prosessual müddət bərpa edilərək, mülki iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı 2022-ci ilin aprel ayında qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, ərizəni – ilk dəfə apellyasiya şikayəti verən zamanı müddətin buraxılmaması, digər əsaslara görə şikayətin qaytarılması, çatışmazlıqları aradan qaldırması, bu səbəbdən də buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməli olması kimi əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 5845/2022 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərə (reyestr, xəbərnamə və s.) iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətini 07 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada alınmış, lakin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib olunaraq verilmədiyindən bir neçə dəfə (istər birinci instansiya məhkəməsi tərəfindən, istərsə də apellyasiya instansiyası məhkəmə tərəfindən) mümkün sayılmayaraq qaytarılmışdır (məhkəmə aktları yuxarıda ətraflı şərh olunmuşdur). İddiaçı isə müddətin bərpasına dair ərizəni əsaslandırmamış, üzrlü səbəblərin nədən ibarət olmasını göstərməmiş, yalnız ilk dəfə apellyasiya şikayəti verən zamanı müddəti ötürməməsini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, apellyasiya şikayətlərinin qaytarılmasına səbəb olmuş nöqsanlar iddiaçıya məlum olmasına baxmayaraq, müddətin ötürülməsinin başqa üzürlü səbəbləri olmadan eyni nöqsanlar bir neçə dəfə təkrarlanmışdır. Yenidən verilmiş apellyasiya şikayətlərinin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan verilməsi isə, müddətin ötürülməsinin üzürlü səbəbi kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Bununla yanaşı, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı prosessual səbəbdən qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə isə bunun konkret səbəblərini göstərməmiş və məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəifndən də qeyri-mümkün sayıldıqdan sonra çatışmazlıqlar dərhal deyil, uzun müddət sonra aradan qaldırmış, lakin keçən müddətin üzrlü olaraq buraxılmasını əsaslandırmamış, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. İddiaçı prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi iddiaçı buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 5845/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(004)- 5845/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar