Məhkəmə qərarları › İş №2(103)-5445/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5445/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5445/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 qarşı “mənzilə köçürmə” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsindəki 66 saylı evin 5-ci mənzilindən istifadəsinə yaradılan maneələrin qanunsuz hesab edilməsi və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev (əvvəlki Soçialistiçeskaya) küçəsi, ev 66, mənzil 5, 1974-cü ildə atası X4 verilmişdir. Həmin mənzildə onlar ailəsi ilə birlikdə son vaxtlaradək yaşamışlar. Sonra, cavabdehlər onu yaşadığı mənzilə buraxmayaraq hüquqlarını pozmuşlar. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdehlər buna imkan verməmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olmuşdur. Cavabdehlərin uzun müddət yaşadığı mənzilə onu buraxmayaraq orada yaşamağına imkan vermədiklərinə görə həmin hallar aradan qaldırılmalı və həmin mənzilə məhkəmə qaydasında köçürülməlidir. Əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən tələbini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1367/2024 saylı qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hər tərəfli, obyektiv araşdırma aparılmaması, mənzildən istifadə üçün iddiaçının subyektiv hüquqununun olmasının nəzərə alınmaması, iddia tələbinin əsaslı olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında (əvvəlki məhkəmə iclasında) iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində mübahisə predmeti olan mənzildə son zamandlara kimi yaşamasını qeyd etsə də, o həmin mənzildə yaşamamışdır. Belə ki, o, xx xxxxxxx 1993-cü ildə doğulmuş, atası da məhz həmin ildə, yəni 1993-cı ildə həmin yaşayış sahəsini tərk etmiş, ondan sonra isə həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Özü Masallı rayonunda qeydiyyatdadır. Cavabdehlər məcburi köçkün kimi orada məskunlaşmışlar. Lakin, hesab edir ki, həmin yaşayış sahəsi atasına verildiyindən, onun orada yaşamaq hüququ vardır. Atası 2013-cü ildə vəfat etmiş, mənzilə dair atasının hüquqları dövlət qeydiyyatına alınmamışdır. Atası dünyasını dəyişdikdən sonra vərəsəlik açılsa da, hazırkı mübahisəli mənzil miras kütləsinə daxil edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, onların yaşadıqları yer inzibati binanın ayrı-ayrı otaqlarıdır. Həmin yer iddiaçının atasına məxsus olmamışdır. Onları uzun müddət ki, həmin yerdə yaşayırlar və bu müddət ərzində nə iddiaçının atası, nə də iddiaçı onlara heç bir etiraz etməmişlər. İddiaçının atasının həmin ərazidə özünə məxsus ayrıca fərdi yaşayış evi vardır və onu bir qonşu kimi tanımışlar. Ümumiyyətlə, onların məskunlaşdığı yerin iddiaçının atasına heç bir aidiyyəti yoxdur. Həmçinin qeyd edirlər ki, bütün cavabdehlər bir-biriləri ilə qohumluq münasibətin olan şəxslərdir. Həmin yer Cavabdeh1 qazi olduğuna görə “Qarabağ Əlillər Cəmiyyəti” tərəfindən verilmiş, o, təqribən 1997-ci ildən ailəsi ilə birlikdə bu mənzildə yaşamağa başlamış, sonradan digər şəxslər də ora köçmüşlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 67 MİKS-nin xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X8, O.Vəliyev küçəsindəki 66 saylı evdə yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2023cü il tarixli məktubundan və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-Y-45/2-112/2023-cü il tarixli məktubundan görünür ki, ZDS İK-nin (indiki Xətai RİH) və ya Nizami rayon ZDS İK-nin arxiv fondu üzrə müvafiq qərarlar Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. həmçinin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-16/1-Y-4-112/2024 saylı məktubundan görünür ki, iddiaçının atası X4 aid xx.xx.1974-cü ilə məxsus olan Sərəncam və qərarın təqdim edilməsi ilə bağlı müraciətə əsasən bildirilmişdir ki, “Milli arxiv fondu" haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlama müddəti 5 ildir. Həmin müddət bitdiyindən 2018-ci ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilmişdir. İşdə olan 67 saylı MKİB tərəfindən Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə verilmiş xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba əlavə olan xüsusi qeyddən görünür ki, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsində yerləşən 66 saylı evin 5 nömrəli mənzili Nizami rayonu 67 saylı MKİS-nin balansındadır. Faktiki olaraq həmin mənzildə aşağıdakı şəxlər yaşayırlar: 1-ci ailə - Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3; 2-ci ailə-Cavabdeh8, Cavabdeh4, Cavabdeh5; 3-cü ailə- Cavabdeh6 və X21. Xüsusi qeyd - ünvan 8-də qeydiyyatda olan X8 xx.xx.1976-cı ildən 1993-cü ilə qədər həmin ünvanda qeydiyyatda olmuşdur. 1993-cü ildən yuxarıda adları qeyd olunan Zəngilan və Ağdam qaçqınları həmin ünvanda yaşayırlar. X8 2013-cü ildə vəfat etmişdir. İddiaçı X1 Eldəniz Məhəmməd oğlunun həyat yoldaşıdır. Onların birgə nikahda olan övladı İddiaçı vətən müharibəsi iştirakcısıdır. 3 medal ilə təltif olunmuşdur. ünvan 2 ünvanına 1993-cü ildən məskunlaşan məcburki köçkünlərin yerləşməsinə və yanaşmasına baxmayaraq mənzil kommunal xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Qeyd: 1993-cü ildə həmin mənzili qaçqın və məcburi köçkünlərə köməklik məqsədi ilə müvəqqəti yaşamaq üçün vermişdir. Və 1-ci Qarabağ müharibəsinə könüllü olaraq yollanəkim Kapitan-müharibə veteranı olmuşdur. İşdə olan Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 66, 5 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.1995-ci il tarixdən akı şəhəri, Nizami rayonu, köhnə Korelenko 49 ünvanında müvəqqəti qeydiyyatda olmuşlar. Hal-hazırda ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Adları qeyd edilən digər vətəndaşlar Cavabdeh8, Cavabdeh5 və X15 xx.xx.2006-cı il tarixdən ünvan 4 ünvanında müvəqqəti qeydiyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh7 Amid qızının, Cavabdeh6 və X12 yaşadığı ünvan barədə Komitədə rəsmi məlumat yoxdur. İşdə olan Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 216 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri X13, X16, X17, X9, X6 məskunlaşmışdırlar. İşdə olan Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri Cavabdeh5 və X15 məskunlaşmışdırlar. İşdə olan Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri 15 saylı notariat ofisinin etibarnaməsinə əsasən AR-İ 809859 Cavabdeh7, Cavabdeh3 oğlu və Cavabdeh2 məskunlaşmışdırlar. İşdə olan 67 saylı MKİS tərəfindən verilmiş 154 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 xx.xx.1976-cı ildən 1993-cü ilə qədər ünvan 8 ünvanda qeydiyyatda olmuşdur. 1993-cü ildə həqiqi hərbi xidmətə könüllü yollanmış, lakin qeydiyyatdan çıxmamışdır. O, 1-ci Qarabağ müharibəsində həkim kapitan müharibə veteranı olmuşdur. X8 xx.xx.2013-cü ildə vəfat etmişdir. X2 Eldəniz Məhəmməd oğlunun həyt yoldaşıdır. Nizami rayonu, O.Vəliyev 66 mənzil 5 ünvanına 1997-ci ildən məcburi köçkünlərin məskunlaşmalarına baxmayaraq mənzil kommunal xərcləri İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Forma “A” sənədindən görünür ki, X8 xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, xx.xx.1983-cü ildə Nəsimi rayonu, Bakıxanov küçəsi ev 23 ünvanından gəlmiş, OBD Şaumyan RİK-də işləyib, xx.xx.1977-ci ildə çıxmışdır. İşdə olan Forma “A” sənədindən görünür ki, X8 xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, 15.11.76-cı ildə Masallı rayonundan gəlmiş, OBD Oktyabrskaya Rika D/m RİK-də işləyib, xx.xx.1974-ci, OBD Şaumyan RİK-də işləyib, xx.xx.1977-ci ildə çıxmışdır. Birinci instansiya məhkəməsi, iddianın təmin olunmaması nəticəsinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atası X8 70-ci illərdə Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzilində qeydiyyata alınmaqla orada yaşamışdır. İddiaçının atası 1993-cü ilədək həmin mənzildə yaşamış və həmin ildə hərbi xidmətə getmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, atası 1993-cü ildə müharibəyə getmiş və mənzili müvəqqəti yaşamaları üçün məcburi köçkünlərə vermişdir. Onları isə Masallıya köçürmüşdür. Həmin vaxt o təzə anadan olmuş və bir neçə ay həmin mənzildə yaşamışdır. Atası hərbiçi olduğu üçün ayrı-ayrı şəhərlərdə yaşamışlar. 1997-2003-cü illərdə Naxçıvanda yaşamışlar və 2003-cü ildə isə Bakıya qayıtmışlar. Atası isə 2013-cü ildə vəfat etmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, ev 66, 5 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla, Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in balansındadır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bununla yanaşı, iddiaçının atası 1993-cü ildən könüllü olaraq mübahisə yaşayış sahəsindən çıxmış, sonradan ümumiyyətlə orada yaşamamış, yaşamaq üçün hər hansı bir tələb irəli sürməmiş, öaşqa yaşayış sahəsinə köçmüşdür. 90-cı ilin ortalarından etibarən cavabdeh tərəf məcburi köçkün kimi həmin ərazidə məskunlaşaraq, orada müvəqqəti qeydiyyata alınmışlar. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının atası tərəfindən həmin yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanılmamış və adına sənədləşdirilməsi üçün hər hansı bir hərəkət edilməmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, o, mübahisəli mənzilə qeydiyyata düşmək üçün inzibati məhkəməyə müraciət etmiş, lakin həmin evdə yaşamadığı üçün məhkəmə tərəfindən onun sənədləri qaytarılmışdır. Belə ki, qeyd edilmişdir ki, evdə yaşamadığı üçün qeydiyyata düşə bilməz. O, ancaq evə qeydiyyata düşdükdən sonra kirayə müqaviləsi bağlaya bilər. O, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2 dəfə qəbulda olmuş, lakin onunla müqavilə bağlamamışlar. İddiaçının həmin mənzilə istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçının atası 1993-cü ildə həmin yaşayış sahəsini tərk edərək getmiş və ailəsini də başqa rayona köçürmüşdür və iddiaçı isə 1993-cü ilin oktyabr ayında anadan olmuşdur. İddiaçının həmin mənzildə yaşaması müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzili üzərində istifadə hüququ mövcud deyildir. İşin mübahisəsiz halı odur ki, iddiaçı orada yaşamamış, atasının sağlığı dövründə isə belə bir tələb nə atası tərəfindən, nədə özü tərəfindən irəli sürülməmişdir. Məhkəmə kollegiyası, iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni hazırki vaxtda mübahisəli daşınmaz əmlak üzərində qanuni əmlak hüquqlarının (əşya və ya məhdud əşya hüquqları və s.) mövcudluğunun müəyyən olunubolunmaması, 2) cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki şərtlər iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) hazırki vaxtda iddianın təmin olunmasına əsasların mövcudluğu, cavabdehlərin məcburi köçkün kimi məskunlaşdıqları sahədən çıxarılmasının demokratik cəmiyyətdə zəruri olub-olmaması, mütənasiblik məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İlkin olaraq qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Lakin, iddiaçı mübahisəli yaşayış sahəsinə dair hər hansı əşya (əmlak) hüquqlarının mövcudluğu və ya ondan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. İddiaçı iddia ərizəsində qeyd edilən yaşayış sahəsindən son vaxtlara kimi istifadə etməsini (ailəsi ilə orada yaşamasını), lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bundan məhrum olmasını qeyd etsə də, özünün istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatlarında həmin yaşayış sahəsində ümumiyyətlə yaşamamasını, atasının hələ 1993-cü ildə oradan çıxmasını və başqa yaşayış sahəsinə köçməsini bildirmişdir (iddiaçının doğum tarixinin xx xxxxxxx 1993-cü il olması nəzərə alınmaqla, onun həmin yaşayış sahəsində yaşaması ümumiyyətlə mümkün deyildir). Bu hal işdə olan sübutlarla da müəyyən edilir. Belə olan halda isə, iddiaçının hazırki tələbi - onun mübahisəli yaşayış sahəsindən qanuni istifadə hüquqlarının mövcudluğu baxımından yolverilən deyildir. Bununla yanaşı, iddiaçı həmin yaşayış sahəsinin mərhum atasına məxsus olması və onun vəfatı ilə əlaqədar miras aktivi kimi ona keçməsi istiqamətində də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işdə olan sübutlara əsasən, mübahisəli ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövət reyestrində qeydiyyata alınmamış, Nizami rayon MKTB-nin 67 saylı MKİS-in balansındadır (Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in verdiyi xx.xx.2022-ci il tarixli məktubu, Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubu və s.). İddiaçı həmin daşınmaz əmlakın atasına məxsus olması istiqamətində məhkəməyə sübut kimi “Forma A” təqdim etmişdir. Halbuki, həmin sənəd özlüyündə əvvəllər (sənəddə 1976-1984-cü illər üzrə pasport qeydiyyatı ştampları mövcuddur) iddiaçının atasının qeyd olunan ünvan üzrə qeydiyyatını (yaşamasını) ehtiva etməklə, texniki xarakter daşımışdır. Dolayısı ilə, iddiaçının qeyd edilən əmlakın atasından ona miras qalması (miras aktivi sayılması) və vərəsəlik qaydasında ona keçiməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçı hazırki vəziyyətdə həmin əmlak üzərində vərəsəlik hüquq münasibətindən irəli gələn müvafiq əşya hüquqların mövcudluğuna da istinad edə bilmir. Həmçinin, işin birinci intansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçının atası tərəfindən yaşayış sahəsinə dair həmin dövrün qanunvericiliyə əsasən müvafiq kirayə müqaviləsi bağlanılmamış, adına order verilməmişdir və s. O, 1993-cü ildən daimi əsaslarla həmin ünvandan çıxmış, sonrakı illərdə ora qayıtmamış, başqa yaşayış sahəsinə köçmüş, eləcə də hüquqlarının mövcudluğu və ya təsdiqi (müdafiəsi) ilə bağlı hər hansı hərəkət etməmiş, tələb irəli sürməmişdir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının mübahisəli mənzil üzərində qanuni əşya (əmlak) hüquqlarının mövcudluğu müəyyən edilmir. Belə olan halda, yəni hər hansı qanuni əsas olmadan iddiaçının cavabdehlərin uzun müddət ərzində məskunlaşdıqları yaşayış sahəsinə köçürülməsi, sonuncuların hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmaqla, daxili qanunvericiliklə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə də uzlaşmır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, məcburi köçkünlərin sosial müdafiəsi daima diqqət mərkəzində olmuş, bu sahədə müvafiq hüquqi baza yaradılmış, eləcə də ilk növbədə onların məskunlaşdırılması, yaşayış və torpaq sahələri ilə təmin olunmalarının vacibliyi xüsusilə vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X18 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 qarşı “mənzilə köçürmə” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(007)- 1367/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar