Məhkəmə qərarları › İş №2(103)-5445/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5445/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5445/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X14 və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb etməklə) "mənzildən çıxarılma tələbinə dair" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (X3 qəyyumu) Cavabdeh qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə cavabdeh – Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli ev onun qardaşı X3 mülkiyyətindədir. O isə Nəsimi rayon İcra Hakimiyyətinin 30 oktyabr 2018-ci il tarixli, 324 nömrəli Sərəncamına əsasən qardaşı - X3 üzərində qəyyum təyin edilmişdir. Lakin, hazırkı iş üzrə cavabdeh – Cavabdeh uzun müddətdir ki, qəyyumu olduğu qardaşı – X4 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzili zəbt edib və orada yaşayır. Cavabdehə dəfələrlə müraciətlər edilərək mənzilin boşaldılmasını bildirsə də, o bundan imtina edir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlarla deyil, natamam ünvan qeyd edərək məhkəmənin aidiyyəti orqana göndərdiyi və həmin natamam sorğuya görə yalnış cavab verilmiş məktuba istinad edərək gələcəkdə iddiaçını mülkiyyət hüququndan məhrum edəcək qətnamə qəbul edib. Halbuki, iddia ərizəsinə, iddia tələbini əsaslandıran, mötəbər olan kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlar, iddia ərizəsi məhkəməyə verilmədən öncə toplanmış və mötəbərliyinə hər hansı bir şübhə yaranmamışdır. Lakin, məhkəmə natamam sorğuya gələn yalnış cavabla, iddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlar arasında yaranan ziddiyyəti aradan qaldırmaqda maraqlı olmamış, həmin sorğunu əsas götürərək dərhal iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və bildirdi ki, mübahisəli mənzilin iddiaçının qardaşının mülkiyyətində olmasına dair çıxarış iddia ərizəsinə əlavə olunmuşdur. Rayon məhkəməsində sözügedən mənzilin iddiaçıya aid olmaması barədə məlumat olmasa da, məhkəmə öz təşəbbüsü ilə lüzumsuz olaraq sorğu vermək qərarına gəlib və sorğuya isə X3 mülkiyyəti barədə RX Seriyalı ******* №-li çıxarışın surətini əlavə etməmiş və sorğudakı ünvanı isə çıxarışda qeyd edilən formada yazıb göndərməmişdir. Nəticədə sorğuya yalnış cavab verilərək, E.Məmmədovun adına fərdi yaşayış yerinin olmadığı qeyd olunmuşdur. Onun verdiyi sorğuya isə cavab gecikmişdir və məhkəmə sorğunun cavabını gözləmədən qətnamə qəbul etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Nəsimi rayon icra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 324 nömrəli sərənamından görünür ki, İddiaçı xx.xx.1973-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.

10. ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, ev 2 mənzili xüsusi mülkiyyət kimi 1 otaq y/s 10,0 kv.m., ü/s 14,5 kv.m. X3, 1 otaq y/s 11,0 kv.m., ü/s 17.5 kv.m. X5 adına qeydiyyata alınmışdır.

11. Zəngilan Rayon İcra Hakimiyyətinin “Bakı şəhəri 24 saylı Vəkil Bürosu”nun vəkili Nümayəndə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Zəngilan rayon, Mincivan qəsəbə sakini X10 dünyasını dəyişmişdir. Qızı Cavabdeh isə məcburi köçkün kimi ünvan 1, ev 2 ünvanında müvəqqəti məskunlaşmışdır.

12. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 62 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında 1993-cü ildə Zəngilan rayonundan gəlmiş məcburi köçkün X10 həmin ünvanda X4 məxsus mənzili zəbt etmişdir. X10 həmin ünvanda X4 məxsus mənzili zəbt etmişdir. X10 vəfat etmiş, ölümü ilə əlaqədar heç bir sənəd yoxdur. Halhazırda qeyd olunan ünvanda Suraxanı rayonunda məcburi köçkün kimi qeydiyyatda olan mərhumənin qızı Cavabdeh ünvan 7 ünvanında yaşayır.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 may 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, ünvan 1, ev 2 ünvanında yerləşən mənzilin 1 otağı (y/s-13.0 kv.m) X1, 1 otağı X6 və 1 otağı X7 adına qeydiyyata alınmışdır.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil Nümayəndə müraciətinə xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 32899 nömrəli cavab məktubundan görünür ki, eyni ünvan göstəricilərinə malik 2 ədəd mənzilin dövlət qeydiyyatına alınmasına dair məlumat mövcuddur. Hazırda 2 otaqlı ü/s 32 kv.m, y/s 21 kv.m olan ünvan 1, ev 2 ünvanında yerləşən mənzilin 1 otaq y/s 10.0 kv.m., ü/s 14.5 kv.m. X3, 1 otaq ( y / s 11.0 kv.m., ü/s 17.5 kv.m.)-dən 1/2 hissəsi X8 və 1 otaq ( y / s 11.0 kv.m., ü/s 17.5 kv.m.)-dən 1/2 hissəsi X9 adlarına qeydiyyatdan keçmişdir. Hazırda 3 otaqlı ü/s 90.4 kv.m, y/s 60 kv.m olan ünvan 1, 2 saylı ünvanda yerləşən mənzilin 1 otaq (y/s-13.0 kv.m) X1, 1 otaq X6 və 1 otaq X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Tətbiq edilən prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. 72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

19. Rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrək, öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində Nəsimi rayon İcra Hakimiyyətinin 30 oktyabr 2018-ci il tarixli, 324 nömrəli Sərəncamına əsasən qardaşı - X3 üzərində qəyyum təyin edildiyini, ünvan 1 ünvanında yerləşən 2 nömrəli evin isə onun qardaşı X3 mülkiyyətində olduğunu bildirsə də, məhkəmə tərəfindən müvafiq orqanlara sorğu verilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 may 2025-ci il tarixli məktubu ilə ünvan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi, ünvan 1, ev 2 ünvanında yerləşən mənzilin 1 otağı (y/s-13.0 kv.m) X1, 1 otağı X6 və 1 otağı X7 adına qeydiyyata alınması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı iddia qaldıraraq özünün və ya qəyyumu olduğu qardaşı X3 adına olmayan mənzildən cavabdehin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən hazırkı iddia tələbini irəli sürmək hüququ yoxdur.

20. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, rayon məhkəməsi işin hallarını tam araşdırmamış, mülki iş materiallarındakı sübutlara düzgün hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir.

21. Belə ki, iddia ərizəsinə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından və iddiaçının vəkilinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan görünür ki, ünvan 1, ev 2 mənzili xüsusi mülkiyyət kimi 1 otaq y/s 10,0 kv.m., ü/s 14,5 kv.m. X3 adına qeydiyyata alınmışdır.

22. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Rayon məhkəməsi tərəfindən isə iddia ərizəsinə əlavə olunmuş çıxarış nəzərə alınmamış, yalnız məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilən sorğunun (çıxarış əlavə edilmədən) cavabına istinad edilmişdir.

23. MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Hazırkı iş üzrə ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, ev 2 mənzili xüsusi mülkiyyət kimi 1 otaq y/s 10,0 kv.m., ü/s 14,5 kv.m. X3, 1 otaq y/s 11,0 kv.m., ü/s 17.5 kv.m. X5 adına qeydiyyata alınmışdır.

25. Göründüyü kimi, qeyd edilən mənzilin iddiaçının qəyyumu olduğu E.Məmmədovun mülkiyyətində olması RX seriyalı ******* saylı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir.

26. Hazırkı iddia tələbinin qanuni əsasını isə MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Mənzil iddiaçının qəyyumluğunda olan E.Məmmədovun mülkiyyətidir, onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ mövcuddur.

28. Qeyd edilən mənzilin cavabdeh tərəfindən zəbt edilməsi isə mülki iş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyətinin “Bakı şəhəri 24 saylı Vəkil Bürosu”nun vəkili Nümayəndə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 62 nömrəli məktubundan müəyyən edilir.

29. Odur ki, cavabdeh qanunsuz olaraq, heç bir əsas olmadan E.Məmmədovun mülkiyyətində olan mənzili tutduğundan - zəbt etdiyindən mülkiyyətçinin öz mənzilini onun qanunsuz sahibliyindən geri tələb etməsi barədə hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

30. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

33. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

35. Qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

36. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla, sübutlara düzgün qiymət verilmədən qətnamə qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh – Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 nömrəli evdən çıxarılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh dövlət rüsumunu ödəməkdən azad olan şəxs olduğundan, apellyasiya şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 nömrəli evin iddiaçıya məxsus, y/s 10.0 kv.m., ü/s 14.5 kv.m. olab bir otaqlı sahədən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar