Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5450/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(010)- 1698/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında 25.10.2020-ci il tarixli nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 25.10.2020- ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onlar nikahı toydan qabaq rəsmiləşdirmişlər ki, gənc ailələr üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etsinlər və ev alsınlar.COVİD 19 pandemiyası ilə bağlı toylara icazə verilmədiyindən onların toyu da təxirə salınmışdır.Onların nikahı kağız üzərində olmuşdur.Yani, onunla cavabdeh arasında heç bir zaman nikah əlaqəsi olmamış, ər arvad münasibətində olmamışlar. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2021-ci il, tarixli 2(010)- 1698/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1698/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edildiyindən, ləğv edilməli və iş üzrə yeni qətnanlə qəbul edilməlidir. Qeyd edir ki, ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Hazırkı məqamda da Cavabdeh ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olduğunu bildirmişdir. Belə ki, cavabdehin niyyəti ailə qurmaq olmadığını, məqsəd gənc ailələr üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə edərək yaşayış sahəsi əldə etmək olduğunu, bundan isə onun nikah bağlandığı halda məlumatının olmadını qeyd etmişdir. Daha sonra cavabdehin bu niyyəti ona məlum olduğu üçün tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin bildirmişdir ki, hal-hazırda da cavabdehlə faktiki olaraq ailə qurmamışlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarında olan, AZ-İİ 419139 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 25.10.2020-ci ildə nikaha daxil olmuşlar. Arvada Yusifova soyadı verilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında nikah bağlanmış, lakin iddiaçının bildirdiyinə görə bu nikah formal olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nkaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, hazırkı işdə nikahın etibarsız hesab edilməsinə dəlalət edən hallar mövcud deyildir. İddiaçının istinad etdiyi Ailə Məcəlləsinin 26.1.7-ci - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb edə bilər madəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən maddə baxımından əsaslı hesab edilə bilməz. Çünki, həmin maddə nikah bağlanması üçün vacib olan yuxarıda qeyd edilmiş şərtlərin pozulması ilə bağlanmış nikah barədə xəbərsiz olan tərəfin nikahın etibarlılığını mübahisələndirməsi hüququnu nəzərdə tutur.Hazırkı işdə isə nikah bağlanması üçün vacib olan hansısa şərtin pozulması halı və iddiaçının nikaha daxil olarkən bundan xəbərsiz olması müəyyən edilmir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(010)- 1698/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5450/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5450/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver