Məhkəmə qərarları › İş №2(103)-5453/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5453/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5453/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabbarova Bətula İlyas qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 08 fevral 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil Cabbarova Bətula İlyas qızı, İddiaçı və Cabbarov Telman İdris oğlunun adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cabbarova Bətula İlyas qızının qəyyum və himayəçi təyin edilməsi ilə həmin mənzilə istifadə hüquqları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabbarova Bətula İlyas qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanında yerləşən mənzil 2005-ci ildən 1/3 hissə olmaqla paylı mülkiyyətindədir. Belə ki, anasının vəfatından sonra atası Telman Cabbarov Cabbarova Bətula İlyas qızı (iş üzrə üçüncü şəxs) ilə 1985ci ildə nikh bağlayıb ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman atasının 1-ci nikahdan 2 övladı – o və qardaşı Əli olmuşdur. Bətula Cabbarova atası ilə nikaha daxil olan vaxt opnun 9 yaşı, qardaşı Əlinin isə 14 yaşı olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cabbarova Bətulanın 1-ci nikahından olan qız nəvələridir. Qardaşı Əli Cabbarov 1992-ci ilin may ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüşdür. 1996-cı ildə ailə həyatı quraraq ər evinə köçmüşdür. Sözügedən ünvanda yerləşən mənzildə ağır yataq xəstəsi olan atası Telman Cabbarov və iddiaçı Bətula Cabbarova yaşamışdır. Atası T.Cabbarov 2002-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Cabbarova Bətula atasından miras qalmış mənzilə dair 05 aprel 2003-cü ildə 12 saylı DNK-də vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, miras əmlaka tam sahib olmaqla satmaq istəmiş, bu kimi hallar ona məlum olan kimi məhkəməyə müraciət etmiş, məhkəmə aktları əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilərək Cabbarova Bətula ilə onun adına miras mənzildən hər birinə 1/3 hissə pay müəyyən olunmaqla, 1/3 hissə pay atası Cabbarov Telman İdris oğlunun adında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında ünvan 1 saylı ünvanda hər birinin 1/3 hissə payı olmaqla 2004-cü ildə Bakı şəhəri, İH Tİ və MHQİ-si tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. 2018-ci ildə paylı mülkiyyətində olan mənzildə pasport qeydiyyatına alınmaq istərkən ona məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Cabbarova Bətulanın ərizəsi əsasında onun mülkiyyət hüququ ləğv edilmişdir. Həmin məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilərək paylı mülkiyyət hüququ bərpa edilmişdir. Həmin ərəfədə də məlum oldu ki, paylı mülkiyyətində olan mənzilə Bətula Cabbarova qız nəvələri-İş üzrə cavabdehlər pasport qeydiyyatına onun razılığı olmadan qeydiyyata alınmışdır. Bundan sonra Bakı şəhəri, Yasamal RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Kərimov Məmməd Zakir oğlu 2009-cu ildən, 1996-cı il təvəllüdlü Cavabdeh2 isə 2013-cü ildən ünvan 5 ünvanda pasport qeydiyyatındadır. Bununla bağlı olaraq paylı mülkiyyətdə olan mənzilə onun razılığı olmadan qanunsuz olaraq pasport qeydiyyatına alınmış Kərimov Məmməd Zakir oğlunun və Cavabdeh2 həmin ünvandan pasport qeydiyyatından çıxarılması barədə inzibati orqana ərizə ilə mürciət etmişdir. Ərizəsinə cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli 091-7087C-3222 nömrəli məktubuna əsasən Kərimov Məmməd Zakir oğlunu və Cavabdeh2 ünvan 1 saylı ünvanından pasport qeydiyyatından çıxarmaqdan imtina etmişdir. Bundan sonra o inzibati orqan olan Yasamal Rayon Polis İdarəsinin hərəkətindən Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin vaxt məhkəmə zamanı məlum olmuşdur ki, cavabdehlər onun xəbəri və razılığı olmadan qanunsuz və əsassız olaraq pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşayırlar. Bu səbəbdən də o hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə onun razılığı olmadan və paylı mülkiyyətçilər arasında mənzilin naturada bölgüsü aparılmadan Kərimov Məmməd Zakir oğlu və Cavabdeh2 qanunsuz olaraq ünvan 1 saylı ünvanında pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşadıqlarından onların həmin mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Qanun normasının mənasına görə paylı mülkiyətdə olan əmlaka sahiblik, istifadə və ona dair sərəncam verilməsi mülkiyyətçinin yalnız öz payına düşən hissədə səlahiyyət və hüquq verilir. Digər hallarda paylı mülkiyyətçilərin razılığı tələb olunur. Halbuki Bətulə Cabbarova ilə paylı mülkiyyətində olan mənzilə cavadehlərin pasport qeydiyyatına alınması və onların həmin mənzildə yaşaması barədə aralarında razılaşma olmamışdır.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüququna xitam verilməklə mənzilədn çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı onlara qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı onlara qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair mülki iş vardır. Qeyd edilən işlə bağlı iddia tələbini qəbul etmir və iddia ərizəsinə etiraz edirlər. Belə ki, onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətula İlyas qızının nəvələridir. Mənzilin mülkiyyətçisi Cabbarova Bətula İlyas qızı Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 569 saylı sərəncamına əsasən müvafiq olaraq birinin himayədarı, digərinin isə qəyyumu təyin olunmuşdur.Onlar qeyd edilən sərəncam qəbul edilməmişdən əvvəl də nənələri ilə yaşamışlar. Bu baxımdan onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləri hesab edilirlər və onların qeyd edilən mənzildə istifadə hüquqları vardır. Onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləridir. Onlar həmin mənzildə uşaqlıqdan yaşamışlar və bununla bağlı heç bir yazılı razılıq alınmalı deyil. Odur ki, onların oradan istifadə hüququna xitam verilməsi və onların oradan çıxarılmaları isə mübahisə predmeti ola bilməz.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, 30.1, 30.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1, 30.4, 152.1, 157.2, 157.8, 158.1.2, 158.4, 213.1, 228.1, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabbarova Bətula İlyas qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəblər barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

16. Maddə 30.4. yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

17. Maddə 152.1 mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir.

18. Maddə 157.2 mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər.

19. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Maddə 158.1.2 əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.

21. Maddə 158.4 mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

22. Maddə 213.1 iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 228.1. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

24. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

25. Maddə 5.3 bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

26. Maddə 30.1 yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.2 əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 091-56167-1221 nömrəli məktubundan görünür ki, Cavabdeh1 2009-cu il tarixdən, Cavabdeh2 isə 2013-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar.

38. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilin 1/3 hissəsi ********** qeydiyyat nöməsi üzrə Cabbarova Bətula İlyas qızının, 1/3 hissəsi ********** qeydiyyat nömrəsi üzrə İddiaçı və 1/3 hissəsi isə Cabbarov Telman İdris oğlunun adına qeydə alınmışdır.

39. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 210053 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil Cabbarova Bətula İlyas qızı, İddiaçı və Cabbarov Telman İdris oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

40. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)7403/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı Cavabdeh1, Cavabdeh2, Cabbarova Bətula İlyas qızı və Cabbarov Telman İdris oğlu üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

41. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Axundova Təranə Rəfi qızı 20 avqust 2008-ci ildə Bakı şəhərində “toksiki ensefal opati” səbəbindən vəfat etmişdir.

42. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzildə yaşayan Cabbarova Bətula İlyas qızı hər iki valideynlərini itirmiş və tənha qalmış nəvələri azyaşlı xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 himayədar və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 qəyyum təyin edilmişdir.

43. Kollegiya qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

45. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən edilir ki, cavabdehlər Cabbarova Bətula İlyas qızının qəyyum və himayəçiləri təyin olunmasına görə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüquqları yaranmışdır.

46. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar