Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5455/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "X3 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı (üçüncü şəxslər Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Rayonu Zığ Bələdiyyəsi olmaqla) "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(010)-637/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “X3 Kompani S.A.” şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd edilən özbaşına tikilinin 20.09.2019-cu il tarixdə tikilmiş 40 kv.m ölçüdə olan tikili hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20.09.2005ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X3 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Zığ qəsəbəsi, əməliyyat şirkətinin balansında olan 581 saylı neft quyusundan 119 metr aralıda 39 T 414236.36 m B4470108.04 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(010)-637/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X3 Kompani S.A” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən “..Bu saziş Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan yaxud inzibati sərəncamdan ( və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)” Qeyd olunan mübahisəli torpaq sahəsidə Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüququi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfdən mübahisəli torpaq sahəsinin onun kontrakt sahəsində yerləşməsi barədə yetərincə sübut təqdim edilməsini, icraat müddəti ərzində ekspertiza keçirilərək koordinatı verilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinə aid olmasının təsdiqlənməsini və cavabdehin nə torpaq sahəsinə, nə də tikiliyə dair heç bir hüquq müəyyənedici sənəd təqdim etməməsini birinci instansiya məhkəməsinin hakimi nəzərə alammış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahatında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən ərazi sovet dövründə neft hasilatı üçün ayrılsa da, həmin sahədə sonradan neft çıxmadığından, bələdiyyə həmin ərazini vətəndaşlara fərdi ev tikintisi üçün paylamışdır. O, həmin torpaq sahəsini yerli bələdiyyədən rəsmi qaydada 2001-ci ildə almış və orada 100 kv.m sahədən ibarət ev inşa etmişdir. 2019-cu ildə evin 30 kv.m hissəsi qəzalı vəziyyətə düşmüşdür və üçma təhlükəsi olmuşdur. Bu fakti icra hakimiyyətinin nümayəndələri də gəlib görmüşlər. O, məcbur olub qaynatasının və atasının köməkliyi ilə həmin 30 kv.m metr hissəni əsaslı təmir etmişdir. O, həmin ərazidə heç bir yeni tikinti inşa etməmişdir. Ona görə də, apellyasiya şikayətini əsassız hesab edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən üçüncü şəxslərin nümayəndələri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli, 40 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh fərdi ev tikintisi üçün Zığ Bələdiyyəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılması, bu sahədə tikinti aparılmasına icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin məhkəmə sorğusuna 17 mart 2021-ci il tarixli, 26 saylı cavabından görünür ki, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi üzərində 100 kv.m tikilisi mövcuddur və vaxtlı-vaxtında bələdiyyənin vergilərini ödəyir. İş materiallarında olan Bakı İnzibati məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə «X3 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı 3-cü şəxs Cavabdeh cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, Suraxanı rayonu Zıc bələdiyyəsi tərəfindən cavabdehə 2001-ci ildə verilmiş 600 kv.m torpaq sahəsi və onun üzərində inşa edilmiş 100 kv.m sahəsi olan fərdi yaşayış evi iddiaçı «X3 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində yerləşir. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə daimi yaşayır. Həmin yaşayış evində təmir-tikinti işləri aparılır. İddiaçı qeyd edilən tikilinin 40 kv.m olmaqla mövcud evə bitişik olmaqla, əlavə inşa edildiyini bildirmiş və həmin hissənin sökülməsini xahiş etmişdir. Cavabdeh isə qeyd edilən tikilinin mövcud 100 kv.m evin qəzalı vəziyyətdə olan bir hissəsinin sökülərək yenidən qurulması olduğunu, evin ümumi sahəsinin həmin tikinti ilə birlikdə 100 kv.m ölçünü aşmadığını bildirmişdir. Birinci instansiya məhkeəməsinin sorğusuna Zığ Bələdiyyəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, cavabdehin istifadəsində cəmi 100 kv.m tikili mövcuddur. Bundan başqa, iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdehə məxsus olan tikilinin divarlarında dərin çatlar mövcuddur. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, həqiqətən də cavabdehə məxsus olmuş fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan onun bir hissəsinin cavabdeh tərəfindən yenidən qurulması ilə bağlı işlər aparılmışdır və bu işlər həmin evin əvvəllər mövcud olmuş ölçülərindən kənara çıxmır. İddiaçı isə mövcud 100 kv.m evin deyil, ona əlavə olaraq inşa edilmiş 40 kv.m tikilinin sökülməsini tələb etmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmeti olan tikili cavabdehə 2001-ci ildə Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla verilmiş torpaq sahəsində yerləşmişdir və onun tərəfindən 2001-ci ildə inşa edilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi 2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə iddiaçı «X3 Kompani» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Saziş əsasında sonuncunun istifadəsinə verilmişdir. Göründüyü kimi, qeyd edilən fərdi yaşayış evi cavabdeh tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazi iddiaçının istifadəsinə verilməmişdən bir neçə il əvvəl qanuni əsaslarla inşa edilmişdir. Ona görə də, həmin fərdi yaşayış evinin qəzalı vəziyyətdə olan hissəsinin mövcud ölçülər daxilində yenidən qurulması onun tərəfindən qanunsuz tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin öz yaşadığı 100 kv.m sahəsi olan fərdi yaşayış evinə əlavə 40 kv.m tikili inşa etməsi halı sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(010)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5455/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5455/2021
14.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver