Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5455/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, kanalizasiya və su xəttinin sökülməsi və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) X1 xx.xx.2012-ci il tarixli 434 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin 10 kv.m hissəsindən cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçıya təhvil verilsin; 2) torpaq sahəsinin həmin hissəsində cavabdehin quraşdırdığı kanalizasiya və su xətti sökülsün; 3) cavabdehə məxsus kanalizasiya xəttindən iddiaçıya məxsus fərdi yaşayış evinə çirkab suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 30.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İşdə 3 tələb olduğuna görə məhkəmə işin həlli ilə bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci tələb barədə: Torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi barədə tələb əsassızdır. Belə ki, tərəflər qonşudur, Binəqədi qəsəbəsində hər iki tərəfin fərdi yaşayış evi var. İddiaçının evinə aid olan 150 kv.m torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə X1 xx.xx.2012-ci il tarixli 434 nömrəli qərarı və torpaq sahəsinin cizgisi var. Birinci instansiya məhkəməsində icraaat zamanı eksperiza təyin edilmiş və ekspertin qarşısıda sual qoyulmuşdur ki, iddiaçıya ayrılmış 150 kv.m torpaq sahəsinin hər hansı hissəsi cavabdeh tərəfindən zəbt edilibmi, əgər zəbt edilibsə həmin sahə neçə kv.m təşkil edir? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, iddiaçıya ayrılmış 150 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sualın cavablandırılması mümkün olmadı. Göründüyü kimi, iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi rədd edib. İddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin 10 kv.m torpaq sahəsi bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. 2-ci tələb barədə: Kanalizasiya və su xəttinin sökülməsi barədə tələb əsassızdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, iddiaçıya məxsus olan evin araxa tərəfində cavabdeh tərəfindən kanalizasiya və su xətləri çəkilmişdir. İddaçı iddia edir ki, kanalizasiya və su xətləri həmin torpaq sahəsində, yəni boşaldılması tələb edilən 10 kv.m torpaq sahəsində yerləşir. Lakin göstərilən yerin bələdiyyə qərarı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini müəyyən emək mümkün deyil, bunun səbəbi yuxarıda qeyd olunub. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi rədd edib. İddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, kanalizasiya və su xətləri bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda kanalizasiya və su xəttinin sökülməsi üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. 3-cü tələb barədə: Cavabdehə məxsus kanalizasiya xəttindən iddiaçıya məxsus fərdi yaşayış evinə çirkab suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 30.000 manat ödənilməsi barədə tələb əsassızıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, cavabdehə məxsus kanalizasiya xəttindən su axma-sızma müşahidə olunmadı, hazırda həmin kanalizasiya xətti işlək vəziyyətdədir, iddiaçının evinə ziyan vurulmayıb. Ekspert rəyində daha sonra qeyd olunub ki, iddiaçının evində əmələ gələn nöqsanlar evin tikintisi zamanı antiseysmik kəmərin inşa olunmaması səbəbindən baş verə bilər. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi rədd edib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5455/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5455/2023
22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver