Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5458/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkilləri və nümayəndələri Vəkil3 və Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında əmək münasibəti olub. Cavabdeh iddiaçı təşkilatda Ticarət və marketinq departamentinin müdiri vəzifəsində işləyib. Cavabdehlə bağlanmış əmək müqaviləsi iddiaçının Baş direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 217.042,75 manat, başqasının pul vəsaitindən qanunsuz istifadə edilməsinə görə zərərin əvəzi kimi 15.190 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, cavabdeh həmin vəzifədə çalışdığı müddətdə iddiaçının 712.140,75 manat məbləğində əmlakını mənimsəyib. Belə ki, yoxlama keçrilməsi məqsədilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən kənar auditor cəlb edilib, yoxlama dövrü xx.xx.2020-xx.xx.2021-ci il tarixlərini əhatə edib. Yoxlama nəticəsində cavabdehin iddiaçıya 712.140,75 manat məbləğində zərər vurduğu müəyyən edilib. Cavabdeh cinayət məsuliyyətindən boyun qaçırmaq üçün 495.098 manatı iddiaçının kassasına mədaxil edib. Hazırda cavabdehin vurduğu zərərin 217.042,75 manatı ödənilməmiş qalıb. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 217.042,75 manat, başqasının pul vəsaitindən qanunsuz istifadə edilməsinə görə zərərin əvəzi kimi 15.190 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkilləri və nümayəndələri Vəkil3 və Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci: Tərəflərin arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmayıb. Əmək Məcəlləsinin 199-cu maddəsinin “c” bəndinə görə, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdehin inzibati xəta, cinayət və ya vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlik törətdiyi müəyyən olunmur, çünki bu barədə səlahiyyəti dövlət orqanının qərarı yoxdur. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci hissəsinə görə, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mənimsəmə ilə bağlı cinayət işinin başlanması rədd edilib (iş v. 98). Odur ki, əgər cavabdeh iddiaçıya zərər vurubsa, o, iddiaçının qarşısında yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşya bilər. Əgər hesab olunsa ki, cavabdeh iddiaçıya 712.140,75 manat məbləğində zərər vurub, zərər görə onun maddi məsuliyyəti artıq xitam olunub. Belə ki, iddiaçının özü iddia ərizəsində etiraf edib ki, cavabdeh zərərin bir hissəsini – 495.098 manatı iddiaçının kassasına mədaxil edib. O cümlədən iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, cavabdeh iddiaçının kassasına xx.xx.2021-ci il tarixdə, yəni əmək müqaviləsinin ləğvindən 1 gün sonra 491.000 manat, bundan 2 sonra – xx.xx.2021-ci il tarixdə isə 4.098 manat ödəyib (iş v. 11, 14). Həmin məbləğ cavabdehin orta aylıq əmək haqqının məbləğindən artıqdır. Əmək müqaviləsinin ləğv edildiyi zaman cavabdehin əmək haqqının məbləği 4.614,78 manat olub. Yəni cavabdeh məsuliyyət daşıdığı məbləğdən də artıq pul vəsaiti ödəyib. İkinci: Cavabdehin 217.042,75 manat məbləğində maddi zərər vurduğu sübut olunmur. İddiaçı zərərin vurulduğunu sübut etmək üçün müstəqil auditorun xx.xx.2021-ci il tarixli rəy və hesabatını məhkəməyə təqdim edib (iş v. 26). Həmin rəydə qeyd olunub ki, obyektdə dövriyyə cədvəlləri yarımçıq işlənmişdir, əsas vəsaitlərin analitik uçotu üzrə məlumatlar auditə təqdim edilməmişdir (obyektin mühasibatlığında bu məlumatlar yoxdur), 2020-ci il və 2021-ci il 20 avqust tarixinə qədər obyektin əmlakına cavabdeh şəxs (Cavabdeh) tərəfindən kassa sənədlərinin düzgün işlənməməsi səbəbindən dövriyyə cədvəllərindəki kassa qalıqları real deyil. Kassa qalığı 575.854,14 manat məbləğində çatışmamazlıq baş vermişdir. Mal alışı zamanı 136.286,61 manat mənimsəmə cavabdeh tərəfindən törədilmişdir. Nəticədə cavabdeh tərəfindən obyektə ümumilikdə 712.140,75 manat ziyan vurulmuşdur. Audit mənfi rəyi verilmə tarixinə dəymiş zərərin 500.000 manata yaxını cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Həmçinin xərclərin və kreditor borclarının analitik uçotunun aparılmaması səbəbindən maliyyə hesabatlarında verilən rəqəm göstəriciləri dövriyyə cədvəllərində bu hesabların qalıqları ilə uyğun deyil. Həmin rəy və hesabat məzmununa görə Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.1997-ci il tarixli, 63A nömrəli əmri ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə, 92 nömrə ilə qeyd alınmış “Auditorun yekun sənədləri”nin tələblərinə uyğun deyil. Belə ki, “Auditorun yekun sənədləri”nin “q” bəndi “Yoxlamanın məzmunu” adlanır. Orada qeyd olunub ki, auditor rəyinin bu bölməsində aparılmış yoxlamanın məzmunu, onun həcmi və tətbiq edilmiş standartlar göstərilir. Daha sonra qeyd olunub ki, audit rəyindən istifadə edənlərdə auditin Azərbaycan Respublikasının normativ aktlarının və hamılıqla qəbul olunmuş təcrübənin və ya beynəlxalq standartların tələblərinə uyğun olaraq aparıldığına inam yaranmalıdır. Auditor rəyində göstərilməlidir ki, yoxlama planlaşdırılmış və yoxlanılan hesabatlar haqqında auditorun mülahizələrinin doğruluğuna onun inamını formalaşdırmaq üçün lazımi həcmdə aparılmışdır. Audit yoxlaması zamanı auditor müəssisəsinin uçotundakı kənarlaşmanın və uyğunsuzluqların əhəmiyyətini qiymətləndirməlidir. Odur ki, iddiaçının təqdim etdiyi audit rəyi 712.145,75 manat pul vəsaitinin mənimsənildiyini təsdiq edən sübut sayıla bilməz. Bundan başqa, Xəzər RPİ İŞ müstəntiqinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin məsələ ilə bağlı cavabdehin barəsində cinayət işinin başlanması rədd edilib. Qərarda qeyd olunub ki, 712.145,75 manat pul vəsaitinin mənimsənilməsi barədə göstərilən fakt təsdiq olunmamışdır. Bu qərardan şikayət verilməyib. Həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçının kassasına ödənilməsi zərər vurulduğunun (mənimsəmənin) sübutu kimi qiymətləndirilə bilməz. Hüquqi şəxsə öz işçisi tərəfindən zərər vurulması və onun təqsiri ümumi qaydada sübut olunmalıdır. Ödəniş sübut sayılmır, cavabdeh 712.145,75 manat məbləğində əmlakı mənimsədiyini etiraf edən hər hansı yazılı sənəd (ərizə, izahat və s.) verməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiası rədd olunsun. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5458/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5458/2022
09.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver