Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1741/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1 və X2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 53/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 31 mart 1993-cü il tarixli 127 nömrəli xidməti orderin surətindən görünür ki, Gəncə şəhəri, DOS 84, bina 3, mənzil 32 X1 və ailə üzvləri- arvadı Simuzər, oğlu Elsevər və qızı Aynurənin istifadəsinə verilmişdir. Mənzil bölgüsü komissiyasının iclasının protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28 yanvar 2014-cü il tarixli 12 saylı protokola əsasən N saylı hərbi hissənin A/O qulluqçusu Cavabdeh1 Gəncə şəhəri 84 saylı hərbi şəhərciyin evlər idarəsinin balansından 28 m2 yaşayış sahəsi ayrılmışdır. Yaşayış şəraitinin yoxlanılması haqqında arayışdan görünür ki, komissiya Gəncə şəhəri, 84 nömrəli Hərbi şəhərcik, bina 3, 32 nömrəli mənzilin yaşayış şəraitini yoxlamış, evin sahəsi 28 m2 olmaqla Cavabdeh1, Cavabdeh2 və X5 ibarət 3 nəfər ailə üzvünün həmin mənzildə yaşadıqlarını müəyyən etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 mart 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Hərbi şəhərcik- 84, bina 3, mənzil 32 Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin balansında olmaqla dövlət mülkiyyətinə aiddir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli 2- 1(014)-503/2022 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 1 ünvanda yerləşən 32 nömrəli xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri, Hərbi şəhərcik-84, bina 3, 32 nömrəli mənzili qanunsuz olaraq zəbt etmiş və orada yaşayan Cavabdeh1 və Cavabdeh2 xüsusi təyinatlı yaşayış sahəsini boşaldıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hərbi şəhərcik-84, bina 3, 32 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fonduna aiddir və həmin ərazidə qurulmuş yaşayış sahələrinin qorunub saxlanılmasını və təyinatı üzrə istifadəsini Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Hərbi Qulluqçuların statusu haqqında qanuna və Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən həyata keçirilir. Bütün bunlara baxmayaraq, 1993-cü ildə Gəncə şəhəri, 84 nömrəli Hərbi şəhərcik, bina 3, mənzil 32 xidməti mənzil 127 nömrəli orderə əsasən hərbi qulluqçu X3 ilə ailə üzvlərinə verilmiş və bir müddət istifadələrindən sonra ailə mənzildə olmadıqda Kəlbəcər qaçqını X6 və ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Müvafiq qaydada mənzilin boşaldılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli fərmanına əsasən vətəndaşın müvəqqəti mənzillə təmin olunana qədər adı gedən mənzildən hərbi qulluqçu X3 və ailə üzvləri tərəfindən təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. 2019-cu ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Komitənin və Müdafiə Nazirliyinin Mənzil Fondunun əməkdaşları ilə birgə inventarlaşma aparılmış və bir çox nöqsanların olduğu məlum olmuşdur. Qaçqınlar və Məcburi köçkünlər son illər ailə üzvləri ilə birlikdə müvəqqəti mənzillərlə təmin olunduqdan sonra uzun müddət istifadə etdikləri yaşayış sahələrini müvafiq qaydada balans saxlayıcı olan qurumlara təhvil vermədən, bundan əlavə şəxsi maraqlarını güdərək mənzilləri istədikləri vətəndaşlara vermişlər. Bu kimi hallar Gəncə Qarnizonu ərazisində yerləşən bütün hərbi şəhərciklərində olduğundan xüsusi təyinatlı yaşayış sahəsinin qorunub saxlanılmasında və Ordu sıralarında xidmət edən hərbi qulluqçular arasında mənzillərin paylanmasında əhəmiyyətli çətinliklər yaranır. Belə hallardan biri Gəncə şəhəri, Hərbi şəhərcik-84, bina 3, 32-də qeydə alınmış və mənzilə vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə 2016-cı ildə qeyri-qanuni daxil olaraq balans saxlayıcı olan Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinin heç bir məlumatı olmadan yaşayış sahəsindən uzun müddət istifadə edir və heç bir kommunal xərc ödəmədən yaşamağa davam edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, Cavabdeh1 hərbi hissədə qısa müddət ərzində mülki qulluqçu kimi işləmişdir. O, mübahisəli mənzilə özbaşına yiyələnmiş, bu barədə səlahiyyətli şəxslərin qərarı olmamışdır. Mənzil komissiyasının üzvləri kiməsə mənzil vermək səlahiyyətinə malik deyillər. Komissiyanın işi mənzil ehtiyacı olan hərbi qulluqçuları müəyyən edib qeydiyyata almaqdır. Mənzilin ayrılması üçün Mənzil İstismar İdarəsinin qərarı olmalıdır. Buna görə də cavabdehlərlə haqlı olaraq kirayə müqaviləsi bağlanılmamışdır. Hazırda cavabdehlər mənzildən qanunsuz istifadə edirlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən mənzil hərbi hissənin mənzil komissiyasının 28 yanvar 2014-cü il tarixli qərarı ilə hərbi hissədə mülki qulluqçu işləmiş əri Cavabdeh1 verilmişdir. Hazırda onlar boşanmışlar, Cavabdeh1 də hərbi hissədə xidmət etmir. Onlar mənzilə dair kirayə müqaviləsi bağlamalı olmalarından məlumatları olmadığı üçün əvvəlcə belə müqavilə bağlanmamışdır. Sonradan müqavilə bağlamaq üçün müraciət etsələr də Gəncə Rayon Mənzil İstismar Hissəsi onlarla mənzilin kirayəsi müqaviləsi bağlamalı olduğu halda bundan əsassız olaraq imtina etmişlər. O və digər cavabdeh Gəncə şəhəri, Hərbi şəhərcik, bina 3, 32 saylı xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəmədə iddia qaldırmış, yekun məhkəmə qərarında kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkünsüz sayılmışdır. Hazırda onlar Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırıblar. Hətta mənzil onlara qanunsuz verilibsə belə, o, həmin mənzilə xərc çəkmiş, təmir etdirmişdir. Bütün bu müddət ərzində iddiaçı və digər şəxslər onlara heç bir irad bildirməmişdir. Buna görə də iddianı əsassız hesab edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-53/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Qocayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansında olan ünvan 2 ünvanda yerləşən 32 nömrəli xüsusi təyinatlı mənzildən çıxarılaraq mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hərbi şəhərcik- 84, bina 3, 32 nömrəli xüsusi təyinatlı mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşamalarının əsasının qanuni olduğunu iddia etmiş, iddiaçı isə cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsasın olmadığını bildirmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahələri vətəndaşlara kirayə müqavilələri əsasında verilir və həmin kirayə müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə cavabdehlər arasında mübahisəli mənzilə dair kirayə müqaviləsi olmadığından həmin mənzildən cavabdehlərin istifadəsi üçün heç bir əsas yoxdur. Buna görə də iddiaçının cavabdehlərin mənzili boşaltmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə tələbi əsaslıdır. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdehlər öz növbələrində N saylı hərbi hissəsinin komandiri tərəfindən təsdiq edilmiş, həmin hərbi hissəsinin mənzil komissiyasının 28 yanvar 2014-cü il tarixli qərarı ilə onlara ayrılmış Gəncə şəhəri 84 nömrəli hərbi şəhərcik, bina 3, 32 saylı xüsusi təyinatlı mənzilə dair onlarla kirayə müqaviləsi bağlanması öhdəliyinin Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil İstismar Hissəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Səbəb isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinin inzibati orqan olmaması və iddiaya cavab verməli inzibati orqanın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin olması qeyd edilmiş, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Mənzil İstismar İdarəsinə qarşı iddia qaldırmaq hüququqları onlara izah olunmuşdur. İşə cəlb edilmiş üçüncü şəxslərin isə işdə iştiraklarına mənzilə heç bir hüquqları olmadığı üçün xitam verilmişdir. Bu səbəbdən də cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı yeni iddia ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda hesab edirlər ki, Gəncə İnzibati Məhkəməsində baxılacaq işin nəticəsi hazırki iş üzrə qəbul ediləcək qərara təsir edəcəyindən (daha əvvəl eyni əsasla işin icraatının dayandırılması nəzərə alınmaqla) həmin iş həll edilənədək hazırki iş üz üzrə icraat dayandırmalı idi. Məhkəmə isə bundan əsassız olaraq imtina etmişdir. Məhkəmə onun mübahisəli mənzildən çıxmalı olduğu ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və gəlinən nəticə sübutlarla əsaslandırılmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə müəyyən edilmişfaktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycam Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hərbi şəhərcik-84, bina 3, 32 nömrəli xüsusi təyinatlı mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşamalarının əsasının qanuni olduğunu iddia etmiş, iddiaçı isə cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsasın olmadığını bildirmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahələri vətəndaşlara kirayə müqavilələri əsasında verilir və həmin kirayə müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə cavabdehlər arasında mübahisəli mənzilə dair kirayə müqaviləsi olmadığından həmin mənzildən cavabdehlərin istifadəsi üçün heç bir əsas yoxdur. Buna görə də iddiaçının cavabdehlərin mənzili boşaltmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə tələbi əsaslıdır. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində mənzil-istismar xidməti və mənzil təminatı haqqında Təlimat»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 55№-li qərarının 1.fəslinin 1.1 bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mənzil istsmar xidmətinə ümumi rəhbərliyi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi həyata keçirir. 1.2. Müdafiə Nazirliyinin Mənzil İstsmar İdarəsi, Müdafiə Nazirliyinin mənzil-istismar xidmətlərinə bütövlükdə rəhbərlik edir və hərbi hissəsləri təyin olunmuş normalara uyğun olaraq bütün növ mənzil təminatları ilə təmin edir. 1.3. bəndinə əsasən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə aşağıdakılar həvalə edilir: 1.3.11.hərbi qulluqçuların, fəhlələrin və qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsinin, MN satın aldığı, inşa etdiyi (etdirdiyi) yaşayış binalarındakı mənzillərin, yataqxanalardakı yaşayış sahələrinin uçotunun aparılması; 1.3.13. qarnizonlarda yaşayış sahəsinin bölüşdürülməsinə və mənzil fondunun düzgün istifadə edilməsinə nəzarət; 1.4. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinə bilavasitə aşağıdakıla tabedir: 1.4.1. rayon mənzil-istsmar hissələri; 1.9. Silahlı Qüvvələrin Qarnizon və Qaravul Xidmətləri Nizamnaməsinin 46-cı bəndində nəzərdə tutulan vəzifələrdən əlavə, rayon mənzil-istsmar hissəsi rəisinə aşağıdakılar həvalə edilir. 1.9.1. Müdafiə Nazirliyinin yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçularının, fəhlələrin və qulluqçuların qeydiyyata alınması; 1.9.3. Dövlət təminatı və digər qaydada alınan yaşayış sahələrinin qeydiyyata alınması; 1.9.4. yaşayış sahələrinə yerləşdirilmə üçün müəyyən edilmiş qaydada sənədlərin rəsmiləşdirilməsi. Göründüyü kimi rayon mənzil istismar hissəsinin tərkibində formalaşan komissiyanın mənzillərə dair qərar qəbul etmək səlahiyyəti olsa da həmin komissiyalarda hüquqi şəxs və ya inzibati orqan deyildir. Müdafiə Nazirliyinin Mənzil İstsmar İdarəsi Müdafiə Nazirliyinin mənzil-istismar xidmətlərinə bütövlükdə rəhbərlik edir və hərbi hissəsləri təyin olunmuş normalara uyğun olaraq bütün növ mənzil təminatları ilə təmin edir. Beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi subyektiv hüquqa malik deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-53/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1741/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1741/2023
07.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver