Məhkəmə qərarları › İş №2(103)-5461/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5461/2025

14.11.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5461/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi bağlamaq öhdəliyinin həvalə edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-500/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,075 ha təşkil edən 1228b nömrəli bağ sahəsi ilə bağlıdır (bundan sonra – bağ sahəsi). Bağ sahəsi cavabdehin mülkiyyətindədir. 2.Tərəflərin arasında xx.xx.2021-ci il tarixli “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə bağlanıb. Müqaviləyə əsasən, cavabdeh üzərinə öhdəlik götürüb ki, bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra onu 160.000 manata iddiaçıya satacaq, iddiaçı isə üzərinə öhdəlik götürüb ki, bağ sahəsini həmin qiymətə alacaq. Bundan başqa, müqavilədə qeyd olunub ki, iddiaçı satış qiymətinin 60.000 manatını müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsilə cavabdehə ödəyir, satış qiymətinin 73.900 manatını 2 ay müddətində, qalan 26.100 manatını isə əsas müqavilə bağlanarkən cavabdehə ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, 160.000 manatın 96.925 manatı ödənilmiş hesab edilməklə, qalan 63.075 manatın iddiaçı tərəfindən cavabdehə ödənilməsi şərtilə bağ sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi cavabdehə həvalə edilsin. 4.Tələb onunla əsaslandırılıb ki, tərəflərin arasında bağ sahəsinin 160.000 manata alqı-satqısı barədə razılıq əldə olunub. Bağ sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olub, kreditlərin ödənilməsində cavabdehin çətinlikləri olub, hətta kredit vaxtında ödənilmədiyinə görə bank tərəfindən cavabdehə cərimə tətbiq edilib. Bu səbəbdən alqı-satqı müqaviləsinin bağlanması mümkün olmayıb. Tərəflər belə razılığa gəliblər ki, ilkin alqı-satqı müqaviləsi bağlasınlar, iddiaçı 160.000 manatın bir hissəsini, yəni 60.000 manatı ilkin ödəniş olaraq müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsi cavabdehə ödəsin. Cavabdeh razılaşıb və bildirib ki, bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra alqı-satqı müqaviləsi bağlayarlar. Bundan sonra ilkin alqı-satqı müqaviləsi bağlanıb, 60.000 manat depozit hesab vasitəsilə ödənilib, lakin bir müddət sonra cavabdeh iddiaçıya müraciət edərək kreditləri vaxtında ödəmədiyi üçün bank tərəfindən 13.870 manat cərimə tətbiq edildiyini, həmçinin kreditin ödənilməsində də çətinlik çəkdiyini bildirib və ona köməklik göstərilməsini xahiş edib. Cavabdeh təklif edib ki, iddiaçı 13.870 manatı onun əvəzindən banka ödəsin, habelə qalan kredit borcunu hər ay onun əvəzindən banka ödəsin, alqı-satqı müqaviləsi bağlanan zaman bunlar nəzərə alınacaq. İddiaçı cavabdehə inanaraq cərimənin ödənilməsi üçün 13.870 manat pulu oğlu vasitəsi ilə cavabehə təqdim edib, qalan kredit iddiaçının oğlu tərəfindən hər ay banka ödənilib. Hətta bağ sahəsinin ipotekadan azad edilməsi və bildirişin ləğv edilməsi üçün ödənişləri də iddiaçının oğlu ödəyib. İlkin alqı-satqı müqaviləsi bağlanarkən ödənilmiş 60.000 manatdan savayı iddiaçı tərəfindən cəriməyə görə 13.870 manat, kreditə görə 23.055 manat ödənilib. Ümumilikdə, iddiaçı cavabdehə 96.925 manat pul ödəyib. Bağ sahəsi ipoteka yüklülüyndən azad edildikdən sonra iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını cavabdehdən tələb etsə də cavabdeh alqı-satqı müqaviləsini bağlamaqdan imtina edib. 5.Cavabdeh iddia tələbinə etiraz edib, etirazını onunla əsaslandırıb ki, iddiaçı ilkin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozub. 6.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, ilkin alqı-satqı müqaviləsi üzrə 96.925 manat ödənilmiş hesab edilməklə, iddiaçı tərəfindən 63.075 manat ödənilməsi şərtilə əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Apellyasiya icraatı zamanı cavabdehin arvadı X1 üçüncü şəxs kimi tanınıb, lakin o, məhkəmə iclasına gəlməyib, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edib. O, həmin ərizədə mövqeyini belə əsaslandırıb ki, bağ sahəsi nikah müddətində əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılır, ilkin müqavilə onun razılığı olmadan bağlanıb. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İlkin müqavilədə müəyyən edilən pul öhdəliyinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qanunvericiliyə görə, ilkin müqavilə və alqı-satqı müqaviləsi ayrı-ayrı anlayışlardır, ”ilkin alqısatqı müqaviləsi” anlayışı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsində ilkin müqaviləyə verilmiş anlayışdan görünür ki, ilkin müqavilədə pul öhdəliyi müəyyən oluna bilməz, ilkin müqavilə ilə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən oluna bilər. Pul verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir, əsas müqavilə bağlanmadan pul vermək öhdəliyi yarana bilməz. 11.İlkin müqavilə cavabdehin arvadının - üçüncü şəxs Xumar Əmiraslanovanın razılığı olmadan bağlandığına görə etibarsızdır. Belə ki, cavabdeh və üçüncü şəxsin nikahı xx.xx.1993-cü il tarixdə bağlanıb, cavabdeh bağ sahəsini nikah müddətində əvəzli əqd, yəni xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib (iş v. 46) və bağ sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından, bağ sahəsi cavabdeh və üçüncü şəxsin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı madəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Üçüncü şəxsin məhkəməyə göndərdiyi ərizədən görünür ki, ilkin müqavilənin bağlanması onun iradəsinə ziddir, müqaviləni bəyənmir. 12.Bundan başqa, əgər şərti olaraq hesab olunsa ki, ilkin müqavilə etibarlıdır, bu halda ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinin birinci cümləsinə görə, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. İlkin müqavilədə əsas müqavilənin bağlanmalı olduğu müddət “bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra” kimi göstərilib. Müddətin bu qaydada müəyyən edilməsi Mülki Məcəllənin 367.2 və 367.3-cü maddələrinin göstərişlərinə ziddir. Həmin maddələrə görə, müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir, müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi hökmən baş verməli olan hadisə sayılmır, çünki ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə əmlak ipoteka yüklülüyündən azad edilməyə və ona tutma yönəldilə bilər. Odur ki, müddətə dair şərt etibarsız sayılır və hesab olunur ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməyib. Mülki Məcəllənin 402.4-cü maddəsinin ikinci cümləsinə görə, belə halda əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin müddət xx.xx.2022-ci il tarixdə bitib. Bu müddət bitənədək ilkin müqavilə bağlnmayıb və ya müddət bitənədək tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməyib. Mülki Məcəllənin 402.5-ci maddəsinə görə, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 13.Beləliklə, birinci instansiya məhkıəməsi maddi hüquq normasını pozduduğundan qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-500/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi bağlamaq öhdəliyinin həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar