Məhkəmə qərarları › İş №2(103)-5462/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5462/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5462/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs hesab edilən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən, 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1382/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsi yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3059/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən olunmaqla verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5462/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxs hesab edilən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hazırki qətnamə Maraqlı şəxs hər hansı hüququna toxunmur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5462/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs hesab edilən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi qərardadından mübahisələndirilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı ünvan 2 ünvanda yerləşən, 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülmə barədə ərizəsinə baxılmış və işin icraatına MPM-nin 264.4-cü maddəsinə istinad olunmaqla xitam verilmişdir. Kollegiya qeyd edir ki, istinad edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının mövcudluğu hazırkı tələb üzrə qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulması kimi qiymətləndirilə bilməz. Belə ki, hazırkı iddia üzrə iddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş fərdi yaşayış evinin alğı-satqısına dair ilkin müqavilə əsasında əldə etdiyi ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Kollegiya qeyd edir ki, müqavilə əsasında əldə etdiyi mənzilə köçürülməsini tələb edən iddiaçının həmin mənzilə köçürülməsi Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunması hazrırkı işin halları baxımından sübut olunmur. Bu isə onu deməyə əsas verir ki, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti MPMnin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-ci maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu halda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5462/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs hesab edilən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5462/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar