Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5463/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" MMC-yə (Cavabdeh BOKT MMC-yə) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə ödəncin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" MMC-yə (Cavabdeh BOKT MMC-yə) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə ödəncin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4700/2024 saylı qətnaməsindən iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Qanuni nümayəndə ilə Cavabdeh BOKT MMC (hazırki adı "xxxx" MMC – bundan sonra cavabdeh) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 1.700 manat məbləğində əmək haqqı ödənilməklə xx.xx.2025-ci il tarixədək cavabdeh cəmiyyətə əlavə iş yeri üzrə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 5-M nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən 7 (yeddi) gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, işə başlama tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, onu xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Bundan sonra, həmin günü iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsini və xx.xx.2024-cü il tarixdən etibarən tutduğu vəzifəyə (baş hüquqşünas) geri qayıtmağa şərait yaradılmasını xahiş etmişdir. Eyni məzmunlu müraciəti elektron poçt vasitəsi ilə öz elektron poçt ünvanından cavabdehin elektron poçt ünvanına da göndərmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 23 K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən (işçinin təşəbbüsü ilə) xitam verilmiş və həmin tarixdə son haqq hesab olaraq, ona 656,63 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin sənədlərin baş ofisdən götürülməsinin mümkün olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi cavabdeh tərəfindən “Əmək və məşğulluq” altsisteminə xx.xx.2024-cü il tarixdə saat 15:10-da daxil edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Qanuni nümayəndə Cavabdeh BOKT MMC-yə (hazırda "xxxx" MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 23K saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günədək 1.700 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günədək 1.700 manat aylıq əmək haqqının 1 faizini, yəni 17 manatın hər gün üçün hesablanaraq ona ödənilməsi, cavabdehdən onun xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq, 1.000 manat məbləğində pulun, habelə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış, eyni zamanda götərmişdir ki, o, öz hesabına məzuniyyətdən qayıtdıqdan sonra rəhbərliyin otağına çağırılmış və ona deyilmişdir ki, artıq yollar ayrılmalıdır və o, ərizə yazmalıdır. O otaqdan çıxdıqdan sonra ərizə yazaraq işdən ayrılmaq istədiyini bildirmiş və iş yerini tərk etmişdir. Lakin daha sonra fikrini dəyişərək, işdə qalmaq istədiyini başa düşmüşdür. Elə həmin gün ərizə yazaraq işdən çıxma ərizəsini geri götürdüyünü bildirmiş, həm poçtla, həm də mail vasitəsilə ərizəsini göndərmişdir. Təcili poçtla bağlı qəbzi iş materiallarına əlavə etmişdir. Ərizə şirkətin işçisi tərəfindən qəbul edilmişdir. Eyni gündə Əmək Müfəttişliyinə müraciət etmiş və şirkətə barışıq təklif etmişdir. Lakin bu müraciətlər heç biri müsbət nəticə verməmişdir. Məhkəmədən pozulmuş hüquqlarının və tutduğu vəzifəyə bərpa edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4700/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X7)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xəbərdarlıq müddəti işçi işdən konkret vaxt, tarix göstərmədiyi zaman kəsimi üçün nəzərdə tutulub və xəbərdarlıq müddəti daha çox işəgötünənin hüququnu qorumaq məqsədi daşıyır. Əmək qanunvericiliyi işdən çıxmaqla bağlı işçiyə xəbərdarlıq müddətinə riayət etməklə bağlı öhdəlik qoyur, yalnız istisna hallarda xəbərdarlıq müddətinə riayət edilməməsinə icazə verilir. Bununla yanaşı əmək qanunvericliyində işçinin xəbərdarlıq müddətini gözləmədən dərhal və ya onun müəyyən etdiyi müddətdə əmək münasibətlərinə xitam vermək hüququ vardır. Belə ki, AR ƏM-nini 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyi bu halların dairəsini açıq saxlamış, digər hallarda da işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsini mümkün hesab etmişdir. Eyni zamanda ƏM-nin 69-cu maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki iş üzrə işçi öz ərizəsində xx.xx.2024-cü il tarixini qeyd etmiş, işəgötürən isə həmin gün işdən çıxma əmrini qəbul etmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2-ci, 2.3cü, 3.3-cü, 3.9-cu, 10-cu, 11-12-ci, 14-cü, 45.1-ci, 68-ci, 69-cu, 83-cü, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci, “Dövlət resumu haqqında” Qanunun 9.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
7. Həmin qətnamədən iddiaçı Qanuni nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdehin təhdidi ilə işdənçıxma barədə ərizə yazmış, lakin 1 saat sonra “Royal express” poçt daşıyıcısı vasitəsi ilə yenidən işə bərpa olunması üçün müraciət etmişdir. Lakin cavabdeh ona xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermiş və onun ərizəsinə məhəl qoymamışdır. Əmək müqaviləsinə xitam verilərkən, ona nə əmr, nə də ki, əmək kitabçası təqdim edilməmişdir. Onun xx.xx.2024-cü il tarixli yazılı müraciətindən sonra o, baş ofisə dəvət edilmiş və ona yalnız əmək kitabçası təqdim edilmişdir. İşdən azad olunması barədə əmr ona verilməmişdir. Lakin birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməyərək, qanuni və əsaslı qətnamə çıxarmamışdır. Qətnamə sadəcə formal mülahizələrə əsaslanaraq, çıxarılmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İştirak etdiyi məhkəmə iclasında iddiaçı Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işəgötürən onu xx.xx.2024-cü il tarixdə yanına çağıraraq işdən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur etmiş, daha ciddi konflikt yaranmaması üçün o, ərizəni yazmağa razılaşmışdır. Həmin gün ərizənin geri götürülməsi barədə təkrar ərizə ilə müraciət etmiş, müraciəti həm kuryer xidməti vasitəsilə, həm də elektron poçt vasitəsilə göndərmişdir. Elektron poçt vasitəsilə göndərdiyi müraciətin vaxtı qeydə alınmışdır. Kuryer vasitəsilə göndərilmiş ərizənin çatdırılma vaxtını bilməsə də qəbzə əsasən ərizə həmin gün iş vaxtı ərzində cavabdehin işçisi tərəfindən qəbul edilmişdir. Həmin gün axşam saatlarında son haqq-hesab pulunun ödənilməsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Onun vəzifəsinə hazırki vaxtadək heç kim işə götürülməmişdir. İşəgötürənin onunla söhbət etməsində əsas məqsədi onun öz xahişi ilə işdən çıxması olmuşdur. İşdən çıxma barədə ərizəni təsir altında qalaraq yazmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin (Cavabdeh BOKT MMC) nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ərizəsində işdən çıxmaq istədiyi tarixi qeyd etmiş və onun ərizəsinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. Məcəllədə qeyd olunan xəbərdarlıq müddəti işəgötürənin mənafeyini qorumaq üçün nəzərdə tutulub. İşçi əmək müqaviləsinə xitam verilməsini istədiyi tarixi qeyd etmədiyi halda xəbərdarlıq müddətinin göstərilməsi vacibdir. İddiaçının ərizəsi cavabdehə daxil olan zaman artıq əmək müqaviləsinə xitam verilməsi barədə əmr mövcud idi. İddiaçı ərizəsini yazdıqdan sonra iş yerini tərk etdiyi üçün həmin gün ona əmrin surətinin təqdim edilməsi mümkün olmamışdır. Bir neçə gün sonra özünün müraciəti əsasında əmrin surəti iddiaçıya rəsmi təqdim edilmişdir. İşdən çıxmaya görə son haqq-hesab həmin gün iddiaçıya ödənilmişdir. İddiaçı müvafiq yoxlama ilə bağlı Əmək Müfəttişliyinə məktub da göndərmişdir. Əmək Müfəttişliyinin mövqeyinə görə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı heç bir qanun pozuntusu olmamışdır. Hazırda iddiaçının əvvəlki vəzifəsində digər şəxs işləyir. İşəgötürənin işçi ilə heç bir şəxsi və qərəzli münasibəti olmamış, işçi ilə söhbət aparılmış və bu zaman ona onunla birlikdə işləmək istənilmədiyi bildirilmişdir. İşçi ilə aparılmış söhbət tam işgüzar etikaya uyğun olmuşdur. İşçi ərizə yazmağa məcbur edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq, bildirmişdir ki, işçi öz xahişi ilə işdən çıxmağa razı olmasa idi, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı işəgötürənin təşəbbüsü ilə işdən çıxarıla bilərdi.
12. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir; 131-ci maddəsinin 2-ci hissəsinə əsasən işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 196-cı maddəsinin 5-ci hissəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur; 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir; 290-cı maddəsinin qeyd hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 11-ci bəndinə əsasən işçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə iddianı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mediasiya xərcinin tutulması” hissəsində təmin etməməkdə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissələrdə təmin edilməlidir.
20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış (əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş elektron sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir) müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 1.700 manat məbləğində əmək haqqı ödənilməklə xx.xx.2025-ci il tarixədək cavabdeh cəmiyyətə əlavə iş yeri üzrə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə təqdim etsə də, bir neçə saat sonra həm sürətli, həm də elektron poçt vasitəsi ilə yeni ərizələrlə cavabdehə müraciət edərək, bu ərizənin etibarsız hesab edilməsini və əmək fəaliyyətinin davam etdirilməsinə şəraitin yaradılmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən (işçinin təşəbbüsü ilə) xitam verilmiş və həmin tarixdə son haqq hesab olaraq, ona 656,63 manat məbləğində pul ödənilmişdir.
21. Hazırda iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ərizəni xx.xx.2024-cü il tarixdə iradəsinə zidd olaraq, cavabdeh cəmiyyətin rəhbərinin təhdidi altında yazdığını, işdən çıxmaq fikrinin olmadığını, ərizə yazdıqdan qısa müddət sonra həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizələrlə cavabdehə müraciət etdiyini, buna baxmayaraq, həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, bununla da əmək qanunvericiliyinin tələblərinin pozulduğunu bildirir və bu barədə əmrin ləğv edilməsini xahiş edir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə xitam verildiyini qeyd edir və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
22. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır və həmin vaxt yaranmış (mövcud olan) hər hansı bir halla bağlıdır ki, onun da yuxarıda göstərilən səbəblərdən ərizədə qeyd edilməsi zəruridir.
23. Hazırki iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin ərizədə bunun hansı halla bağlı olduğunu qeyd etməmiş və bundan sonra iş yerini tərk edib getmişdir. Bu hadisə təxminən səhər saat 10:00 radələrində baş vermişdir. Bir neçə saat sonra isə iddiaçı 2 üsulla cavabdehə müraciət edərək, həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. X5 xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş məlumata əsasən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi cavabdeh tərəfindən “Əmək və məşğulluq” altsisteminə saat 15:10-da daxil edilmişdir. Sifarişli poçt xidməti tərəfindən iddiaçının ərizəsinin cavabdehə çatdırılması vaxtı barədə hər hansı məlumat olmasa da (iddiaçı 2-3 saatdan sonra göndərildiyini, cavabdeh isə bunun hər hansı əhəmiyyətinin olmadığını bildirir), elektron poçt vasitəsi ilə göndərilmiş digər ərizənin cavabdehin rəsmi elektron poçtuna bundan əvvəl, yəni saat 14:17-də göndərilməsi öz təsdiqini tapır.
24. Bununla belə, ən azı elektron poçt vasitəsi ilə ərizə (müraciət) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsindən əvvəl göndərilmiş, bununla da iddiaçı əmək münasibətlərinin davam etdirmək niyyətində olduğunu bildirmişdir. Belə olan halda, əmək müqaviləsi ləğv edilə bilməzdi. Hüquqi nəticə etibarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmamaqla ləğv edilmişdir. İddiaçının ərizələrinin hüquqi qüvvəsi olmuş, lakin onlar cavabdeh tərəfindən nəzərə alınmamışdır.
25. Məhkəmə kollegiyası bu mövqeyinin davamı olaraq onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr də nəinki həmin gün, hətta 2024-cü ilin aprel ayının əvvəlində belə iddiaçıya təqdim edilməmişdir. Bu hal əmrin və əmək kitabçasının təhvil verilməsi ilə bağlı tərəflər arasında olan yazışma ilə də öz təsdiqini tapır (02 və 04 aprel, i.v. səh.10-11). Əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verildikdən sonra nəinki dərhal, hətta bir müddət həmin vəzifəyə hər hansı şəxs işə qəbul edilməmişdir. Cavabdeh tərəf 2 həftədən sonra başqa şəxsin bu vəzifəyə işə qəbul edildiyini, lakin 1 aydan sonra işdən çıxdığını, bir də həmin vəzifəyə işçinin, işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman qəbul edildiyini bildirir, lakin bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Təqdim etdiyi təqdirdə belə yenə də 2 həftə ilə bağlı reallıq dəyişilməz qalır. Göstərilənlər öz növbəsində cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir.
26. Məhkəmə kollegiyası ərizəni cavabdehin rəhbərinin təhdidi altında yazılması barədə dəlili ilə bağlı vurğulayır ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən 7 (yeddi) gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və bundan sonra işə məhz xx.xx.2024-cü il tarixdə başlamışdır. Bu tarixdə də iş yerinə gəldikdən bir saat sonra əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət edərək, həmin günü onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin ərizəsində bu təxirə salınmazlığın hansı halla bağlı olduğunu göstərməmişdir. Həm ərizə verilənədək, həm də ərizə verildikdən sonra iddiaçının nəinki həmin günü, hətta ümumiyyətlə işdən çıxmasının hər hansı bir səbəbi müəyyən edilməmişdir. Cavabdeh də bu hərəkətin hər hansı halla bağlı olduğunu bildirmir, iddiaçının iradə ifadəsi olduğunu qeyd edir. Halbuki, bir mənalı şəkildə bu təcililiyin səbəbi olmalıdır. Belə nəticəyə gəlmək olur ki, ödənişsiz məzuniyyətdən qayıtdıqdan və həmin vaxt müddət etibarı ilə cəmi 1 ay işlədikdən sonra cavabdehlə hər hansı ziddiyyətli münasibətin, habelə əmək fəaliyyəti ilə bağlı narazılığın olmadığı bir şəraitdə, hüquqşünas olan iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin ona verdiyi 1 aylıq xəbərdarlıq müddətindən və bu müddət ərzində 1.700 manat əmək haqqı almaq imkanından istifadə etməyərək, habelə hər hansı səbəb göstərməyərək, 1.700 manat aylıq əmək haqqı olan işdən ərizə yazdığı xx.xx.2024-cü il tarixdə çıxır və bundan sonra hər hansı yerdə əmək fəaliyyəti ilə məşğul olmur. Halbuki, bu nəticənin nəinki məntiqi, ümumiyyətlə hər hansı izahı yoxdur.
27. Nəticədə iddiaçının ödənişsiz məzuniyyətdən istifadə etməsi də anlaşılmaz olur. Belə ki, iddiaçının iradə ifadəsinə münasibətdə onun ödənişsiz məzuniyyətdə olması ilə ərizə yazmasının hər hansı səbəbli əlaqəsi müəyyən edilmir. Belə olan halda, ərizənin məhz həmin məzuniyyətdən sonra yazılması, ümumiyyətlə bu məzuniyyətə olan zərurətin səbəbləri aydın deyil. Digər tərəfdən iddiaçı işdə cəmi bir saat olmuş və ərizə yazdıqdan sonra iş yerini tərk etmiş, həmin vaxt hər hansı təhvil təslim də aparılmamışdır. Belə olan halda, qəti niyyətdə olan iddiaçı həmin ərizəni iş yerinə getmədən də poçt xidməti vasitəsi ilə göndərə bilərdi.
28. Məhkəmə kollegiyası o hala da diqqət yetirir ki, ərizə yazdıqdan sonra iddiaçı bu barədə əmri və əmək kitabçasının ona təhvil verilməsini gözləmədən iş yerini tərk etmiş, bundan sonra xx.xx.2024-cü il tarixli məktubla cavabdehə müraciət edərək, həmin sənədlərin ona təhvil verilməsini tələb etmişdir. Halbuki, öz iradəsinə əsasən tutduğu vəzifədən azad olunan iddiaçının həmin gün bir müddət gözləməklə, habelə sonradan razılaşdırılmış vaxtda həmin yerə getməklə bu sənədləri təhvil almasına hər hansı maneə olmamalı idi və iddiaçı bu məsələdə belə bir çətinliklərlə üzləşməməli idi.
29. İddiaçının tutduğu vəzifədən azad edildikdən sonra həmin vəzifəyə 2 həftə sonra başqa işçinin götürüldüyü bildirilir. Başqa sözlə, xx.xx.2024-cü il tarixdə cavabdehin bu vəzifəyə hər hansı namizədi olmamışdır. Buna baxmayaraq, son haqq-hesab həmin günü nahar vaxtı, saat 13:54-də köçürülmüş, müvafiq bildiriş isə sistemə 15:10-da daxil edilmişdir. Bu rəsmiləşdirmənin belə qısa müddət ərzində və iddiaçının işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinə məhəl qoymadan aparılmasına olan zərurətə də hər hansı aydınlıq gətirilməmişdir.
30. Bununla belə, 26-29-cu bəndlərdə göstərilənlər, habelə iddiaçının X6 Xidmətinə pozulmuş hüquqların bərpa edilməsi barədə xx.xx.2024-cü il tarixdə məktub ünvanlaması və cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibətdə fikirləri (işəgötürənin işçi ilə heç bir şəxsi və qərəzli münasibəti olmayıb, işçi ilə söhbət aparılıb və ona birlikdə işləməyin istənilmədiyi bildirilib. İşçi ilə aparılmış söhbət tam işgüzar etikaya uyğun olub. İşçi öz xahişi ilə işdən çıxmağa razı olmasa idi, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı işəgötürənin təşəbbüsü ilə işdən çıxarıla bilərdi) belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı ərizə onun həqiqi istəyini əks etdirməmiş, hüquqi nəticə etibarı ilə iradəsinə zidd olmuşdur. Bu halın mövcudluğu da cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 23K nömrəli əmri ləğv edilməlidir.
31. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" hissəsinin bu tələbə münasibətdə törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslıdır, iddiaçı cavabdeh cəmiyyətdə “baş hüquqşünas” vəzifəsinə bərpa edilməli, lakin cavabdehdən iddiaçının xeyrinə məcburi iş buraxma müddəti üçün əmək haqqı əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə tutulmalıdır. Belə ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı xx.xx.2025-ci il tarixədək cavabdeh cəmiyyətə əlavə iş yeri üzrə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilən tələblərin təmin edildiyini, habelə bu barədə də tələbin olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mediasiya prosesində ödənilmiş 60 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə kollegiyası iddianı “istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun cavabdehdən tutulması” hissəsində əsassız hesab edir və bu tələblə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən 300-cü maddəsi bu qəbildən olan əmək mübahisəsi çərçivəsində məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, habelə işçiyə dəymiş zərərin məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı məsələlərin həllini nəzərdə tutmuş, eyni zamanda, dəymiş zərərin məbləği anlayışına aydınlıq gətirmişdir. Lakin bu maddədə göstərilən məsələnin həlli nəzərdə tutulmamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydasını müəyyən etmişdir. Bu məsələ də həmin qaydalar çərçivəsində iddiaçı vəzifəsinə bərpa edildikdən sonra son haqq-hesab olaraq istifadə edilməmiş 3 məzuniyyət günü üçün pulun ödənilməsi də nəzərə alınmaqla işçi işəgötürən münasibətləri çərçivəsində həll edilməlidir. Başqa sözlə, hazırki mərhələdə bu tələbin təmin edilməsi üçün hər hansı əsas mövcud deyil. Apellyasiya şikayətinin bu tələb üzrə dəlilləri əsassızdır və təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası “əmək haqqının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günədək aylıq əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” tələbi ilə bağlı qeyd edir ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və həmin gün iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçı bu məbləğin düzgün hesablanmadığını (az hesablandığını) bildirmir, işə bərpa olunan günədək aylıq əmək haqqının hər gün üçün 1 faizini tələb edir. Halbuki, əmək müqaviləsinə xitam verildikdən və bununla bağlı tələb olunan məbləğdə son haqq-hesab ödənildikdən sonra işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı öhdəliyi qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilmiş əmək haqqına hesablanır. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi də işçinin vəzifəsinə bərpa edilməsi ilə bağlı yaranır. Bu səbəbdən məhkəmə kollegiyası bu tələb üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
35. Məhkəmə kollegiyası “cavabdehdən vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona münasibətdə Əmək Məcəlləsinin 290-cı maddəsində göstərilən və mənəvi zərərin vurulması kimi qiymətləndirilən əməllərə və hərəkətlərə yol verildiyini sübuta yetirə bilmir. İddiaçı ümumiyyətlə mənəvi sarsıntı və iztirab keçirməsinin, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bu tələb üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “əmrin ləğv edilməsinin, işə bərpa edilmənin və məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mediasiya xərcin tutulmasının rədd edilməsi” hisssində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməli, cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 23K nömrəli əmri ləğv edilməli, iddiaçı cavabdeh cəmiyyətdə tutduğu vəzifəyə bərpa edilməli, cavabdehdən iddiaçının xeyrinə əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı, habelə mediasiya prosesində ödənilmiş 60 manat məbləğində pulun əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4700/2024 nömrəli qətnaməsi “əmrin ləğv edilməsinin, işə bərpa edilmənin və məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mediasiya xərcin tutulmasının rədd edilməsi” hisssində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin (Cavabdeh BOKT MMC-nin) “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 23K nömrəli əmri ləğv edilsin. İddiaçı Qanuni nümayəndə "xxxx" MMC-də (Cavabdeh BOKT MMC-də) tutduğu “baş hüquqşünas” vəzifəsinə bərpa edilsin. Cavabdeh "xxxx" MMC-dən (Cavabdeh BOKT MMC-dən) iddiaçı Qanuni nümayəndə xeyrinə əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı, habelə mediasiya prosesində ödənilmiş 60 (altmış) manat məbləğində pulun əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.