Məhkəmə qərarları › İş №2(103)-5470/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5470/2025

01.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5470/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3560/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh1 iddiaçının keçmiş əri, digər Cavabdeh2 isə iddiaçının keçmiş qayınanasıdır. Tərəflər 24 sentyabr 2017-ci ildə nikaha daxil olmuş, 24 sentyabr 2024-cü il ildə nikahları pozulmuşdur. İddiaçı nikah bağlandıqdan sonra mübahisəli 4 otaqlı evə gəlin köçmüşdür. Tərəflər nikahda olarkən Bakı şəhəri, Binəqədi rayonu, Güləmməd Ramazanov, 33 saylı 4 otaqlı fərdi yaşayış evində yaşamışlar. Tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə oradan çıxarılmışdır. Hazırda iddiaçı ünvan 1 ünvana cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladları ilə birlikdə ünvan 1 ünvanda fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və övladları 24 dekabr 2018-ci il təvəllüdlü X9 və 13 aprel 2020-ci il təvəllüdlü X3 onunla birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 24 dekabr 2018-ci il təvəllüdlü X9 və 13 aprel 2020-ci il təvəllüdlü X8 adlı 2 övladları dünyaya gəlmişdir. Cavabdeh1 ilə 7 il ailəli olmuşlar. Bu dövr ərzində evdə dava-dalaşları olurdu. Bu mübahisə getdikcə daha da artmağa başlamışdır. Bu münasibəti evdəki uşaqlara da pis təsir göstərirdi. Uşaqlara ağır travma verirdi. Bu səbəbdən də rəsmi nikahları Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(005)-3415/2024 saylı qətnaməsi ilə ləğv edilmişdir. Boşandıqdan sonra övladları onun himayəsinə verilmiş və onun xeyrinə aliment tutulmuşdur. Qeydiyyatı ünvan 2 ünvanlı mənzildə yaşamışlar. Aralarında olan dava dalaşlardan sonra cavabdehlər onları evdən çıxartdılar. O, Nərimanovda qeydiyyatda olsa da, birgə nikahdan doğulmuş övladları ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırda da övladları həmin evdə qeydiyyatdadır. O, həmin evə köçəndən bugünə kimi evin bütün təsərrüfatını aparmışlar və həmin evi təmir etdirmişdir. Bununla bağlı adına dəfələrlə bankdan kredit götürülmüş hətta qızıllarına qədər girov qoyulmuşdur. Yoldaşı ilə qaynanası Cavabdeh2 onu və uşaqlarını evindən atmışlar. Hətta onun cehizləri belə hələ də o evdədir. Həmin evdə istifadə hüququnun tanınması tələbinin səbəbi yaşamaq üçün uşaqlarında evinin olmamasıdır. Boşandıqdan sonra o, uşaqları ilə birgə ananın evinə yerləşmişlər. Həmin evdə 2 qardaşı və onların ailəsi də yaşayır. 3 otaqlı evin iki otaqları qardaşlarının qalan otağında isə anası və o, uşaqları ilə birgə yerləşmişlər. 3 otaqlı evdə bu qədər adamın yerləşməsi təbii ki, söz-söhbət olmadan keçmir. Sözügedən fərdi yaşayış evi özbaşına tikilidir. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarının da, həmin şərtlər daxilində evdə yaşamaq hüquqları var. Mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilidə cavabdehlərlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladlarının da, birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməklərinə dair iddiası təmin edilməlidir. Cavabdeh1 etiraz ilə məhkəməyə müraciət edərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin digər Cavabdeh2 etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. O, iddiaçının xəyanətə görə evə kişi salmağa görə köçüb yaşamasına razı deyildir. Evi həyat yoldaşı 2016-cı ildə alıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3560/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi, İddiaçı azyaşlı övladları 24 dekabr 2018-ci il təvəllüdlü X9 və 13 aprel 2020-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən (özbaşına tikilidən ibarət) fərdi yaşayış evinə köçürülmələri və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Bununla belə, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı azyaşlı uşaqları ilə birlikdə köçmək istədiyi evdə yaşamış və hal-hazırda mübahisəli evdə yaşamaq istəsə də, hal hazırda cavabdehlər buna imkan vermirlər. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bu baxımdan məhkəmə həmçinin bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə, iddiaçının da azyaşlı uşaqları ilə birlikdə cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsini qanuna müvafiq hesab etmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikili olsa da, cavabdehin atası mərhum X6 tərəfindən xx.xx.2016-cı il tarixli podrat müqaviləsi əsasında əldə edilməsi danılmaz faktdır. Yəni İddiaçı Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq həmin evə köçənə qədər əldə olunmuş əmlakdır. Həmin yaşayış sahəsi mərhum X2 mülkiyyətində olan fərdi yaşayış evinin satılaraq əldə edilməsi nəticəsində podrat müqaviləsi əsasında alınmışdır (müqavilə apellyasiya şikayətinə əlavə edilib). Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət hüququ yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Mübahisəli ev özbaşına tikili olsa da, iş üzrə icraat materialarında iddiaçının həmin tikiliyə öz vəsaitini xərclədiyi müəyyən olunmadığından, əksinə həmin xərclər cavabdehin atası tərəfindən xərcləndiyindən (xx.xx.2016-cı il tarixli podrat müqaviləsi üzrə müəyyən olunur), tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehin atası X4 məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (iddiaçının) hüquqları ilə yüklü edilə bilməz. Ailə Məcələsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu səbəbdən, iddiaçı cavabdehin atası X4 münasibətdə Ailə Məcələsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin atasının vəsaiti hesabına inşa edildiyindən, hesab edilir ki, iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi halarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göründüyü kimi məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verməmiş, bu səbəbdən ədalətsiz qətnamənin qəbul edərək cavabdehlərin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3415/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh1 ilə Rzayeva (Hümbətova) Fatimə Səfər qızı arasında xx.xx.2017-ci ildə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 3350 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X8 (anası) iddiaçı Rzayeva (Hümbətova) Fatimə Səfər qızının yanında saxlanılması, Cavabdeh1 xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 235 manat (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat sabit pul miqdarında alimentin Rzayeva (Hümbətova) Fatimə Səfər qızının xeyrinə tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 23 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov, 33 saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının keçmiş əri, digər Cavabdeh2 isə iddiaçının keçmiş qayınanasıdır. Tərəflər nikah daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Güləmməd Ramazanov, 33 saylı 4 otaqlı fərdi yaşayış evində faktiki yaşamışlar. Tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən çıxıb getmişdir. Hazırda iddiaçı azyaşl övladları ilə birlikdə qeyd edilən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, mübahisəsi gedən ev dedikdə iddiaçının gəlin gəldiyi özbaşına tikili olan 4 otaqlı evdən söhbət gedir. Hansının ki, tərəflərin izahatları ilə o gəlin köçərkən artıq həmin ev mövcud idi. İddiaçı həmin evdə yaşayarkən həyətdə olan digər bir otaqlı ev də mövcud olmuş və hətta həmin evdə kirayəşin də yaşayırdı. Sözügedən 1 otaqlı evin qapısı da 4 otaqla evin həyətinə açılırdı. Sonradan kirayəşin evdən çıxarılmış, həmin evin qapısı dəyişdirilərkən küçə tərəfdən açılmış, ev yüngül təmir olunaraq yenidən kirayəyə verilmişdir. İddiaçının köçürülməsini tələb etdiyi ev gəlin gəldiyi 4 otaqlı evdir ki, bu da Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə əsasən statusuna görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr olmamışdır. Bununla belə, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifadə olunur. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Güləmməd Ramazanov, 33 saylı 4 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi əsassız olmuşdur. Belə ki, qeyd edilən daşınmaz əmlak özbaşına tikili olsa da, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı belə sübutları təqdim edə bilməmişdir. Yalnız "xxxx" KB ASC-dən xx.xx.2022-ci il tarixdə 3.000 manat məbləğində kredit götürməsi barədə kredit müqaviləsini və lombardda qızıl-ziynət əşyalarının girov qoyulmasına dair girov biletini təqdim etmişdir ki, işin halları ilə iddiaçını əldə etdiyi həmin vəsait hesabına məhz mübahisəli 4 otaqlı daşınmaz əmlakın tikilməsi, təmiri və ya yaxşılaşdırılmasına xərclənməsi müəyyən edilməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli podrat müqaviləsindən görünür ki, həmin daşınmaz əmlak cavabdehin atası mərhum X6 tərəfindən inşa edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah isə xx.xx.2017-ci ildə tarixdə bağlanmışdır. Qeyd edilən müqavilə barədə birinci məhkəməsində şifahi məlumat verilsə də, buna dair müqavilə şikayətə əlavə edilmiş, sonradan təsdiq edilmiş surəti kollegiyaya təqdim olunmuşdur. Göründüyü kimi mübahisəli ev özbaşına tikili olsa da, iş materiallarında iddiaçının həmin tikiliyə öz vəsaitini xərclədiyi müəyyən olunmamış, həmçinin qeyd edilən daşınmaz əmlak tərəflərin nikahlarından əvvəl inşa edilib təmir olunmuşdur. Məhkəmə Kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli podrat müqaviləsinin apellyasiya baxışında sübut kimi qəbul edilməsini onunla əsaslandırır ki, həmin sübut birbaşa işin mahiyyətinə təsir etməklə, iddiaçının mübahisəli əmlakın inşasından sonra nikah bağlaması və həmin evə köçməsini təsdiq edir. Həmçinin iddiaçı cavabdehin atası X4 münasibətdə özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmamışdır. Başqa sözlə, ididaçı onun ailə üzvü olmamışdır. Kollegiya xüsusilə vurğulayıır ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli podrat müqaviləsinin apellyasiya baxışında sübut kimi qəbul edilmədiyi halda belə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar, yəni, iddiaçı mübahisəli evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin atasının vəsaiti hesabına inşa edildiyindən, iddia tələbi təmin edilə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi halarına uyğun olmamışdır. Bu baxımdan Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməsi əsası ilə ləğv edilməlidir. Kollegiyanın iclasında iddiaçıya mübahisəli həyətdə 1 otaqlı mənzilə köçürülməyinin mümkünlüyünün dəfələrlə müzakirə olunması təklif edilsə də, o bundan qəti şəkildə imtina edərək məhz 4 otaqlı evə köçürülməsini israrla iddia etmişdir, baxmayaraq ki, o hazırda 1 otaqlı evdə uşaqları ilə kirayədə yaşamasını bildirir. Məhkəmə Kollegiyası tərəfindən tərəflərin barışığı üçün dəfələrlə edilmiş cəhdləri ilə əlaqədar cavabdeh ona qanunla düşməsə də uşaqlarına və mübahisəyə son qoymağa görə 15.000 manat təklif etsə də, iddiaçı bu məbğləğin yalınz 40.000 manat olduğu təqdirdə razılaşdığını göstərmişdir. Kollegiya vurğulayır ki, cavabdeh artıq digər şəxslə ailə həyatı qurduğu üçün iddiaçının ora köçürülməsi hər baxımdan mümkün deyil. Həmçinin kollegiya da öz növbəsində iddiaçının iradəsinə zidd olaraq onu iddiasında göstərdiyi ünvandakı 1 otaqlı evə köçürülməsi qənaətinə gəlməsini məqbul saymır və hesab edir ki, onun həm 1 otaqlı mənzilə köçürülməsi və 15.000 manat verilməsi kimi təkliflərə razılığı olmaması, onun iddiasının əsassız olmasına baxmayaraq tələblərinin təkidlə təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3560/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “onu və övladları 24 dekabr 2018-ci il təvəllüdlü X9 və 13 aprel 2020-ci il təvəllüdlü X3 onunla birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar