Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5472/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı Quliyeva(Orucova) Fəxriyyə Fazil qızı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün dəymiş zərərin əvəzi olaraq 26,190 manat və 170 manat dövlət rüsumu olmaqla, cəmi 26,360 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-205/2023 saylı işi üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə 06 iyul 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-205/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair iddiaçı Quliyeva (Orucova) Fəxriyyə Fazil qızı tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmənin iş üzrə 06 aprel 2023-cü il tarixli qərardadından iddiaçı Quliyeva (Orucova) Fəxriyyə Fazil qızının şikayətinin qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılması qərara alınmışdır. Qərardadda (“AZEMİS”-də imzalanma xx.xx.2023, 18:12) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 363.1.3, 363.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, şikayət apellyasiya şikayəti "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, habelə şikayətin formasına əməl edilmədiyindən qərardaddan şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdən göründüyü kimi həmin şikayət elektron imza ilə deyil, adi imza ilə elektron kabinetə skan edilməklə yerləşdirilmişdir. İddiaçı apellyasiya şikayətini məhkəməyə təqdim edərək (“AZEMİS”-də imzalanma xx.xx.2023, 15:08), Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(005)-205/2023 saylı qərardadı ləğv edilməsini, buraxılmış prosessual müddət üzrlü sayılmasını və apellyasiya şikayətinin Bakı Apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə; Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə; Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə istinadən) xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət (əsaslar olmadığına əsasən) təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 263, 269, 357-366, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilir ki, iddiaçı iş üzrə xx.xx.2023-cü il tarixli qərardaddan şikayəti xx.xx.2023-cü il tarixində elektron kabinet vasitəsilə (ərizə) təqdim etmişdir. İddiaçının məzmunca apellyasiya şikayəti olan və elektron imza ilə elektron məhkəmə sistemində yerləşdirilən ərizəsinə (“AZEMİS”-də imzalanma xx.xx.2023, 15:21) məhkəmə diqqət yetirməmiş və işə əlavə edib qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilən qanunvericilik tələblərinə və faktiki hallara (sonrakı prosessual hərəkətlərin mümkünlüyü üzrə) səlahiyyət həddində qiymət verilməsi birinci instansiya məhkəməsinə mənsubluğu baxımından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək, şikayətin (ərizənin) mümkünlüyünə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətin mahiyyəti üzrə baxılmalı olduğu halda, sonrakı prosessual hərəkətlərin müqəddəratı məhz birinci instansiya məhkəməsinin qənaətindən asılıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Quliyeva(Orucova) Fəxriyyə Fazil qızının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5472/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5472/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver