Məhkəmə qərarları › İş №2(103)-5475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5475/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5475/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Nagiyeviçin Cavabdeh qarşı “Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 22 saylı ev, 19 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı Nagiyeviç tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Nagiyeviç Cavabdeh qarşı “Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 22 saylı ev, 19 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında 1990-cı ildən yaşamaqla orada yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 10 ildən yuxarı vaxtdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşı olan anası və digər ailə üzvləri ilə birlikdə başqa yerə köçərək artıq həmin ünvanda yaşamırlar. Lakin buna baxmayaraq cavabdeh həmin vaxtdan mənzil qeydiyyatında həmin ünvanda qalmışdır. Qohumlardan aldığı son məlumata əsasən artıq 5 ildən yuxarı vaxt olar ki, onlar Rusiya Federasiyasına köçməklə orada yaşayırlar. Bu səbəbdən də oğlunun ona məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün tərəfindən ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə müraciət edilmişdir. Bölmənin onlara ünvanladığı 16.10.2020-ci il tarixli 082-40545P-3220 saylı məktubu ilə müraciətə imtina cavabı verilərək bu barədə məhkəməyə müraciət etmək hüquqlarının olduğu qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi ilə tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinin əsası kimi qeyd etmişdir ki, hər kəs qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmaqla həmin sahədən maneəsiz istifadə edə bilər. Digər tərəfdən məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsaslanaraq qeyd etmişdir ki, Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadı etmək, əmlakın hüquqi müqəddəratını, öz iradəsinə görə müəyyən etmək). Lakin məhkəmə nəzərə almamışdır ki, 10 ildən çoxdur ki bu mənzildən köçüb gedərək ondan istifadə etməyən və başqa yerdə yaşayan Cavabdeh formal olaraq burada qeydiyyatda olması onun bir mənzil mülkiyyətçisi kimi Konstitusiyanın yuxarıda qeyd edilən maddələrində təsbit olunmuş hüquqlarının tam şəkildə həyata keçirilməsinə maneəçilik törədir. Bundan əlavə nəzərə alınsa ki, Cavabdeh 1990-cı ildən qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, onda münasibətlərə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin və digər qanunvericiliyin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəliəsinin (bundan sonra MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildə qəbul edilmiş və 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 87-cı maddəsinin 2-ci hissəsinin tələblərinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdeh qeyd edilən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə o daimi yaşamaq üçün qeydedilən ünvandan əvvəlcə başqa yerə köçmüş və sonradan isə anası və digər ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmişlər, əldə olunan son məlumata əsasən də hal-hazırda orada yaşayırlar. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək, şikayəti təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 22, mənzil 19 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 109273 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil Kommunal İsitsmar Sahəsinin 324 saylı, 29.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı R.Behbudov küçəsi 22 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadır. Onun oğlu Cavabdeh Qaya Quluyeviç qeydiyyatda bu mənzildədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 16 oktyabr 2020- ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən ünvan 2 ünvanda qeydiyyatda olan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Hüquqi dəyərləndirmə: Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı Nagiyeviçin övladı kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. İddiaçı apelyasiya şikayətində cavabdehin qeyd edilən mənzildə yaşamadığını, Rusiya Federasiyasına köçərək orada yaşadığını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci madəsinə əsasən 1) yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 2) Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh Qaya Quluyeviç Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 22, 19 saylı mənzildə qeydiyyatdadır və qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehə tələbinin əvəzində kompensasiya ödənilməsi təklif edilsə də, iddiaçı bu təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarını rəhbər tuturaq, hesab edir ki, İddiaçı Nagiyeviçin Cavabdeh qarşı “Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 22 saylı ev, 19 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan ləğv edilə bilməz. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Nagiyeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar