Məhkəmə qərarları › İş №2(103)-5476/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5476/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5476/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5476/2022 (Açar sözlər: mənzildən çıxarılma) Bakı şəhəri 26 sentyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2986/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı əvvəllər valideyinləri ilə birlikdə atasının mülkiyyətində olmuş ünvan 1 ünvanda yaşamışdır.

2. 2011-ci ilin aprel ayında atası sözügedən mənzili satdıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin 15 saylı mənzilini almışdır.

3. Mənzili İddiaçı adına rəsmiləşdirilməklə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 09 aprel 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, mənzil 15 İddiaçı xüsusi mülkiyyətindədir.

4. İddiaçı cavabdeh Namazova (Qocayeva) Mələk Roman qızı ilə 11 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

5. Cavabdeh 2012-ci ilin fevral ayında İddiaçı mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır.

6. İddiaçı Cavabdeh ilə birgə nikahlarından 17 noyabr 2012-ci il tarixdə X4 və 20 aprel 2014-cü il tarixdə X3 adlı övladları anadan olmuşlar.

7. Tərəflərin aralarında mübahisələr yaranmış, bu səbəbdən ayrılmışlar.

8. Cavabdeh son dəfə 22 iyun 2020-ci il tarixdə övladları ilə birlikdə yaşadıqları mənzildən atası evinə getmişdir.Lakin cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilində qalmışdır.

9. Bundan sonra Cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə köçürülmə tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsi ilə Cavabdeh, 17 noyabr 2012-ci il təvəllüdlü X4 və 20 aprel 2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X4 və 20 aprel 2014-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

10. Bundan bir qədər sonra isə yəni, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-633/2021 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuşdur.

11. İddiaçı Cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə köçürülmə tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)- 1023/2021 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(103)-5785/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(102)-272/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5785/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda məhkəmə kollegiyası vurğulamışdır ki, Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə 02 mart 2021-ci il tarixdə qətnamə qəbul edilərkən, nikahın pozulması barədə 26 may 2021-ci il tarixli qətnaməsi mövcud olmamışdır. Odur ki, hazırkı işə baxılarkən tərəflərin nikahlarına xitam verilmədiyindən, qarşılıqlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə İddiaçı Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 noyabr 2012-ci il təvəllüdlü X4, 20 aprel 2014-cü il təvəllüdlü X3 və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər valideynləri ilə birlikdə atasının mülkiyyətində olmuş ünvan 2 ünvanında yaşamışdır. 2011-ci ilin aprel ayında iddiaçının atası sözügedən mənzili satdıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilini almışdır. Valideynləri yaşlı olduğuna görə yeni alınmış mənzili iddiaçının adına rəsmiləşdirmişlər. İddiaçı cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. 2012-ci ilin fevral ayında iddiaçı cavabdehi mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Tərəflərin birgə nikahından 17 noyabr 2012-ci il təvəllüdlü X4 və 20 aprel 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında mübahisələr yaranmağa başlamış, bu səbəbdən cavabdeh uşaqları da götürərək evi tərk etmişdir. Cavabdeh son dəfə 22 iyun 2020-ci il tarixdə övladları ilə birlikdə yaşadıqları mənzili tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. Lakin cavabdehə məxsus cehiz əşyaları: 1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)- 633/2021 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuşdur.

15. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh azyaşlı uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X4, 20 aprel 2014-cü il təvəllüdlü X3 ilə və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılmaları, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)- 1023/2021 saylı qətnaməsi ilə istinad edilən mənzilə istifadə hüququnun olması müəyyən edilmiş olsa da, həmin qətnamənin qanuni qüvvəsini almasından sonra tərəflər arasında nikah münasibətlərinə xitam verilmiş və cavabdehin istifadə hüququnun tanınmasına əsas olan hal aradan qalxmışdır. Belə ki, cavabdeh artıq iddiaçının ailə üzvü deyildir. Belə olan halda cavabdehin hər hansı hüququnun mövcud olmadığı üçün iddiaçıya məxsus mənzildən çıxmaması iddiaçının mülkiyyətçi kimi hüquqların pozur. Odur ki, iddiaçı cavabdehin azyaşlı uşaqları ilə və əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır.

17. Məhkəmə tərəflərin azyaşlı uşaqlarının mənzildən çıxarılması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, birgə nikahdan doğulmuş 17 noyabr 2012-ci il təvəllüdlü X4 və 20 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz anaları iş üzrə cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, həmin Məcəllənin 30.2 və 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2986/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailə qurduqları vaxtdan cəmi bir neçə ay əvvəl alınmış, həyat yoldaşına məxsus olan, ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışdılar. Həmin mənzil alınarkən təmirsiz vəziyyətdə olmuş (yəni təmiri olduqca köhnə olmuşdur), birgə nikah dövründə əsaslı şəkildə təmir işləri aparılmışdır. Onlar arasında müəyyən vaxtlar narazılıqlar olsa da Cavabdeh övladların xatirinə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən məcburi şəkildə iki övladı ilə birlikdə həmin mənzildə yaşamaqlarına iddiaçı və onun anası tərəfindən maneçilk yaradılmış, aralarındakı nikahın pozulmasına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh nikahın pozulmasına da razı olmamışdır. Mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəməyə iddia ərizəsi vermiş, eləcə də nikahın pozulmasını mübahisələndirmişdir. Belə ki, iki oğlan uşağı onun himayəsində olmuşdur. Hesab etmişdir ki, gələcəkdə onların şəxsiyyət kimi formalaşmalarına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o 2011-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili birgə nikah dövründə əsaslı şəkildə təmir etmişdilər, o da işləyib, qazancını son qəpiyinə kimi ailəsinə xərcləmişdir. Övladları orada doğulub. Bu qədər müddət ərzində həm evdə, yoldaşının ata-anası ilə birlikdə yaşamış, həm də əmək fəaliyyəti göstərmişdir. Mənzilin abadlaşması üçün onun da vəsaitindən istifadə olunmuşdur. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Bu məhkəmə qətnaməsi ilə də öz əksini tapmışdır. Belə ki, onun mübahisəli mənzilə köçürülməsi ilə bağlı qaldırdığı iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, həin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdeh məxsus olan bütün cehiz əmlakları həmin mənzildə yerləşir. Lakin məhkəmə öz qətnaməsində həmin əşyaların yalnız iddiaçının göstərdiyi hissəsini qeyd etmişdir. Halbuki, Cavabdeh məxsus olan məhkəmə qətnaməsində əks olunmayan cehiz əşyaları: -Gree markalı kondisioner -1000 azn-Stol və 6 ədəd stul dəsti-400 azn-Jurnal masası-250 azn-Çılçıraqlar 2 ədəd-250 azn-2 cüt pərdə və dekor dəsti -500 azn-2 ədəd stolüstü lampa-150 azn-2 ədəd tumba-200 azn-tefal marka ütü-100 azn-tozsoran-100 azn-şirəçəkən-100 azn-qazan dəsti -200 azn-bıçaq dəsti-150 azn-çəngəl bıçaq dəsti 12 nəfərlik çamadan-200 azn-çəngəl bıçaq dəsti 12 nəfərlik sadə-100 azn-2 cüt şirniyyat qabı dəsti 6nəfərlik (14 hissə)-150 azn-xrustal stəkan dəsti və nəlbəki-18 nəfərlik (36 hissə)-180 azn-xrustal armudu stəkan dəsti - 6 nəfərlik-100 azn-sadə bakal dəsti-12 nəfərlik-60 azn-3 dəst kofe stəkanı dəsti -6 nəfərlik (18 ədəd)-80 azn-çay dəsti 6 nəfərlik servis-200azn-kofe dəsti 6nəfərlik servis-120 azn-çay dəsti sadə(güllü) servis 6 nəfərlik-60 azn-madonna markalı servis yemək dəsti 6 nəfərlik-400 azn -xrustal meyvə qabı 2 cüt-200 azn-xrustal qənd qabı 2 cüt-200 azn-xrustal güldan-200 azn-bagema meyvə qabı 2 cüt-250 aznbagema qapaqlı qənd qabı 2 cüt-180 azn-bagema kiçik meyvə qabı-120 azn-gümüş qənd qabı 2 cüt-100 azn-bagema qapaqsız qənd qabı 2 cüt-60 azn-ayaqlı meyvə qabı 2 cüt-40 azn-tort qabı -25 azn-6 ədəd bagema bakal dəsti-75 azn-6 ədəd bagema bakal dəsti rəngli-75 azn-Qrafin və 6 ədəd bakal dəsti-110 azn-Qrafin və altı ədəd bakal dəsti-90 azn-6 ədəd kiçik ölçülü bakal dəsti-30 azn-6 ədəd bagema bakal dəsti kiçik ölçülü-50 azn-6 ədəd qənd qabı-30 azn-yataq örtüyü dəsti -400 azn-süfrə dəsti-70 azn-kürk palto-1500 azn-sırga dəst -400 azn-yataq otağı dəsti: yataq, paltar dolabı, 2 ədəd tumba,şifonyer-1800 azn-qonaq otağı dəsti: 2 ədəd vitrin dolabı, tv altı, divan və kreslo dəst-2000 azn, eləcə də birgə nigah dövründə Cavabdeh vəsaiti hesabına alınan əşyalar:-Lg markalı kondisioner-2000 aznsamsung markalı soyuducu-1400 azn-soba-110 azn-mətbəx mebeli-2500 azn əşyaları da hazırda həmin mənzildə, iddiaçının və onun anasının istifadəsindədir. Göründüyü kimi iddiaçı gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladları ilə birlikdə pasport qeydiyyatındadır. Həmin mənzilə köçürülmələri ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil. Belə ki, o müvəqqəti olaraq bundan əvvəl mənzildən məcburi çıxarıldıqda anasına məxsus olan çox kiçik ölçüləri olan mənzildə qalmışdılar. Amma həmin mənzildə o və iki övladının daimi yaşamaq imkanı yoxdur. Belə ki, onun qardaşı da vardır. Bundan əlavə olaraq onun mənzildən çıxarılmalı olması qənaətinə gələn məhkəmə tərəflərin xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmələrini nəzərə almamışdır. Ona görə də hesab edir ki, nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan sahəyə köçməklə və aralarında etibarlı ailə münasibətləri mövcud olduğundan iddiaçı mübahisəli mənzildən ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir. Təbii ki, məhkəmənin bu qənaəti absurd olduğundan iddiaçı məhkəmənin mövqeyi ilə razılaşmamışdır. Apellyasiya şikayəti verilməsi zərurəti yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək iddia ərizəsində göstərdiyi dəlillərlə eyni məzmunda əsaslandırmışdır.

c) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinə əsasən verdiyi etirazın dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

39. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

40. Belə ki, əvvəla qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, mübahisəli mənzil alınarkən təmirsiz vəziyyətdə olmuş (yəni təmiri olduqca köhnə olmuşdur), birgə nikah dövründə əsaslı şəkildə təmir işləri aparılmışdır.Həmçinin, Cavabdeh məxsus olan bütün cehiz əmlakları həmin mənzildə yerləşir. Lakin məhkəmə öz qətnaməsində həmin əşyaların yalnız iddiaçının göstərdiyi hissəsini qeyd etmişdir.Halbuki, Cavabdeh məxsus olan məhkəmə qətnaməsində əks olunmayan cehiz əşyaları həmin mənzildə qalmışdır.

41. Bununla bağlı Kollegiya qeyd edir ki, Cavabdeh mənzilin təmir xərcini və məhkəmə qətnaməsində əks olunmayan cehiz əşyalarını ayrıca iddia qaldırmaqla mübahisələndirə bilər.

42. Daha sonra kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, heç bir səbəb göstərilmədən məcburi şəkildə iki övladı ilə birlikdə həmin mənzildə yaşamaqlarına iddiaçı və onun anası tərəfindən maneçilk yaradılmış, aralarındakı nikahın pozulmasına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh nikahın pozulmasına da razı olmamışdır. Mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəməyə iddia ərizəsi vermiş, eləcə də nikahın pozulmasını mübahisələndirmişdir. Belə ki, iki oğlan uşağı onun himayəsində olmuşdur. Hesab etmişdir ki, gələcəkdə onların şəxsiyyət kimi formalaşmalarına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o 2011-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili birgə nikah dövründə əsaslı şəkildə təmir etmişdilər, o da işləyib, qazancını son qəpiyinə kimi ailəsinə xərcləmişdir. Övladları orada doğulub. Bu qədər müddət ərzində həm evdə, yoldaşının ata-anası ilə birlikdə yaşamış, həm də əmək fəaliyyəti göstərmişdir. Mənzilin abadlaşması üçün onun da vəsaitindən istifadə olunmuşdur.Cehiz əşyaları da hazırda həmin mənzildə, iddiaçının və onun anasının istifadəsindədir. Göründüyü kimi cavabdeh gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladları ilə birlikdə pasport qeydiyyatındadır. Mübahisəli mənzildə hazırda iddiaçı yaşayır və onun tərəfindən istifadə olunur. Onun isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. Onun hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil. Belə ki, o müvəqqəti olaraq bundan əvvəl mənzildən məcburi çıxarıldıqda anasına məxsus olan çox kiçik ölçüləri olan mənzildə qalmışdılar. Amma həmin mənzildə o və iki övladının daimi yaşamaq imkanı yoxdur. Belə ki, onun qardaşı da vardır.

43. Məhkəmə Kollegiyası cavabdehin mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi olmadığını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri olmadığını, müvəqqəti olaraq bundan əvvəl mənzildən məcburi çıxarıldıqda anasına məxsus olan çox kiçik ölçüləri olan mənzildə qaldıqlarını, amma həmin mənzildə onun və iki övladının daimi yaşamaq imkanı olmadığını, onlardan əlavə onun qardaşı da olduğunu, heç yerdə işləmədiyini bildirdiyini, bunu təkzib edəcək sübutlar iş materialları müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1(bir) il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır.

44. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(011)-2986/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin olunsun. Cavabdeh azyaşlı uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X4, 20 aprel 2014-cü il təvəllüdlü X3 ilə və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 1 (bir) il müddətinə istifadə hüququ saxlanılmaqla mübahisəli mənzildən çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar