Məhkəmə qərarları › İş №2(103)-5477/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5477/2020

14.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5477/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-856/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsiilə məhkəməyə müraciət edərək,onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 123, 10 saylı fərdi yaşayış evinə köçürülmə, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-455/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulması, birgə nikahdan olan uşaqların ananın yanında qalmalarının müəyyən edilməsi, uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. O, qətnamədən narazı olduğundan, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə şikayəti qismən təmin edilmişdir. Ailə qurduqdan sonra bir neçə il kirayədə yaşamış, 2010-cu ildə Binəqədi rayonunda öz vəsaiti hesabına həyət evi tikmiş və ev hazır olduqdan sonra ora köçüb yaşamağa başlamışlar. (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 123, ev 10) Cavabdeh hazırda həmin evdə onun yaşamasını istəmir, onu evə buraxmır. Evin tikilməsində o, qardaşları ilə birlikdə çox əziyyətlər çəkmiş, hətta bununla bağlı şahidləri var. Evin tikilməsində, ərsəyə gəlməsində nə qədər borca girmiş və e sahibi olmuşdur. Evlə bağlı bütün kommunal ödənişlər onun adınadır. Lakin cavabdeh onun evdən istifadə etməsinə və yaşamasına maneə törədir. Hətta ona məxsus əşyalar belə həmin evdədir. Cavabdeh onu polis gücünə zor tətbiq etməklə, əynindəki paltarlarla qovub çıxarmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-856/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 123, 10 saylı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-856/2020 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu ildə cavabdehin valideynlərinin yardımı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 123, 10 saylı fərdi yaşayış evi tikilmişdir və tərəflər həmin evdə yaşamışlar. Cavabdeh həmin evdə yaşadığı zaman iddiaçı tərəfindən alçaldılmış və şiddətə məruz qalmışdır. Bu səbəbdən də onlar xx.xx.2019-cu ildə boşanmışlar. İddiaçı həmin evin tikintisində iştirak etməmişdir. bu hallar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmişdir. cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 217, 88, 384, 385, 386-cı maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-455/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Nuralı oğlu ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan oğlu və xx.xx.2012-ci il təvəllüdlü X2 ananın yanında qalmaları müəyyən edilməsi, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan oğlu və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-455/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv olunmuş, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan oğlu və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 80 manat olmaqla, ümumilikdə 160 manat alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Mürsəlov Fəxrəddin kamal oğlu ifadəsində bildirmişdir ki, iddiaçı qonşusudur. O, 2000-ci ildən orada yaşayır. 2009-2010-cu ildən Sarvanı tanıyır. Qonşunun qızı ilə evlənmişdir. O ev 2009-2010-cu ildə tikilmişdir. Bunların toylarında onun oğlu iştirak etmişdir. Evin tikilməsinin şahidi olmuşdur. Tikməkdə bütün əziyyəti çəkən Sarvan olub. Orada işləyən ustaları tanımırdı. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qapı qonşudurlar. Evləri ilə qapı-qonşudurlar. Hal-hazırda işsizdir. O, orada 2003-cü ildən yaşayır. Ora 2003-cü ildə həyət boş idi. Həsən müəllimi tanıyırdı. Biraz o tərəfdə onların evi var idi. 2008-ci ildə o evləndi, sonra Sarvan evləndi. Ev tikirdi. Sarvan da ustalarla bir yerdə tikirdi. Evlərində olmamışdır. 1 mərtbələli bir evdir. O, bu adamı orada ustalarla ev tikəndə görmüşdür. Pul məsələsi ilə bağlı bir şey deyə bilməz. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Sarvan 2006-cı ildən onlarla bir yerdə işləyir. 5-6 nəfərlik briqadadırlar. O, usta işləyirdi, Sarvan isə fəhlə idi. Onun toyu haradasa 2007-ci ildə olmuşdur. O, toyda olmamışdır. Yoldaşını övladı anadan olandan tanıyır. 2012-ci ildən yoldaşını tanıyırdı. 2009-2010-cu ildə evi tikməyə başladılar. O, divar hörürdü. Bünövrəni Sarvanın qardaşı Salman tökmüşdür. Materialı həyətdə görürdülər. Lakin kimin tərəfindən alınırdı pul məsələsi necə idi bilmirdi. Eşidirdi ki, qardaşlar kariyerdə işləyir. Daş məsələsində köməklik edəcək. Onlar pulsuz kömək etmişlər. Kasıb adamdır. Demək olar ki, o tikinti 2 il çəkdi. Ara-bir gedib kömək edirdilər. Qardaşı Salman da onlara kömək edirdi. Lakin əsas 4 nəfər idilər. O, onlarla işləyəndə aya 500-600 manat qazanırdı. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Sarvan iş yoldaşıdır. Sarvanı 15 ilə yaxındır ki tanıyır. Bir yedə ustalıq edirdilər. O, santexnik işləri görür. Sarvan da pol vurur, patolok vurur. Sarvanı 2005- 2006-ci illərdən tanıyır. O vaxtı subay idi. Toyunda səhv etmirsə 2006-2007-ci illər idi. O da iştirak etmişdir. Toya qədər deyəsən kirayədə qalırdı. Toya qədər evi yox idi. Evinin tikilməsinə kömək etmişlər. Həyət evi idi. Qaynatasıgilin yəqin ki torpaq sahəsi olmuşdur. O, santexnik, kanalizasiya xətləri işlərini görmüşdür. Mal-materialı yəqin ki Sarvan almışdır. Lazım olanda Sarvan gedib material alırdı. Və yaxud gətirib qoyurdu. Qaynatasının da pul alması və s. halları görməmişdir. Evi tikən adam yəqin ki xərci özü çəkər. O. təmannasız işləmişdirm. Bir yerdə Sarvanla neçə ilə çörək kəsmişlər. Elə söhbət ola bilməz. 2009-2010 ci illər arasında evin tikilməsi çəkdi. Santexnik işi bundan başqa lazım olub şpavlovka, suvaq işlərinə kömək etmişlər. Sarvan 5-3 manat nə qazanırdısa evinin tikintisinə xərcləyirdi. Sarvanın madiyyəti imkan versəydi o evi lap 4-5 aya bitirmək olardı. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2009-cu ildə o, torpaq aldı. Sarvanla o vaxtı tanış olmuşlar. O, özü dam ustası işləyir. O evdə işləməmişdir. 100 metr məsafədə haradasa qonşu olmuşdur. Sarvan o evi 2009-2010 arası tikmişdir. Onun həyətində işin gedişatının şahidi olmuşdur. Sarvan əziyyət çəkib o evi tikmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o iddiaçı ilə bir məhlədə yaşayır. Sarvanı ailə quran vaxtdan tanıyır. O özü 1997-ci ildən orada yaşayır. Qaynatasını o vaxtdan tanıyır. Ailə qurana qədər Sarvanın evi yox idi. Ailə qurandan sonra bu adam orada əziyyət çəkib o evi tikmişdir. Öz dostları bunun yanında işləyirdi. O, Həsəndən soruşanda ki, həyəti satmısan, dedi kürəkən tikir. Tikinti vaxtı həyətə girməmişdir. Taxta hasar var idi və içərisindən həyət görsənirdi. İşin halları ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı və cavabdeh keçmiş ər-arvaddır. Onlar 2006-cı ildən 2019-cu ilədək nikahda olmuşlar. Birgə nikah dövründə, yəni 2010-cu ildə mübahisəli mənzil tikilmiş və onlar orada yaşamışlar. Fərdi yaşayış evi faktiki olaraq özbaşına tikilidir. Tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının valideynlərinə məxsus olmuşdur. Eyni zamanda, mübahisəli evin özbaşına inşa edilməklə, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, özbaşına tikili olsa da həmin evin yaşayış sahəsi kimi mövcud olması, iddiaçının həmin evdə cavabdehlə birgə yaşayıb, ümumi təsərrüfat aparmışdır. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Kollegiya hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının həmin evə köçürülməməsi üçün əsas deyildir. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iş materialları, şahid ifadələri və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmaması ilə bağlı kollegiya qeyd edilməsini zəruri hesab edir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda birgə nikah dövründə tikilən evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. İşin faktiki halları ilə, şahid ifadələri ilə də müəyyən edilir ki, iddiaçının mübahisəli evin tikilməsində əməyi və vəsait qoyuluşu olmuşdur, həmçinin mübahisəli ev tərəflərin birgə nikah dövründə, birgə təsərrüfat apardığı vaxtda tikilmişdir. Odur ki, cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə Kollegiya hesab edir ki, iddiaçının məhrum edildiyi evə köçürülməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin ləğv olunması və iddia tələbinin tam rədd edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni iddia tələbinin təmin olunan hissəsini yoxlayır. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 123, 10 saylı fərdi yaşayış evinə köçürülməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-856/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar