Məhkəmə qərarları › İş №2(103)-548/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-548/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-548/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(008)-5079/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 4 yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət yaşayış evinə azyaşlı övladı - 04.12.2006-cı il təvəllüdlü X10 ilə birgə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2006-cı ildə rəsmi nikah münasibətlərinə daxil olmuş, nikahlarını rəsmiləşdirmişlər. Nikaha girdikdən sonra cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi, ev 29 ünvanda yerləşən 4 yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət evə köçmüş, əşyalarını da o evə köçürmüş və orada yaşamağa başlamışdır. Əşyaları demək olar ki, bütün otaqlarda vardır. Övladı 04 dekabr 2006-cı il təvəllüdlü X10 həmin evdə doğulmuşdur. 2013-cü ildə həmin ev qardaşı tərəfindən və onun hesabına tam təmir olunmuşdur. Ev çox genişdir. Gəlin köçdükdən sonra cehiz əşyalarını yataq otağına, zala və mətbəxə yerləşdirmişdir. Evdə cavabdehlə birgə yaşayır, birgə təsərrüfat aparır, hər bir otaqdan sərbəst istifadə edirmiş. Son vaxtlar cavabdehlə münasibətləri korlanmışdır. Cavabdeh onu mütəmadi olaraq söyür, döyür, təhqir edirdi. Sonuncu dəfə cari ilin iyun ayının 18-də o üzərinə bıçaq çəkərək hədə-qorxu gəlmiş və övladı ilə birgə evdən çıxarmışdır. Hazırda məcbur qalıb valideyinlərinin yanına sığınmışdır. Başqa yaşayış yeri yoxdur. Tək yaşayış yeri mübahisəli evdir. Nikahlarının pozulması barədə iddia üzrə mülki iş isə hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır və 3 aylıq müddətə iş təxirə alınmışdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 4 yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət yaşayış evinə isitifadə hüququnun tanınması və həmin evə azyaşlı övladı - 04.12.2006-cı il təvəllüdlü X10 ilə birgə köçürülməyi barədə qətnamə çıxarasınız barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(008)-5079/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14783/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(008)-5079/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (hazırda Musa Bayramov) 29A saylı fərdi yaşayış evindən istifadə hüququnun taınması və onun uşağı – 04.12.2006-cı il təvəllüdlü X10 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3564/2020 saylı 04.07.2020-ci il tarixli kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14783/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya baxışı zamanı X3, X9, X15, X11, X5 və X4 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı həm cavabdehin və onun nümyəndəsinin izahatı, həm də iş materialları ilə müəyyən edildi ki, onun 2006-cı ildə gəlin köçərək yaşadığı ev 29 deyil, 29a nömrəli evdir və həmin ev hazırda onun həmin evə gəlin köçməsindən əvvəl vəfat etmiş qayınatası Bafadar Səmədovun mülkiyyətində olmuşdur. Cavabdeh mülkiyyətçi olan atası Bafadar Səmədovun sağlığında onunla birgə və onun ölümümündən sonra isə o, və azyaşlı oğlu ilə birgə bu evdə yaşamışdır, hal-hazırda da yaşayır. Yaşayış evi özəl mənzil fonduna aid olduğundan, mülkiyyətçi Bafadar Səmədovun ölümündən sonra oğlu Cavabdeh həmin evdə yaşamaqda davam etdiyindən atasından qalan miras əmlakı birinci növbəli vərəsə olaraq faktiki olaraq qəbul etmiş sayılır. Bununla da o qanunverciliyin göstərişinə əsasən yaşayış evinin mülkivyəcisinə çevrilmişdir. Buradan aydın olur ki, o, 2006-cı ildə həmin mübahisəli yaşayış sahəsinə köçərkən həmin ev həyat yoldaşı Cavabdeh mülkiyyəti hesab olunurdu. O, həyat yoldaşının mülkiyyətində olan evə onun razılığı ilə köçmüş, onunla birgə 13 il həmin evdə yaşamış, birgə təsərrüfat aparmışdır. Bu da əsas verir ki, onun mübahisəli evdən istifadə hüququ tanınmaqla həmin evə azyaşlı övladımla birgə köçürülsün. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər 20.06.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 04.12.2006cı il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli 2(007)-2441/2019 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur. Mübahisə predmeti olan evin ½hissəsi 1972-ci ildə mülkiyyət hüququ ilə cavabdehin atası Vəfadər Səmədovun adına qeydə alınmış, digər ½ hissəsi isə RəsulovMəhəmməd Novruzəli oğlunun mülkiyyətindədir. 21.08.2002-ci ildə cavabdehin atasının ölümündən sonra miras payını arvadı, yəni cavabdehin anası, Dünyaxanım Şahverdiyeva mirası qəbul etmişdir. 20.01.2006-cı ildə D.Şahverdiyeva öldükdən sonra 19.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh ünvan 2 ünvanında yerləşənyaşayış evinin 1/14 hissəsinə pay hüq uqu almışdır. Eyni zamanda digər mülkiyyətçilərin - X9, X15, X11, X5 və X1 həmin evə dair 1/14 hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Kollegiya tərəfindən təmin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının nəticələrinə dair ekspert rəylərinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi evinin X2 mülkiyyətində olan ½ hissəsinin naturada təcrid şəkildə istifadə edilməsi müəyyən olunur. X2 mülkiyyətində olan ½ hissəsinin təcrid şəkildə istifadə olunmasını, faktiki bölgünün ½ paya uyğun olmasını, tərəflərin hər birinin istifadəsində yaşayış və yardımçı otaqların olmasını nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün Məhkəmə tikinti-X7 Metodlarında göstərilənlərə və İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2., 2.4., 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Faktiki vəziyyətdə ½ hissədə bölgü sxemi rəyə əlavə olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi yaşayış evinin X6 mülkiyyətində olan 1/14 hissəsinin digər paylardan ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2., 2.4., 2.9. bəndlərnin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(103)-6823/2020 saylı qərardadında texniki səhvə yol verilərək, qərardadın nəticə hissəsinin 2-ci bəndində səhvən Cavabdeh Vəfadar oğlunun əvəzinə X10 qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının istifadə hüququnun tanınması və köçmək istədiyi ev hazırki iş üzrə cavabdehin atasına məxsus olmuş, sonuncu vəfat etdikdən sonra onun tərəflərin bildirdiyinə görə 5 nəfər vərəsəsi olmuş, hazırda həmin evin miras olaraq kim tərəfindən qəbul edilməsi məlum deyil, bu bardə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-cü il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, mübahisəli mənzilə iddiaçının istifadə hüququ 2006-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, MMin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı mm-in 228.5-ci maddəsinə nisbətdə həmin məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, mm-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri mm-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması konstisiyanın 17-ci maddəsinin ıı hissəsindən və 34-cü maddəsinin ıv və v hissələrindən, eləcə də azərbaycan respublikası ailə məcəlləsinin 1.3-cü maddəsindən və mm-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən Cavabdeh 19.12.2019-cu il tarixdə həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında 26.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində evin 1/14 hissəsi üzərində Cavabdeh ümumi paylı mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh qeydə alınan paylı mülkiyyət hüququ anası Dünyaxanım Şahverdiyevdən aldığı miras payıdır. Qeydiyyatın tarixindən asılı olmayaraq bu hüquq, Dünyaxanım Şahverdiyevanın öldüyü 20.01.2006-cı il tarixdən yaranmış sayılır. Göründüyü kimi, İddiaçı, mübahisəli evə köçdüyü 2006-cı ilin iyun ayında Cavabdeh evin ümumi paylı mülkiyyətçisi olmuşdur. Həmin dövrdən sonra isə 2019-cu il tarixdək iddiaçı cavabdehin ailə üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R. Axundov (hazırda Musa Bayramov) 29 A saylı fərdi yaşayış evində yaşamış və onun həmin yaşayış evinə dair istifadə hüquqları yaranmışdır. Belə olan halda İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi yaşayış evin dair istifadə hüquqları müəyyən edilməlidir. Lakin, iddiaçı həmin mənzilə köçərkən mənzilin digər mülkiyyətçilərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Tərəflər arasında məhkəmə çəkişmələri başlandıqdan sonra, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər vərəsəlik qaydasında analarından qalan miras əmlakını qəbul etmiş və hər birinin payına düşən miras əmlakının 1/14 hissəsi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli mənzilin cavabdehin mülkiyyətinə aid olan hissəsinə köçmək tələbində olsa da, cavabdehin mübahisəli əmlakda 1/14 hissəni təşkil edir. Eyni zamanda məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan 1/14 hissəsinin digər paylardan ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Göründüyü kimi, iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli evin 1/14 hissəsinə köçürülməsi mənzilin digər mülkiyyətçilərinin mülkiyyət hüquqlarını pozmaqla, həm daxili qanunvericiliyin, həm də AİHK-nın 1 saylı protokolunun tələblərinə ziddir. Kollegiya hesab edir ki, tərəflərə izah edilməlidir ki, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququnun gələcəkdə itirilməsi kompensasiya ödənilməsi qaydasında həyata keçirilə bilər. Belə ki, iddiaçı özü də, apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyərinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(008)-5079/2019 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi yaşayış evin dair istifadə hüquqları müəyyən edilməli, ekspertiza tədqiqatlarının dəyərinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(008)-5079/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi ev 29A saylı fərdi yaşayış evin dair istifadə hüquqları müəyyən edilsin. Ekspertiza tədqiqatlarının dəyərinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar