Məhkəmə qərarları › İş №2(103)-5481/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5481/2022

18.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5481/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: qəyyumluqda olan şəxsin əmlakı barədə müqavilə bağlanması, qəyyumluq və himayəçilik orqanının razılığı, uşağın üstün mənafeyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuş, Samir Xəlilov xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bundan sonra mənzil mərhumun vərəsələri olan yetkinlik yaşına çatmış oğlu X3, arvadı İddiaçı və yetkinlik yaşına çatmamış qızı X9 arasında hər birinə bərabər pay olmaqla bölünmüş, sonradan mənzil üzərində İddiaçıovanın 2/3 hissədə, onun yetkinlik yaşına çatmayan övladı X4 1/3 hissədə payları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə görünür ki, mərhum Samir Xəlilovun yetkinlik yaşına çatmış oğlu Nuriddin Xəlilzadə öz payından anasının (İddiaçı) xeyrinə imtina etmişdir..

2. X9 (atası X8, anası İddiaçı) xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 720 nömrə ilə qeyd edilmişdir.

3. “Stimul Hospital” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışda qeyd edilmişdir ki: “2013-cü il təvəllüdlü Vəfa Xəlilzadədənin döş qəfəsinin divarı, əzələ və yumşaq toxumaları norma daxilindədir. Hər iki sinus açıqdır. Diafraqma konturu düzgündür. Hər iki ağciyər kökü güclənib peribronxial qalıqlaşmalar qeyd olunur. Mediastinum kölgəliyi mərkəzdə yerləşmiş, normal genişlikdədir. Ürək və aorta rentgenoloji normaldır. Ağciyər parenxima dəyərləndirilməsində sağ ağciyər kökətrafı sahədən aşağı paya doğru iltihabi kölgəlik qeyd edilir (pnevmoniya lehinə düşünülür)”.

4. Ərindən miras qalmış mənzili satmaq istəyən İddiaçı yetkinlik yaşına çatmayan qızının mənzil üzərindəki 1/3 hissədə payının özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyətinin X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası uşağın payının özgəninkiləşdirilməsini məqsədəuyğun hesab etməmiş, bu əsasla özgəninkiləşdirməyə razılıq verməmişdir. Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yetkinlik yaşına çatmayan X6 məxsus payın özgəninkiləşdirilməsi RİH yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir.

5. Bundan sonra İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, yetkinlik yaşına çatmayan qızının mənzil üzərində olan payının özgəninkiləşdirilməsinə icazə verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə bu qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti inzibati orqan olsa da, həmin orqanın uşağa məxsus payın özgəninkiləşdirilməsinə icazə verməməsi ilə bağlı hərəkəti onun inzibati hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olmadığından işə inzibati məhkəmədə baxıla bilməz.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 3 ünvanında yetkinlik yaşına çatmayan övladı X6 məxsus payın onun tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsindən imtina edilməsinin qanunsuz, əsasız və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı X8 xx.xx.2018-ci ildə vəfat etmiş, onun vəfatından sonra birgə nikah müddətində əldə etdikləri və xüsusi mülkiyyət kimi həyat yoldaşının adına qeydə alınmış Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi 20 saylı evin 26 saylı mənzili vərəsəlik hüququ qaydasında 2/3 hissədə onun, 1/3 hissədə xx.xx.2013-cü il tarixdə anadan olmuş övladı X4 adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Həmin bina uzun illər əvvəl inşa edilmiş beton binadır, bu səbəblə mənzil soyuq və rütubətli olur. Bunun nəticəsində səhhətində ciddi problemlər yaranmağa başlamış, eyni zamanda azyaşlı qızı Vəfa da tez-tez xəstələnmiş və həkimlər beton olmayan, az rütubətli, bol işıqlı olan mənzildə yaşamalarını tövsiyə etmişlər. Buna görə də beton binada olan mənzili sataraq həkimlərin tövsiyyəsinə uyğun gələn mənzil almaq qərarına gəlmiş, qızı Vəfanın daha yaxşı təhsil alması üçün alacağı mənzilin qabaqcıl təhsil müəssisələrinə yaxın olmasını da nəzərə almışdır. Göstərilən tələblərə uyğun gələn mənzilin alınması üçün əlavə olaraq müəyyən məbləğ pul da düzəltmiş, bundan sonra ev alqı-satqısı ilə məşğul olan makler vasitəsilə Bakıxanov qəsəbəsində qeyd etdiyi tələblərə uyğun gələn satılan mənzil və bundan bir müddət sonra Hövsan qəsəbəsində olan mənzilə alıcı tapmışdır. Bakıxanov qəsəbəsində (hazırda Sabunçu rayonuna aid edilmişdir) satılan mənzili alacağına dair beh müqaviləsi bağlamış və Hövsan qəsəbəsində olan mənzili sata bilməyi üçün qızı Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qızı Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. Həmin imtina məktubunda imtinanın əsası kimi xx.xx.2013-cü ildə anadan olmuş övladı X4 adına olan payın özgəninkiləşdirilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, çünkü əvvəla, cavabdeh təşkilat tərəfindən atası vəfat etmiş qızının necə yaşaması, normal yaşamaq üçün maddi (qidalanma, qış vaxtı istilik sistemindən istifadə etmək və s.) imkanlarının olub-olmaması, qızının təhsili ilə bir dəfə də maraqlanılmamışdır. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin qızını ondan artıq istəməsi, onun hüququ və mənafeyini ondan artıq müdafiə etməsi mümkünsüzdür. Bundan əlavə, beton binanın satılaraq qeyd etdiyi tələblərə uyğun gələn mənzilin alınması qızının və onun sağlamlığı və qızının normal təhsil alması baxımından zəruridir. Eyni zamanda o, yeni alınan mənzilin nəinki 1/3 hissəsinin, hətta daha artıq payın və ya bütün payının qızının adına rəsmiləşdirilməsinə razıdır. Bundan əlavə, alınan mənzil yeni binada inşa edilmişdir, satılan beton mənzildən bahalıdır, genişdir, işıqlıdır və bütün şərtlərinə görə əlverişlidir. Göstərilənlərə əsasən cavabdehin imtinası qanunsuz və əsassızdır.

8. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçının azyaşlı övladı X6 məxsus 1/3 hissədə payın özgəninkiləşdirilməsinə icazə verməmiş, bu zaman uşağın diqqətəlayiq mənafeyi rəhbər tutulmuşdur.

9. Birinci instansiya məhkəməsinin, təhsil aldığı Bakı şəhəri 280 nömrəli tam orta məktəbin nümayəndəsi X7 iştirakı ilə fikrini dinlədiyi xx.xx.2013-cü il təvəllüdlü X9 bildirmişdir ki, o, Bakı şəhəri 280 nömrəli tam orta məktəbin üçüncü sinfində oxuyur və anası ilə birlikdə Hövsan qəsəbəsində yaşayır. Hazırda yaşadıqları mənzilin nəmişliyi var və şəhər mərkəzindən çox uzaqdır. Anasının almaq istədiyi mənzil isə həm daha geniş, həm də mərkəzə yaxındır. Bu səbəblə yeni mənzilə köçmək istəyir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, həm ailə, həm də mülki qanunvericiliyin normalarına görə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan valideyn uşağın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Lakin nəzərə alınmalıdır ki, bu icazənin həm verilməsi, həm də verilməsindən imtina edilməsi zamanı qəyyumluq və himayəçilik orqanının yeganə və mütləq motivi uşağın üstün maraqlarını qorumaq, onun diqqətəlayiq mənafelərinin pozulmasının qarşısını almaq olmalıdır. Bu baxımdan hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayan uşağın mənzil üzərində payının özgəninkiləşdirilməsinə razılıq vermirsə, bunu uşağın üstün maraqları baxımından əsaslandırmalı, bu özgəninkiləşdirmə baş verərsə uşağın hansı mənafeyinin pozulmasının gözlənildiyini, bir sözlə, bu razılığın verilməməsi ilə uşağın hansı maraqlarının qorunduğunu açıq şəkildə göstərməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtina edilməsinə dair məktubunda bu özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilsə də, bunun səbəbi, bu özgəninkiləşdirmənin uşağın hansı mənafeyini pozması barədə heç bir xüsusi qeyd edilməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, uşağın anası bu özgəninkiləşdirməni rütubətli mənzildə yaşamağın uşağın səhhətinə mənfi təsir göstərməsi ilə izah edir. Bu baxımdan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti uşağın mənzildəki payının özgəninkiləşdirilməsinə razılıq verməzkən ən azından bu halı araşdıraraq, mənzilin özgəninkiləşdirilməsinə razılıq verilməsinin uşağın səhhəti baxımından əhəmiyyət daşıyıbdaşımamasına qiymət verməli idi. Lakin cavabdeh tərəfindən bu hala da qiymət verilməmiş, ümumi şəkildə özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin əksinə, uşağın mənzildəki payının özgəninkiləşdirilməsinin uşağın mənafeyinə uyğun olduğunu və onun üstün maraqlarına xidmət etdiyini hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, iş materiallarında uşağın ağciyərində xəstəlik olduğu nəticəsinə gəlməyə imkan verən ilkin sənədlər mövcuddur. Uşağın payçısı olduğu və hazırda anası ilə birlikdə yaşadıqları mənzil isə Hövsan qəsəbəsində yerləşir. Hövsan qəsəbəsi dənizə yaxın olduğundan uşağın yaşadığı bu mənzildə rütubət olması və bu rütubətin ağciyər xəstəsi olan uşağa mənfi təsir göstərməsi ağlabatan və inandırıcıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət edən uşağın doğma anası, onun tək valideynidir. O, mərhum ərinin vəfatından sonra uşağına tək ana kimi baxır və uşaq onun yanında qalır. Hazırkı tarixədək valideynlik hüququndan məhrum edilməmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən onun uşağın hansısa mənafeyini pozması ilə bağlı heç bir fakt müəyyən edilməmiş, bununla bağlı heç bir tədbir görülməmişdir (Ən azından məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir). Yəni, hazırkı vəziyyətdə İddiaçıova öz uşağının mənafelərini qorumalı olan birinci dərəcəli şəxsdir. Bu baxımdan onun uşağın mənafeyini qorumaq üçün etdiyi (etmək istədiyi) bütün hərəkətlərin həqiqətən uşağın üstün maraqlarına xidmət etdiyi qəbul edilməlidir. Bunun davamı olaraq, əgər iddiaçı uşağı ilə birlikdə hazırda yaşadıqları rütubətli mənzildə yaşamağa davam etmələrinin ağciyər xəstəsi olan uşağının səhhətinə mənfi təsir göstərdiyini iddia edirsə, əksi sübut edilməyənə qədər bu özgəninkiləşdirmənin uşağın mənafeyinə uyğun olduğu qəbul edilməlidir. Üstəlik, nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiklərini həqiqətə uyğun hesab etmək üçün iş materiallarında kifayət qədər ilkin sübutlar mövcuddur. Belə ki, iddiaçının həqiqətən Sabunçu rayonunda yeni mənzil almaq üçün real hüquqi hərəkətlər etdiyi iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş beh müqaviləsi ilə təsdiq edilir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X4 mənzil üzərindəki payının özgəninkiləşdirilməsi uşağın anası İddiaçı qeyd etdiyi kimi uşağın mənafeyinə uyğundur. Belə ki, bu özgəninkiləşdirmə uşağın hazırda yaşadığı mənzildən daha geniş, onun səhhətinə mənfi təsir göstərən rütubətin olmadığı və onun öz arzusuna uyğun “mərkəzə daha yaxın” yeni bir mənzilin alınması məqsədi daşıyır. Bu baxımdan bu özgəninkiləşdirməyə razılıq verilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, heç bir əsas olmamasına baxmayaraq, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin bu razılığın verilməsindən imtina etməsi qanunsuz olmuşdur.

12. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 51-ci, 52-ci, 55-ci, 141-ci, Mülki Məcəllənin 28-ci, 29-cu, 33-cü, 36-cı, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, 12-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən apellyasiya şikayəti verən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının yeni alacağı mənzilin sahəsinin satmaq istədiyi mənzilin sahəsindən az olduğunun müəyyən edilməsi səbəbilə Komissiyanın mənzilin satılmasını yetkinlik yaşına çatmayanın mənafeyinə uyğun hesab etmədiyi, məhkəmənin isə sübutlara düzgün hüquqi qiymət verməyərək ailə və mülki qanunvericiliklərinin normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 51.1 Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir.

17. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

18. Maddə 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

19. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

20. Maddə 55.4, 55.5, 55.6, 55.7. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.

21. Maddə 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

23. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

24. Maddə 28.3. 7 yaşınadək olan X1 (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan X1 məhdud fəaliyyət qabiliyyəti vardır.

25. Maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış X1 əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

26. Maddə 29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

27. Maddə 29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.

28. Maddə 33.1, 33.2, 33.4, 33.5, 33.7. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.

29. Maddə 36.1, 36.2. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

30. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında” Konvensiyası:

31. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

32. Maddə 12. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 192.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, qəyyumluq orqanı yetkinlik yaşına çatmayan uşağın mənzil üzərində payının özgəninkiləşdirilməsinə razılıq vermirsə, bunu uşağın üstün maraqları baxımından əsaslandırmalı, bu özgəninkiləşdirmə baş verərsə uşağın hansı mənafeyinin pozulmasının gözlənildiyini, bir sözlə, bu razılığın verilməməsi ilə uşağın hansı maraqlarının qorunduğunu açıq şəkildə göstərməlidir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının imtina məktubunda isə belə əsaslandırma mövcud deyildir.

47. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı özgəninkiləşdirməni rütubətli mənzildə yaşamağın uşağın səhhətinə mənfi təsir göstərməsi ilə izah edir. Bu baxımdan cavabdeh, uşağın mənzildəki payının özgəninkiləşdirilməsinə razılıq vermədiyi zaman ən azından bu halı araşdıraraq, mənzilin özgəninkiləşdirilməsinə razılıq verilməsinin uşağın səhhəti baxımından əhəmiyyət daşıyıb-daşımamasına qiymət verməli idi. Lakin cavabdeh tərəfindən bu hala da qiymət verilməmiş, ümumi şəkildə özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir.

48. Qeyd olunmalıdır ki, iş materiallarında uşağın ağciyərində xəstəlik olduğu nəticəsinə gəlməyə imkan verən ilkin sənədlər mövcuddur. Uşağın payçısı olduğu və hazırda anası ilə birlikdə yaşadıqları mənzil isə dənizə yaxın olduğundan bu mənzilin rütubətli olması və rütubətin ağciyər xəstəsi olan uşağa mənfi təsir göstərməsi ağlabatan və inandırıcıdır. Hazırkı iddia ilə məhkəməyə müraciət edən uşağın doğma anası, onun tək valideynidir. O, mərhum ərinin vəfatından sonra uşağına tək ana kimi baxır və uşaq onun yanında qalır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən onun uşağın hansısa mənafeyini pozması ilə bağlı heç bir fakt müəyyən edilməmiş, bununla bağlı heç bir tədbir görülməmişdir Bu baxımdan onun uşağın mənafeyini qorumaq üçün etdiyi (etmək istədiyi) bütün hərəkətlərin həqiqətən uşağın üstün maraqlarına xidmət etdiyi prezumsiyası vardır və cavabdeh tərəfindən bunun əksini sübut edəcək hər hansı sübut təqdim olunmamışdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1471/2022 saylı iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar