Məhkəmə qərarları › İş №2(103)-5482/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5482/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5482/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyalarla birlikdə mənzildən çıxarılma, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-2123/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X16 ilə Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4/65 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsində yerləşən 4 nömrəli binanın 65 nömrəli, 1 otaqlı mənzili müvəqqəti yaşamaq üçün X10 və müqavilədə onun ailə üzvü kimi göstərilən X5 (arvadı) verilmişdir. X17 xx.xx.2022-ci il tarixdə, X11 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Qaradağ rayonu “Ümid” qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi həmin mənzilin X7 ölümündən sonra onun adından çıxarılmadığını və mənzildə tək qeydiyyatda qalan X4 adına keçirilmədiyini, buna baxmayaraq, onların oğul nəvələri Cavabdeh1 və Cavabdeh2 həmin mənzili qeyri-qanuni olaraq zəbt etdiyini müəyyən etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edərək, həmin tarixdə xidməti məlumatla Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 156 saylı müqaviləyə əsasən X12 3 nəfər ailə üzvü, o cümlədən Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə sakin olduğu Cəbrayıl rayonunun Daşkəsən kəndi işğaldan azad olunanadək Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 11 saylı qəsəbədə, 2 otaqlı, 156 saylı mənzildə müvəqqəti məskunlaşdırılmışdır. QMKİÜDK-nın Biləsuvar rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Hüseynli X8 rayon ərazisində salınmış 11 saylı qəsəbənin 156 saylı mənzilində qeydiyyatdadır. Şəxsiyyət vəsiqələri haqqında məlumata əsasən Hüseynli X14 rayonu, Daşkəsən kəndində, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin, onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli, 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2019-cu il tarixli, 4/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Cəbrayıl rayonundan məcburi köçkün olan X17 və X11 “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Dövlət proqramı çərçivəsində Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Ümüd qəsəbəsi 4 nömrəli binada 65 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə X17 və xx.xx.2024-cü il tarixdə X11 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Qaradağ rayonu üzrə Mənzil Komunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 65 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 65 nömrəli mənzilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşamaları müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişlər.

4. Cavabdeh2 nümayəndəsi X12 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçı ilə X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sonuncu öz arvadı X11 ilə mübahisəli mənzilə köçdükdən 3 ay sonra onların razılığı ilə onlara baxmaq üçün nəvələri, yəni Cavabdeh2 həmin mənzilə köçürmüşdülər. Həmin vaxtdan da hazırki vaxtadək, yəni babası və nənəsi vəfat etdikdən sonra da bu cavabdeh mənzildə yaşamağa davam edir. O, Cəbrayıl rayonundan məcburi köçkündür, ona məcburi köçkün vəsiqəsi verilmişdir. Onun bu mənzildə 2019-cu ildən yaşamasını bütün qonşular da təsdiq edə bilər. Cavabdeh2 həmin şəxslərin yaxın qohumu, onların nəvəsidir və onların qohumu kimi mənzilə köçmüşdür. Bu məsələdə qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Onun adının müqavilədə olmaması bu mənzilə köçürülməsinin qarşısını almır və qanuna zidd hərəkət kimi qiymətləndirilə bilməz. Mövcud vəziyyətdə məhz onunla müqavilə bağlanmalıdır. Cavabdeh2 mənzildə yaşadığından X4 ölümündən sonra xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, bu cavabdeh məcburi köçkündür, yaşayış yeri yoxdur, məcburi köçkün kimi hələ mənzillə təmin olunmayıb, mübahisəli mənzilə nənəsi və babası tərəfindən köçürülübdür. Bu səbəbdən onun mənzildən çıxarılması yol verilməzdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2123/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli, 1 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi, bina 4-də yerləşən 65 nömrəli, 1 otaqlı mənzilin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir (hakim X20)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, mənzil qanunveriliciliyinin normalarından və xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, ayrılmış yaşayış sahəsini kirayəçi və onun müqavilədə göstərilmiş ailə üzvləri tərəfindən istifadə edilə bilər. İş materiallarında olan müqavilədən də görünür ki, kirayəçi X7 ailə üzvü kimi yalnız həyat yoldaşı X11 göstərilmişdir. Hazırda isə onların hər ikisi vəfat etmişdir. Bu səbəbdən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə kirayəçilərinin vəfatı ilə xitam verildiyindən hazırda cavabdehlərin həmin mənzildə yaşaması və ondan istifadə etməsi qanunsuz və əsasızdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsi bina 4-də yerləşən 65 nömrəli 1 otaqlı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82-ci, 96cı, 98-ci, 99-cu, 100-cü, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 3.2-3.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X17 və X11 vəfat etsə də, onlarla uzun illərdir birgə yaşayan nəvəsi kimi o, kirayə müqaviləsi bağlamaqda üstünlüyü olan şəxsdir. Çünki onun başqa yaşayış yeri yoxdur və mənzildən çıxarıldığı təqdirdə məcburən işdən də çıxmalı olacaqdır. Burada mənzil başqasına verilməmiş və kirayəçilərlə illərdir birgə yaşayan nəvəsi kirayə münasibətlərini davam etdirmişdir. O da məcburi köçkündür və yaşayış sahəsinə ehtiyacı vardır. Məcburi köçkün olaraq onun mənzildən çıxarılması məcburi köçkün olaraq onun hüquqlarının pozulması və evsiz qalması ilə nəticələnir. Bu səbədən ailə üzvü, habelə məcburi köçkün olaraq kirayə müqaviləsinə əlavə şəklində onunla bağlanması və kirayə müqaviləsinin davam etdirilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli qərarı ilə “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin forması” təsdiq edilmişdir. Həmin qərarın tələblərinə uyğun olaraq kirayəyə verənlə kirayəçi arasında bağlanılan müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini və onunla birgə təsərrüfat aparan digər qohumlarını yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Qanunvericiliyə əsasən valideynlər, övladlar, baba, nənə və nəvələr yaxın qohumlar hesab edilir. Nəvələrin baba-nənə və digər ailə üzvləri ilə yaşaması digər məcburi köçkünlərin mənzillə təmin edilməsi baxımından daha əlverişli olduğu üçün o, nənə-babası ilə birlikdə yaşamışdır. Hazırda isə həmin mənzillə bağlı kirayə münasibətlərinin onunla davam etdirilməsində heç bir qanunazidd hal yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə etmiş və onun, habelə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar; 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər; 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir; 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir; 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4-ci, 1.5-ci bəndlərinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X15 iizrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının: 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir; 2.9-cu bəndinə əsasən kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir; 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; 3.6-cı bəndinə əsasən məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz; 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir; 4.1-ci bəndinə əsasən ailə tərkibi 1 nəfərdən ibarət olan məcburi köçkünə 1 otaqdan ibarət yaşayış sahəsi verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə Cavabdeh2 qətnaməni ona münasibətdə təmin edilən hissədə mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən, yəni yalnız Cavabdeh2 aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 4 nömrəli binanın, 1 otaqlı, 65 nömrəli mənzili (bundan sonra mübahisəli mənzil) xüsusi təyinatlı mənzil fonduna daxil edilməklə məcburi köçkünlərin müvəqqəti yaşaması üçün ayrılmış yaşayış sahəsidir. Cavabdeh2 (bundan sonra cavabdeh) babası X16 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4/65 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən bu mənzil müvəqqəti yaşamaq üçün X7 və müqavilədə onun ailə üzvü kimi göstərilən (1 nəfər ailə tərkibi) X4 (arvadı) istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə X17, xx.xx.2024-cü il tarixdə isə X11 vəfat etmişdir.

24. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarının tələblərini rəhbər tutaraq, ilk növbədə vurğulayır ki, belə təyinatlı yaşayış sahələrinə (mənzillərə) köçürülməsi üçün köçürülən şəxs məcburi köçkün olmalı, ya müqavilə tərəfi olmalı, ya da onun ailə üzvü olaraq müqavilədə göstərilməlidir. Ən əsası da belə yaşayış sahəsinin verilməsini (köçürülməni) qeyri-mümkün edən hallar olmamalıdır. Hər bir halda, müqaviləyə əsasən yaranmış hüquqlar müvəqqəti xarakter daşıyır və konkret hallar baş verdikdə, o cümlədən müqavilədə göstərilən məcburi köçkün ailəsi mənzildə faktiki yaşamadıqda müqaviləyə xitam verilir.

25. Cavabdehin babasının ailə tərkibi 1 nəfərdən, yəni arvadından ibarət olmuş, bu səbəbdən onunla bağlanmış kirayə müqaviləsində onun ailə üzvü kimi yalnız arvadı göstərilmiş və məhz ailə tərkibinin sayına uyğun olaraq onların istifadəsinə bir otaqlı mənzil verilmişdir. Əks halda, cavabdeh də nəzərə alınmaqla, yəni 2 nəfərdən ibarət ailə tərkibi olaraq onlara 2 otaqlı mənzil verilməli idi. Bununla belə, mənzildən istifadə edilməsi ilə bağlı tərəflər arasında yaranmış müqavilə münasibətlərində cavabdeh həmin mənzildən istifadə etmək hüququ olan ailə üzvü kimi göstərilməmiş və hüquqi nəticə etibarı ilə həmin mənzilə köçürülməmişdir. Növbəti illərdə də müqaviləyə ailə üzvləri ilə bağlı dəyişiklik edilməmişdir.

26. Bu baxımdan cavabdehin qeyd edilən şəxslərlə həmin mənzildə faktiki olaraq yaşaması onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz və onun mənzildən istifadə etməsini, o cümlədən orada yaşamasını mümkün etmir. Başqa sözlə, cavabdehin həmin mənzilə münasibətdə hər hansı hüququ yaranmamışdır.

27. Məhkəmə kollegiyası xüsusilə o halı da vurğulayır ki, cavabdehin atası ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 156 saylı müqailəyə əsasən onun atası 3 nəfər ailə üzvü, o cümlədən cavabdehlə birlikdə sakin olduğu Cəbrayıl rayonunun Daşkəsən kəndi işğaldan azad olunanadək Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 11 saylı qəsəbədə, 2 otaqlı, 156 saylı mənzildə müvəqqəti məskunlaşdırılmışdır. Başqa sözlə, həqiqətdə cavabdeh atasının ailə üzvü olaraq 2018-ci ildən yaşayış sahəsi ilə təmin edilmişdir. Bu da öz növbəsində mübahisəli mənzilə dair bağlanmış müqavilədə onun mənzilə köçən ailə üzvü kimi göstərilməsini, habelə babasının və nənəsinin vəfatından sonra mənzilə dair onunla yeni müqavilənin bağlanmasını (belə olan halda cavabdeh hüquqi nəticə etibarı ilə yeni yaşayış sahəsi ilə təmin edilmiş olur) ümumiyyətlə istisna edir. Cavabdeh bu mənzilə dair yeni müqavilə bağlamaq üçün nəinki üstün, ümumiyyətlə hər hansı hüquqa malik deyil.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdeh ümumiyyətlə Biləsuvar rayonuna və mübahisəli mənzildə deyil, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 5a saylı evin, 91 saylı mənzilində qeydiyyatdadır. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaya qarşı etirazında baba və nənəsinə baxmaq üçün mənzilə köçdüyünü bildirmişdir. Bu baxımdan cavabdehin mənzilə köçməsi əsası da aradan qalxmışdır. Lakin hazırda cavabdeh mənzildən çıxdığı halda, işdən çıxmalı olduğunu qeyd edir.

29. Bununla belə, həmin müqavilənin tərəfi olan X7 vəfatından sonra müqavilədə onun ailə üzvü kimi göstərilmiş arvadı X4 da vəfat etməsi ilə qeyd edilən müqaviləyə xitam verilmişdir (bu hal müqavilənin 5.5-ci bəndində də nəzərdə tutulmuşdur). Qeyd edilənlər öz növbəsində iddianın bu hissədə əsaslı olduğunu təsdiq edir və cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması üçün əsas yaradır. Mənzil miras kütləsinə daxil olmadığından cavabdehin baba və nənəsinin vərəsəsi olması belə mövcud vəziyyəti dəyişdirmir.

30. Məhkəmə kollegiyası iddia tələbinin “mənzildən əşyalarla bilrikdə çıxarılması” tələbinin əsas tələb olduğunu, “mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi” tələbinin törəmə tələb olduğunu və onun təmin edilib-edilməməsinin bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılı olduğunu nəzərə alıb, iddianın “mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində də əsassız olması qənaətinə gəlir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2123/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar