Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5482/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, əmlakın qanunsuz sahiblikdən geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X23 (sədrlik edən və məruzəçi), X10 və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 ilə, İddiaçı Cavabdehnə qarşı (X29 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1398/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə üçüncü şəxs X29 xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-5707/13 nömrəli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli “Özəlləşdirilmiş torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən, ünvan 1 ünvanda vətəndaş X19 məxsus 4323,6 m torpaq sahəsində Cavabdehnə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 851/2017 nömrəli qətnaməsi ilə İddiaçı ilə X29 arasında ünvan 2 ünvanında 0,43236 kv.m. torpaq sahəsinin bərabər paylarda bölünərək həmin əmlakın ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-767/2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X29 və üçüncü şəxs Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2016 nömrəli mülki iş üzrə qəbul etdiyi 15 .02.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(102)-3777/2019 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 299/2021 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında 0,43236 kv.m. torpaq sahəsinin açıq hərracda satılması, hərracda ilkin satış qiymətinin 5.600.000 manat müəyyən edilməsi; satışdan əldə edilən məbləğin İddiaçı və cavabdeh X30 arasında ½ hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir.
6. Nərimanov Rayon İcra şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-299/2021 nömrəli icra sənədinin “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır. Belə ki, torpaq sahəsinin üzərində bina inşa edildiyi üçün əmlakın hərracdan satılması mümkün olmamışdır.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 551/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
8. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ünvanında yerləşən 0.432360 kv.m torpaq sahəsinin ½ hissəsi İddiaçı xüsusi mülkiyyətinə, ½ hissəsi isə X12 xüsusi mülkiyyətinə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 0.43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsində "xxxx" MTK tərəfindən özbaşına olaraq inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının cavabdehin hesabına sökülərək cavabdeh tərəfindən zəbt edilmiş 0.43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması, məhkəməyə müraciət üçün ödənilmiş 2.190 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" MTK-dan tutularaq X24 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 0.432360 ha torpaq sahəsi ½ hissə pay üzrə İddiaçı, ½ hissə pay üzrə X13 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə X29 arasında Nərimanov rayonu, A.Neymətulla küçəsi 72 ünvanda 4323,6 kv.m torpaq sahəsi bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-767/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X29, üçüncü şəxs X25 və üçüncü şəxs "xxxx" MTK tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2017 saylı 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3777/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki,kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-767/2019 saylı 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 1C/3491 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 4323,6 kv.m torpaq sahəsinin ½ hissədə naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmə araşdırması zamanı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 0.432360 ha torpaq sahəsinin bazar dəyəri 5.600.000 manat, likvid dəyəri 4.200.000 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iiə ünvan 3 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin açıq hərracda satılması, ünvan 3 ünvanında yerləşən 0.43236 kv.m tcrpaq sahəsinin hərracda ilkin satış qiyməti 5.600.000 manat müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və "Mercedes 270 Dİ" markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən məbləğ İddiaçı və cavabdeh X29 arasında 2/1 hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 3 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin açıq hərraca çıxarılsa da, həmin ünvanda torpaq sahəsi üzərində yaşayış binası yerləşdiyindən torpaq satışı mümkünsüz olmuşdur. Uzun müddətdir ki, Cavabdeh MTK iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, mülkiyyətçinin razılığı və icazəsi olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarıı ciddi surətdə pozmaqla xəbt etdiyi torpaqsahəsində özbaşına olaraq çoxmənzilli yaşayış binaları inşa etdirmişdir. İddiaçı dəfələrlə cavabdehin qanunsuz sahibliyindən əmlakını geri tələb etsə də, ondan özbaşına olaraq inşa etdiyi tikililəri söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır.
11. Məhkəmə tərəfindən X29 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Cavabdeh MTK iddiaya qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı tələbində haqsız olmaqla, MTK-ya qarşı tələbi, qabaqcadan məqsədli şəkildə düşünülmüş, əsassız varlanma niyyətini məhkəmə yolu ilə həyata keçirmək üçün növbəti cəhdidir. Əslində tələbinin heç bir qanuni əsası yoxdur. İş üzrə üçüncü şəxs tərəfindən şəxsi kabinet vasitəsi ilə məhkəmə elektron sistemində yerləşdirilmiş iddiaya etirazında, qismən də olsa məqsədli qəsdlərini aydın qeyd göstərməklə etiraf etmişdir. Adı çəkilən torpaq sahəsi və onun tikinti altına alındığı, tikintini aparan Cavabdeh MTK ilə bağlı mövcud halları nəzərə çatdırır. ünvan 4 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi və onun üzərində olan 763,9 kv.m. qeyri-yaşayış binası X31 mülkiyyətində olmuşdur. Həmin ərazi də ilk olaraq onun tərəfindən yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün təklif edilmişdir və bu məsələ ilə bağlı razılaşma rəsmi olaraq, sonradan Cavabdeh MTK-nı yaradan 4 nəfər X39, X5, X29 və X14 arasında olmuşdur. Cavabdeh MTK-nın təsisi barədə aralarında müqavilə xx.xx.2003-cü il tarixdə bağlanmışdır və torpaqla bağlı şərtləri belə olmuşdur ki, X39 tikinti altına verdiyi özünə məxsus ünvan 5 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi 400.000.000 manat məbləğində qəbul edilsin. Təsis müqaviləsi imzalandıqdan sonra iki gün ərzində torpaq sahəsinin və onun üzərində olan 763,9 kv.m. tikililərə sərbəst sərəncam verilməsi üçün həyat yoldaşının notariat razılıq ərizəsini, əmlakın şəhadətnamələrini və arayışlarını Kooperativin sədrinə təqdim edir. Əmlakı onun adına alqı-satqısını notariatda rəsmiləşdirir. Razılaşmaya uyğun olaraq, təsisçi İlqar Əliyev adı çəkilən torpaq sahəsinin Cavabdeh MTK-nın sədri təyin edilmiş digər təsisçi X13 adına alqı-satqı müqaviləsini xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 42 saylı dövlət notariat kontorunda təsdiqlətmiş və torpaq sahəsinə dair mülkiyyət hüququnu ona ötürmüşdür. Məlum məsələdir ki, müqavilənin rəsmiləşdirilməsi üçün müqavilədə əmlakın qiyməti qeyd olunmuşdur. Qiymət də təsisçilərin öz aralarında razılaşdırılmış və İlqar Əliyevin tikintiyə qoymalı olduğu məbləğ həcmində 400.000.000 (250.000.000 + 150.000.000) manat göstərilmişdir. Lakin ortada hər hansı bir məbləğin ödənilməsi olmamış və bundan söz gedə bilməzdi. Çünki təsisçilərin öz aralarında razılaşması bu şəkildə olmuşdur. Bakı şəhəri İcra hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli, 302 saylı sərəncamı ilə Cavabdeh MTK-ya adı çəkilən A.Nemətulla küçəsi, 72 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Sərəncamın birinci bəndində torpaq sahəsinin İbadət Abasovun məxsus olduğu, həmçinin torpaq sahəsinin tikinti altına verilməsinə dair müraciətlərin nəzərə alındığı qeyd edilmişdir. Tikinti 2006-cı ilin yanvar ayında başa çatdırılmış, fevral ayında təsisçilərin pay bölgüsü aparılmış və hər kəs, o cümlədən İbadət Abasov paylarını almışlar. Bundan sonra İbadət Abasov sədrlikdən çıxması barədə ərizəsi nəzərə alınaraq, xx.xx.2006-cı il tarixdə MTK üzvlərinin qərarı (iclas protokolu № 197) əsasında o, sədrlikdən azad edilmiş və yeni sədr X1. Bir müddətdən sonra da İbadət Abasov ailəsi ilə birlikdə Rusiyaya köçmüş, sənədləri təqdim etmədiyindən reyestrdə adı sədr kimi qalmışdır. Təsisçilər hesab edirlər ki, torpaqla bağlı sonradan yaranmış mübahisələri İbadət Abasovun özü bilərəkdən yaratmışdır və qəsdən arvadını qabağa vermişdir. İddiaçı Lamiyə Abbasovaya gəlincə o, həm İbadətin arvadı və həm də doğmaca dayısı qızıdır. Lamiyə Abbasova həmin torpaq sahəsinə İbadətin bir qəpik vermədiyini, başqasının torpağı hesabına MTK-dan yetərincə qazac əldə etdiyini bilirdi. Bu da bir həqiqətdir ki, 2003-cü ildə 400.000.000 manat pulu İbadət yalnız xəyal edə bilərdi. İddiaçı torpaq sahəsinin birgə əmlak qismində bölgüsü üçün məhkəməyə müraciət edəndə, həmin torpaq sahəsinin üzərində yüksəkmərtəbəli yaşayış binasının tikildiyini və ona bölünüb verilməsi mümükün olan torpaq sahəsinin mövcud olmadığını bilirdi. İndi də müxtəlif dolayı tələblərlə məhkəmə yolu ilə qəsdli niyətinə nail olmaq fikrinə düşmüşdür. İbadət Abasov da təsisçilərin çağırışına gəlmir. Təsisçilər onun arvadı iddiaçı ilə birgə hərəkət etdiklərin düşünür.Göründüyü kimi iddia ərizəsində adı çəkilən torpaq sahəsi, məhz MTK yaratmaq və üzərində bina tikilməsi üçün birgə fəaliyyət məqsədi ilə 4 təsisçi arasında razılaşdırılmaqla əldə edilmiş, üçüncü şəxs İbadət Abasovun adına rəsmiləşdirilmiş, üzərində bina inşa edilməsi üçün müraciət edilmiş və müvafiq icazələr alınmaqla, üzərində bina tikilmişdir. Bu baxımdan iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və təmin oluna bilməz.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 da iddiaya qarşı etiraz verərək belə əsaslandırmışdır ki, ona məxsus hissədə torpaq sahəsinin dəyəri həmin məbləğdədir. İlkin olaraq qeyd edir ki, adı çəkilən torpaq sahəsininin indiki, tikili altında olması vəziyyəti, iddiaçı tərəfindən mülkiyyət hüququ əldə etməsi tələbi zamanı eyniliklə mövcud olmuş və gələcəkdə dəyişdirilməsinin mümkün olmadığını bildiyinə görə, hazırkı iddia tələbinin hüquqi əsası yoxdur və bu baxımdan təmin oluna bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin ½ pay hissəsində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edəndə, həmin torpaq sahəsinin üzərində yüksək mərtəbəli bina kompleksinin tikildiyini bilirdi və bu hal ona 10 ildən çox bir müddətdə ona bəlli idi. Çünki əmlak bölgüsü ilə məhkəməyə müraciət etməmişdən 10 il əvvəl orada bina tikilmişdir. Deməli o, həmin torpaq sahəsinin ½ hissəsinin mülkiyyətinə mövcud şəkildə, üzərində bina olmaqla almaq istəyində olmuş, məhkəmə də tələbinə uyğun iddiasını təmin etmişdir. Torpaq sahəsinin tikinti altında olduğunu bildiyindən, gələcəkdə ondan istifadəsində məhdudiyyətlər olduğunu da qabaqcadan bilirdi və bu vəziyyətdə əmlakı əldə etmişdir. Hazırda 22 ildən sonra tikilinin sökülməsi və ya pul tələbində iddiaçı haqlı sayılmaz və tələbi məntiqə uyğun deyildir. Adı çəkilən torpaq sahəsinin əvvəlki durumu, tikinti altına alınması ilə bağlı münasibətlər və birgə əmik dairəsinə daxil olması ardıcıllığına görə iddiaçı vicdansız mövqeyindən çıxış edir və ona utanc gətirən tələblərlə çıxış edir. Belə ki, Cavabdeh MTK-nın sədri olaraq X29, həmdə MTK-nın həmtəsisçilərindən biridir. İddiaçı isə onun keçmiş arvadıdır və onun doğma dayısı qızıdır. Cavabdeh MTK-m təsis edilən zaman ünvan 6 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi X35 məxsus olmuşdur. O, da MTK-nın 4 bərabər hüququlu təsisçisindən biridir və MTK-nın 25% payına sahib olması üçün, pay haqqı olaraq həmin torpaq sahəsini qoymuşdur. Bununla bağlı təsisçilər arasında xx.xx.2003-cü il tarixdə bağlanmış təsis müqaviləsi vardır. Torpaqla bağlı müqavilənin şərti belədir: X39 - 400 020 000 manat, tikinti altına verdiyi özünə məxsus ünvan 7 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsi 400 000 000 manat məbləğində qəbul edilsin. Təsis müqaviləsi imzalandıqdan sonra iki gün ərzində Torpaq sahəsinin və onun üzərində olan 763,9 kv.m. tikililərə sərbəst sərəncam verilməsi üçün həyat yoldaşının notariat razılıq ərizəsini, əmlakın şəhadətnamələrini və arayışları Kooperativin sədrinə təqdim edir. Bununla bağlı müqaviləni imzalayır. İlkin üzvlük haqqı olaraq 20 000 manat Kooperativin kassasına ödəyir. MTK-nın təsisçilərinin 3-ü yaxın qohum, İlqar Əliyev isə qıraq adam olduğundan, torpaqla bağlı sonradan problemlər yaşanmasın deyə torpaq sahəsinin onun adına rasmiləşdirilməsi, təsisçilər arasında razılaşdırılmış və adına rəsmiləşdirilmişdir. 2006-cı ildə bina tikintisi başa çatandan sonra da hər bir təsisçi qazancdan özünə düşən hissəni götürmüşdür. O da özünə düşən paya uyğun vəsaiti götürüb evə gətirmiş və bundan sonra da 7 il iddiaçı ilə birgə yaşayışı olmuşdur. MTK-dan götürdüyü payı, tikintiyə qoyduğumuz pul, əmlak o cümlədən həmin torpaq sahəsi hesabına əldə edilib. İndi də ikinci dəfə təkrarən MTK-dan pul istəyirlər. Bu ən azından vicdansızcasma davranış və digər üzvlər arasında ona utanc gətirən hərəkətdir. İddiaçı adı çəkilən torpaq sahəsi ilə bağlı yaratdığı mübahisələr baxımından, ədalətsiz, əxlaq davranışına görə isə yol verilməyən, bilərəkdən əsassız varlama mövqeyi nümayiş etdirməkdədir. Belə ki, 2011-ci ildə Rusiyada iş qurmaq niyəti ilə hər şeyi satıb, ailəlikcə köçüb Rusiya Federasiyasına köç ediblər. Gedəndə normal bir işə başlamaq və ailənin yaşaması üçün yetərincə vəsaitə malik idilər. Lakin bir müddətdən sonra üzləşdikləri çətinliklər üzündən, Bakıdan gedəndə satdıqları əmlaklardan əldə edilən və toparladıqları pulları itirdiyindən, maliyyə sıxıntısına giriblər. Qohum və yaxınları hərəsi bir bəhanə ilə borc vermədiyindən, vəziyyətdən çıxmaq üçün yoldaşı, iddiaçı Lamiyə Abbasova ilə yollar axtarıblar. Həmin vaxtı qohumu Ramin Əliyevlə danışanda öyrənib ki, onun şərikinə satdığı və pulunu tam şəkildə aldığı Pirəkəşküldəki 5 ha. torpaq sahəsi hələ də adında qalmışdır. Bina tikintisi üçün Cavabdeh MTK-ya X39 tərəfindən pay kimi qoyulmuş, lakin adıma alqı-satqı olunmuş, üzərində bina tikilmiş, hazırkı iddiada adı çəkilən ünvan 6 ünvanda yerləşən 4323,6 kv.m. torpaq sahəsinin isə adında qaldığını bilirdi. Son olaraq yoldaşı Lamiyə ilə belə qərara gəliblər ki, satdıqları lakin hələdə adında olan əmlakları tələb etməklə, əvəzində qohumlardan bir az pul, malmülk alıb vəziyyəti düzəldə bilərlər. Düşündükləri plana görə yola getmədikləri və boşanmaq görüntüsü yaratmaqla Lamiyyə Bakıya döndü. Faktiki satılan, lakin adında qalmış əmlakları geri tələb etmək hədəsi ilə bağlı tələbləri rədd edildiyindən, istədiklərini əldə etmək üçün məhkəmə yolunu seçiblər. Bildirilir ki,onlara adı çəkilən torpaqlar lazım deyildi. Çünki birində bina, digərində də zavod tikilmişdi. Bəribaşdan məqsəd sadəcə qohumları məhkəmə yolu ilə sıxıntıya salıb, əvəzində pul və ya mənzil verməsinə məcbur etmək idi. Lakin alınmayıb. Arada buna hardasa razılıq verilsə də, sonradan niyətlərini anlayıb, tələblərini rədd etdilər. Sonradan məlum oldu ki, Lamiyyə daha böyük həcmdə vəsait istədiyindən rədd edilmişdir. Məsələnin alınmadığını görəndə mübahisələrdən çəkinməyini, qayıdıb yeni iş tapacağını bildirəndə, Lamiyə razılaşmadı. Bütün bu problemlər də oradan başladı. Yoldaşı ilə münasibəti də bundan sonra pozuldu. Pirəküşkürdəki 5 ha. torpaq sahəsinin yarısı alanın əlindən geri götürüldüyündən, pulunu ondan məhkəmə qaydasında aldı və bunun üçün hazırda böyük məbləğdə borc qarşısında qalmışdır. Əslində Lamiyə ilə birgə çıxılan bu yol, qabaqcadan planlarının, özgəsinin əmlakını ələ keçirmək əməli olduğunu bilirdilər. Lakin həmin vaxtları buna ehityacları üzündən getməyə məcbur idik və rahatlıqla alınacağını düşünüblər. İndi isə bu tələb bilərəkdən bu qəsdli əməlin davam etdirilməsidir. Göründüyü kimi 2003-cü ildə MTK-ya tikinti altına verilməklə, əvəzində 2006-cı ildə küllü miqdarda vəsait aldığı torpaq sahəsini iddiaçı geri tələb edir. Daha sonra da əvəzində pul tələb edir. Yuxanda qeyd etdiyi kimi, birincisi həmin torpaq sahəsi adıma rəsmiləşdirilsə də, heç vaxtı ona aid olmamışdır. İkincisi torpaq sahəsi tikinti altına alındığı 2003-cü ildə onlar birgə nikahda olduğu kimi, əvəzində MTK-dan payıma görə vəsait aldığı 2006-cı ildə də birgə nikahda olmaqla, bir yerdə yaşamış və birgə yaşayış olmuşdur. İddiaçının bu davranış MTK-ya qarşı, eyni zamanda hazırda mövcud olan 215 nəfər üzvü olan bina sakinlərinə qarşı, məqsədli şəkildə törədilən əsassız varlanma, özgə əmlakını ələ keçirmə niyəti ilə qabaqcadan planlaşdırılmış, qəsdli əməlin davam etdirilməsidir. Ona görə də iddia ərizəsinə baxılarkən, qeyd olunanları da nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir.
14. Məhkəmə tərəfindən mübahisəli ünvana yerində baxış keçirilmiş, ərazidə çoxmənzilli yaşayış binasının tikildiyi və binada yaşayışın olduğu müəyyən edilmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1398/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, mülki işin materialları, o cümlədən tərəflərin izahatları, yerli müayinə iclasının protokolu və audio-video yazısı ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli binada sakinlər yaşamaqdadırlar, mənzillərin üzərində xüsusi mülkiyyət barədə bir neçə çıxarış da məhkəməyə təqdim edilmişdir. İşin hallarından da göründüyü kimi, ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli bina hüquqi rejiminə görə özbaşına tikili hesab edilmir.
17. Belə ki, cavabdeh MTK mübahisəli daşınmaz əmlakı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa etməmiş, o cümlədən müvafiq dövlət orqanlarından lazımi qaydada alınmış icazələri əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli binanı inşa etmiş, həmin torpaq sahəsinin həmin hündürmərtəbəli, çoxmənzilli binaya hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar əsasında təsdiqlənmişdir. Həmin hüquq müəyyənedici sənədlər isə qüvvədə olmaqla, inzibati qaydada mübahisələndirilməmişdir.
18. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir.
19. Məhkəmə qeyd olunanlara istinadən hesab etmişdir ki qanunvericiliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh MTK-nın inşa etdiyi mübahisəli hündürmərtəbəli çoxmənzilli yaşayış binasının sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi faktı müəyyən edilmir, həmin mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarları qüvvədədir, ləğv edilməmişdir, həmin qərarlar mübahisələndirilmədiyindən tikilinin qanunvericiliyin tələblərinə uyğun olmadığı barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.
20. Məhkəmə hesab etmişdir ki, sözügedən hündürmərtəbəli çoxmənzilli yaşayış binası 1/2 hissədə iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyinə baxmayaraq, həmin torpaq sahəsi və orada inşa olunmuş bina Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin «ədalətli balans» prinsipi o cümlədən ədalətli tarazlığa riayət edilməsi baxımından da özbaşına tikili adı ilə sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinin qanuni və faktiki əsası mövcud deyildir.
21. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh MTK-nın nümayəndəsi və vəkilinin X29 və iddiaçı X20 əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin oluna bilməz. İşdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir.
22. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 152.2, 154.1, 159, 165.1, 180.1, 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3, 92.4.1, 95, 95.1.1, 95.1.2, 95.2, 97.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1, 2.2, 2.4 və 17-ci bəndlərinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin «Sporronq və Lonnrot İsveçə qarşı» iş üzrə, «Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli, «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli, “X22 və X2rşı” xx.xx.2019-cu il tarixli, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007- ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020ci il 27 avqust tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarına, S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 265.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Mülkiyyətində olan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və oxşar təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi yaşayış binası tikintisi üçün nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinin isə sonradan təyinatı dəyişdirilməmişdir. Həmin binalar şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına olaraq inşa edilmişdir. İkincisi, həmin torpaq sahəsində mülkiyyətçi olaraq yaşayış binasının inşa edilməsinə razılığı və icazəsi olmamışdır. İcra Hakimiyyətinin saxta sərəncamının mövcudluğu onun üçün heç bir məhdudiyyət yarada bilməz. Həmin sərəncamı tutaq ki, məhkəmələr heç bir əsas olmadan ləğv etmədi, hazırda isə məhkəmə belə mövqedədir ki, tikililər özbaşına tikili sayılmır. Sual olunur belə olan halda o, öz mülkiyyətində olan torpaq sahəsini hansı yolla geri qaytarmalıdır? Göründüyü kimi, məhkəmə qanunsuz qətnaməsi ilə onu mülkiyyətindən məhrum etmişdir. Həmin özbaşına tikililərin sökülməsi tələbi barədə iddia qaldırmaq hüququ isə Mülki Məcəllənin 180.4-cü maddəsində birbaşa nəzərdə tutulmuşdur. Hazırki mübahisənin yalnız bir həlli yolu vardır ki, o da, özbaşına tikililərin sökülməsi və əmlakın açıq hərracda satılması ilə bağlı qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-299/2021 saylı qətnaməsinin icrasının təmin edilməsidir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci, 180.4-cü maddələrinin adları çəkilsə də, həmin maddələrin tələbləri işə baxan hakim tərəfindən səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə əsas məqamı diqqətdən kənarda qoymuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsinin ½ hissəsi faktiki olaraq cavabdehin qanunsuz sahibliyindədir. O, özünə məxsus torpaq sahəsini Cavabdeh MTK-ya verməmişdir. Bu barədə heç bir hüquqi sənəd yoxdur. Yəni, cavabdeh ona məxsus torpaq sahəsini özbaşına olaraq zəbt etmiş və çoxmənzilli yaşayış binaları inşa etdirmişdir. Bu səbəbdən qeyd olunan torpaq sahəsi açıq hərracdan satıla bilmir. Məhkəmə qərarları icra olunmalı, onun torpağı boşaldılaraq ona qaytarılmalıdır. Bu isə həmin özbaşına olaraq inşa edilmiş binaların sökülməsi ilə mümkündür. Sadaladığı məhkəmə mübahisələri getdiyi dövrdə artıq qeyd olunan binalar özbaşına şəkildə inşa edilmişdi. Məhkəmələr həmin özbaşına tikililərə görə onun mülkiyyət hüququnu pozan heç bir qətnamə qəbul etməmişdir. Bütün məhkəmə prosesləri onun xeyrinə qərarlar qəbul olunmaqla nəticələnmişdir. Həmçinin, ona məxsus torpaq sahəsi ünvan 8 ünvanında yerləşir. Cavabdeh tərəfin ən sonuncu məhkəmə iclasında (subutlar hazırlıq iclasınadək məhkəməyə təqdim edilə bilərdi) məhkəməyə təqdim etdiyi X15, X16, X3, X4, X9, X6, X26, X17 adlarına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara nəzər saldıqda görmək olar ki, həmin çıxarışların ümumiyyətlə ünvan 8 ünvanına heç bir aidiyyatı yoxdur. Həmin çıxarışlar ünvan 9 ünvanlarında yerləşən başqa mənzillərə aid çıxarışlardır. Əgər ünvan 72 ünvanından 70 ünvanına dəyişdirilmişdirsə, bu saxtakarlıq nəticəsində baş vermiş, saxta formada ayrı-ayrı şəxslərə 70 ünvanı adı altında çıxarışlar verilmişdir. Məhkəmə həmin sənədlərin həqiqətən hansı ünvanda yerləşən mülkiyyətdir sualına mütəxəssis rəyi alacağı halda vacib lazımi rəyi almamışdır. Çünki ünvan 8 ünvanı ½ hissədə ona məxsusdur, heç bir bina sakini həmin ünvanda inşa edilən özbaşına tikiliyə sənəd əldə edə bilməz. Sübut olaraq qeyd edə bilər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli arayışlar verərək qeyd edir ki, İddiaçı mülkiyyətində olan sözügedən torpaq sahəsinin ½ hissəsi üzərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir, Cavabdeh MTK-nın adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həm də ona məxsus torpaq sahəsi üzərində necə ola bilər ki, başqa şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınsın, bu qanunla mümkün deyildir. Qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, digər iş üzrə icra sənədi Nərimanov Rayon İcra şöbəsinin icraatındadır. O işdə icra gedir ki, torpaq satılsın, ½ payın pulu verilsin, burada da tələbi odur ki, torpaq naturada verilsin. Pul iddiasını ona görə dəyişdi ki, onun icrası mümkün olmayacaq, MTK ona onsuz da pul ödəmir, indi də ödəməyəcək.
28. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bildirir ki, cavabdeh binanı özbaşına tikib, onlar da sübutları təqdim edirlər. Sərəncam olmasa da belə, təsisçilər öz aralarında razılığa gəldilər, bu torpaq sahəsi İlqar adında birinin mülkiyyətində olur, təsis payı olaraq MTK-ya qoyulur.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 0.43236 ha torpaq sahəsinin ½ hissəsi şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 302 nömrəli sərəncamı əsasında cavabdeh MTK tərəfindən yaşayış binaları inşa edilmişdir.
35. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
36. İş materiallarında olan birinci instansiya məhkəməsinin yerində müayinə protokolundan və yerində müayinənin nəticələrini əks etdirən video yazıdan müəyyən edilir ki, torpaq sahəsində yerləşən yaşayış binalarında yaşayış var, hətta iş materiallarında sakinlərin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatları barədə çıxarışlar mövcuddur.
37. O da nəzərə alınmalıdır ki, sözügedən binalar özbaşına inşa edilməmiş, yuxarıda da qeyd edildiyi kimi, onların inşası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 302 nömrəli sərəncamı əsasında həyata keçirilmişdir.
38. Məhkəmə kollegiyası yaşayış binalarının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, həmin mülkiyyətçilərin isə sözügedən əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olduqlarını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz.
39. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-299/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən icra tədbirləri davam etdirilir. Məhkəmənin sorğusuna cavab olaraq bu barədə Nərimanov rayon İcra Şöbəsi tərəfindən məlumat verilmişdir.
40. Sözügedən icra sənədinə əsasən torpaq sahəsi hərracdan satıldıqdan sonra satışdan əldə olunmuş məbləğin yarısı iddiaçıya təqdim edilməlidir. Beləliklə, icra sənədinin icrası təmin edildiyi təqdirdə iddiaçı torpaq sahəsinin ona düşən payına uyğun dəyərini əldə edəcəkdir. Belə olan halda isə hazırki iddianın təmin edilməsi bu əsasla da mümkün olmur.
41. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırda MTK tərəfindən yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 302 nömrəli sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirsə də, sərəncamın ləğv edilib-edilməməsindən asılı olmayaraq yuxarıda şərh olunanlara əsasən hazırki iş üzrə iddianın təmin edilməsi istisna edilir. Odur ki, məhkəmə kollegiyası hazırki mülki iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətini əsassız sayaraq təmin edilməməsi qənaətinə gəlmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1398/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: