Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5483/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər:mənzildən çıxarılma, mənzildən istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34cü mənzili İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 noyabr 2002-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh X5 ilə nikaha daxil olmuş və tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. X5 ilə Cavabdeh 2013-cu ildən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34-cü mənzilinə köçərək orada yaşamışlar. Cavabdeh hazırda da yetkinlik yaşına çatmayan övladı X10 ilə iddiaçıya məxsus həmin mübahisəli mənzildə yaşayır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun 07 noyabr 2014-cü il təvəllüdlü övladı X6 bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34-cü mənzilindən məcburi şəkildə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə iddiaçının ailə dostu X2 Ayaz Firudin oğlu evləndiyi üçün, iddiaçı ona həmin mənzildə bir müddət yaşamalarına icazə vermişdir. Bununla da, X5 Cavabdeh ilə evləndikdən sonra və birgə nikahlarından 2014-cü ildə doğulmuş X10 da onlarla birgə həmin mənzildə yaşamışlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ayaz Əfəndizadə 2023-cü ilin avqust ayından həmin mənzildə yaşamır. Bundan başqa, iddiaçının oğlu Fikrət Əliyevin də nikahı pozulmuşdur və bu səbəbdən də, onun yaşaması üçün mənzilə ehtiyacı yaranmışdır. Qeyd olunanlar səbəbindən iddiaçı cavabdehdən mənzildən çıxmasını xahiş etmişdir, lakin iddiaçı çıxmaq istəmədiyini bildirmişdir.
4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək onun və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin cavabdeh İddiaçı Ramil qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 40 saylı evin 34-cü mənzilində yaşamaq və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qaynanası X8 xx.xx.2007ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan almışdır. Lakin həmin mənzil kreditlə götürülmüşdü, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatdı. Beləliklə, elə o vaxtdan Hüseynova Lalə onun Ayaz ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə onların ailələri - onun və Ayazın valideynləri, o cümlədən o, və Ayaz qərara gəldilər ki, onlar Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsindəki 40 saylı binada qonşu olduğu İddiaçı 34 saylı mənzili ilə dəyişdirsinlər. Hər iki tərəf buna razılaşdı. Beləliklə, hər iki tərəf faktiki olaraq mənzilləri dəyişdirdi. Çünki Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt və indi mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. O, ünvan 1 ünvanına gəlin köçdü. O və qızı indiyədək həmin ünvanda yaşayırlar. Bütün cehiz əşyalarını bu ünvana gətirmişdir. Beləliklə, İddiaçı, onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva Məryəm Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, İddiaçı məxsus olan 34 saylı mənzili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili dəyişdilər. Əliyev Fikrət və arvadı Əliyeva Məryəm təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-cil ildə isə orada yaşamağa başlamışlar. 3-4 il bundan qabaq Əliyev Fikrət və Əliyeva Məryəm boşandılar, sonradan Əliyeva Məryəm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili kirayə verdi, əldə etdiyi sonuncu məlumata görə Əliyeva Məryəm və 3 uşağı hazırda həmin mənzildə yaşayırlar. Hazırda onun və yeganə övladının yaşamağa yeri yoxdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)- 2572 /24) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, onun şifahi razılığı əsasında müvəqqəti olaraq 2013cu il tarixdən sonra ona məxsus olan mənzildə məskunlaşmışdır. Məhkəmə qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsaslarını təşkil edən dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə həmin halları təsdiq edən sübutlar təqdim edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı sənədlər kirayə müqaviləsinin dəyişdirilməsi barədə 03 mart 1993-cü il tarixli sərəncam, xx.xx.1996-cı il tarixli sərəncam və arayışdır. Belə ki, həmin ev ilk İddiaçı adına özəlləşdirilməyib. Göründüyü kimi, qanunla iddiaçının adına hər hansı order yoxdur. Beləliklə, onun həmin mənzildə keçmiş Mənzil Məcəlləsinə əsasən istifadə hüququ vardır. Ən əsası məhkəməyə təqdim edilmiş kirayə müqaviləsinin dəyişdirilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti başçısının 03 mart 1993-cü il tarixli və xx.xx.1996-cı il tarixli sərəncamlarının imzalanmadığı görünür. Bununla həmin sənədlərin əsassız və hüquqi qüvvəyə malik olmayan sənədlər olması üzə çıxmışdır. Elə ona görə də ilkin iddiaçı mənzilə dair çıxarış almamışdır. Mənzil iddiaçının adına özəlləşdirilmədiyi üçün iddiaçının belə bir iddia qaldırmağa hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
16. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı : 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunduğundan və qətnaməni apellyasiya qaydasında yalnız cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin tələbi mənzilə istifadə hüquqlarının tanınması barədədir.
21. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ ilə sahib olmadığını, əslində qaynanasının onlara aldığı mənzillə dəyişdirildiyi ilə əsaslandırmışdır.
22. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı cavabdehin tələbini sübuta yetirə bilməməsi əsası ilə rədd etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
24. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur.
25. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
26. İddiaçı cavabdehin onun ailə üzvü olmadığına istinad edərək onun mübahisəli mənzildən çıxarılmasını tələb edir.
27. Birinci instansiya məhkəməsində işə baxılarkən Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğu əsasından əldə olunmuş sənədlərdən görünür ki, mübahisəli mənzilin kirayə müqaviləsi əvvəlcə X1 adına bağlanmış, sonuncunun ölümü ilə əlaqədar kirayə müqaviləsi onun arvadı X4 ilə bağlanmış, müqavilədə ailə təkibində hazırkı iş üzrə iddiaçı Fəridə Mehtiyevanın adı da qeyd edilmişdir. Mənzildə qeydiyyatda olan şəxslər mənzilin iddiaçı Fəridə Mehtiyevanın adına özəlləşdirilməsinə etiraz etməmişlər. xx.xx.2002-ci il tarixdə mənzil üzərində iddiaçı Fəridə Mehtiyevanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, qeydiyyat vəsiqəsi verilmişdir.
28. Göründüyü kimi, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ vardır və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
29. Apellyator iddiaçının mənzilə mülkiyyət hüququnu mübahisələndirsə də, bu fakt iş materialları ilə təkzib olunmuş, sübuta yetirilməmişdir, cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
30. Apellyasiya şikayətinin başqa bir dəlili isə işə baxan məhkəmə tərəfindən mübahisəli mənzillə Bakı şəhəri, Gəncə prospektində yerləşən və Lalə Hüseynovanın mülkiyyətində olan mənzilin dəyişdirilmiş olmasının nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, iş materiallarında adı çəkilən mənzillərin dəyişdirilməsinə dair hər hansı mötəbər sübut (dəyişmə müqaviləsi və s.) yoxdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.
32. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 09 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.