Məhkəmə qərarları › İş №2(103)-5484/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5484/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5484/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)-2325/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 06 avqust 2020-ci il tarixli 0xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Dövlət Sosial Müdafiə X12 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, müqavilə 3 ay müddətinə bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin 05 fevral 2024-cü il tarixli, 3-17-1/3-4-207/2024 nömrəli əmrinə əsasən fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı 2024-cü il 06 fevral tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, sonuncu ilə son haqq-hesabın aparılması təmin edilməsi barədə əmr verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru X8 tərəfindən təsdiq edilmiş 06 fevral 2024-cü il tarixli 01 nömrəli aktın surətindən görünür ki, Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi X3 tərəfindən İnsan resursları şöbəsinə dəvət edilmiş, ƏƏSMN-nin X1 X5 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edilmişdir.

4. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 21 sentyabr 1998-ci il tarixdən Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmiş, 01 sentyabr 2003-cü il tarixdən bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilmişdir. 09 sentyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Yasamal rayon şöbəsinə “pensiya üzrə sahə mühasibi” vəzifəsinə işə qəbul edilmiş, 08 iyun 2004-cü ildə “maliyə-uçot sektroru üzrə mühasib” vəzifəsinə keçirilmişdir. 27 iyun 2016-cı il tarixdə AR ƏƏSMN-nin 29 iyun 2016-cı il tarixli əmrinə və “Dövlət qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 2019-cu il tarixdə 1 saylı Bakı Ərazi şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə, 01 may 2020-ci il tarixdə Fondun Mərkəzi maliyyə və mühasibatlıq idarəsinin Pensiya ödənişi sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 06 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir.

5. İddiaçı bank hesabından çıxarışdan görünür ki, 31 yanvar 2024-cü il tarixdə 1362,50 manat əmək haqqı, 23 fevral 2024-cü il tarixdə isə 1170,84 manat məbləğində əmək haqqı (son haqq-hesab) iddiaçının kart hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə aralarında bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və iddiaçı tərəfindən mediasiya və məhkəmənin dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı qismində 350 manat pulun, ümumilikdə 450 manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan iddiaçını xeyrinə tutulması və iddiaçının əmək müqaviləsinə xitam verildiyi 06 fevral 2024-cü il tarixdən onun işə bərpa olunduğu tarixədək olan dövr üzrə aylıq vəzifə maaşından əlavə, bayram günlərinə görə əlavə ödəmələr və mükafat məbləğlərinin də hesablanaraq iddiaçıya ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 21 sentyabr 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yasamal rayon üzrə şöbəsində mühasib vəzifəsində işə başlamışdır və 22 il davamlı olaraq həmin qurumda dövlət qulluqçusu kimi çalışaraq, hazırda İİ-ci dərəcəli dövlət qulluqçusu vəzifəsinə qədər yüksəlmişədir. Lakin, sonradan 2020-ci ildə qurum dövlət qulluğundan publik hüquqi şəxsə çevrilmişdir. Həmin dövrə qədər isə, o, işlətdiyi həmin qurumda müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Qeyd olunduğu kimi, daimi əsaslarla (müddətsiz əmək müqaviləsi ilə) işlədiyi qurum publik hüquqi şəxsə çevriləndən sonra, digər əməkdaşlar kimi işlədiyi həmin qurum onu da, fakt qarşısında qoyaraq, müddətsiz əmək müqaviləsini müddətli əmək müvaqiləsinə dəyişmiş və nəticədə, əvvəllər 20 ildən artıq daimi əsasla işlədiyi, lakin sonradan publik hüquqi şəxsə çevrilən cavabdeh ilə onun arasında 06 avqust 2020-ci il tarixdən etibarən 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövrdən etibarən, 06 fevral 2024-cü il tarixədək (son 4 il müddətində) hər dəfə mütəmadi olaraq müqavilə müddəti artırılmaqla Dövət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında mütəxəssis vəzifəsində çalışmışdır. Sonuncu dəfə işdə 06 fevral 2024-cü il tarixdə son iş saatınadək işləmişdir. Həmin gün iş saatının sonunda kadrlar şöbəsinin əməkdaşı tərəfindən heç bir səbəb və rəsmi açıqlama verilmədən növbəti gündən işə gəlməməyi bildirilib. Bunun hansı səbəbdən olmasını soruşarkən isə, həmin şəxs ətraflı məlumata malik olmamasını söyləmişdir. 07 fevral 2024-cü il tarixdə qeyri-iş günü olduğundan (Prezident Seçkiləri ilə bağlı), 08 fevral 2024-cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir və ona bununla bağlı rəsmi açıqlama və məlumat verilməsini xahiş etmişdir. Belə ki, onun əmək funksiyalarının icraasına xitam verilməklə bağlı ona cavabdeh qurum tərəfindən hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir. Əgər əmək müqaviləsinə xitam verilibsə, bunun səbəbləri barədə o, işçi olaraq əvvəlcədən rəsmi məlumata malik olmalıdır. Bundan əlavə, ona əmək müqaviləsinə xitamverilmə barədə əmrin sürəti, əmək kitabçası, son iş günündə ona təqdim olunmalı idi. Lakin cavabdeh bunu etməmişdir. Habelə, sonuncu iş günü (06 fevral 2024-cü il) ona qanunvericiliklə nəzərdə tutulmuş son haqq-hesab ödənişi edilməli olduğu halda edilməmişdir. Belə ki, ona əmək hüquq münasibətlərindən irəli gələn son haqq-hesab ödənişi 23 fevral 2024-cü il tarixdə şəxsi bank hesabına daxil olmuşdur. Bundan sonrakı günlər şənbə və bazar günlərinə təsadüf etdiyindən, o, 26 fevral 2024-cü il tarixdə cavabdeh Dövltə Sosial Müdafiə Fondunda olmuşdur və baş verənlərin səbəbilə maraqlanmışdır və bu barədə qurumdan rəsmi məlumat tələb etmişdir. Yalnız, həmin gün (26 fevral 2024) ona rəsmi bildirilib ki, onunla əmək müqaviləsinin müddəti artırılmadı və əmək kitabçası həmin gün ona geri qaytarılıb. Lakin, işdən çıxma barədə əmrin surətini cavabdehdən tələb etsə də, ona yenə də təqdim edilmədi. Həmin günü yəni, 26 fevral 2024-cü il tarixdə əmək kitabçası cavabdeh tərəfindən ona təqdim olunarkən, kitabçanın məzmunundan ona rəsmən məlum olub ki, onunla olan əmək hüquq münasibətlərinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə istinadən (müqavilə müddətinin birməsi) xitam verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən barəsində verilmiş əmək müqaviləsinə xitam verilmə barədə verilmiş 05 fevral 2024-cü il tarixli əmr hüquqi əhəmiyyətsiz əmrdir. Çünki, həmin əmr verildikdən sonra bununla bağlı qanunvericiliyin tələblərinə cavabdeh tərəfindən əməl olunmamış və qanunvercilyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunduğu kimi, dövlət qulluçusu kimi 20 ildən artıq daimi əsaslarla müddətsiz əmək müqaviləsi əsasında işlədiyi, daha sonra isə, 4 il ərzində müddətli əmək müqaviləsi əsasında çalışdığı bir qurum, onunla olan müqavilə-hüquq münasibətlərini davam etdirməyəcəyi ilə bağlı onu öncədən xəbərdar etməli idi. 05 fevral 2024-cü il tarixdə barəsində müqavilə münasibətlərini davam etdirməməklə bağlı işəgötürən tərəfindən əmr verilməsinə rəğmən, mən 06 fevral 2024-cü il tarixdə iş günün sonunadak işləmişdir və nədənsə ona bu barədə heç bir rəsmi məlumat verilmir. Halbuki, qanunvericiliyin bununla bağlı imperativ tələbi ondan ibarətdir ki, əmək müqaviləsi ilə işləyən işçiyə sonuncu iş günü - əmək kitabçası, işdən çıxma barədə əmrin surəti, habelə son haqq-hesabı ödənilməlidir. Barəsində qeyd olunan əmr 05 fevral 2024-cü il tarixdə verilsə də, ona son haqq-hesab 18 gün sonra yəni 23 fevral 2024-cü il tarixdə, Əmək kitabçası isə 26 fevral 2024-cü il tarixdə verilmişdir. Əmr isə, ümumiyyətlə təqdim olunmamışdır. Belə çıxır ki, o, işdən çıxmağı ilə bağlı rəsmi məlumata əmrin verildiyi gündən 20 gün sonra rəsmi malumata malik olmuşdur. Bütün bu hallar, iddia tələbinin dəlilləri, bir daha onu deməyə əsas verirki, qüvvədə olan əmək qanunvericiliyinin müddətli əmək müqaviləsinə xitam verilməkə bağlı tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozuntusudur. Belə ki, əmək qanunvericiliyinin tələbi odur ki, müddətli əmək-hüquq münasibətləri zamanı müqavilə müddətinin bitməsindən bir həftə keçdikdən sonra müqaviləyə xitam verilməzsə, müqavilə eyni müddətə və eyni əsasasla uzadılmış sayılır. Ona cavabdeh tərəfindən heç bir rəsmi xəbərdarlıq və ya bildiriş bununla bağlı təqdim edilməmiş, əksinə, işdən azad olunmağı ilə bağlı rəsmi məlumata barəsində müvafiq əmr verildikdən 20 gün sonra malik olmuşdur. Bu o deməkdir ki, onunla işəgötürən arasında müddətli əmək müqaviləsi eyni müddətə və eyni əsasla uzadılmış sayılır və barəsində verilmiş əmrin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilmə qaydaları kobud pozulmuşdur.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd VƏ kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan, Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X10 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların İşçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən 06 avqust 2020-ci il tarixdən 3 ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqavilədə işçinin işə başlamalı olduğu tarix, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 2020-ci il 06 avqust tarixli **********3 nömrəli əmr verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi olan G.Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, qeyd edilmiş qanununun normalarından və məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır. Odur ki, İddiaçı "06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əməkhaqqının hesablanaraq ödənilməsi" tələbinə dair 2(004)-2325/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, İddiaçı işə bərpa tələbinə dair iddiasının, iddia müddətinin keçməsinə görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz ilə məhkəməyə müraicət edərək, İddiaçı əmək münasibətlərinə xitam verilməsi barədə cavabdehin məlum əmri 06 fevral 2024-cü il tarixdə verilmişdir. Yəni, iddiaçının son iş günü məhz həmin gün hesab olunur. Lakin , iddiaçıya əmək kitabçası, qeyd olunan əmr və son haqq-hesab qanunvericilyin tələbindən irəli gələrək son iş günü deyil, əmrin verilməsindən 20 gün sonra təqdim edilmişdir. Daha dəqiq deyilsə, 23 fevral 2024-cü il tarixdə iddiaçının bank hesabına son haqq hesab daxil olmuş, 26 fevral 2024-cü il tarixdə iddiaçı cavabdeh təşkilatdan ona aid əmək kitabçasını götürmüşdür. Bu o deməkdir ki, iddiaçı işdən çıxması və bunun səbəbləri ilə bağlı rəsmi məlumata əmrin verilməsindən 20 gün sonra bilmişdir. Yəni, iddiaçıya hüquqlarının pozulması, məhz həmin tarixdən rəsmən məlum olmuşdur. Lakin, hər bir halda iddiaçı 27 fevral 2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin tarixdə mediasiya prosesi başlanmış və prosesin tətbiqinə dair təklif cavabdehə göndərilmişdir. Qanunvericiliyin tələbindən irəli gələrək həmin təklifdən 10 gün sonra, yəni 12 mart 2024-cü il tarixdə cavabdeh tərəfə mediasiya sessiyasında iştirak ilə bağlı bildiriş göndərilmişdir. Cavabdeh tərəf mediasiya sessiyasında iştirak etsə də, ümumi razılıq əldə edilməmiş və bunun nəticəsində mediasiya qurumu tərəfindən mediasiya sessiyasının yekununa dair müvafiq sənəd təqdim edilmişdir. Belə bir nəticə hasil olur ki, 06 fevral 2024-cü il tarixə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı cavabdehin müvafiq əmri verildikdən 1 təqvim ayı tamam olmamış, iddiaçı tərəfindən 27 fevral 2024-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və mediasiya prosesinə başlanmışdır. 28 fevral 2024-cü il tarixdə məktub cavabdehə göndərilib. Mübahisə tərəfləri arasında məhkəməyədək nizamasalma qaydalarına uyğun danışıqlar aparılaraq, mübahisənin məhkəməyədək barışıq yolu il həlli üçün nəzərdə tutulmuş hazırki mediasiya prosesi dövründə, artıq iddiaçı məhkəməyə müraciət üçün ilkin prosessual addımını atmış sayılır. Bu hal iddia müddətinin axımını dayandırır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və bununla bağlı cavabdehin ərizəsində qeyd olunan halların nə fakitki, nə dəki hüquqi əsası yoxdur. Odur ki, iddia müdətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsi əsassız olduğundan rədd edilməlidir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)- 2325/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli, 3- 17-1/3-4-207/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2024cü il tarixli 01 nömrəli aktın surətindən İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi X3 tərəfindən İnsan resursları şöbəsinə dəvət edildiyi, ƏƏSMNnin X1 X5 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4- 207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edildiyi göstərilsə də, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini hansı tarixdə alması məlum deyil. Cavabdeh DSMF-nin nümayəndəsi məhkəməyə iddiaçının sonuncu iş günü, yəni 06 fevral tarixində əmrin surətini və əmək kitabçasını almasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir, bundan əlavə bank hesabından çıxarışdan da görünür ki, son haqq-hesabı 23 fevral 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. İddiaçının bildirməsinə görə həmin tarixdə onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Beləliklə iddiaçı hüququnun pozulduğunu 23 fevral 2024-cü il tarixdə aşkar edib. Bundan sonra iddiaçı hazırki mübahisənin həlli ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 28 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 01 aprel 2024-cü il tarixdə iddiaçı Güldanə İdris qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə başlamışdır. 2020-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, daha sonra onunla publik hüquqi şəxs formasında yaradılmış DSMF arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Sual yananır ki, uzun Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyən iddiaçı hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan motiv yoxdur. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 12, 45, 47, 68, 73, 83-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi yaradılmışvə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetininaktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan, Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X10 sədribu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Məcəllənin 11-ci maddəsində işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarım bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fondarasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 06 avqust 2020-ci il tarixdən 3 ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqavilədə işçinin işə başlamalı olduğu tarix, əmək haqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 06 avqust 2020-ci il tarixli **********3 nömrəli əmr verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial MüdafiəFondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi olan G.Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstəri lən mü ddə tin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İstinad olunan Məcəllənin 375-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə MərkəziFilialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi olan İddiaçı əmək müqaviləsinə 05 fevral 2024-cü il tarixli 3-17-1/3-4- 207/2024 nömrəli əmrlə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 27 fevral 2024-cüil tarixdə ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. 18 mart 2024cü il tarixdə mediasiya prosesi baş tutmuşdur və razılıq əldə olunmamışdır. Bundan sonra 30 mart 2024-cü il tarixdə İddiaçı ərizəylə məhkəməyə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. İşin faktiki hallarından və iş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı əmək münasibətlərinə xitam verilməsi halı 06 fevral 2024-cü il tarixdə məlum olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Belə ki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı cavabdehin nümayəndəsinin sualına cavab olaraq “06 fevral 2024-cü il tarixdə işdə olmuşdur. Kadrlar şöbəsinin əməkdaşı gün sonuna yaxın ona müddətinin həmin gündən bitdiyinin və artıq işə gəlməməsini bildirmişdir. Ona həmin gün əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verildiyi məlum olduğu bildirilmişdir. Burdan da aydın olur ki, 06 fevral 2024-cü il tarixdə iddiaçıya artıq hüquqlarının pozulduğu halı məlum olmuş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Beləliklə, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Lakin məhkəmə bu hala əsaslı qiymət verə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarı:

... işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı:

“... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. Apellyasiya şikayətinin ilkin dəlilini o təşkil edir ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 06 avqust 2020-ci il tarixdən 3 ay müdddətinə bağlanılmış, həmin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarixli əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

26. Bu dəlilə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir, iddiaçı 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə başlamış, 2020-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, daha sonra onunla publik hüquqi şəxs formasında yaradılmış DSMF arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və əlavə əsaslandırma aparmağa zərurət görmür.

28. Apellyasiya şikayətinin digər dəlili isə iddia müddətinin ötürülməsi ilə bağlıdır. Bu dəlil onunla əsaslandırılır ki, əmək müqaviləsinə 05 fevral 2024-cü il tarixli əmrlə müddətli xitam verilmiş, iddiaçı 27 fevral 2024-cü il tarixdə ərizə ilə mediasiya təşkilatına müraciət etmiş, 18 mart 2024-cü il tarixdə mediasiya prosesi baş tutmuş, 30 mart 2024-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Əmək münasibətlərinə xitam verilməsi halı 06 fevral 2024-cü il tarixdə məlum olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Belə ki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı cavabdehin nümayəndəsinin sualına cavab olaraq “06 fevral 2024-cü il tarixdə işdə olmuşdur. Kadrlar şöbəsinin əməkdaşı gün sonuna yaxın ona müddətinin həmin gündən bitdiyinin və artıq işə gəlməməsini bildirmişdir. Ona həmin gün əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verildiyi məlum olduğu bildirilmişdir. Burdan da aydın olur ki, 06 fevral 2024-cü il tarixdə iddiaçıya artıq hüquqlarının pozulduğu halı məlum olmuş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Beləliklə, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir.

29. AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

30. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddia müddətinin başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən etmişdir: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaçının sonuncu iş günü, yəni 06 fevral 2024-cü il tarixdə əmrin surətini və əmək kitabçasını almasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir, bundan əlavə bank hesabından çıxarışdan da görünür ki, son haqq-hesabı 23 fevral 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Yəni, iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)- 2325/2024 nömrəli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)- 2325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar