Məhkəmə qərarları › İş №2(103)-5488/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5488/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5488/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin hissəvi etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 24/47 nömrəli bağ sahəsi ilə bağlıdır (bundan sonra – bağ sahəsi). Reyestr çıxarışına görə bağ sahəsinin ölçüsü 0,25 hektardır və 3 nəfərin paylı mülkiyyətindədir: 1) İddiaçı, payı 0,1 ha; 2) Cavabdeh2, payı 0,08 ha; 3) Firqət Səlimov, payı 0,07 ha (iş v. 11). Cavabdeh2 məxsus 0,08 ha sahə əvvəl digər Cavabdeh1 məxsus olub, xx.xx.2022-ci ildə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 0,08 ha sahəyə dair alqı-satqı müqaviləsi bağlanıb, həmin sahə 50.000 manata alqı-satqı edilib (iş v. 9). Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, 0,08 ha sahəyə dair satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarxli alqı-satqı müqaviləsi qismən, yəni alıcıya aid hissədə etibarsız hesab olunsun, müqavilənin əsasında alıcının adına aparılmış hüquqi nəticələr ləğv olunsun və müqavilə alıcı qismində iddiaçı ilə bağlanmış hesab olunsun. İddia onunla əsaslandırılıb ki, ölçüsü 0,25 ha olan bağ sahəsi faktiki olaraq bütünlüklə iddiaçıya məxsusdur, lakin sənəd üzrə yalnız 0,10 ha xüsusi mülkiyyət kimi reyestrdə iddiaçının adına qeydə alınıb. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 0,08 sahəyə dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin sahə 50.000 manata satılmışdır. Həmin 50.000 manat iddiaçı tərəfindən bank vasitəsilə satıcıya ödənilmişdir. Lakin alıcı qismində iştirak edən Cavabdeh2 iddiaçının yaxın dostunun 17.000 manat borcu olduğuna görə, dostunun təklifi ilə alqı-satqı müqaviləsinin sənədləşdirilməsi borcun təminatı kimi Cavabdeh2 adına olmuşdur. Müqavilə bağlandıqdan sonra dostu borcu ödəməmiş, Cavabdeh2 isə torpaq sahəsinə reyestr çıxarışı alaraq iddiaçıya qarşı məhkəmədə torpaq sahəsinin naturada bölgüsü barədə iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İddiaçının istinad etdiyi halın həqiqi olub-olmadığının müəyyən edilməsinə zərurət yoxdur, çünki belə hal müqavilənin qismən – alıcıya aid hissədə etibarsız sayılmasına və müqavilənin alıcı qismində iddiaçı ilə bağlanmış hesab edilməsinə səbəb ola bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Əqdin hissəvi etibarsız sayılması mümkündür. Belə ki, qanuna görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi (Mülki Məcəllə, maddə 352). Göründüyü kimi, qanun əqdin hissəvi etibarsız sayılmasına imkan verir. Lakin əqdin hissəvi etibarsızlığı ilə bağlı mübahisələrin düzgün həlli üçün ilk növbədə aydınlaşdırılmalıdır ki, “əqdin hissəsi” deyiləndə nə nəzərdə tutulur. Ümumiyyətlə, “hissə” bir anlayış olaraq “tam”la bağlıdır, yəni tamın hissəsi. Bu zaman “tam” kimi əqdin özü çıxış edir, odur ki, “əqdin hissəsi” anlayışı əqdin anlayışına əsasən müəyyən edilməlidir. Əqd - mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, maddə 324.1). Odur ki, “əqdin hissəsi” deyiləndə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsinin hissəsi nəzərdə tutulur. Məsələn, 2 müstəqil əşyaya dair vahid alqı-satqı müqaviləsi bağlanıbsa, bu zaman hər əşyaya dair hüquq münasibətinin əmələ gəlməsinə yönəlmiş iradə ifadəsi əqdin hissəsi hesab olunur. Əqdin tərəfi (məs., alıcı) heç bir halda “əqdin hissəsi” hesab olunmur, çünki iradəni ifadə edən tərəfin özüdür. Əgər daşınmaz əşyanın alqı-satqısına dair əqddə ”alıcı” kimi göstərilmiş şəxs alqı-satqı münasibətinin yaranmasına yönələn iradə ifadə etməyibsə, belə halda həmin əqd bütünlüklə əhəmiyyətsiz sayılır, çünki alıcının iradə ifadəsi olmadan alqı-satqı əqdi mövcud ola bilməz. Beləliklə, “alıcıya aid hissəsi” əqdin hissəsi deyil, mövcud olmayan hissə isə etibarsız sayıla bilməz. Ona görə də birinci insansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar