Məhkəmə qərarları › İş №2(103)-5489/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5489/2020

12.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5489/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X2 və iddiaçının vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi cəlb olunmaqla “mənzilə dair ayrılmış kompensasiyanın yarısının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1111/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduğu ünvan 1 ünvanının sökülməsi səbəbindən yaşayış yerindən məhrum olduğu üçün həmin mənzilə dair ayrılmış kompensasiyanın ½ hissəsinin (yarısının) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi Mənzil Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar Sahəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsi dalan 6, 3 saylı evdə qeydiyyatdadır və həmin yaşayış sahəsindən istifadə hüququ vardır. Valideynləri boşansalar da o mübahisəli mənzildə bu günə qədər qeydiyyatdadır v əvə həmin evə istifadə hüququ mövcuddur. Mübahisəli mənzil dövlət fonduna məxsus olmuşdur. Həmin mnzilə dair atası ilə bərabər hüquqlara malikdir. Atasına qarşı mənzilə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət edən zaman həmin mənzil sökülmüş və buna görə iddiası rədd edilmişdir. Hesab edir ki, cavabdehlər tərəfindən onun yaşayış sahəsinə hüququ itirildiyindən ona kompensasiya verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1111/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş eyni zamanda Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışlar. Eyni zamanda iddianın təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə mübahisəli mənzilin üzərinə həbs qoyulmuşdur. Uzun çəkən məhkəmə baxışı zamanı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq mübahisəli mənzil sökülmüşdür. Məhkəmə artıq müvcud olmayan mənzilə köçürülmənin mümkün olmaması səbəbi ilə iddia tələbini rədd etmişdir. Məlum edirəm ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil sökülən zaman əmlakın üzərində həbs olmuş, bundan əlavə tərəflər arasında müqavilə bağlanmamış, və haqqı ödənilməmişdir. İcra Hakimiyyəti açılmış bank hesabına əmlakın dəyərini köçürtməklə kifayətlənmiş və tərəflər arasında mübahisə olduğu üçün həmin pul məbləği tərəflərdən heç kimə ödənilməmişdir (qeyd etdiyim hallar məhkəmə iclasında İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir). Bundan qeyri əmlakın dəyəri olan pulun ödənilməsini təsdiq edən subut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 6-855 saylı məktubundan görünür ki, Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 6, ev 3 ünvanı aparılmış abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüşdür. Həmin mənzilin icarədarı Cavabdeh ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan əlavə məhkəmənin gəldiyi nəticəyə əsasən Cavabdeh mübahisəli evin icarədarı hesab olan zaman o, yalnız özü həmin evdə qeydiyyatda olmuşdur. Sonradan hazırki iş üzrə iddiaçı həmin evə qeydiyyata alınsa da, sonradan həmin ünvana olan qeydiyyatı ləğv edilmiş və ya o, qeydiyyatdan çıxarılmışdır. Məlum edir ki,iş materiallarına əlavə edilmiş arayışlardan görsənir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bundan əlavə həmin mənzilə dair qeydiyyatı heç vaxt ləğv edilməmişdir. 41 saylı Mənzil İstismar sahəsinin nümayəndəsi yaranmış zidiyyətlərin aradan qaldırılması məqsədi ilə məhkəməyə dəvət edilmiş və ifadə verərək bildirmişdir ki, İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş, heç vaxt qeydiyyatdan çıxarılmamış, ünvan 3 ünvanına aid mənzil kartoçkasında İddiaçı xx.xx.1989-cu ildə həmin ünvana qeydiyyata alınsa da, sonradan onun adı qeyd olunan qraf aya xətt çəkilməsinin səbəinin isə həmin kartoçkanın itməsi və sonradan tapılması ilə bağlı olmuşdur. Lakin məhkəmə qeyd edilən ifadəyə hüquqi qiymət verməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 286 saylı sərəncamından görünür ki, S.Rəhimov küçəsi, dalan 6,3 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m olan mənzilin icarə müqaviləsi vətəndaş Cavabdeh ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmiş və Cavabdeh həmin ünvanda 1 nəfər ailə tərkibi ilə yaşaması qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və əlavə olaraq bildirmişlər ki, iddiaçı anadan olandan mübahisəli mənzildə qeydiyyatda olmuş, sonradan atasının ikinci arvadı gələndən sonra həmin mənzildə yaşamaq mümkün olmadığı üçün 1995-ci ildən mənzildən çıxaraq kirayə yaşamışdır. Daha sonra iddiaçı Moskva şəhərinə işləməyə getmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izhatında bildirmişdir ki, Bakı şəhəri, S.Rəhimov küçəsi dalan 6, 3 saylı evdə yerləşən x xxxxxx 1973-cü ildən 1989-cu ilə kimi qeydiyyatda olmuş və 41 saylı MİS-in mənzil kartın məlumatına əsasən xx.xx.1989-cu il tarixində həmin yaşayış sahəsindən qeydiyyatdan çıxmışdır. Bundan başqa, mübahisəli ev xx.xx.2010-cu il tarixdən X3 mülkiyyətindədir. Cavabdehin həmin ünvana qeydiyyatı olsa da həmin evə artıq heç bir hüququ yoxdur. Eyni zamanda, iddiaçı uzun müddət həmin ünvanda yaşamadığından onun qeydiyyatı formal xarakter daşımış və bu əsasdan iddiası da təmin oluna bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası bu izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li xx.xx.2012-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, S.Rəhimov küçəsi dalan 6, 3 №-li evin 1 otaqlı yaşayış sahəsi 16 kv.m olan mənzilinin icarədarı X4 olmuş, xx.xx.1988-ci ildə ölümü ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır. Həmin mənzildə keçmiş icarədarın oğlu Cavabdeh 1971-ci ildən qeydiyyatda olmaqla hal-hazırda 1 nəfər ailə tərkibi ilə(özü) yaşayır. O, ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. İcra Hakimiyyəti isə öz növbəsində Cavabdeh ilə icarə müqaviləsi bağlamış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 825 №-li «Nəsimi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamının 1-ci bəndinə əsasən Nəsimi rayonunda abadlıqquruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nəsimi rayon İcra Hakimiyyətinə 1 (bir) milyon manat ayrılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 03/07-19/DƏ №-li Müqavilədən görünür ki, ünvan 4 5 ünvanında istifadəçilərə aid yaşayış mənzillərinin real bazar dəyərinin müəyyənləşdirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti ilə «xxxxxxxxx» firması arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən digər şəxslərlə yanaşı Cavabdeh Həsənağa oğlu və X5 məxsus yaşayış sahələri qiymətləndirilmişdir. İş materiallarında olan «xxxxxxxxx» MMC-nin 03/06-19/DƏ-1 №-li xx.xx.2019-cu il tarixli Qiymətləndirməyə aid Hesabata müşayiət məktubundan görünür ki, Cavabdeh məxsus daşınmaz əmlak üçün kompensasiya məbləği 31,200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ödəniş Tapşırığından görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh mülkiyyətinə görə təzminat üçün 31, 200 manat pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* №-li xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleymanov Rəhimov küçəsi 6-cı dalan, ev 3, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 4 saylı Vəkil Bürosuna ünvanladığı **********05 №-li xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhər, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 6-cı dalan ev 3, mənzil 9 ünvanının X3 adına ilkin hüquqi qeydiyyata alınması zamanı digər şəxslərlə yanaşı İddiaçı tərəfindən razılıq ərizəsi təqdim edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-3055/2019 №-li xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirlmiş hesab edilməsi» tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbi ilə məhkəməyə müraciət etmişdir. Adıçəkilən qətnamə ilə hər iki iddia tələbi rədd edilmişdir. İddianın rədd olunmasını əsası kimi mübahisə predmeti olan evin sökülməsi qeyd olunmuşdur. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 41 saylı MKİS-nin 367 №-li xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu ildən ünvan 3-də qeydiyyatdadır. Onun qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və pasport qeydiyyatına təkrar alınması barədə sahədə heç bir sənəd yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, İddiaçı Ələkpər oğlu xx.xx.2004-cü ildən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 3 ünvanına aid mənzil kartoçkasından görünür ki, İddiaçı xx.xx.1989-cu ildə həmin ünvana qeydiyyata alınsa da, sonradan onun adı qeyd olunan qrafaya xətt çəkilmişdir, yəni həmin şəxs qeydiyyatdan çıxmışdır və ya qeydiyyatı ləğv edilmişdir. İş materiallarında olan Nəsimi rayon polis idarəsinin 4 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2019-cu il tarixli 082-51602-1219 №-li məktubundan görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatda olmaqla xx.xx.2004-cü ildə ilkin şəxsiyyət vəsiqəsi almışdır. Lakin qeydiyyata düşməsinə əsasverici sənədlər «DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə» Qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 4 6, 3 nömrəli evin 1 otaqlı yaşayış sahəsinin icarədarı Cavabdeh olmuş və o, həmin mənzildə 1 nəfər ailə tərkibi ilə, yəni özü olaraq qeydiyyata alınmışdır. Sonradan Cavabdeh oğlu, hazırki iş üzrə İddiaçı 1989-cu ildə həmin evə qeydiyyata alınsa da, sonra həmin evdən qeydiyyatdan çıxmış və bir daha 2004-cü ildə həmin evə qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh kompensasiya ödənilməklə sökülmüşdür. Kollegiya hazırki mübahisə üzrə ilk öncə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırda mübahisəli ünvanda qeydiyyatında fərqli-fərqli arayışların olması, arayışların əksəriyyətində qeydiyyata alınmasının əsaslarının müəyyən edilməməsi, 41 saylı Mənzil İstismar sahəsinin 1582 saylı arayışında İddiaçı hansı tarixdən qeydiyyata düşməsinin müəyyən olunmaması, Salamova Faziləyə verilmiş Forma B arayışında İddiaçı 1989-cu il tarixdən qeydiyyatdan çıxması, Nəsimi Rayon İcra Hakimiyyətinin 286 saylı xx.xx.2012-ci il tarixli Sərəncamında Cavabdeh həmin ünvanda 1 nəfər ailə tərkibi ilə (özü) yaşaması qeydinin olması ona dəlalət edir ki, İddiaçı sökülmüş daşınmaz əmlaka (özbaşına tikili) dair hər hansı bir hüququnu (əmlakdan formal istifadə) mövcud deyildir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Kollegiya apellyasiya şikayətində irəli sürülənlərlə bağlı qeyd edir ki, iddiaçının irəli sürdüyü kimi onun hazıradək mübahisəli evdə qeydiyyatı ləğv edilməmiş olsa belə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İşin müəyyən olunmuş hallarına həmçinin onun nümayəndəsinin izahatına əsasən iddiaçının 1995-ci il Moskva şəhərinə getdiyi və hazırda orada yaşadığı məlum olmuşdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1111/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar